|   | 
										
										
										Yerləşir:  | 
										
										
										Yaponiya, Honsyu adası, Osaka şəhəri | 
										
										  | 
										  | 
									 
									
										| 
										
										Yaranma tarixi: | 
										
										
										1724 -cü il | 
									 
									
										| 
										
										Tipi:  | 
										
										
										Dövlət  | 
									 
									
										| 
										
										İşçi heyətinin ümumi sayı: | 
										
										
										5466 nəfər  | 
									 
									
										| 
										
										Tələbələrin sayı: | 
										
										
										15937 nəfər | 
									 
									
										| 
										
										İllik gəlirləri: | 
										
										
										128119000000 yen  | 
									 
									
										| 
										
										İllik xərcləri: | 
										
										
										128119000000 yen  | 
									 
									
										| 
										
										Rəsmi saytı: | 
										
										
										
										www.osaka-u.ac.jp | 
									 
								 
								
								
								 Osaka 
								Universiteti (Osaka University) Yaponiyanın 
								Honsyu adasının Osaka şəhərində yerləşir. 
								Asiyanın ən nüfuzlu universitetlərindən hesab 
								olunan bu təhsil müəssisəsi Yaponiyanın altıncı 
								ən qədim universitetidir. Böyük Britaniyanın 
								"Times Higher Education Supplement - QS World 
								Universities Rankings" jurnalının 2009-cu ildə 
								apardığı dünya universitetlərinin reytinqinə 
								əsasən, Osaka Universiteti 100 ən yaxşı ali 
								məktəb arasında 43-cü, Yaponiya universitetləri 
								arasında isə 3-cü yerdə sıralanıb. 
								
								
								Osaka Universiteti fundamental elmlər, texnika 
								və tibb sahələrinin yüksək səviyyədə 
								öyrənilməsinə görə dünyada tanınır.  
								
								
								
								Tarixi  
								
								
								Osaka Universiteti 1931-ci ildə yaradılsa da, 
								onun tarixi kökləri Yaponiyanın Edo dövrünə 
								təsadüf edir. Belə ki,  hələ 1724-cü ildə Osaka 
								şəhərində tacirlər üçün Kaitokudo məktəbi - 
								"qakumonjo" ("oxumaq üçün yer") açılır. Məktəbin 
								verdiyi mükəmməl təhsil həmin dövrün 
								sakinlərinin qürur mənbəyi olur. Daha sonra 
								həkim və alim Oqata Koan burada Tekijuku 
								məktəbi, Omura Masujiro Yaponiyanın ilk hərbi 
								məktəbini yaradır. Edo dövründə Yaponiyada 
								öyrədilən yeganə xarici dil Hollandiya dili 
								olur.  
								
								
								 1869-cu 
								ildə Osaka şəhərinin mərkəzində Osaka Tibb 
								Məktəbi açılır və 1919-cu ildə həmin məktəb 
								imperatorun sərəncamına əsasən universitet 
								statusu qazanmış Ali Tibb Kollecinə çevrilir. 
								1931-ci ildə yeni açılmış Elm Kolleci Ali Tibb 
								Kolleci ilə birləşdirilərək altıncı imperator 
								ali məktəbi olan Osaka İmperator Universiteti 
								yaradılır. 1933-cü ildə Osaka Texniki 
								Universiteti Osaka Universitetinə birləşdirilir 
								və universitetdə Mühəndislik Məktəbi fəaliyyətə 
								başlayır. Osaka İmperator Universitetinin adı 
								1947-ci ildə Osaka Universiteti ilə əvəz olunur. 
								5 məktəbdən (Elm, Tibb, Mühəndislik, Yazı 
								(filologiya), Hüquq) ibarət olan universitet 
								1949-cu ildə yeni təhsil islahatları qəbul edir. 
								Həmin il burada Humanitar Elmlər Departamenti 
								yaradılır.   
								
