| 
								 
								
								Son illər ölkəmizin təhsil sistemində ciddi 
								islahatlar həyata keçirilir. Bu islahatlar 
								təhsil sferasının digər sahələri ilə yanaşı 
								olaraq müəllim hazırlığı sahəsini də əhatə edir. 
								Bununla əlaqədar olaraq Təhsil Nazirliyi 
								tərəfindən "Azərbaycan Respublikasında fasiləsiz 
								pedaqoji təhsil və müəllim hazırlığının 
								konsepsiya və strategiyası" hazırlanaraq 
								Azərbaycan Respublikasının Nazirlər Kabineti 
								tərəfindən təsdiq edilmiş, bakalavr pilləsində 
								ibtidai sinif müəllimlərinin hazırlanması üçün 
								yeni kurikulum tərtib edilmiş və onun 
								respublikamızın üç ali pedaqoji təhsil 
								müəssisəsində - Azərbaycan Müəllimlər İnstitutu 
								və onun filiallarında, Azərbaycan Dövlət 
								Pedaqoji Universitetində və Gəncə Dövlət 
								Universitetində ibtidai təhsilin pedaqogikası və 
								metodikası ixtisası üzrə eksperiment şəklində 
								tətbiqinə başlanılmışdır. Yeni kurikulumda 
								pedaqoji təcrübənin müddətinin ən azı 18 həftəyə 
								qədər artırılması nəzərdə tutulmuş, praktik 
								müəllim hazırlığını təmin edən fənlərin sayı 
								artırılmış və müəllim hazırlığına yeni 
								yanaşmaları əks etdirən "Təhsilin əsasları" adlı 
								yeni fənnin tədrisi planlaşdırılmışdır. Artıq 
								eksperiment şəklində tədrisinə başlanılmış "Təhsilin 
								əsasları" fənninin III, IV və VI semestrlərdə 60 
								saat, V semestrdə 90 saat olmaqla, III-VI 
								semestrlərdə tədris edilməsi nəzərdə 
								tutulmuşdur.  
								
								
								Fikrimizcə, "Təhsilin əsasları" fənni üzrə 
								nəzərdə tutulan təlim nəticələrinin əldə 
								edilməsi üçün bu fənnin III-VI semestrlərdə 
								pedaqoji təcrübə ilə inteqrasiya olunmuş şəkildə 
								tədris edilməsi daha məqsədəuyğundur. Pedaqoji 
								ixtisaslar üzrə təhsil alan tələbələr ən geci 
								ikinci kursdan başlayaraq ümumtəhsil 
								məktəblərinə baş çəkməli, oradakı təlim, tədris 
								və tərbiyə prosesləri ilə tanış olmalıdırlar. 
								İnteqrasiya imkanlarının yaradılması, tələbənin 
								məktəb həyatı və məktəbdə baş verən proseslərlə 
								daha ətraflı tanış ola bilməsi üçün yaxşı olar 
								ki, pedaqoji təcrübə ikinci kursdan başlayaraq 
								semestrlər üzrə aşağıdakı kimi həyata keçirilsin: 
								üçüncü, dördüncü və altıncı semestrlərdə bir 
								həftə (30 saat), beşinci semestrdə üç həftə (90 
								saat), səkkizinci semestrdə fasiləsiz olaraq 12 
								həftə (380 saat). Daha məqsədəuyğun olar ki, 
								üçüncü, dördüncü və altıncı semestrlərdə həftədə 
								bir gün, beşinci semestrdə isə həftədə iki gün 
								məktəb günü kimi ayrılsın. Bu günlər tələbələrə 
								məktəb şəraitində  "Təhsilin əsasları" fənni 
								tədris olunsun (üçüncü, dördüncü və altıncı 
								semestrlərdə həftədə 4 saat, beşinci semestrdə 
								isə həftədə 6 saat) və pedaqoji təcrübə (üçüncü, 
								dördüncü və altıncı semestrlərdə həftədə 2 saat, 
								beşinci semestrdə isə həftədə 6 saat) həyata 
								keçirilsin.  
								
