| 
								 
								
								
								(Əvvəli qəzetimizin ötən saylarında)  
								
								
								Hörmətli oxucular, bu məqalədə təhsilin bir 
								pilləsindən, səviyyəsindən digərinə keçid, bu 
								sahədə olan problemlər və onların həlli yolları 
								barədə mülahizələrimi diqqətinizə təqdim edirəm. 
								
								
								 Təhsilin 
								keyfiyyətli, səmərəli və davamlı olması üçün bir 
								çox şərtlər mövcuddur. Buraya cəmiyyətin 
								tələbatına görə dövlət standartları əsasında 
								optimal müəyyənləşdirilmiş məzmun, çevik 
								qiymətləndirmə modelləri, peşəkar pedaqoji 
								heyət, əlverişli maddi-texniki baza və sair 
								daxildir. Bu məsələlərə ötən məqalələrdə 
								toxunmuşuq. Lakin bütün bu amillər olduqda belə, 
								təhsil pillələri və səviyyələri arasında 
								varislik prinsipi üzərində qurulmuş dialektik 
								bağlılıq təmin edilməzsə, keyfiyyət və 
								səmərəliliyin reallığa çevrilməsində boşluqlar 
								yaranar. Eyni zamanda varisliyin yaradılmasına 
								yalnız nəticələrin bir-birini izləməsi və 
								tamamlaması prosesi kimi də baxmaq düzgün 
								olmazdı. Varislik, ilk növbədə, inkişafa xidmət 
								etməli, hər hansı bir nəticə özündən əvvəl 
								gələnin mahiyyətcə zənginləşməsinə və əhatə 
								dairəsinin genişlənməsinə yönəlməlidir. 
								
								
								Bu mənada təsadüfi deyil ki, varislik "Təhsil 
								haqqında" Azərbaycan Respublikasının Qanununda 
								təhsil sahəsində dövlət siyasətinin əsas 
								prinsiplərindən biri kimi təsbit olunmuşdur.
								 
								
								
								Qeyd etmək lazımdır ki, varislik prinsipinə iki 
								yanaşma mövcuddur. Birinci yanaşma ondan 
								ibarətdir ki, tətbiq edilən təhsil proqramları, 
								məzmun pillədən pilləyə, səviyyədən səviyyəyə 
								inkişaf etməli və bir-birini tamamlamalıdır.
								 
								
								
								Digər yanaşma birincidən heç də az əhəmiyyət 
								kəsb etməyən, lakin əksər hallarda kölgədə qalan 
								bir məsələ ilə bağlıdır. Belə ki, bir pillədən 
								digər pilləyə, bir səviyyədən digər səviyyəyə 
								keçid zamanı əvvəlki pillə və səviyyələrdə 
								qazanılmış bilik, bacarıq və nəticələrin nəzərə 
								alınmaması, keçid prosesində müşahidə edilən 
								problemlər məni daim düşündürən və narahat edən 
								məsələlərdir.  
								
								
								İlk növbədə məktəbəqədər təhsil pilləsi 
								haqqında. Məlumdur ki, məktəbəqədər təhsil 
								təhsilin ilk pilləsi olmaqla, ailənin və 
								cəmiyyətin maraqlarına uyğun olaraq, uşaqların 
								erkən yaş dövründən intellektual, fiziki və 
								psixi inkişafını, sadə əmək vərdişlərinə 
								yiyələnməsini, istedad və qabiliyyətinin üzə 
								çıxarılmasını, sağlamlığının qorunmasını, 
								estetik tərbiyəsini, təbiətə və insanlara həssas 
								münasibətinin formalaşmasını təmin edir. 
								