								
								1951-ci ildə stomatologiya, 1955-ci ildə isə 
								əczaçılıq fakültələri universitetin Tibb 
								Məktəbindən ayrılaraq ayrıca məktəb kimi 
								fəaliyyət göstərməyə başlayır. 1972-ci ildə 
								psixologiya, sosiologiya və pedaqogika 
								fakültələri Yazı (filologiya) Məktəbindən 
								çıxarılaraq Humanitar Elmlər Məktəbinə 
								birləşdirilir. 1989-cu ildə universitetdə 
								magistr və doktorantlar üçün Dil və Mədəniyyət 
								Ali Məktəbi yaradılır. 1993-cü ildə Osaka 
								Universitet Xəstəxanası Nakanosima kampusundan 
								Suita kampusuna köçürülür və bununla da 
								səpələnmiş universitet binalarının bir kampusda 
								cəmlənməsi prosesi başa çatır. 1994-cü ildə 
								universitetdə Osaka Beynəlxalq Dövlət Siyasəti 
								Məktəbi açılır.  
								
								
								2002-ci ildə universitetdə İnformasiya və 
								Texnologiya Ali Məktəbi yaradılır, 2007-ci ildə 
								isə Osaka Xarici Dillər Universiteti Osaka 
								Universitetinə birləşdirilir və  Osaka 
								Universiteti ölkənin ən böyük ali təhsil 
								ocaqlarından birinə çevrilir.   
								
								
								
								Büdcə və təhsil haqqı  
								
								
								2009-2010-cu tədris ilində Osaka Universitetinin 
								gəlir və xərcləri ümumilikdə 128119000000 yen 
								təşkil edib.  
								
								
								Osaka Universitetində bakalavr, magistratura və 
								doktorantura pilləsində oxuyan tələbələrin 
								təhsil haqqı 535800, Hüquq Ali Məktəbində isə 
								804000 yendir. Maliyyə durumu çətin olan və 
								yaxşı nəticələr göstərən tələbələr təhsil 
								haqqının hamısı və ya yarısından azad ola 
								bilərlər.  
								
								
								 Osaka 
								Universitetində tələbələrə 3 növ təqaüd təklif 
								olunur: Yaponiya Tələbə Təşkilatı, özəl 
								təşkilatlar və bələdiyyələr, Osaka 
								Universitetinin ümumtəhsil tədris təqaüdləri. 
								Yaponiya Tələbə Təşkilatının, özəl təşkilatlar 
								və bələdiyyələrin ayırdığı təqaüdlər təhsil 
								haqqını ödəməyə imkanları olmayan sağlam, yaxşı 
								oxuyan tələbələrə borc kimi verilir. Tələbə 
								universiteti bitirdikdən sonra işlədikcə 
								tədricən borcunu qaytarır. Osaka Universitetinin 
								ümumtəhsil tədris təqaüdü universitetin ikinci 
								kursundan başlayaraq əla nəticələr göstərən 
								tələbələrə təklif olunur. Universitetin bakalavr 
								pilləsində təhsil alan tələbələr 30000-51000 
								yen, magistratura və doktorantura pilləsində 
								oxuyan tələbələr isə 50000-88000, 80000-122000 
								yen təqaüd alırlar.   
								
								
								
								Universitet bu gün  
								
								
								Osaka Universiteti 3 kampusdan ibarətdir: Suita, 
								Toyonaka, Minoh. Ali məktəbin əsas kampusu olan 
								Suita kampusu Suita və İbaraki şəhərləri boyu 
								uzanır. Kampus 996659 m2 ərazini əhatə edir. Bu 
								kampusda Administrasiya Bürosu, humanitar 
								elmlər, tibb, stomatologiya, farmakologiya və 
								mühəndislik fakültələri, Milli Birləşdirilmiş 
								Kibermedia, Nüvə Fizikası Problemləri 
								Elmi-Tədqiqat mərkəzləri, müxtəlif avtomobil, 
								motosikl, velosiped dayanacaqları, idman 
								kompleksləri, tennis kortları  yerləşir. 
								 