								
								Aydındır ki, "Təhsilin əsasları" fənni üzrə 
								nəzərdə tutulan məqsədlərə nail olunması və 
								vəzifələrin yerinə yetirilməsi üçün tələbələrə 
								müəyyən tapşırıqlar verilməli və onlar pedaqoji 
								təcrübə müddətində bu tapşırıqları yerinə 
								yetirərək öz tədqiqatçılıq qabiliyyətlərini 
								inkişaf etdirməli, müvafiq bilik, bacarıq və 
								vərdişlər əldə etməlidirlər. Ona görə hər 
								semestr üzrə nəzərdə tutulmuş pedaqoji 
								təcrübənin "Təhsilin əsasları" fənni baxımından 
								məqsədləri və tələbələrə veriləcək tapşırıqların 
								növləri əvvəlcədən müəyyənləşdirilməlidir. 
								Aşağıda bakalavr pilləsi üzrə təhsil alan 
								tələbələr üçün semestrlər üzrə "Təhsilin 
								əsasları" fənni ilə inteqrasiya olunmuş pedaqoji 
								təcrübənin məqsədi, əldə edilməsi gözlənilən 
								nəticələri və tələbələrə verilən nümunəvi 
								tapşırıqların növləri verilir. Qeyd edilən 
								məqsədlər, gözlənilən nəticələr və nümunəvi 
								tapşırıqlar "Təhsilin əsasları" fənninin 
								semestrlər üzrə nəzərdə tutulmuş məzmununa uyğun 
								olaraq qruplaşdırıla bilər.   
								
								
								"Təhsilin əsasları" fənni ilə inteqrasiya 
								olunmuş pedaqoji təcrübənin məqsədi: 
								
								
								- məktəb, məktəb qaydaları, məktəb kollektivi, 
								təlim-tədris prosesləri haqqında ümumi 
								məlumatların əldə edilməsi; 
								
								
								- məktəb mühitinə uyğunlaşma, özünü gələcək 
								müəllim kimi hiss etmə;  
								
								
								- uşaqlar haqqında, onların hiss və həyəcanları, 
								yaşadıqları mühit, münasibətlər sistemi  və 
								şagirdlərin biliyi əldə etməsi yolları haqqında 
								məlumatların  əldə edilməsi; 
								
								
								- şagirdlərlə ünsiyyət yaradılması və səmərəli 
								təlimin amili kimi tədris prosesində ünsiyyətin 
								rolunun və əhəmiyyətinin dərk edilməsi; 
								
								
								- inklüziv təhsilin mahiyyətinin, məzmununun və 
								təhsildə inklüziv yanaşmaların öyrənilməsi; 
								
								
								- təhsilə və pedaqoji fəaliyyətə dair sənədlərlə 
								işləmək üzrə bacarıq və vərdişlərin əldə 
								edilməsi, normativ- hüquqi sənədlərin və 
								standartların mahiyyətinin öyrənilməsi; 
								
								
								- müəllimlər üçün standartları təkmilləşdirməyin 
								yollarının öyrənilməsi; 
								
								
								- müəllimin peşəkarlıq səviyyəsinin inkişaf 
								etdirilməsinin zəruriliyinə inamın 
								formalaşdırılması və onun yollarının öyrənilməsi; 
								
								
								- cəmiyyətdə və məktəbdə müəllimin sosial 
								peşəkarlığının və müəllimlərdə liderlik 
								qabiliyyətinin inkişaf etdirilməsinin yollarının 
								 mənimsənilməsi; 
								
								
								- ayrı-ayrı fənlərin tədrisində və fənlərarası 
								əlaqələrin yaradılmasında innovasiyalara, 
								yaradıcılığa, müstəqil öyrənməyə və sosial 
								əməkdaşlığa yönəlmiş yanaşmaların öyrənilməsi; 
								
								
								- müəllimlərin və məktəbin təkmilləşdirilməsi 
								yollarının mənimsənilməsi; 
								
								
								- müəllimin şəxsi inkişafının, onun fənn üzrə və 
								metodik hazırlığının yüksəldilməsinin zəruriliyi 
								haqqında inamın əldə edilməsi; 
								
								
								- məktəbdə davranış normaları və müəllimlik 
								etikasına dair vərdişlərin qazanılması; 
								
								
								- dərsi planlaşdırmağın yollarının 
								mənimsənilməsi; 
								
								
								- dərsin xüsusiyyətinə uyğun olaraq, sinif 
								otağının tərtibatı üzrə vərdişlərin qazanılması; 
								
								
								- sinfin idarəolunması, müasir təlim 
								metodlarının tətbiqi və şagirdlərin 
								qiymətləndirilməsi üzrə bacarıq və vərdişlərin 
								əldə edilməsi; 
								