								
								"Təhsil haqqında" Qanuna görə, təhsil 
								məktəbəqədər mərhələdən başlanır. Bununla belə, 
								məktəbəqədər təhsil müəssisəsinə gələnə qədər 
								uşaq ailədə tərbiyə olunur. Onu da etiraf etmək 
								lazımdır ki, uşaqların xeyli hissəsi 
								məktəbəqədər təhsil mərhələsini, eləcə də 
								məktəbəhazırlıq dövrünü keçmədən birbaşa məktəbə 
								qəbul edilirlər. Beləliklə, aydın təsəvvür 
								olunur ki, uşağın tərbiyəolunma sistemində 
								varisliyin pozulması halları bu zamandan 
								başlanır. Belə nəticə çıxarmaq olar ki, yaranmış 
								problemin həlli məqsədilə, ilk növbədə, 
								valideynlər üçün yerlərdə metodiki məsləhət və 
								əlaqələndirmə mərkəzləri təşkil edilməlidir. 
								Yəni məktəbəqədər təhsil müəssisələrindəki 
								təlim-tərbiyə prosesi ailələrdəki eyni prosesin, 
								ibtidai təhsil isə məktəbəqədər təhsil və 
								məktəbəhazırlıq təliminin davamı kimi vahid 
								sistemdə birləşməlidir. Yalnız bu halda uşağın 
								psixoloji və mənəvi cəhətdən məktəb təliminə 
								hazır olmasından danışıla bilər. Belə bir 
								sistemin qurulması, heç şübhəsiz, ibtidai 
								təhsilin keyfiyyətinə əhəmiyyətli dərəcədə 
								müsbət təsir göstərə bilər. Bəs ölkəmizdə 
								ailədən məktəbəqədər tərbiyə müəssisəsinə keçid 
								sahəsində hansı problemlər mövcuddur? Təhlil 
								göstərir ki, hər il birinci sinfə qəbul edilən 
								uşaqların orta hesabla yalnız 20 faizə qədəri 
								bağçalardakı məktəbəhazırlıq qruplarından gəlir. 
								Bir sıra inkişaf etmiş ölkələrdə 5 yaşlıların 
								hamısı icbari olaraq məktəbəhazırlıq mərhələsini 
								keçirlər. Ölkəmizdə isə bu vəzifəni yerinə 
								yetirmək üçün, əlbəttə, mövcud uşaq bağçalarının 
								imkanları heç də kifayət deyildir. Belə ki, uşaq 
								bağçaları ən yaxşı halda ölkə üzrə 5 yaşlıların 
								yalnız 40-45 faizini qəbul edə bilər. Düşünürəm 
								ki, təxirəsalınmadan 5 yaşlı uşaqların 
								məktəbəqədər təhsili üçün hazırlıq işlərinə 
								başlanmalı, nazirliyin bu sahədə 8-10 ili əhatə 
								edən strateji planı hazırlanmalı, hökumət 
								səviyyəsində tədbirlər görülməlidir. Eyni 
								zamanda digər yaş qrupları da unudulmamalı, 
								ölkədə məktəbəqədər təhsil imkanlarının və əhatə 
								səviyyəsinin artırılması istiqamətində Dövlət 
								Proqramı çərçivəsində zəruri tədbirlər davam 
								etdirilməlidir.  
								
								
								Ümumi təhsilin səviyyələri arasında varisliyin 
								təmin olunmasına da xüsusi diqqət 
								yetirilməlidir. Hər səviyyənin ümumi təlim 
								nəticələrini yüksələn xətlə əlaqələndirmədən, 
								ümumi təhsil sahəsində tədris edilən fənlərin 
								məzmununun təhsil səviyyələri və siniflər üzrə 
								varisliyini yaratmadan bu məqsədə nail olmaq 
								qeyri-mümkündür. Hazırda tətbiqinə başlanmış 
								ibtidai təhsil səviyyəsi üçün fənn 
								kurikulumları, əsasən, siniflərarası varislik 
								tələbi nəzərə alınmaqla tərtib edilmişdir. Heç 
								şübhəsiz, ümumi orta təhsil səviyyəsinin 
								kurikulumları ibtidai, tam orta təhsil 
								səviyyəsinin kurikulumları isə ümumi orta təhsil 
								səviyyəsinin nəticələri üzərində qurulmalıdır. 
								Demək, şagirdlərə öyrədilən biliklər və aşılanan 
								bacarıqlar varislik əsasında sadədən mürəkkəbə 
								doğru inkişaf etdirilməklə standartlarda öz 
								əksini tapmalıdır. Əslində, mənimsənilməsi 
								nəzərdə tutulan konkret bilik xüsusi çəkisi 
								baxımından aşılanacaq bacarığın səviyyəsini 
								müəyyən etməli və bu iki proses mahiyyətcə 
								bir-birini tamamlamalıdır. Eyni zamanda hər bir 
								fənn üzrə məzmun standartlarının dialektik 
								baxımdan varisliyinin təmin edilməsi ilə yanaşı, 
								bu standartların dərsliklərdə reallaşdırılması 
								ardıcıllığı da ciddi surətdə gözlənilməlidir. 
								Dərsliklər yazılarkən müvafiq fənn 
								kurikulumlarına, standartların tələblərinə 
								uyğunsuzluq hallarına yol verilərsə, bu, son 
								nəticədə varisliyin pozulmasına, nəzərdə tutulan 
								bacarıqların lazımi səviyyədə formalaşmamasına 
								gətirib çıxara bilər. Əlbəttə, bütün bunlar 
								məzmunun varisliyi ilə bağlı məsələlərdir.
								 
