| 
								 
								
								 İyulun 
								7-də "Təhsil" Nəşriyyat-Poliqrafiya Birliyinin 
								"Kitab evi"nin açılışı oldu. Bu münasibətlə 
								keçirilən mərasimdə təhsil naziri Misir 
								Mərdanov, mədəniyyət və turizm naziri Əbülfəs 
								Qarayev, millət vəkilləri Bəxtiyar Əliyev, 
								Nizami Cəfərov, Azərbaycan Jurnalistlər 
								Birliyinin sədri Elçin Şıxlı, "525-ci qəzet"in 
								baş redaktoru Rəşad Məcid, AMEA-nın müxbir üzvü, 
								professor Vaqif Abbasov, şair Çingiz Əlioğlu, 
								KİV nümayəndələri və başqaları iştirak 
								edirdilər. 
								
								
								Təhsil naziri Misir Mərdanov, mədəniyyət və 
								turizm naziri Əbülfəs Qarayev "Kitab evi"nin 
								rəmzi açılışını bildirən qırmızı lenti kəsib 
								açılış münasibətilə mərasim iştirakçılarını 
								təbrik etdilər. 
								
								
								Sonra yüksək poliqrafik icra keyfiyyəti ilə 
								seçilən kitablarla, müxtəlif dərslik, dəftər və 
								məktəb ləvazimatları ilə zənginləşdirilmiş 
								"Kitab evi" ilə tanışlıq başlandı. Təhsil naziri 
								Misir Mərdanov, mədəniyyət və turizm naziri 
								Əbülfəs Qarayev və digər qonaqlar "Kitab evi"ni 
								gəzərək nəfis şəkildə çap olunmuş, gözəl 
								tərtibatı ilə zövq oxşayan nəşr nümunələri ilə 
								tanış oldular. 
								
								
								 "Təhsil" 
								Nəşriyyat-Poliqrafiya Birliyinin baş direktoru 
								Bəhruz Axundov mərasim iştirakçılarına rəhbərlik 
								etdiyi müəssisənin fəaliyyəti, poliqrafiya 
								bazası və yeni açılan "Kitab evi" haqqında 
								məlumat verdi. Məlumatdan aydın oldu ki, 
								müxtəlif nəşr növləri ilə məşğul olan 
								müəssisənin hazırladığı kitablar dəfələrlə ölkə 
								və beynəlxalq müsabiqələrdə fərqlənərək yüksək 
								yerlərə layiq görülüblər. 2010-cu ildə 
								nəşriyyatın hazırladığı "Çərçivə" kitabı 
								Azərbaycan kitab nəşri tarixində ilk dəfə olaraq 
								VII Beynəlxalq "Kitab sənəti" müsabiqəsinin baş 
								mükafatı "Qran-Pri"ni qazanıb. Qeyd olundu ki, 
								peşəkar kollektivə və  ən müasir poliqrafiya 
								texnologiyasına malik olan "Təhsil" 
								Nəşriyyat-Poliqrafiya müəssisəsi yeni 
								standartlara və müasir kitab ticarəti 
								normalarına cavab verən öz kitab yayım mərkəzini 
								- "Kitab evi"ni təsis edib. "Kitab evi"ndə 
								1000-dən artıq adda müxtəlif nəşr nümunələrinin 
								toplandığını deyən  B.Axundov burada, həmçinin 
								lazımi kitabı asanlıqla seçməkdə alıcıya kömək 
								edəcək elektron kartoteka mərkəzinin də 
								fəaliyyət göstərdiyini söylədi. Bildirildi ki, 
								alıcı kataloq vasitəsilə istənilən kitab barədə 
								müfəssəl məlumat ala bilər. O da qeyd edildi ki, 
								hər bir kəs "Kitab evi"ndə ölkəmizdə, eləcə də 
								xaricdə nəşr olunmuş hüquq, uşaq ədəbiyyatı, 
								bədii-publisistik, elmi-kütləvi, ictimai-siyasi 
								ədəbiyyat, dərslik və dərs vəsaitləri, lüğət və 
								ensiklopediyalar, bütün bunlarla bərabər  
								dəftərxana və məktəb ləvazimatlarını əldə etmək 
								imkanına malik olacaqdır. Bəhruz Axundov "Kitab 
								evi"nin Azərbaycan oxucularının, 
								kitabsevərlərinin doğma yerinə çevriləcəyinə 
								inandığını dedi. 
								
								
								"Kitab evi" ilə yaxından tanış olan mərasim 
								iştirakçıları burada yaradılan şəraitdən məmnun 
								qaldılar. 
								
								
								
								Samirə KƏRİMOVA  |