								
								
								Toyonaka kampusu 445851 m2 ərazini əhatə edir və 
								burada universitet kitabxanası, ədəbiyyat, 
								hüquq, iqtisadiyyat, elm və texniki elmlər 
								fakültələri yerləşir. Bundan əlavə, Beynəlxalq 
								Dövlət Siyasəti, Dil və Ədəbiyyat, İnformatika 
								məktəbləri, Hüquqi və Siyasi  Təcrübə Mərkəzi 
								mövcuddur. 
								
								
								Minoh kampusu 2007-ci ildə Osaka Xarici Dillər 
								Universitetinin Osaka Universitetinə 
								birləşdirilməsindən sonra yaranıb. 145125 m2 
								ərazini əhatə edən kampusda Xarici Dillər, Dünya 
								Dilləri, Yapon Dili və Mədəniyyəti məktəbləri 
								yerləşir.  
								
								
								 Bu 
								üç kampusa əlavə olaraq Osaka şəhərinin 
								mərkəzində universitetin keçmiş kampusu 
								Nakanosima yerləşir. 1000 m2 ərazisi olan 
								şəhərciyin binaları 1993-cü ildə Suita kampusuna 
								köçürüldükdən sonra 2004-cü ildən başlayaraq 
								Nakanosima Mərkəzi adlanır. Mərkəzdə informasiya 
								mübadiləsi, yaşlı insanların təhsili, müxtəlif 
								tədbirlər həyata keçirilir.  
								
								
								Osaka Universitetinin nəzdində 11 məktəb (Yazı, 
								Humanitar Elmlər, Xarici Dillər, Hüquq və 
								Siyasət, İqtisadiyyat, Elm, Tibb, Stomatologiya, 
								Farmakologiya, Maşınqayırma, Mühəndislik), 
								magistr və doktorantlar üçün 15 ali məktəb - 
								Graduate Schools (Dil və Mədəniyyət, Yazı, 
								Humanitar Elmlər, Hüquq və Siyasət, 
								İqtisadiyyat, Elm, Tibb, Stomatologiya, 
								Farmakologiya, Maşınqayırma, Mühəndislik, 
								Beynəlxalq Dövlət Siyasəti, İnformatika və 
								İnformasiya Texnologiyaları, Sərhəd Bioelmlər, 
								Hüquq), 5 elmi-tədqiqat institutu (Mikrob 
								Xəstəlikləri, Elm və Sənaye Tədqiqatları, Zülal 
								Tədqiqatı, Sosial-İqtisadi Tədqiqatlar, 
								Birləşdirmə və Qaynaq Tədqiqatı institutları), 
								Osaka, Kanazava və Hamamatsu universitetlərinin 
								Tibb Məktəbi, Osaka Universiteti Hospitalı, 
								Osaka Universiteti Stomatoloji Xəstəxanası, 3 
								filialı olan Əsas kitabxana və s. institut və 
								mərkəzlər fəaliyyət göstərir. 
								
								
								Yazı (filologiya) və Humanitar Elmlər 
								məktəblərinin tərkibində Humanitar elmlər 
								departamentləri,  Elm Məktəbinin tərkibində 
								Riyaziyyat, Fizika, Kimya, Biologiya bölmələri, 
								Xarici Dillər Məktəbində Çin, Koreya, 
								Monqolustan, İndoneziya, Filippin, Tay, Vyetnam, 
								Birma, hindu, urdu, ərəb, fars, türk, Suasili, 
								rus, macar, Danimarka, İsveç, alman, ingilis, 
								fransız, italyan, ispan, portuqal dilləri 
								departamentləri, Hüquq Məktəbində Hüquq və 
								Beynəlxalq Siyasət departamentləri, İqtisadiyyat 
								Məktəbində İqtisadiyyat və Menecment 
								departamenti, Tibb Məktəbində Tibb və Qarışıq 
								Tibb Elmləri departamentləri, Stomatologiya 
								Məktəbində Stomatologiya departamenti, 
								Farmakologiya Məktəbində Farmakologiya və 
								Əczaçılıq Elmləri departamentləri, Maşınqayırma 
								Məktəbində Tətbiqi elmlər, Mexanika, material və 
								istehsal elmləri, Elektron və informasiya 
								texnikası, Sabit energetika və ekologiya 
								mühəndisliyi, Qlobal Arxitektura 
								departamentləri, Mühəndislik Məktəbində 
								Elektronika və materiallar fizikası, Kimya elmi 
								və Layihələşdirmə, Sistemlər elmi, İnformatika 
								və Kompüter elmləri departamentləri mövcuddur. 
								Universitetin ali məktəblərinin də hər biri bir 
								neçə departamentdən ibarətdir.  
								
