| 
								 
								
								Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət 
								Universiteti (ADMİU) beynəlxalq əlaqələrini 
								ildən-ilə genişləndirir.  
								
								
								Universitetin beynəlxalq əlaqələr üzrə 
								prorektoru Çingiz Bağırov AzərTAc-a bildirmişdir 
								ki, hazırda bu ali təhsil ocağında 100-dən çox 
								əcnəbi vətəndaş müxtəlif ixtisaslar üzrə təhsil 
								alır. Həmin tələbələrdən 30-u ADMİU-ya bu il 
								qəbul olunmuşdur. Türkiyə, Kipr, İran və 
								Türkmənistandan olan bu gənclərin 25 nəfəri 
								təhsilin bakalavr, 5 nəfəri isə magistratura 
								pilləsi üzrə oxuyur.  
								
								
								Ç.Bağırov qeyd etmişdir ki, ADMİU indiyədək 
								dünyanın dörd qabaqcıl ali təhsil müəssisəsi - 
								Moskva Dövlət Mədəniyyət və İncəsənət 
								Universiteti, Bolqar Milli Teatr və Kino 
								Universiteti, Bolqar Milli Rəssamlıq 
								Akademiyası, Lvov Milli Rəssamlıq Akademiyası 
								ilə qarşılıqlı əməkdaşlıq haqqında müqavilələr 
								imzalamışdır. Bağlanmış müqavilələrə əsasən 
								müəllim və tələbələrin qarşılıqlı təcrübə 
								mübadiləsi, sərgi, teatr tamaşaları, konsertlər 
								və elmi-praktiki konfransların keçirilməsi 
								nəzərdə tutulmuşdur. 
								
								
								AzərTAc  |