								
								- şagirdin məktəbdənkənar fəaliyyətini təşkil 
								etməyin yollarının öyrənilməsi; 
								
								
								- peşəkar müəllimin fəaliyyətində  təhsil 
								tədqiqatlarının zəruriliyinin və vacibliyinin 
								dərk olunması;  
								
								
								- tətbiqi tədqiqatların təhsildə istifadəsi 
								yolları və onların növləri haqqında məlumatların 
								əldə edilməsi; 
								
								
								- təhsil tədqiqatlarının probleminin 
								müəyyənləşdirilməsi, planlaşdırılması, 
								işlənilməsi, monitorinqi və qiymətləndirilməsi 
								mərhələləri üzrə bacarıq və vərdişlərin 
								qazanılması;  
								
								
								- kurikulumun hazırlanması və tədqiqi üzrə 
								bacarıqların əldə edilməsi; 
								
								
								- idarəetmə mədəniyyətinin formalaşdırılması, 
								məktəbin idarəedilməsində şagirdlərin rolunun 
								açıqlanması.   
								
								
								"Təhsilin əsasları" fənni ilə inteqrasiya 
								olunmuş pedaqoji təcrübə müddətində tələbələrə 
								verilən  
								nümunəvi tapşırıqlar. 
								
								
								- Dərsləri diqqətlə müşahidə edin. Uşaqlar 
								dərsin gedişinə nə dərəcədə təsir etmək imkanına 
								malikdirlər? 
								
								
								- Bəzi təcrübəli müəllimlərdən, uşaqların 
								anadangəlmə əqli bacarıqlara malik olduqlarına 
								inanıb - inanmadıqlarını soruşun. Uşaqların əqli 
								bacarıqlarını artırmaq üçün onlar dərsi müxtəlif 
								formalarda keçməyə hazırdırlarmı? Bu formaların 
								nələrdən ibarət ola biləcəyini müzakirə edin. 
								
								
								-  Bir müəllimin dərsini müşahidə edib, 
								onun mexanizmini öyrənməni, anlamanı, yoxsa hər 
								ikisinin müəyyən bir kombinasiyasını öyrətdiyini 
								müəyyən edin. 
								
								
								-  Bir qrup şagirdlə onların mühiti 
								haqqında qeyri-rəsmi söhbət aparın.  
								Müşahidələrinizi qeyd edin. 
								
								
								-  Dərsi planlaşdırarkən dərsə şagirdlər 
								üçün praktik fəaliyyətlər daxil edib-edə 
								bilməyəcəyinizə diqqət edin.  
								
								
								- Özünüzlə tək qaldıqda, evdə ailənizlə və ya 
								yoldaşlarınızla jest və mimikalarla danışmağa 
								çalışın və bu qabiliyyətinizi inkişaf etdirməyə 
								cəhd edin. 
								
								
								- Təcrübə dövründə müşahidə etdiyiniz dərsdən 
								sonra özünüz üçün həmin dərsin izahat hissəsini 
								təhlil edin və nəticənin səmərəli 
								olub-olmadığını müəyyənləşdirin. 
								
								
								- Bir neçə təcrübəli müəllimdən onların məktəbdə 
								inklüziv təhsil haqqında nə düşündüklərini 
								soruşun. 
								
								
								- Aşağıdakı suallara cavab verməyə çalışın: 
								Məktəbdə xüsusi təhsil ehtiyacları olan 
								şagirdlər varmı? Onların  ehtiyacları təmin 
								edilibmi?  Valideynləri bu işdə onlara kömək edə 
								bilirlərmi? Təcrübəli müəllimlərdən bu barədə nə 
								düşündüklərini soruşun. 
								
								
								- Dərslərini müşahidə etdiyiniz müəllimlər, 
								digər uşaqlarla müqayisədə tez və yaxud ləng 
								işləyən uşaqları nəzərdə saxlayırlarmı? 
								 
								
								
								- Peşəkarlıq səviyyəsinin yüksəldilməsinə dair 
								təcrübəli müəllimlərlə müzakirə aparın. Onların 
								ən uğurlu təcrübələri hansılardır? Niyə onları 
								uğurlu sayırlar?  Onların ən uğursuz   
								təcrübələri hansılardır? Niyə onları uğursuz  
								sayırlar? 
								