								
								
								Bəs ümumi təhsil pilləsində bir səviyyədən 
								digərinə keçid məsələləri necə tənzimlənir? 
								Ümumi təhsil təhsilalanlara elmlərin ümumi 
								əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq 
								və vərdişlərin aşılanmasını, onların həyata və 
								əmək fəaliyyətinə hazırlanmasını təmin edir. 
								Ümumi təhsil təhsilalanların fiziki və 
								intellektual inkişafına, zəruri biliklərə 
								yiyələnməsinə, onlarda sağlam həyat tərzinə və 
								sivil dəyərlərə əsaslanan vətəndaş təfəkkürünün 
								formalaşmasına, milli və dünyəvi dəyərlərə 
								hörmət hissinin aşılanmasına, ailə, cəmiyyət, 
								dövlət və ətraf mühit qarşısında hüquq və 
								vəzifələrinin müəyyən edilməsinə imkan yaradır. 
								
								
								Ümumi təhsilin ilk səviyyəsi olan ibtidai 
								təhsilin məqsədi təhsilalanlara oxumaq, yazmaq 
								və hesablama bacarıqları aşılamaq, onlarda 
								insan, cəmiyyət və təbiət haqqında ilkin həyati 
								biliklər, məntiqi təfəkkür elementləri, estetik, 
								bədii zövq və digər xüsusiyyətlər 
								formalaşdırmaqdan ibarətdir. 
								
								
								Təcrübə göstərir ki, ibtidai təhsildən ümumi 
								orta təhsilə keçiddə ciddi problem müşahidə 
								olunmur. Bu səviyyəni uğurla başa vuran 
								şagirdlər maneəsiz növbəti səviyyədə 
								təhsillərini davam etdirirlər. Statistika 
								göstərir ki, hər tədris ilində təxminən 150 min 
								şagird ibtidai təhsildən ümumi orta təhsilə 
								keçir. 
								
								
								Hazırda ümumi təhsil sistemində yeni 
								qiymətləndirmə sisteminin tətbiqi ilə əlaqədar 
								ibtidai təhsil səviyyəsinin sonunda (IV sinifdə) 
								milli qiymətləndirmənin keçirilməsi nəzərdə 
								tutulmuşdur.  
								
								
								Bir sıra ölkələrdə ibtidai təhsil səviyyəsindən 
								növbəti səviyyəyə keçiddə xüsusi imtahanlar 
								təşkil edilir ki, şagirdin növbəti səviyyədə 
								hansı profil üzrə təhsil alacağı 
								müəyyənləşdirilsin. 
								
								
								Ümumi orta təhsilin məqsədi təhsilalanların 
								şifahi nitq və yazı mədəniyyətinin, ünsiyyət 
								bacarığının, idrak fəallığının və məntiqi 
								təfəkkürünün inkişafını, təhsil proqramına daxil 
								olan fənlər üzrə və eləcə də dünya 
								sivilizasiyasının inkişafı haqqında müvafiq 
								bilik və təsəvvürlərinin formalaşdırılmasını, 
								müasir informasiya-kommunikasiya vasitələrindən 
								istifadə etmək qabiliyyətini, hadisələri 
								qiymətləndirmək və öz gələcək fəaliyyət 
								istiqamətlərini müəyyənləşdirmək bacarığını 
								təmin etməkdən ibarətdir.  
								
								
								Ümumi orta təhsil səviyyəsini hər tədris ilində 
								təxminən 145 min şagird bitirir. Onlardan 8 mini 
								texniki peşə məktəblərinə və peşə liseylərinə, 8 
								mini orta ixtisas məktəblərinə qəbul olunur. 
								Ümumi orta təhsil səviyyəsini bitirənlərdən 110 
								mini növbəti səviyyədə təhsillərini davam 
								etdirir. Narahatlıq doğuran haldır ki, ümumi 
								orta təhsil səviyyəsindən tam orta təhsil 
								səviyyəsinə keçiddə xeyli sayda şagirdin 
								təhsildən yayınması halları mövcuddur. Bu hal 
								məktəb rəhbərlərini, yerli təhsil orqanlarını 
								ciddi düşündürməli, hər bir şagirdin təhsildən 
								yayınma səbəbləri araşdırılmalı və müvafiq 
								tədbirlər görülməlidir. 
								
