| 
								 
								
								
								 Əliyev 
								İlham Müzəffər oğlu  
								
								
								1961-ci il mayın 5-də Gədəbəy rayonunda anadan 
								olmuşdu. 1978-ci ildə orta məktəbi bitirmiş, 
								1980-ci ildə hərbi xidmətə çağırılmışdı. O, 
								1982-ci ildə ordu sıralarından tərxis olunduqdan 
								sonra Gədəbəy rayonunda müxtəlif sahələrdə 
								çalışmışdı. 1983-cü ildə DİN-nin təyinatı ilə 
								İsmayıllı Rayon Polis Şöbəsinə işə qəbul 
								edilmişdi. Bir az sonra isə Gədəbəy Rayon Polis 
								Şöbəsinin mühafizə bölməsinə dəyişilmişdi. 
								1985-cı ildə İlham Bryansk Xüsusi Orta Milis 
								Məktəbinə daxil olmuşdu. 1987-ci ildə Gədəbəy 
								rayonunda sahə müvəkkili, Gəncə Şəhər Polis  
								Şöbəsində sahə müfəttişi, sonra isə 
								cinayət-axtarış bölməsində əməliyyatçı 
								vəzifəsində çalışmışdı. Nümunəvi xidmətə görə " 
								Milis əlaçısı" döş nişanına layiq görülmüşdü. 
								1990-cı il avqustun 19-da o, torpaqlarımızın 
								erməni işğalçılarından müdafiəsinə 
								göndərilmişdi. 
								
								
								İ.Əliyev Qazax rayonunun Əskipara kəndində gedən 
								döyüşdə qəhrəmancasına həlak olub. "Qırmızı 
								ulduz" ordeninə layiq görülüb. 
								
								
								Ailəli idi. Bir övladı var. 
								
								
								Azərbaycan Respublikası Prezidentinin 6 iyun 
								1992-ci il tarixli 831 nömrəli Fərmanı ilə 
								Əliyev İlham Müzəffər oğlu ölümündən sonra 
								Azərbaycanın Milli Qəhrəmanı adına layiq 
								görülüb. 
								
								
								Gədəbəy rayonunda dəfn olunub. Gədəbəy 
								rayonundakı orta məktəblərdən biri onun adını 
								daşıyır. Məktəbin önündə büstü qoyulub.  
								
								
								
								 Əliyev 
								İmamverdı Barat oğlu  
								
								
								1950-ci il oktyabrın 1-də İmişli rayonunun 
								Qulubəyli kəndində anadan olmuşdu. 1969-cu ildə 
								Kürdmahmudlu kənd orta məktəbini bitirdikdən 
								sonra 1970-ci ildə hərbi xidmətə çağırılmışdı. 
								O, 1972-ci ildə ordu sıralarından tərxis 
								olunduqdan  sonra Bakı Şəhər Yasamal Rayon Polis 
								Şöbəsində sürücü-milis nəfəri kimi əmək 
								fəaliyyətinə başlamışdı. 1973-77-ci illərdə Bakı 
								Maliyyə- Kredit Texnikumunda təhsil almış, 
								1978-ci ildə isə Bakı Xüsusi Milis Məktəbinin 
								kursantı olmuşdu. İmamverdi təhsilini başa 
								çatdırdıqdan sonra DİN-nin göndərişi ilə İmişli 
								Rayon Polis Şöbəsinin mühafizə bölməsində baş 
								inspektor vəzifəsində çalışmışdı. 1991-ci il 
								noyabrın 15-də Hadrut rayonunun Şaqax kəndi 
								uğrunda gedən döyüşdə ermənilərin 4 tankını 
								sıradan çıxaran İ.Əliyev qəhrəmancasına həlak 
								olub. 
								
								
								Ailəli idi. İki övladı var. 
								
								
								Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 
								1992-ci il tarixli 264 nömrəli Fərmanı ilə 
								Əliyev İmamverdı Barat oğlu ölümündən sonra 
								Azərbaycanın Milli Qəhrəmanı adına layiq 
								görülüb. 
								
								
								İmişli rayonunda dəfn olunub. Adına İmişli 
								rayonunda küçə var. Qulubəyli kənd orta məktəbi 
								onun adını daşıyır. İmişli Rayon Polis Şöbəsi 
								yerləşən binanın önündə büstü qoyulub.  
								
								
								
								 Əliyev 
								Yavər Yaqub oğlu  
								
								
								1956-cı il iyunun 27-də Bakı şəhərində anadan 
								olmuşdu. 235 nömrəli orta məktəbi bitirdikdən 
								sonra Kremençuq Aviasiya Məktəbinə daxil 
								olmuşdu. Müxtəlif tipli vertolyotların idarə 
								olunmasını dərindən öyrənmiş Yavər əvvəlcə Mİ-2, 
								Mİ-4 vertolyotlarına  pilot,  sonra isə Mİ-8 
								vertolyotuna ikinci pilot, daha sonra isə 
								komandir təyin edilmişdi. 
								
								
								Y.Əliyev 1992-ci ildə Suşa şəhərinin erməni 
								təcavüzkarlarından müdafiəsi zamanı həlak olmuş 
								döyüşçülərimizin meyitlərinin oradan 
								çıxarılmasında xüsusi səy göstərmişdi. Həmin 
								ilin 14 fevralında MDB hərbi hissələrindən 
								Azərbaycana bir neçə vertolyotun göndərilməsində 
								onun xüsusi xidmətləri olmuşdu. O, dəfələrlə 
								Qarabağa Mİ-24 vertolyotunda uçuşlar edərək 
								ermənilərin mövqelərinə ağır zərbələr 
								endirmişdi. 
								