								
								 Osaka 
								Universitetinin kitabxana sisteminə Əsas, Həyat 
								Elmləri, Elmi-Texniki, Beynəlxalq kitabxanaları 
								daxildir və burada ümumilikdə 4 milyondan çox 
								kitab var. Əsas kitabxananın yeni binası 2000-ci 
								ildə istifadəyə verilib. Kitabxanada bütün 
								sahələri əhatə edən materiallara rast gəlmək 
								olar. Əsas kitabxanada 2250000 cild kitab və 
								jurnal, 8700 dövri nəşr, eləcə də nadir 
								kitablar, audio və video materiallar, 
								mikroformalar, verilənlər bazası, kompakt 
								disklər və s. mövcuddur.  
								
								
								Həyat elmləri kitabxanası 1922-ci ildə açılıb və 
								Suita kampusunda yerləşir. Burada əsasən tibb, 
								stomatologiya, əczaçılıq elmlərinə aid kitablar 
								mövcuddur. Elmi-Texniki kitabxana 1970-ci ildən 
								fəaliyyət göstərir. Kitabxana Suita kampusunda 
								yerləşir və burada texniki və dəqiq fənlərə aid 
								olan kitablar saxlanılır. Beynəlxalq kitabxana 
								universitetin ən yeni kitabxanasıdır və 2007-ci 
								ildə Osaka Xarici Dillər Universiteti Osaka 
								Universitetinə birləşdikdən sonra yaradılıb və 
								Minoh kampusunda yerləşir. Kitabxanada 
								600000-dən çox kitab mövcuddur və bu, ölkənin 
								beynəlxalq tədqiqatlar və linqvistika sahəsinə 
								aid ən əsas kitabxanalarından biridir. 
								Kitabxanalarda oxucuların istifadəsinə fərdi 
								elmi işlə məşğul olmaq üçün kabinetlər, qrupla 
								oxumaq üçün auditoriyalar, DVD və video 
								materiallarla tanış olmaq üçün kabinetlər, 
								multimediaterminallar, Kibermediamərkəz 
								terminalları, simsiz LAN şəbəkəsi, OPAC 
								terminalı, verilənlər bazası ilə işləmək üçün 
								kompüterlər, noutbuklar verilib.    
								
								
								Osaka Universitetinin prezidenti hazırda kliniki 
								fəlsəfə və etika üzrə professor Uoşida 
								Kiyokazudur. Universitetin vitse-prezidentləri 
								isə Nişida Şoqo, Koidzumi Cunci, Nişio Şociro, 
								Doi Takefumidir. Ali məktəbin Administrasiya 
								Bürosu 8 departament, 22 bölmə, 7 ofisdən 
								ibarətdir. Ümumilikdə universitetdə 5466 işçi 
								çalışır. Professor-müəllim heyətinin sayı 2953, 
								inzibati heyətin sayı isə 2513 nəfərə 
								bərabərdir. Universitetin alimləri arasında 18 
								Mədəniyyətə Xidmət Ordeni, 15 Yaponiya 
								İmperatorluğu Akademiyası, 41 Yaponiya 
								Akademiyası mükafatçıları var. 
								