								
								- Tələbə yoldaşlarınızla və məktəb müəllimləri 
								ilə "Sosial lider kimdir?" və "Sosial liderlik 
								nə deməkdir?" mövzusunda müzakirələr aparın. 
								
								
								- Müəllimlərlə söhbət edib məktəb təlimini 
								təkmilləşdirməyin mümkün yolları haqqında 
								fikirlərini öyrənin. Onlar hansı yanaşmaya 
								üstünlük verirlər? 
								
								
								- Məktəbdəki görüşlərinizin gündəlik 
								qeydiyyatını aparın və bu görüşlər nəticəsində 
								sizdə şəxsi dəyişikliklərin baş 
								verib-vermədiyini müəyyənləşdirin. Belə 
								dəyişikliklər varsa, bunun səbəblərini tapmağa 
								çalışın. 
								
								
								- Fənninizə dair bilikləriniz fənnin hansı 
								sahələri üzrə zəifdir? Bu zəifliyi aradan 
								qaldırmaq üçün plan hazırlayın. Məktəbdə 
								dərslərində yeniliklər tətbiq etmiş müəllimlərlə 
								söhbət edin. Bu yenilikləri tətbiq edərkən 
								çətinliklər yaranıbmı və bu dəyişikliklər 
								şagirdlərin daha yaxşı öyrənməsinə təsir edibmi? 
								
								
								- Dərs zamanı hansı müəllimlərə üstünlük 
								verdiklərini şagirdlərlə müzakirə edin (şagirdlərin 
								müəllimlərlə əlaqədar mənfi fikirlər 
								səsləndirməməsi üçün konkret müəllimlər haqqında 
								deyil, ümumiyyətlə müəllimlik sənəti haqqında 
								söhbət edin). 
								
								
								- Şagirdlərin yaradıcı cavablar verə biləcəyi 
								tapşırıqlar və ya suallar tərtib edin. 
								 
								
								
								- Bəzi təcrübəli müəllimlərdən həmkarlarına 
								çətin vaxtlarda necə kömək etdiklərini soruşun. 
								
								
								- Məktəbin rəhbər aparatında təmsil olunan bir 
								şəxsdən müəllimlərin rəhbərliyə necə kömək 
								etdiklərini soruşun. 
								
								
								- Məktəbdəki bəzi təcrübəli müəllimlərdən 
								valideynlər və ya himayəçilər ilə söhbət etməklə 
								şagirdlər haqqında nə öyrəndiklərini soruşun. 
								
								
								- Valideynlər və digər şəxslərlə məktəbin necə 
								ünsiyyət qurduğunu öyrənin. 
								
								
								- Məktəbdə 2-3 il müəllim işləyənlərdən bu 
								peşəyə necə uyğunlaşdıqları barədə soruşun. 
								
								
								- Beş ildən az iş təcrübəsinə malik olan 
								müəllimlərdən hansı dəstəyi almaları və onların 
								irəliləməsində bu köməyin rolu barədə soruşun. 
								
								
								- Məktəbə bir neçə dəfə səfər etdikdən sonra 
								pedaqoji kollektivlə və digər işçilərlə 
								münasibətləriniz necə inkişaf edir? Bu barədə öz 
								həmkarlarınızla müzakirələr aparın. 
								
								
								- Şagirdlərlə münasibətləriniz barədə fikirləşin, 
								bu barədə digər həmkarlarınızla müzakirə  aparın. 
								
								
								- Sizin tələbəsi olduğunuz ali təhsil müəssisəsi 
								ilə təcrübə keçdiyiniz məktəb arasında əlaqələr 
								necədir? Bu barədə müzakirə aparın və onu necə 
								inkişaf etdirmək haqqında təkliflərinizi verin. 
								
								
								- Siz öz fəaliyyətiniz və onun sizin şəxsi 
								inkişafınıza təsiri barədə nə deyə bilərsiniz? 
								Digər təcrübə keçənlərlə bu barədə müzakirələr 
								aparın.  
								
								
								- Müşahidə edəcəyiniz dərsdən əvvəl müəllimdən 
								dərs planını necə hazırladığını soruşun. 
								Müşahidə zamanı dərsin gedişinin plana nə qədər 
								uyğun gəlib-gəlmədiyini yoxlayın.  
								
								
								-  Yaxşı dərs nümunəsini əhatə edən, onun 
								ən azı 10 xüsusiyyətini göstərən siyahı 
								hazırlayın.   
								
