| 
								 
								
								El içində uğurları ilə seçilib tanınmaq 
								peşəkarın seçdiyi sahəyə vurğunluğu, fədakar 
								əməyi ilə sıx bağlıdır. Şairlik, memarlıq, 
								...kimi el məhəbbəti qazanan sənətkarlıq isə 
								İlahi Varlığın seçdiyi bəndələrə tale payıdır. 
								Eyni mühitdə, eyni ailədə həyata göz açıb 
								böyüyən qardaş-bacılardan ancaq birinin şaqraq, 
								məlahətli, şirin səsi olur. Çox vaxt bu İlahi 
								nemətinə diqqət və qayğı olmayanda məhv olur, 
								itib-batır. Məhz buna görədir ki, müstəqil 
								Azərbaycanda istedadlı gənclərin aşkara 
								çıxarılmasına, inkişafına böyük dövlət qayğısı 
								göstərilir.  
								
								
								Ulu öndər Heydər Əliyevin bu istiqamətdə 
								başladığı işlər davam etdirilir, 
								genişləndirilir. Ümummilli lider Heydər Əliyevin 
								istedadını dəyərləndirib, qayğısına diqqət 
								yetirdiyi səs sənətkarları sırasında Simarə 
								İmanova da var. 
								
								
								Azərbaycanın yayı bol günəşli Aranında - 
								İmişlinin tarixi ənənələr gözlənilən, elm, sənət 
								adamları ilə tanınan Əliqulular kəndində dünyaya 
								göz açmış Simarə Cəmaləddin qızı ilk 
								tamaşaçı-dinləyici alqışlarını məktəb 
								tədbirlərində eşidib. 1993-cü ildə orta məktəbi 
								bitirib, Asəf Zeynallı adına Orta İxtisas Musiqi 
								Məktəbinə qəbul olunmuş S.İmanova xalq artisti 
								Ağaxan Abdullayevin sinfində musiqi sənətinin 
								əsaslarına, xanəndəliyin incəliklərinə 
								yiyələnib. 
								
								
								Azərbaycan Dövlət Televiziyasının "Səhər" 
								proqramında "Ah, bu gecə, bu gecə" mahnısı 
								(Z.Əliyev) ilə geniş dinləyici-tamaşaçı marağı 
								qazanan Simarənin sənət taleyində 1997-ci ilin 8 
								mart Beynəlxalq Qadınlar Günü münasibətilə 
								keçirilən konsertin öz rolu olub. Rəşid Behbudov 
								adına Mahnı Teatrında keçirilən konsertdən sonra 
								ulu öndər Heydər Əliyev səhnəyə çıxaraq hamı ilə 
								görüşmüş, "Şahnaz" təsnifini oxumuş Simarənin 
								istedadını yüksək qiymətləndirmişdir. 
								
								
								1997-ci ildə Səmərqənddə keçirilmiş "Şərq 
								təranələri" Beynəlxalq muğam festivalında 46 
								ölkənin sənətçiləri arasında "Qran-pri" 
								mükafatını, 19 yaşında respublikanın əməkdar 
								artisti fəxri adını Simarə İmanova alıb. 
								
								
								Azərbaycan Opera və Balet Teatrı səhnəsində ən 
								gənc Leyli Simarə olub. 
								
								
								34 yaşlı müğənninin sənət yoluna onlarca xarici 
								ölkədə uğurla keçən konsertlərin izi düşüb. 
								İndiyə qədər dövri mətbuat səhifələrində - "Xalq 
								qəzeti"ndə, "Haqq yolu", "Azərbaycan müəllimi", 
								"Səs", "İki sahil", "Ekspress" və s. qəzet 
								səhifələrində bu gözəl səsli, milli dəyərlərə 
								varlığı ilə bağlı müğənni, gənc ana, ata başını 
								ucaldan, elinə şöhrət qazandıran Azərbaycan qızı 
								haqqında onlarca yazı dərc olunub. Bütün bu 
								qələm məhsullarını səbr və məhəbbətlə toplayıb 
								sistemləşdirmək, xanəndənin həyat yolundan 
								məqamları əks etdirən şəkilləri əldə edib "Şərq 
								bülbülü" kitabını (Bakı: Yazıçı, 2010, 148 s.) 
								araya-ərsəyə gətirmək Simarənin keçmiş orta 
								məktəb müəllimləri Sərvaz Hüseynoğlu ("Ədəbiyyat 
								qəzeti"nin şöbə müdiri, şair-publisist, 
								Prezident təqaüdçüsü) və Səxavət Tağların 
								(Əliqulular kənd məktəbinin direktoru, 
								respublikanın əməkdar müəllimi) istedadlı 
								şagirdin - xalq məhəbbəti qazanmış müğənninin 
								sənətinə heyrətlərinin nəticəsidir. Hasil 
								Tağıyevin ideyası ilə hazırlanmış toplu-kitabın 
								redaktoru Şəmsi Vəfadardır. 
								
								
								"Halal zəhmət, halal yurdun anası, Araz qollu, 
								Kür qanadlı İmişli"nin Azərbaycan musiqi sənəti 
								tarixinə bəxş etdiyi Azərbaycanın əməkdar 
								artisti Simarə İmanovaya  həsr olunmuş "Şərq 
								bülbülü" kitabı sənətkara xalq məhəbbətinin 
								təsdiqidir.  
								
								
								
								Ş.MƏMMƏDOV  |