| 
								 
								
								21-28 fevral tarixlərində ABŞ-ın Cənubi 
								Konnektikut Dövlət Universiteti və Nyu-Yorkdakı 
								Kolumbiya Universitetində məktəb liderliyi 
								təcrübəsinin öyrənilməsi, idarəetmənin 
								təkmilləşdirilməsi istiqamətində müvafiq 
								biliklərin əldə edilməsi, çevik və müasir 
								idarəetmə bacarıqlarına yiyələnmək məqsədi ilə 
								təlimlər keçirilib. Təlimlər Təhsil Nazirliyi, 
								Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi 
								tərəfindən reallaşdırılan "Məktəb liderliyi" 
								layihəsi çərçivəsində həyata keçirilib.  
								
								
								"Məktəb liderliyi" layihəsi üzrə keçirilən 
								təlimlərdə Təhsil Nazirliyinin Strateji təhlil, 
								planlaşdırma və kadrların idarəolunması 
								şöbəsinin aparıcı məsləhətçisi Vüqar 
								Əbdülrəhimov, Müasir Təhsil və Tədrisə Yardım 
								Mərkəzinin təhsil siyasəti üzrə proqram rəhbəri 
								Nailə İsmayılova, Bakı və Sumqayıtdakı bir neçə 
								orta məktəbin direktoru, direktor müavini və 
								müəllimləri iştirak edib. 
								
								
								Səfər müddətində ölkəmizi təmsil edən 
								iştirakçılar Cənubi Konnektikut ştatındakı bir 
								neçə ibtidai, əsas, orta məktəblərin rəhbərləri 
								ilə görüşlər keçirib, məktəblərin idarəolunması, 
								fəaliyyətləri və müəyyən lazımi sənədləri ilə 
								tanış olub, dərs proseslərini müşahidə edərək 
								müəyyən tədqiqatlar aparıblar. Eyni zamanda 
								nümayəndə heyəti Cənubi Konnektikut Dövlət 
								Universitetində liderliyə dair seminarlarda 
								iştirak edərək bir sıra təqdimatlar dinləyib, 
								müzakirələr aparıb.  
								
								
								Sonra həmin təhsil müəssisəsində ölkəmizin 
								təhsil sistemi, həyata keçirilən islahatlar və 
								dövlət proqramları, beynəlxalq əlaqələr, "Məktəb 
								liderliyi" layihəsi çərçivəsində görülən işlər 
								barədə ümumi məlumat verilib, məktəbəqədər, orta 
								ümumtəhsil, peşə və ali məktəblərin 
								fotoşəkilləri nümayiş etdirilib, həmçinin 
								universitetin professor-müəllim heyəti və 
								tələbələri tərəfindən verilən suallar 
								cavablandırılıb.  
								
								
								Nümayəndə heyəti Konnektikut Dövlət Təhsil 
								Departamentində "Liderlik standartları və 
								onların məktəblərdə tətbiqi", "Təhsildə 
								bərabərlik" mövzuları üzrə təqdimatları dinləyib 
								və həmin mövzular ətrafında fikir mübadiləsi 
								aparıb.  
								
								
								Səfər çərçivəsində Nyu-Yorkdakı Kolumbiya 
								Universitetinin Müəllimlər Kollecində professor-müəllim 
								heyəti və tələbələr ilə görüşən nümayəndə heyəti 
								ölkəmizdə pedaqoji kadrların fəaliyyəti, 
								müəllimlərin dərs yükü, eyni zamanda Azərbaycan 
								təhsilində aparılan islahatlar və yeni 
								mexanizmlərin tətbiqinə dair verilən tədqiqat 
								xarakterli sualları cavablandırıblar. 
								 
								
								
								Səfərin sonunda ölkəmizi təmsil edən 
								iştirakçılara Cənubi Konnektikut Dövlət 
								Universiteti tərəfindən sertifikatlar təqdim 
								edilib.  |