								
								-  Dərsdə müşahidə aparın və istifadəsini 
								daha səmərəli hesab etdiyiniz metod və 
								texnologiyaları qeyd edin. Bu barədə digər 
								həmkarlarınızla müzakirə aparın.  
								
								
								- Məktəbdə çətin vəziyyətə düşən müəllimlərin 
								işinin necə yoluna  qoyulduğuna dair misallar 
								tapa bilərsinizmi? Onları dəftərinizə yazın. 
								
								
								- Bir neçə müəllimdən şagirdlərə verdikləri 
								testlərin surətini sizə verməsini xahiş edin. 
								Qiymətləndirmə baxımından bu testlərin məqsədi 
								nə idi? Sizcə, onlar şagirdlərin öyrənmə 
								prosesini gücləndirən bir vasitə hesab edilə 
								bilərmi? 
								
								
								- Bir neçə dərsdə iştirak etdikdən sonra müəyyən 
								testlər tərtib edin və sinif müəlliminin bu 
								testlər barədə fikrini öyrənin. Əgər mümkün 
								olarsa, müəllimin icazəsi ilə hazırladığınız 
								testləri şagirdlərə təqdim edin və 
								qiymətləndirmə apararaq nəticələri birgə 
								müzakirə edin. 
								
								
								-  Şagirdlərə kiçik həcmli bir ev tapşırığı 
								verin və onu yerinə yetirmiş uşaqlarla birgə 
								müzakirə edin. Tapşırıq çox uzun idimi? Yaxşı 
								yerinə yetirilibmi? Bu ev işindən şagirdlər nə 
								öyrəndilər? Onlarda hansı ideyalar yaranıb? 
								
								
								- İcra olunmuş təhsil tədqiqatının nümunəsini 
								əldə edin və təhlil edin. 
								
								
								- Nə üçün müəllimlər tədqiqat aparmalıdırlar və 
								bu tədqiqat onların peşəkarlığının artmasına 
								necə kömək edir?  Bu haqda fikirlərinizi esse 
								şəklində yazın. 
								
								
								- Məktəbdə rast gəldiyiniz hadisələri və onlar 
								barədə düşüncələrinizi əks etdirən gündəlik 
								yazın. Bu hadisələrdən ən mühüm hesab etdiyiniz 
								hadisəni araşdırmaq üçün hansı tədqiqat 
								metodlarından istifadə edərsiniz? 
								
								
								- Bir neçə təcrübəli müəllimdən öz sinif 
								otaqlarında kurikulumu necə hazırladıqlarını 
								sizə izah  etmələrini xahiş edin. Onlar bu 
								məsələdə şagirdlərlə məsləhətləşirlərmi? 
								
								
								- Fənyonümlü kurikulumla şəxsiyyətyönümlü 
								kurikulumun fərqi nədir?  Məktəbdə bunların 
								hansına üstünlük verilir? Siz hansına üstünlük 
								verirsiniz? 
								
								
								- Məktəbdəki bəzi müəllimlərlə söhbət edib 
								məktəb şurasının  iş prinsipini 
								müəyyənləşdirməyə çalışın. Məktəb şurasının 
								məktəbə nə kimi xeyri olmuşdur? Onun üzvləri 
								hansı çətinliklərlə üzləşirlər? 
								
								
								- Təcrübəli müəllimlərlə məktəbin tədrislə 
								əlaqədar məsələlərdə necə qərar qəbul etdiyi  
								haqqında söhbət edin. Bu sahədə hazırda hansı 
								mövzular əhəmiyyətli sayılır?    
								
								
								"Təhsilin əsasları" fənni ilə inteqrasiya 
								olunmuş pedaqoji təcrübənin əldə edilməsi 
								gözlənilən nəticələri. 
								
								
								Təcrübə müddətinin sonunda tələbələr: 
								 
								
								
								- məktəb, məktəb qaydaları, məktəb kollektivi, 
								təlim-tədris prosesləri haqqında məlumatlar əldə 
								edirlər, məktəb mühitinə uyğunlaşaraq özlərini 
								gələcək müəllim kimi hiss edirlər; 
								
								
								- uşaqlar haqqında, onların evdə və kənar 
								yerlərdə, ilk dəfə düşdüyü mühitdə keçirdikləri 
								hiss və həyəcanlar haqqında biliyə malik olurlar; 
								
								
								- uşaqların məktəb və müəllimlər haqqında 
								düşüncələrini öyrənirlər; 
								
