| 
								 
								
								Bu günlərdə Malayziyanın Kuala-Lumpur şəhərində 
								İslam ölkələri ali təhsil və elmi tədqiqat 
								nazirlərinin 5-ci konfransı keçirilib. İSESKO və 
								Malayziya Ali Təhsil Nazirliyi tərəfindən təşkil 
								olunmuş konfransda ölkəmizi Malayziyanın ali 
								təhsil naziri cənab Məhəmməd Xalid Bin Nordinin 
								dəvəti ilə təhsil nazirinin müavini Elmar 
								Qasımovun rəhbərliyi altında Təhsil Nazirliyinin 
								nümayəndə heyəti təmsil edib. 
								
								
								 "İslam 
								ölkələrinin inkişafı naminə tədris, tədqiqat və 
								innovasiya prosesində keyfiyyət prinsipləri" 
								mövzusuna həsr olunmuş konfransın əsas məqsədi 
								İslam ölkələrində ali təhsil və elmi tədqiqat 
								sahəsində həyata keçirilən tədbirlər, bu sahədə 
								reallaşdırılan milli proqramlar, texnoloji 
								inkişafda yeni cərəyanlar, İslam ölkələrində 
								universitetlərin reytinqləri və İslam dünyasında 
								innovasiyaların tətbiqi kimi məsələlər ətrafında 
								fikir mübadiləsinin aparılması, eləcə də qeyd 
								olunan məsələlərin həllində ali təhsil və elmin 
								rolunun müzakirəsi idi. 
								
								
								Tədbirdə İslam ölkələri nazir və nazir 
								müavinlərinin rəhbərlik etdiyi nümayəndə 
								heyətləri ilə təmsil olunmuşlar. Konfransda 
								həmçinin İslam dünyasının İslam Konfransı 
								Təşkilatı və İSESKO kimi ən nüfuzlu təşkilatları 
								ilə yanaşı, COMSTECH, İslam Dünyasının 
								Universitetlər Federasiyası, SESRİC, İqtisadi 
								Əməkdaşlıq Təşkilatı və digər təşkilatların 
								rəhbərləri də iştirak ediblər. 
								
								
								Konfransda İslam ölkələrində dayanıqlı 
								cəmiyyətin formalaşmasında ali təhsil və elmi 
								tədqiqatların rolu; ali təhsil və elmi 
								tədqiqatların prioritet vəzifələri; İslam 
								ölkələrində qadın alimlərin peşəkar  inkişafı 
								üçün daha geniş imkanların yaradılması və 
								onların elmi tədqiqatlara daha geniş şəkildə 
								cəlb edilməsi üçün "İslam Ölkələrinin Qadın 
								Alimlərinin Şəbəkəsi"nin yaradılması; İslam 
								ölkələrində universitetlərin reytinqləri və ali 
								təhsil müəssisələrinin fəaliyyətinin 
								qiymətləndirilməsi üçün müvafiq mexanizm və 
								meyarların hazırlanması; İslam ölkələrində 
								nanotexnologiyaların inkişafı üzrə strategiyanın 
								işlənməsi; İslam ölkələrinin ali təhsil və elmi 
								tədqiqat nazirlərinin 4-cü və 5-ci konfransları 
								arasındakı müddətdə ali təhsil və elmi tədqiqat 
								sahəsində İSESKO tərəfindən görülmüş işlər; ali 
								təhsil və elmi tədqiqat sahəsində beynəlxalq 
								əməkdaşlıq məsələləri; konfransın bəyannaməsinin 
								məzmun və məqsədləri ətrafında geniş fikir 
								mübadiləsi aparılıb. 
								
								
								Konfransda İSESKO-nun Baş direktoru cənab 
								Əbdüləziz bin Osman əl-Tüveycrinin İslam 
								ölkələrinin ali təhsil və elmi tədqiqat 
								nazirlərinin 4-cü və 5-ci konfransları 
								arasındakı müddətdə ali təhsil və elmi tədqiqat 
								sahəsində İSESKO tərəfindən görülmüş işlərə həsr 
								olunmuş hesabatı dinlənilib. Məruzəçi qeyd edib 
								ki, İSESKO 2008-2010-cu illər üzrə Fəaliyyət 
								Proqramını 2008-ci ildə Bakıda keçirilmiş İslam 
								ölkələrinin ali təhsil və elmi tədqiqat 
								nazirlərinin 4-cü konfransında qəbul olunmuş 
								tövsiyələrini nəzərə almaqla hazırlamışdır. 
								İSESKO və bu təşkilata üzv ölkələr arasında 
								əməkdaşlıq əsasən milli və regional konfrans, 
								seminar və təlim kurslarının keçirilməsi, 
								həmçinin qabaqcıl elmi tədqiqatlara ekspert və 
								maliyyə dəstəyi və birgə layihələrin təşkili 
								çərçivəsində həyata keçirilir. 
								