								
								Şübhəsiz, cari dərs ilindən IX siniflərdə 
								buraxılış imtahanlarının mərkəzləşdirilmiş 
								qaydada aparılması həm şagirdlərin davamiyyətinə 
								müsbət təsir göstərmiş, həm də təhsildən yayınma 
								hallarının qarşısını xeyli almışdır. Eyni 
								zamanda bu təhsil səviyyəsinin sonunda 
								mərkəzləşdirilmiş buraxılış imtahanlarının 
								keçirilməsi tam orta təhsil pilləsində təhsilin 
								təmayüllər üzrə təşkilinə də öz töhfəsini 
								verəcəkdir. 
								
								
								Burada narahatlıq doğuran digər hal ondan 
								ibarətdir ki, ümumi orta təhsil səviyyəsini 
								bitirən məzunlar qabiliyyətindən, bacarığından, 
								potensial imkanlarından asılı olmayaraq, kütləvi 
								şəkildə təhsillərini tam orta təhsil pilləsində 
								davam etdirməyə səy göstərirlər. Lakin təhlil 
								göstərir ki, heç də həmin şagirdlərin hamısı 
								sonradan ali təhsil pilləsində təhsillərini 
								davam etdirmirlər. Texniki peşə məktəblərinə 
								gedənlər isə cəmi məzunların 6 faizini təşkil 
								edir. Düşünürəm ki, Azərbaycanda da beynəlxalq 
								təcrübəyə əsaslanaraq, ümumi orta təhsil 
								səviyyəsini bitirən məzunların 40-50 faizinin 
								məhz texniki peşə məktəblərinə və peşə 
								liseylərinə yönəldilməsi istiqamətində ciddi 
								tədbirlər görülməli, ümumi təhsil 
								müəssisələrində peşəyönümü işi səmərəli təşkil 
								edilməli, şagirdlərin gələcəkdə məhz hansı 
								səviyyədə və ya pillədə təhsillərini davam 
								etdirmələri imkanları barədə diaqnostik 
								qiymətləndirmələr aparılmalıdır.  
								
								
								Ümumi təhsil pilləsinin son səviyyəsi olan 
								tam orta təhsil barədə. Tam orta təhsil 
								səviyyəsində təhsilalanların istedad və 
								qabiliyyətinin reallaşdırılması, müstəqil həyata 
								və peşə seçiminə hazırlanması, fəal vətəndaş 
								mövqeyinin, milli və ümumbəşəri dəyərlərə, insan 
								hüquqlarına və azadlıqlarına hörmət hissinin və 
								tolerantlığın formalaşdırılması, müasir 
								informasiya-kommunikasiya texnologiyalarından və 
								digər texniki vasitələrdən sərbəst istifadə 
								etməsi, iqtisadi biliklərin əsaslarına 
								yiyələnməsi, xarici dillərdən birində, yaxud bir 
								neçəsində ünsiyyət saxlaması və sair təmin 
								olunur.  
								
								
								Bu səviyyədə təhsilalanların biliyinin 
								qiymətləndirilməsinin yekun dövlət attestasiyası 
								həyata keçirilir. Attestasiyanın nəticələrinə 
								görə məzunlara müvafiq qaydada dövlət nümunəli 
								sənəd - attestat verilir. Tam orta təhsil 
								səviyyəsini hər tədris ilində təxminən 110-120 
								min şagird bitirir. Təhsil Nazirliyi tərəfindən 
								mərkəzləşdirilmiş test imtahanına keçidə qədər, 
								demək olar ki, həmin şagirdlərin hamısı attestat 
								alırdılar. Hazırda isə məzunların təxminən 10-15 
								faizi tam orta təhsil səviyyəsini lazımi 
								nailiyyətlərlə başa vura bilmədiklərinə görə 
								attestat ala bilmirlər. 
								
								
								Təhlil göstərir ki, hər il ümumi təhsil 
								pilləsini bitirənlərin 20 faizi ali təhsil 
								müəssisələrinə, 10 faizi orta ixtisas 
								məktəblərinə, 11 faizi texniki peşə məktəblərinə 
								qəbul olunurlar. Məzunların təxminən 60 faizi, 
								yəni 60 min nəfər heç bir peşəyə yiyələnmədən 
								əmək bazarına qədəm qoyur. Əlbəttə, bu vəziyyət 
								hər birimizi düşündürməlidir. Hesab edirəm ki, 
								müvafiq maddi-texniki baza, kadr təminatı həyata 
								keçirildikdən sonra və keyfiyyətə xələl 
								gətirməmək şərtilə yaxın gələcəkdə ali təhsil 
								müəssisələrinə qəbul planı artırılmalı, ümumi 
								təhsil pilləsi məzunların ali təhsil alma 
								imkanları genişləndirilməlidir. Digər tərəfdən 
								isə texniki peşə məktəblərinin şəbəkəsi 
								genişləndirilməli və məzunların əksər hissəsinin 
								məhz həmin pillədə təhsillərini davam 
								etdirməsinə imkan yaradılmalıdır. 
								