								
								- verilən biliyin praktik istiqamətinə üstünlük 
								verməyi öyrənirlər; 
								
								
								- öyrətmənin müxtəlif strategiyaları ilə tanış 
								olurlar; 
								
								
								- öyrətmədə oyunun rolunu və əhəmiyyətini dərk 
								edirlər; 
								
								
								- təlimdə səmərəli ünsiyyət prosesinin 
								yaradılmasının vacibliyini dərk edirlər; 
								 
								
								
								- inklüziv təhsilin özəlliklərini başa düşürlər  
								və üsullarını mənimsəyirlər; 
								
								
								- uşaqların öz hüquqlarını bilmələrinin 
								əhəmiyyətini dərk edirlər; 
								
								
								- təhsili və pedaqoji fəaliyyəti tənzimləyən 
								normativ-hüquqi sənədlərlə tanış olur, bu 
								sənədlərlə işləmək üzrə bacarıq və vərdişlər 
								əldə edirlər; 
								
								
								- müəllimlər üçün standartların əhəmiyyətini 
								dərk edirlər; 
								
								
								- müəllimin peşəkarlıq səviyyəsinin inkişafını 
								davamlı bir proses kimi dərk edirlər, peşəkarlıq 
								səviyyəsinin inkişafı yolları ilə tanış olub 
								onları öz gələcək fəaliyyətlərində tətbiq edə 
								bilirlər; 
								
								
								- liderlik qabiliyyətinin inkişaf etdirilməsinin 
								yollarını mənimsəyirlər; 
								
								
								- məktəbin və tədris prosesinin 
								təkmilləşdirilməsində müəllimin rolunu başa 
								düşürlər; 
								
								
								- fənnin tədrisində innovasiyaların və 
								yaradıcılığın vacibliyini dərk edirlər; 
								
								
								- təlim prosesinin iştirakçıları arasında 
								qarşılıqlı fəaliyyəti - öyrənmə və idrak 
								fəaliyyətini səmərəli təşkil etməyi,  idrak 
								prosesinin səmərəliliyini yüksəltməyə təsir edən 
								amilləri vahid bir məqsədə yönəltməyi, sinfin 
								idarəolunmasına verilən tələbləri praktiki 
								fəaliyyətdə tətbiq etməyi, müəllim-şagird 
								münasibətlərini qarşılıqlı hörmət, tələbkarlıq 
								və digər standartlar əsasında qurmağı, şagird 
								yaradıcılığını dəstəkləməyi və inkişaf etdirməyi, 
								bu məqsədlə müxtəlif təqdir etmə və 
								rəğbətləndirmə metodlarından istifadə etməyi, 
								sinifdə müsbət öyrənmə mühiti yaratmağı 
								bacarırlar; 
								
								
								- məktəbdaxili intizam, geyim və davranış 
								qaydalarına müvafiq olaraq fəaliyyət göstərməyi, 
								müəllimlərlə və şagirdlərlə münasibətlər qurmağı, 
								məsləhətçi müəllimlərə, metodiki birləşmələrin 
								rəhbərlərinə yanaşmağı, onlardan faydalı 
								məsləhətlər almağı, tədris prosesini uğurla 
								qurmağı, şagirdlərin biliyini və özlərinin 
								tədris təcrübəsini qiymətləndirməyi bacarırlar; 
								
								
								- dərsi planlaşdırmağın səmərəli yollarını və 
								dərsin  ayrı-ayrı mərhələlərində nə etmək lazım 
								olduğunu bilirlər; 
								
								
								- münasib tədris materiallarını seçməyi 
								bacarırlar; 
								
								
								- öyrənmə prosesində sinfin tərtibatının 
								əhəmiyyətini dərk edirlər, dərsin 
								xüsusiyyətindən asılı olaraq sinifdəki 
								mebellərin və digər avadanlıqların düzülüşünü 
								dəyişdirməyi bacarırlar; 
								
								
								- sinifdə müxtəlif texnologiyalardan istifadə 
								etməyi bacarırlar; 
								
								
								- qiymətləndirmənin mahiyyətini və şagird 
								nailiyyətlərinə nəzarətin prinsiplərini 
								mənimsəyir və tətbiq edə bilirlər; 
								
								
								- Azərbaycanda şagird nailiyyətlərinin 
								qiymətləndirilməsinin yeni modeli ilə ənənəvi 
								qiymətləndirmə  modelini müqayisə etməyi, 
								obyektiv və ədalətli qiymət verməyi bacarırlar; 
								