								
								Məruzədə həmçinin qeyd olunub ki, hazırda İslam 
								ölkələrində ali təhsilin keyfiyyətinin 
								yüksəlməsi və elmi tədqiqatların sayının artması 
								müşahidə olunsa da, bu sahədə yüksək ixtisaslı 
								kadrların çatışmazlığı, ali təhsilə kifayət 
								qədər maliyyə vəsaitinin ayrılmaması, ali 
								məktəblərin elmi-texniki bazasının zəif olması 
								kimi problemlər hələ də həll olunmamış qalır. Bu 
								problemlər əsasən Afrika qitəsində yerləşən 
								İslam ölkələrində özünü daha qabarıq şəkildə 
								büruzə verdiyi halda, ali təhsil, elmi tədqiqat 
								və istehsalat müəssisələri arasında əlaqələrin 
								və əməkdaşlığın aşağı səviyyədə olması, 
								qadınların elmə və elmi tədqiqatlara istənilən 
								səviyyədə cəlb olunmaması və elmi tədqiqatların 
								nəticələrinin istehsalata səmərəli şəkildə 
								tətbiq olunmaması kimi problemlər əksər İslam 
								ölkələrinə xasdır. 
								
								
								Nümayəndə heyətlərinin başçıları da konfransda 
								hesabatlarla çıxış ediblər. Azərbaycan nümayəndə 
								heyətinin rəhbəri, təhsil nazirinin müavini 
								Elmar Qasımov Azərbaycan hökuməti tərəfindən son 
								illər ərzində ali təhsilin keyfiyyətinin və ali 
								məktəblərdə elmi və texniki potensialın 
								yüksəldilməsi, eləcə də İslam ölkələri ilə 
								əməkdaşlığın genişləndirilməsi istiqamətində 
								görülmüş işlər haqqında ətraflı məruzə ilə çıxış 
								edib. Məruzədə qeyd olunub ki, Azərbaycan 
								hökuməti ali təhsil və elm sahəsində İslam 
								ölkələri ilə əməkdaşlığın inkişafına xüsusi 
								diqqət yetirir. İslam ölkələri ilə əməkdaşlıq 
								əsasən professor-müəllim heyəti, tələbə və 
								ekspert mübadiləsi, birgə elmi tədqiqatların 
								aparılması, birgə seminar, simpozium və 
								konfransların təşkili, həmçinin təcrübə və 
								informasiya mübadiləsini nəzərdə tutan təhsil və 
								elmi tədqiqat sahəsində əməkdaşlıq üzrə sazişlər 
								çərçivəsində həyata keçirilir. Çıxışda həmçinin 
								göstərilən istiqamətlərlə yanaşı, İslam ölkələri 
								və İSESKO ilə səmərəli əməkdaşlığın nəticəsi 
								kimi Azərbaycanda bir sıra ölkələrin mədəniyyət 
								mərkəzləri və ali təhsil müəssisələrimizdə  elm 
								və texnologiya mərkəzlərinin fəaliyyət 
								göstərməsi də qeyd olunub. Bildirilib ki, 
								Azərbaycanda bir sıra İslam ölkələri, o cümlədən 
								Türkiyə, İran, Malayziya və Misir arasında 
								tələbə mübadiləsi həyata keçirilir. İSESKO ilə 
								Azərbaycan arasında Əməkdaşlıq Proqramı 
								çərçivəsində Azərbaycan alimləri və təhsil 
								sahəsində ekspertlər xarici ölkələrdə keçirilən 
								və təhsilin aktual problemlərinə həsr olunan 
								tədbirlərdə iştirak edirlər. E.Qasımov qeyd edib 
								ki, Azərbaycanda İSESKO-nun ekspert və maliyyə 
								dəstəyi ilə müntəzəm olaraq milli və beynəlxalq 
								seminar və konfranslar təşkil  olunur. Çıxışda 
								habelə Azərbaycan ali təhsil müəssisələrinin də 
								İslam ölkələri üçün yüksək ixtisaslı kadrların 
								hazırlanmasına öz töhfələrini verdiyi və hazırda 
								ali məktəblərimizdə dünyanın 20 müsəlman 
								ölkəsindən 6000-dən artıq tələbənin təhsil 
								aldığı xüsusi vurğulanıb. 
								