								
								Burada əsas narahatlıq doğuran hal ondan ibarət 
								idi ki, bir təhsil pilləsindən digərinə keçiddə 
								təhsilalanların nailiyyətləri nəzərə alınmır. 
								Azərbaycanda ali məktəblərə qəbul zamanı orta 
								məktəbin nəticələri, yəni şagirdlərin 11 illik 
								təhsilinin yekunu olan attestat balı ümumiyyətlə 
								nəzərə alınmır. Təhlil göstərir ki, bu hal ümumi 
								orta təhsilin keyfiyyətinə mənfi təsir etməklə, 
								məktəbin və müəllimin statusunun aşağı düşməsinə 
								gətirib çıxarır. Eyni zamanda şagirdləri və 
								müəllimləri keyfiyyətli orta təhsilə 
								stimullaşdırmanın qarşısını alır. 
								
								
								Təhlil göstərir ki, dünyada ali məktəblərə 
								qəbulun əsas parametri məhz orta məktəbin 
								nəticələridir. ABŞ təcrübəsini misal gətirək. 
								Həmin ölkədə ali məktəbə qəbul imtahanı tələb 
								olunan balın yalnız 30 faizini toplamağa imkan 
								verir. Digər 70 faiz isə məhz məktəbin 
								nəticələri, yəni şagirdin orta məktəb 
								göstəriciləri, məktəbin şagird haqqında rəyi, 
								şagirdin maraq və qabiliyyəti və sair nəzərə 
								alınmaqla formalaşır.  
								
								
								Bu vəziyyət magistratura pilləsinə qəbulda da 
								eynidir. Belə ki, magistratura pilləsinə qəbul 
								zamanı bakalavriat pilləsində tələbələrin 4 il 
								ərzində qazandıqları nailiyyətlər ümumiyyətlə 
								nəzərə alınmır. Yəni ən yaxşı nailiyyətləri olan 
								və heç bir nailiyyəti olmayan tələbə qəbul 
								prosesində eyni vəziyyətdə olur. Dünya təcrübəsi 
								göstərir ki, bu yanaşma düzgün deyildir. Əksər 
								ölkələrdə magistraturaya qəbul prosesində 
								aparıcı rolu bakalavriat pilləsindəki nəticələr 
								və universitetlər oynayır. Yəni qəbul haqqında 
								son qərarı məhz universitetlər qəbul edirlər. 
								Düşünürəm ki, bizdə hazırda belə bir qərarın 
								qəbulu müəyyən problemlər yarada bilər. 
								 
								
								
								Təhsil Nazirliyi uzun müddət nailiyyətlərin 
								növbəti pillədə nəzərə alınması istiqamətində 
								təşəbbüslər göstərmiş, təkliflər irəli sürmüş və 
								bu istiqamətdə müəyyən addımlar da atmışdır. İlk 
								növbədə XI siniflərdə mərkəzləşdirilmiş 
								imtahanlar tətbiq edildikdən sonra şagirdlərin 
								yekun qiymətinin çıxarılmasında həm X sinif, həm 
								də XI sinifdə il ərzində əldə etdikləri 
								nailiyyətlərin nəzərə alınması təmin edilmişdir. 
								
								
								Təhsil Nazirliyinin təklifləri əsasında "Təhsil 
								haqqında" Qanunda bu məsələ də öz əksini 
								tapmışdır. Qanunda təsbit edilmişdir ki, (maddə 
								26.4) "Ali və orta ixtisas təhsili 
								müəssisələrinə tələbə qəbulu zamanı 
								abituriyentlərin əvvəlki təhsil pilləsində əldə 
								etdikləri nailiyyətlər müvafiq icra hakimiyyəti 
								orqanının müəyyən etdiyi qaydada nəzərə alınır". 
								Təəssüf ki, bu günə qədər bu maddənin icrası ilə 
								bağlı müvafiq qərar qəbul edilməmişdir. 
								