								
								- şagirdin məktəbdənkənar fəaliyyətinə nəzarət 
								etməyi və onu təşkil etməyi bacarır, 
								məktəbdənkənar fəaliyyətin səmərəsini artırmaq 
								üçün hansı tapşırıqlar verməyin xüsusiyyətlərini 
								bilirlər; 
								
								
								- təhsil tədqiqatları və onların növləri 
								haqqında biliklər əldə edirlər; 
								
								
								- tədqiqat prosesinin planlaşdırılması, icrası, 
								monitorinqi və qiymətləndirilməsi  üçün bacarıq 
								və vərdişlər əldə edirlər;  
								
								
								- ənənəvi didaktik sistemlərin sürətlə inkişaf 
								edən həyatın tələblərinə cavab verməməsinin 
								səbəblərini anlayırlar; 
								
								
								- Azərbaycanda yeni kurikulumların hazırlanma 
								zərurətini dərk edirlər, kurikulumun 
								hazırlanması və tərtibi üzrə bacarıqlar əldə 
								edirlər, fənyönümlü və şəxsiyyətyönümlü 
								kurikulumun mahiyyətini anlayır, onların oxşar 
								və fərqli cəhətlərini müqayisə etməyi bacarırlar; 
								
								
								- məktəbdə idarəetmə fəaliyyətinin müxtəlif 
								formaları ilə tanış olurlar; 
								
								
								- məktəbdə metodik işin təşkilinin əsas 
								yollarını öyrənirlər. 
								
								
								Pedaqoji təcrübənin VIII semestrdə 12 həftə 
								ərzində fasiləsiz olaraq həyata keçirilən 
								mərhələsi yekun mərhələdir və onun əsas məqsədi 
								təcrübəçi tələbə tərəfindən onun gələcəkdə  tam 
								ştatlı müəllim və sinif rəhbəri kimi fəaliyyət 
								göstərə bilməsi üçün bilik, bacarıq və 
								vərdişlərin əldə edilməsidir. Bu mərhələdə 
								əvvəlki semestrlərdə əldə edilmiş bilik, bacarıq 
								və vərdişlərin inkişaf etdirilməsi ilə yanaşı, 
								aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə 
								tutulur: 
								
								
								- müəllimə xas olan əsas peşə funksiyalarını  
								yerinə yetirmək üçün kompleks bacarıqların əldə 
								edilməsi; 
								
								
								- pedaqoji fəaliyyətin tam elmi mənzərəsini əks 
								etdirən bacarıq və vərdişlərin formalaşdırılması; 
								
								
								- yeni pedaqoji təfəkkürün formalaşdırılması; 
								
								
								- təlim-tərbiyə proseslərini müvəffəqiyyətlə 
								həyata keçirmək üçün peşə bilik və 
								bacarıqlarının formalaşdırılması; 
								
								
								- ixtisas fənləri və bütün pedaqoji-psixoloji 
								fənlər üzrə nəzəri biliklərin praktik tətbiqi 
								üçün bacarıq və vərdişlərin əldə edilməsi; 
								
								
								- pedaqoji fəaliyyətə tədqiqatçı kimi yanaşma və 
								yaradıcı pedaqoji fəaliyyət təcrübəsinin 
								formalaşdırılması; 
								
								
								- özünütəhsil və peşəkarlıq səviyyəsinin inkişaf 
								etdirilməsinin ilkin formalarının mənimsənilməsi; 
								
								
								- sosial peşəkarlığın formalaşdırılması və 
								liderlik qabiliyyətlərinin inkişaf etdirilməsi; 
								
								
								- sosiometrik metodların mənimsənilməsi və 
								tətbiqi. 
								
								
								Son olaraq qeyd edək ki, bu vəzifələrin həyata 
								keçirilməsi üçün Azərbaycan Respublikasının 
								Təhsil Nazirliyi tərəfindən müvafiq 
								normativ-hüquqi baza yaradılmalıdır.  
								
								
								
								Aydın KAZIMZADƏ,  
								Bakı Dövlət Universitetinin  
								professoru, fizika-riyaziyyat  
								elmləri doktoru, 
								
								
								
								Hikmət ƏLİZADƏ, 
								Bakı Dövlət Universitetinin  
								professoru, pedaqoji elmlər doktoru  |