								
								Məruzədə həmçinin qeyd olunub ki, geosiyasi 
								mövqeyi ilə əlaqədar olaraq İslam dünyasını 
								birləşdirən İslam Konfransı Təşkilatı və 
								İSESKO-ya üzv olmaqla və bu təşkilatlarla 
								səmərəli əməkdaşlıq etməklə yanaşı, ölkəmiz 
								Avropanın nüfuzlu beynəlxalq təşkilatları ilə də 
								sıx əlaqələr yaratmışdır. Azərbaycan Avropa 
								Şurasının üzvüdür və ölkəmizin ali təhsil 
								sistemində aparılan islahatlar Avropanın 46 
								ölkəsini əhatə edən Boloniya prosesi 
								çərçivəsində həyata keçirilir. E.Qasımov son 
								illərdə Boloniya prosesi çərçivəsində 
								Azərbaycanda ali təhsil sahəsində irimiqyaslı 
								islahatların aparıldığını və bu islahatların 
								əsas nəticəsi olaraq üçpilləli ali təhsil 
								sisteminə keçid, tələbələrin biliklərinin 
								qiymətləndirilməsi prosesində kredit sisteminin 
								tətbiqi, yeni ali təhsil standartlarının 
								hazırlanması, ali təhsil müəssisələrinə 
								muxtariyyətin verilməsi istiqamətində uğurlu 
								addımlar atıldığını qeyd edib. Eyni zamanda  
								bildirib ki, hazırda ölkəmizdə Boloniya  
								prosesinin  yekun  tələbi olaraq ali təhsil 
								sahəsində Avropa standartlarına uyğun olan 
								ixtisas dərəcələrinin strukturu 
								hazırlanmaqdadır. 
								
								
								Konfransın ikinci günü iştirakçılar İslam 
								ölkələri ali təhsil və elmi tədqiqat 
								nazirlərinin 5-ci konfransının Bəyannaməsini 
								müzakirə edərək qəbul ediblər. Bəyannamədə  
								müasir elmi nailiyyətlərin daha səmərəli tətbiq 
								edilməsi məqsədilə ali və elmi tədqiqat 
								müəssisələri ilə istehsalat müəssisələri 
								arasında əməkdaşlığın genişləndirilməsi; müəllim 
								və elmi işçilərin mobilliyinin artırılmasına 
								yönəlmiş proqram və layihələrin dəstəklənməsi; 
								ali təhsil müəssisələrində elmi tədqiqatların 
								keyfiyyətinin artırılması məqsədi ilə dövlət 
								tərəfindən qanunverici bazanın 
								təkmilləşdirilməsi; nanotexnologiyaların mühüm 
								iqtisadi potensiala malik olduğunu və cəmiyyətin 
								qarşısında duran ciddi vəzifələrin həllində 
								onların böyük rol oynaya biləcəyini nəzərə 
								alaraq, elmin bu sahəsinə daha çox maliyyə və 
								insan resurslarının cəlb edilməsi və ali təhsil 
								müəssisələrinin nanotexnologiyalar sahəsində 
								elmi tədqiqatların aparılması üçün 
								stimullaşdırılması kimi xüsusi diqqət tələb edən 
								məsələlər öz əksini tapıb. 
								
								
								Konfrans zamanı Elmar Qasımov İran, Səudiyyə 
								Ərəbistanı, Əfqanıstan, Qırğızıstan, Sudan, 
								Mərakeş və İordaniya nümayəndə heyətlərinin 
								rəhbərləri ilə görüşüb. Görüşlərdə təhsil 
								sahəsində ikitərəfli əməkdaşlığın 
								genişləndirilməsi ilə bağlı məsələlər müzakirə 
								olunub.  
								
								
								
								Yusif ƏLİYEV  |