								
								Bununla əlaqədar Qanunda daha vacib bir müddəa 
								da öz əksini tapmışdır: "Dünya fənn 
								olimpiadalarının, yüksək səviyyəli beynəlxalq 
								müsabiqələrin və yarışların qalibləri müvafiq 
								ixtisaslar üzrə ali təhsil müəssisələrinə 
								müsabiqədənkənar qəbul olunurlar. Bu 
								olimpiadaların, beynəlxalq müsabiqələrin və 
								yarışların siyahısı müvafiq icra hakimiyyəti 
								orqanı tərəfindən müəyyən edilir". Onu da qeyd 
								edim ki, Təhsil Nazirliyinin illərlə təklif 
								etdiyi bu müddəanın xeyli əleyhdarları var idi. 
								Lakin Qanunda bu müddəanın öz əksini tapması, 
								hesab edirəm ki, təhsilin inkişafına və 
								stimullaşdırılmasına yönəlmiş uğurlu bir 
								addımdır.  
								
								
								Gözləyirik ki, Qanuna müvafiq olaraq, yaxın 
								gələcəkdə tədricən ümumi orta, ilk peşə-ixtisas, 
								orta ixtisas təhsili pillələrinin nəticələri ali 
								təhsilin bakalavriat səviyyəsində, bakalavriat 
								səviyyəsinin nəticələri magistratura 
								səviyyəsində nəzərə alınacaqdır.  
								
								
								Təhsil sisteminin vacib bir pilləsi olan ilk 
								peşə-ixtisas təhsili barədə. Qanunda qeyd 
								edilir ki, ilk peşə-ixtisas təhsili əmək 
								bazarının tələbatına uyğun olaraq, ümumi orta 
								təhsil və tam orta təhsil bazasında müxtəlif 
								sənətlər və kütləvi peşələr üzrə ixtisaslı işçi 
								kadrların hazırlanmasını təmin edir. İlk 
								peşə-ixtisas təhsili mülkiyyət formasından asılı 
								olmayaraq peşə-ixtisas təhsili müəssisələrində 
								və təhsil fəaliyyəti üçün xüsusi razılığı 
								(lisenziyası) olan ayrı-ayrı təşkilatların, 
								müəssisələrin, əmək birjalarının, məşğulluq 
								idarələrinin və digər müvafiq qurumların təhsil 
								strukturlarında həyata keçirilir və məzunlara 
								müvafiq istiqamətlər üzrə ilk peşə dərəcələrinin 
								verilməsi ilə başa çatır. 
								
								
								Əlbəttə, mövcud qanunvericilikdə ilk 
								peşə-ixtisas təhsilini başa vuranların ali 
								təhsil almaq imkanları nəzərə alınmışdır. Lakin 
								bu hüquq yalnız peşə liseylərini bitirən 
								məzunlara şamil edilmişdir. Statistika göstərir 
								ki, hər dərs ilində ölkəmizin peşə liseylərinin 
								son kursunda təxminən 4-5 min şagird təhsil 
								alır. Cari ildə onların sayı 4651 nəfərdir. 
								Təhsil Nazirliyi tərəfindən tam orta təhsil 
								kursu üzrə keçirilən mərkəzləşdirilmiş 
								imtahanların nəticələrinin təhlili göstərir ki, 
								məzunlar yüksək göstəricilər nümayiş etdirmir və 
								onların bir hissəsi attestat ala bilmirlər. Bu 
								zaman iki problemlə üzləşirik. Bir tərəfdən, 
								onsuz da peşə liseyləri məzunlarının sayı 
								məhduddur, deməli, daha az sayda şagirdin ali 
								təhsil almaq imkanı vardır. Digər tərəfdən isə 
								onların müəyyən hissəsinin attestat almaması 
								onsuz da məhdud sayda olan kontingentin ali 
								təhsil alma imkanlarını azaldır. Bu elə başa 
								düşülməməlidir ki, peşə liseylərində təhsil 
								alanların hamısına, nailiyyətlərindən asılı 
								olmayaraq, attestat verilməlidir. Burada diqqət 
								ona yönəlməlidir ki, peşə liseylərinin şəbəkəsi 
								genişləndirilməli, daha çox sayda şagird bu 
								təhsil müəssisələrinə yönəldilməlidir. Peşə 
								liseylərinin üstünlüyü ondan ibarətdir ki, 
								məzunlar müəyyən bir peşəyə yiyələnməklə yanaşı, 
								tam orta təhsil alırlar və beləliklə 
								təhsillərini ali məktəblərdə davam etdirmək 
								şansı qazanırlar.  
								
								
								Eyni zamanda peşə liseylərini bitirən məzunlar 
								təhsillərini orta ixtisas təhsili 
								müəssisələrində də davam etdirə bilirlər. Təhlil 
								göstərir ki, həmin məzunların 10-15 faizi 
								sonradan orta ixtisas təhsili müəssisələrinə üz 
								tuturlar. Lakin hesab edirəm ki, ilk 
								peşə-ixtisas təhsili proqramları və orta ixtisas 
								təhsili proqramları arasında varisliyin təmin 
								olunması sahəsində problemlər mövcuddur və 
								onların aradan qaldırılması da vacib 
								məsələlərdəndir.  
								