								
								 2009-2010-cu 
								tədris ilində Osaka Universitetinin 
								tələbələrinin ümumi sayı 15937 nəfər olub. 
								Onların 3250 nəfərini bakalavr, 1673 nəfərini 
								magistratura, 939 nəfərini isə doktorantura 
								pilləsində təhsil alan gənclər təşkil edib. 
								Əcnəbi tələbələrin sayı 1455 nəfər olub. 
								Universitetin Hüquq Məktəbində 7856 nəfər tələbə 
								oxuyub.  
								
								
								Osaka Universitetində tələbələrin qalmaları üçün 
								5 yataqxana mövcuddur. Bunlar Toneyama, Seimei, 
								Nina, Koyo və Momiji yataqxanalarıdır. 
								Yataqxanada ümumi və birnəfərlik otaqlar 
								mövcuddur. Otaqlar İnternet şəbəkəsinə qoşulub, 
								otaqda yazı stolu, kitab şkafı, stol və stullar 
								olur. Toneyama, Nina, Koyo və Momiji 
								yataqxanalarında qalmaq tələbəyə ayda 4300, 
								Seimei yataqxanasında isə 4700 yenə başa gəlir. 
								Bu məbləğə kommunal xərclər daxil deyil. 
								 
								
								
								Ali məktəbdə "Osaka Universiteti idman 
								təşkilatı" fəaliyyət göstərir. Hazırda 
								təşkilatın 9000 üzvü var. Onların 1812 nəfəri 
								2009-cu ildə 58-dən çox idman növü üzrə 
								universiteti layiqincə təmsil edib. "Osaka 
								Universiteti mədəniyyət təşkilatı" universitetin 
								mədəni əlaqələrinin inkişafı və 
								zənginləşdirilməsi məqsədi ilə yaradılıb. 
								Təşkilata 68 klub daxildir və onların 2888-dən 
								çox üzvü var.  
								
								
								Osaka Universitetinin prezidenti Uoşida Kiyokazu 
								rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında 
								deyir: "Osaka Universiteti cəmiyyətin tam 
								inamını qazana biləcək mütəxəssis və 
								tədqiqatçılar yetişdirir. Başqa sözlə, əsl 
								müdrik, nəcib və yüksək səviyyədə ünsiyyət 
								qurmağa malik insanlar bu ali məktəbin 
								məzunlarına çevrilir. Universitetin hər bir 
								işçisi, tələbəsi, tədqiqatçısı bütün qüvvələrini 
								birləşdirərək çalışır ki, cəmiyyət onların  
								haqqında  desin:  "Osaka  Universitetini  
								bitirən şəxslər həqiqətən başqa  insanlardan  
								bir  addım  qabaqdadırlar".  
								
								
								 Ali məktəbin şüarı belə səslənir: "Lokal yaşa, 
								qlobal böyü".    
								
								
								
								Universitetin məşhur məzunları  
								
									
										|   | 
										
										
										Akio Morita  | 
										
										
										"Sony" şirkətinin yaradıcısı | 
										  | 
									 
									
										|   | 
										
										
										Hantaro Naqaoka | 
										
										
										Osaka Universitetinin ilk prezidenti, 
										fizik | 
										  | 
									 
									
										|   | 
										
										
										Hideki Yukava | 
										
										
										fizika üzrə Nobel mükafatı laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Osamu Hayaişi  | 
										
										
										tibb üzrə Vulf mükafatı laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Osamu Tezuka | 
										
										
										Manqa (yapon komiksləri) müəllifi və 
										animator | 
										  | 
									 
									
										|   | 
										
										
										Heizo Tekenaka  | 
										
										
										tanınmış Yaponiya iqtisadçısı | 
										  | 
									 
									
										|   | 
										
										
										Mitio Morisima  | 
										
										
										tanınmış Yaponiya iqtisadçısı | 
										  | 
									 
									
										|   | 
										
										
										Şiba Ryotaro | 
										
										 Yaponiya 
										yazıçısı | 
										  | 
									 
									 
								
								
								                                                    
								                    Hazırladı: 
								Lamiyə ƏLİYEVA  |