| 
								 
								
								Azərbaycan Respublikasının Prezidenti yanında 
								Dövlət İdarəçilik Akademiyasında (DİA) Prezident 
								Administrasiyasının rəhbəri, akademik Ramiz 
								Mehdiyevin "İctimai və humanitar elmlər: zaman 
								kontekstində baxış" kitabının geniş təqdimatı 
								olmuşdur.  
								
								
								Təqdimat mərasimində çıxış edən DİA-nın rektoru, 
								əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov 
								xalqımızın ümummilli lideri Heydər Əliyevin 
								əbədiyaşar xatirəsinə ithaf olunan kitabın 
								əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, 
								kitabın nəşri akademik Ramiz Mehdiyevin 
								"Azərbaycan" qəzetində dərc olunan, ictimai 
								həyatımızda geniş maraq doğuran eyniadlı 
								məqaləsi və həmin məqalədə qaldırılan mühüm 
								məsələlər ilə bağlıdır.  
								
								
								İki fəsildən ibarət kitabın redaktoru, tarix 
								elmləri  doktoru,  professor  Əli  Həsənovdur. 
								Nəşrin  giriş  hissəsində  müəllifin  "İctimai  
								və humanitar elmlər: zaman kontekstində baxış" 
								məqaləsi,  həmçinin  "Azərbaycan  oxucusu  
								yazıçılarımızdan ədəbi hadisəyə bərabər əsərlər 
								gözləyir" sərlövhəli  müsahibə  yer  almışdır.  
								Kitabda  məqalənin  müzakirəsi  ilə  bağlı  
								keçirilən  "dəyirmi  masa"  və  digər  
								tədbirlərdə  aparılan  müzakirələr  də  əksini  
								tapmışdır.  
								
								
								Azərbaycan Milli Elmlər Akademiyasının 
								prezidenti, akademik Mahmud Kərimov, Azərbaycan 
								Respublikasının Prezidenti yanında Ali 
								Attestasiya Komissiyasının sədri, akademik Arif 
								Mehdiyev, təhsil naziri Misir Mərdanov, 
								Azərbaycan Dövlət İqtisad Universitetinin 
								rektoru, Milli Məclisin elm və təhsil 
								komitəsinin sədri, professor Şəmsəddin Hacıyev, 
								Bakı Dövlət Universitetinin rektoru, Milli 
								Məclisin deputatı, akademik Abel Məhərrəmov, 
								Milli Məclisin sosial siyasət komitəsinin sədri 
								Hadi Rəcəbli, professor Səlahəddin Xəlilov, 
								"Azərbaycan" qəzetinin baş redaktoru, Milli 
								Məclisin deputatı Bəxtiyar Sadıqov və digər 
								çıxış edənlər kitabın cəmiyyətimiz üçün çox 
								dəyərli töhfə olduğunu vurğulamışlar. 
								 
								
								
								Müstəqil konseptual elmi araşdırmaların, dərin 
								müşahidələrin nəticəsi kimi ərsəyə gələn əsərdə 
								ictimai şüura təsir göstərən səmərəli humanitar 
								texnologiyalar, milli mədəni-mənəvi oriyentasiya 
								məsələləri, əski ideologiya və milli məfkurə 
								kimi ciddi problemlərin qaldırılması kitabın 
								aktuallığını və dəyərini artıran amillər kimi 
								çıxış edir.  
								
								
								
								AzərTAc  |