								
								Orta ixtisas təhsili barədə. Orta ixtisas 
								təhsili cəmiyyətin və əmək bazarının tələbatına 
								uyğun olaraq, ümumi orta təhsil və tam orta 
								təhsil bazasında ayrı-ayrı fəaliyyət sahələri 
								üçün müxtəlif ixtisaslar üzrə orta ixtisas 
								təhsilli mütəxəssis hazırlığını təmin edir. Orta 
								ixtisas təhsili əsasən kolleclərdə və ali təhsil 
								müəssisələrinin tabeliyində yaradılan müvafiq 
								strukturlarda həyata keçirilir və subbakalavr 
								ixtisas dərəcəsinin verilməsi ilə başa çatır. 
								Ümumi orta təhsil bazasında orta ixtisas təhsili 
								müəssisələrinə daxil olanlar həm də tam orta 
								təhsil alırlar. 
								
								
								Göründüyü kimi, bu təhsil pilləsi də ali təhsilə 
								çıxış imkanlarını təmin edir. Belə ki, orta 
								ixtisas təhsilli mütəxəssislər ali təhsil 
								müəssisələrində təhsillərini davam etdirmək 
								imkanına malikdirlər. Uzun müddət ərzində 
								müzakirə olunan məsələlərdən biri təhsil 
								proqramlarının ali təhsil proqramları ilə 
								varisliyinin təmin edilməsidir. "Təhsil 
								haqqqında" Qanunda bu məsələ də öz əksini 
								tapmışdır: "Orta ixtisas təhsili proqramlarının 
								müvafiq ixtisaslar üzrə ali təhsil proqramlarına 
								uyğunluğu təmin edilir və bu təhsil pilləsini 
								yüksək nəticələrlə başa vuran məzunların - 
								subbakalavrların topladıqları kreditlər müvafiq 
								icra hakimiyyəti orqanının müəyyən etdiyi 
								qaydada uyğun ixtisaslar üzrə ali təhsil 
								müəssisələrində nəzərə alınır". Qeyd edim ki, 
								bununla əlaqədar müvafiq normativ-hüquqi 
								sənədlər də hökumət tərəfindən təsdiq 
								edilmişdir. 
								
								
								Ali təhsil barədə. Ali təhsil pilləsində 
								cəmiyyətin və əmək bazarının tələbatı nəzərə 
								alınmaqla yüksək ixtisaslı mütəxəssislərin və 
								elmi-pedaqoji kadrların hazırlığı həyata 
								keçirilir. Azərbaycan Respublikasının ali təhsil 
								müəssisələrində mütəxəssis və elmi-pedaqoji kadr 
								hazırlığı üç səviyyəlidir: bakalavriat; 
								magistratura; doktorantura. 
								
								
								Ali təhsil pilləsinin bakalavriat səviyyəsinə 
								keçid həm ümumi təhsil, həm texniki-peşə, həm də 
								orta ixtisas təhsili pillələrindən nəzərdə 
								tutulmuşdur. Lakin qeyd etmək lazımdır ki, keçid 
								prosesində varislik məsələləri hələ də tam 
								həllini tapmamışdır. Ümid edirik ki, "Təhsil 
								haqqında" Qanunun icrası istiqamətində 
								yaradılacaq normativ-hüquqi baza bu sahədə olan 
								problemlərin aradan qaldırılmasına zəmin 
								yaradacaq. 
								
								
								Bu sahədə məni narahat edən daha bir problem 
								ondan ibarətdir ki, ali təhsilə girişdə ciddi 
								qəbul prosedurları nəzərdə tutulur və seçim 
								aparılır. Ali məktəbdən çıxışda isə bu işə 
								nəzarət arxa plana keçir. Ötən illərdə ali 
								təhsil müəssisələrini bitirənlərlə bağlı 
								aparılan təhlillər göstərir ki, qəbul 
								olunanların 100 faizi ali təhsil müəssisələrini 
								bitirirlər. Dünya təcrübəsində isə məhz çıxışda 
								ciddi nəzarət mexanizmləri tətbiq edilir və 
								nəticədə qəbul olunanların 60-70 faizi 
								mütəxəssis kimi təhsil sənədi almağa müvəffəq 
								olurlar. Hesab edirəm ki, ali təhsil 
								müəssisələri bu məsələyə diqqəti artırmalı, 
								yalnız müvafiq standartlar səviyyəsində 
								kompetensiyalar əldə etmiş məzunlara təhsil 
								sənədinin verilməsini təmin etməlidirlər. Bu hal 
								keyfiyyətin yüksəldilməsinin qarantı olmaqla 
								yanaşı, ali məktəblərimizin reytinqinin 
								yüksəlməsinə də öz müsbət təsirini göstərərdi. 
								