								
								Y.Əliyev 1992-ci il fevralın 29-da təlim-məşq 
								zamanı vertolyotu qəzaya uğrayaraq həlak olub. 
								
								
								Ailəli idi. İki övladı var. 
								
								
								Azərbaycan Respublikası Prezidentinin 14 
								sentyabr 1992-ci il tarixli 204 nömrəli Fərmanı 
								ilə Əliyev Yavər Yaqub oğlu ölümündən sonra 
								Azərbaycanın Milli Qəhrəmanı adına layiq 
								görülüb. 
								
								
								 Bakı şəhərində Şəhidlər xiyabanında dəfn 
								olunub. Vaxtı ilə təhsil aldığı 235 nömrəli orta 
								məktəb onun adını daşıyır.  
								
								
								
								 Əliyev 
								Yunis Əsgər oğlu  
								
								
								1958-ci il oktyabrın 9-da Goranboy rayonunun 
								Qızılhacılı kəndində anadan olmuşdu. 1973-cü 
								ildə həmin kənddə səkkizinci sinfi bitirmiş, 
								sonra təhsilini Dəliməmmədli şəhərindəki 102 
								nömrəli texniki-peşə məktəbində davam 
								etdirmişdi. Yunis 1976-cı ildə ordu siralarına 
								çağırılmış və hərbi xidmətini Tacikistanda başa 
								çatdırmışdı. 1992-ci ildə Goranboy rayonunda 
								yaradılmış ikinci batalyona üzv yazılmışdı. 
								Erməni quldurlarına qarşı ilk döyüşü Ağdərə 
								bölgəsində olmuşdu. O, 1992-ci il mayın 4-də 
								Goranboy rayonunun Tap-Qaraqoyunlu kəndini 
								mühafizə edən Talış kəndində yerləşən 
								ermənilərin mövqelərini susdurmaq üçün  
								"Yaltaxıl" adlı əməliyyat planı hazırlamışdı. 
								Həmin əməliyyat uğurla başa çatmışdı. Bir gün 
								sonra ermənilərin qəfil hücumu nəticəsində 
								döyüşçülərimiz əvvəlki mövqelərindən çəkilməli 
								olmuşdular. Elə həmin döyüşdə Yunis erməni 
								gülləsinə tuş gələrək qəhrəmancasına həlak olub. 
								Onun meyiti 43 gündən sonra Talış kəndi azad 
								edildiyi zaman tapılmışdı. 
								
								
								Ailəli idi. İki övladı var.  
								
								
								Azərbaycan Respublikası Prezidentinin 7 iyun 
								1992-ci il tarixli 833 nömrəli Fərmanı ilə 
								Əliyev Yunis Əsgər oğlu ölümündən sonra 
								Azərbaycanın Milli Qəhrəmanı adına layiq 
								görülüb. 
								
								
								Yunis Əliyev 1992-ci il iyunun 16-da doğma 
								Qızılhacılı kəndində dəfn olunub. Qızılhacılı 
								kənd 3 nömrəli uşaq bağçası onun adını daşıyır. 
								Goranboy rayonunda büstü qoyulub.  
								
								
								
								 Əliyev 
								Yusif Əliyusif oğlu  
								
								
								1969-cu il dekabrın 2-də Bakının Qobustan 
								qəsəbəsində anadan olmuşdu. Həmin qəsəbədəki 223 
								nömrəli orta məktəbi bitirmişdi. O, 1988-ci ildə 
								ordu    sıralarına çağırılmış, hərbi xidmətini 
								Sverdlovsk şəhər piyada qoşun hissəsində 
								keçmişdi. 1990-cı ildə ordudan tərxis olunaraq 
								Bakıya qayıtmışdı. Yusifin ilk döyüş yolu 
								1991-ci ilin fevralında Goranboydan başlamışdı. 
								Həmin ərəfədə ermənilər Buzluq, Mənəşid, Erkəc 
								kəndlərı istiqamətlərindən aramsız hücumlar 
								etmişdilər. Fevralın 24-də Mənəşid kəndinə hücum 
								edən ermənilər döyüşçülərimizin güclü 
								müqavimətinə rast gələrək pərən-pərən düşüblər. 
								Yusif 1991-ci il sentyabrın 14-də düşmən 
								qüvvələri Buzlaq kəndinə hücum edən zaman 
								əsgərlərimizə döyüş sursatı çatdırmaq üçün bütün 
								var qüvvəsini sərf etmişdi. Bu döyüş, təki Vətən 
								yaşasın, - deyən Yusif Əliyevin həyatı bahasına 
								başa gəlmişdi. Doğma Azərbaycanın bu cəsur oğlu 
								elə həmin döyüş zamanı yoldaşlarına silah 
								apararkən qəhrəmancasına həlak olub. 
								
								
								Ailəli idi. Bir övladı var. 
								
								
								Azərbaycan Respublikası Prezidentinin 6 iyun 
								1992-ci il tarixli 831 nömrəli Fərmanı ilə 
								Əliyev Yusif  Əliyusif oğlu ölümündən sonra 
								Azərbaycanın Milli Qəhrəmanı adına layiq 
								görülüb. 
								
								
								Ağsu rayonunun Rəhimli kəndində dəfn olunub. 
								Qobustan qəsəbəsindəki 195 nömrəli orta məktəb 
								onun adını daşıyır. Məktəbdə büstü qoyulub.  
								
								
								
								Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya 
								Mərkəzinin 
								materialları əsasında hazırladı:  
								Ədalət DAŞDƏMİRLİ  |