| 
								 
								
								 Azərbaycan 
								Müəllimlər İnstitutunda əməkdar incəsənət xadimi 
								Baba Vəziroğlu ilə görüş keçirildi. Tədbir ulu 
								öndər Heydər Əliyevin xatirəsinə bəstələnmiş 
								"Xalq Heydər söyləyəcək!" mahnısına çəkilmiş 
								klipin nümayişi ilə başlandı. Tədbiri giriş sözü 
								ilə institutun rektoru, professor Aqiyə 
								Naxçıvanlı açaraq nəğməkar şair, nasir, 
								kinodramaturq, əməkdar incəsənət xadimi Baba 
								Vəziroğlunun yaradıcılığı haqqında danışdı.
								 
								
								
								O, qeyd etdi ki, şair olmaq üçün şübhəsiz ki, 
								fitri istedad və eyni zamanda vətənə, xalqa, 
								torpağa bağlılıq, sevgi-məhəbbət lazımdır. Baba 
								Vəziroğlu poeziyası da vətənə, xalqa məhəbbət, 
								gözəllik, saf, təmiz hisslər, nəciblik kimi 
								duyğularla zəngindir.  
								
								
								Baba Vəziroğlunun yüzlərlə şeirinə mahnılar 
								bəstələnib. Bir çox tanınmış bəstəkarlarımız, 
								eləcə də unudulmaz Rəşid Behbudovdan, Şövkət 
								Ələkbərovadan bu günə kimi neçə-neçə 
								müğənnilərimiz onun yaradıcılığına dəfələrlə 
								müraciət edir. Onun bəstəkar Kamalla birgə 
								yaratdığı ulu öndərimiz Heydər Əliyevə həsr 
								olunmuş "Xalq  Heydər söyləyəcək!" kimi şah 
								əsəri bütün dünya azərbaycanlıları tərəfindən 
								sevilərək dinlənilir.  
								
								
								İnanırıq ki, nə qədər Azərbaycan xalqı var, 
								bizim üçün əziz olan bu mahnı daim seviləcək və 
								yaşayacaq.  
								
								
								Tədbirdə xalq artisti, "Şöhrət" ordenli, 
								bəstəkar Faiq Sücəddinov və xalq artisti   
								Yalçın Rzazadə, gənc müğənnilərdən Elnur və Ayan 
								şair haqqında öz ürək sözlərini söylədilər və 
								onun sözlərinə yazılmış mahnılar ifa etdilər.
								 
								
								
								İnstitutun özfəaliyyət kollektivinin üzvlərindən 
								Könül Hacıyeva, Xəqani Sadıqov və Mehriban 
								Şərifova da şairin sözlərinə bəstələnmiş 
								mahnıları ifa edərək tədbir iştirakçılarını 
								salamladılar.    
								
								
								Çıxış edən tələbələr Baba Vəziroğlu poeziyasını 
								sevə-sevə oxuduqlarını, sözlərinə yazılmış 
								mahnıları heyranlıqla dinlədiklərini bildirdilər 
								və onun  şeirlərini söylədilər.  
								
								
								Şair tələbələrin çoxsaylı suallarını 
								səmimiyyətlə qəbul edərək cavablandırdı və yeni 
								şeirlərini söylədi. O, bildirdi ki, gənclərlə 
								keçirdiyi hər bir görüş onun həyatında mühüm rol 
								oynayır.    
								
								
								Tədbirin iştirakçıları belə görüşlərin gənclərin 
								mənəvi tərbiyəsinin formalaşmasında böyük 
								əhəmiyyət kəsb etdiyini bildirdilər və bu yüksək 
								səviyyəli, maraqlı, məzmunlu tədbirin təşkili 
								üçün institutun rəhbərliyinə, şəxsən Aqiyə 
								xanıma dərin minnətdarlıqlarını bildirdilər.  |