								
								Yetkin və fəal həyat mövqeyinə malik şəxsiyyətin 
								yetişdirilməsi üçün təhsil səviyyələri ilə 
								bərabər, təhsil pillələri arasında da varisliyin 
								təmin edilməsi zəruri tələbat kimi meydana 
								çıxır. Pillələrarası varislik, hər şeydən əvvəl, 
								təhsil proqramlarının (kurikulumların), bunların 
								vasitəsilə reallaşdırılan nəticə və dəyərlərin 
								varisliyidir. Lakin elmi-pedaqoji cəhətdən 
								əsaslandırılması heç bir mübahisə doğurmayan bu 
								müddəanın həyata keçirilməsi sahəsində mövcud 
								olan boşluqlar bütövlükdə təhsilin keyfiyyətinə, 
								son nəticədə mütəxəssis hazırlığına mənfi təsir 
								göstərir. İbtidai sinif müəllimlərinin, bir 
								qayda olaraq, I siniflərə qəbul edilmiş bəzi 
								uşaqların psixoloji durumundan, inkişaf 
								səviyyəsindən, təhsil mühitinə uyğunlaşa 
								bilməməsindən narahatlıq hisslərini büruzə 
								vermələri, ümumi orta təhsil səviyyəsinə 
								keçirilən şagirdlər arasında təhsil almağa 
								marağın illər ötdükcə tədricən zəifləməsi 
								hallarının müşahidə edilməsi, ali məktəblərə 
								qəbulla bağlı nəticələrin istənilən səviyyədə 
								olmaması və sair bu kimi reallıqlar, eyni 
								zamanda, həmin amillə də bağlıdır. Bütün bunlar 
								ciddi pedaqoji problem olaraq təhsil 
								mütəxəssislərini, təhsili idarəetmə orqanlarını 
								dərindən düşündürməlidir.  
								
								
								Belə faktlar da mövcuddur ki, ali təhsil 
								müəssisələrinin rəhbərliyi və müəllimləri 
								müəyyən qrup tələbənin zəif təlim nəticələrinə 
								malik olmasını orta məktəblərdə təhsilin 
								keyfiyyətinə nəzarət edilməməsi, bunu isə laqeyd 
								münasibət bəslənilməsi ilə izah etməyə 
								çalışırlar. Ümumtəhsil məktəblərini təmsil 
								edənlər isə öz növbələrində pedaqoji ali və orta 
								ixtisas təhsili müəssisələrində müəllim 
								hazırlığının səviyyəsindən şikayətlənirlər. 
								Əlbəttə, bu cür fikirləri tam inkar etmək də 
								olmaz, lakin problemi təkcə həmin mülahizələrlə 
								məhdudlaşdırmaq da düzgün deyildir. Etiraf edək 
								ki, ali məktəblərimizlə orta məktəblər arasında 
								əlaqə, demək olar ki, yox dərəcəsindədir və 
								bugünkü vəziyyətdə əlaqələrin yenidən qurularaq 
								səmərəli əməkdaşlıq səviyyəsinə çatdırılmasına 
								böyük ehtiyac vardır. Hesab edirəm ki, ali 
								məktəblər orta məktəblərdə tədris olunan 
								fənlərin yekun proqramlarını (kurikulumlarını) 
								ətraflı təhlil etməli, onların öz 
								müəssisələrindəki müvafiq ixtisasların 
								proqramları ilə varisliyinin yaradılması 
								qayğısına qalmalıdırlar. Orta məktəb 
								rəhbərlərinin gələcək müəllimlərini pedaqoji ali 
								təhsil müəssisələrinin tələbələri, ali 
								məktəblərin isə öz gələcək tələbələrini orta 
								məktəb şagirdləri arasında seçməsi, istedadlı 
								şagirdlərin görkəmli alimlər tərəfindən elmi 
								himayəyə götürülməsi praktikasının tətbiq 
								olunması, fikrimcə, ümumi işimizə müstəsna 
								dərəcədə böyük fayda verərdi. 
								
								
								
								(Ardı var)  
								
								
								
								Misir MƏRDANOV,  
								Azərbaycan Respublikasının təhsil naziri,  
								fizika-riyaziyyat elmləri doktoru, professor  |