| 
								 
								
								2009-2010-cu tədris ilində ölkəmizin hər yerində 
								olduğu kimi, Lənkəranda da təhsil sahəsində  
								mühüm işlər görülmüş, bir çox diqqətçəkən 
								uğurlar qazanılmışdır. İlk növbədə  
								təlim-tərbiyə müəssisələrinin maddi-tədris 
								bazasının möhkəmləndirilməsi diqqət mərkəzində 
								saxlanılır. Çünki təlim-tərbiyə sahəsində yüksək 
								nailiyyətlər qazanılması tədrisin  maddi 
								bazasından çox asılıdır. Son illər Lənkəranda 
								yeni  məktəblərin tikintisi və əsaslı  təmiri 
								sahəsində uğurlu addımlar atılmışdır. 2003-cü 
								ilədək Lənkəranda birtipli layihə əsasında 24 
								məktəb binası  tikilmişdirsə, 2003-cü ildən bəri 
								isə 23 məktəb tikilmiş, O.Mirzəyev adına  şəhər 
								qarışıq tipli uşaq evi və şəhər 5 nömrəli orta 
								məktəb müasir standartlar səviyyəsində təmir 
								olunmuş, yeni inventar və avadanlıqlarla, 
								kompüterlərlə təmin edilmişdir.  
								
								
								Bu il V.Əliyev adına şəhər 4 nömrəli orta məktəb 
								dövlət vəsaiti hesabına yüksək səviyyədə  təmir 
								olunmuş və sentyabrın 15-də məktəblilərin 
								istifadəsinə verilmişdir. Eyni zamanda yay 
								dövründə Lənkəran Şəhər İcra Hakimiyyətinin 
								başçısı Tofiq İbrahimovun qayğısı, yerli icra və 
								bələdiyyə orqanlarının, pedaqoji kollektivlərin 
								və ayrı-ayrı iş adamlarının köməyi ilə rayonun 
								bütün  ümumtəhsil məktəbləri, habelə 
								məktəbəqədər və məktəbdənkənar tərbiyə  
								müəssisələri  təmir edilmişdir. 
								
								
								Son illər məktəblərin latın  qrafikalı əlifba 
								ilə çap  olunan bədii-elmi ədəbiyyatla, habelə  
								pulsuz dərsliklərlə təminatı sahəsində də xeyli 
								iş görülmüş, məktəb kitabxanaları Azərbaycan və 
								dünya ədəbiyyatının ən gözəl nümunələri  ilə 
								təmin edilmişdir. Yeni dərs ili ərəfəsində 50670 
								nüsxə dərslik gətirilərək məktəblərə 
								çatdırılmışdır. Həmçinin ehtiyaca görə 
								məktəblərə xeyli bərk və yumşaq inventar, tədris 
								avadanlığı verilmişdir.  
								
								
								Azərbaycan Respublikası Prezidentinin müvafiq 
								sərəncamından irəli gələn vəzifələrin icrası 
								nəticəsində rayonun ümumtəhsil məktəblərinin 
								informasiya və kommunikasiya texnologiyaları ilə 
								təminatı sahəsində zəruri addımlar atılmiş, 
								nəticədə kompüterlərin sayı 847-yə 
								çatdırılmışdır, hazırda hər 29  şagirdə 1 
								kompüter düşür.  
								
								
								Azərbaycan tarixi, kimya, biologiya və fizika 
								fənləri üzrə elektron dərs vəsaitləri, metodik 
								vəsaitlər, test kitabçaları, tədris sistemləri, 
								onlardan istifadə qaydaları alınaraq məktəblərə 
								paylanmışdır. Görülmüş ən mühüm işlərdən biri də 
								Lənkəran məktəblərinin xəritələşdirilməsi, kadr  
								resurslarının idarə olunması, elektron sənəd 
								arxivi və şagirdlər haqqında məlumat bazasının 
								yaradılmasıdır.  
								
								
								Hazırda təhsil şöbəsinin rəsmi veb səhifəsinin 
								hazırlanması istiqamətində iş aparılır. Eyni 
								zamanda Təhsil Nazirliyi ilə "Mədəd" Humanitar 
								Təşkilatı İctimai Birliyi arasında bağlanmış 
								müqaviləyə  əsasən Lənkəranda İKT-nin təhsil 
								sisteminə tətbiqi, müəllimlərin kompüter 
								texnologiyalarına yiyələnməsini təmin etmək 
								məqsədilə keçirilmiş treninqlərdə 190 nəfər 
								təhsil işçisi iştirak etmişdir. Rayon 
								müəllimləri arasında aparılan izahat işlərinin 
								nəticəsində "Xalq kompüteri" layihəsi 
								çərçivəsində 225 nəfər müəllim faizsiz və 
								güzəştli kredit hesabına fərdi kompüter almışdır 
								ki, bu da pedaqoji kadrların kompüter 
								texnologiyalarına yiyələnməsinə və tədris 
								prosesində ondan istifadəyə böyük köməkdir.
								 
								
								
								Ümummilli lider Heydər Əliyevin anadan olmasının 
								87-ci ildönümü  münasibəti ilə keçirilmiş bilik 
								yarışları məktəblilərin fəallığına və  böyük 
								marağına səbəb olmuşdur. Bu yarışlarda şəhər 10 
								nömrəli orta məktəbin komandası I, Xanbulan kənd 
								orta məktəbinin komandası II yeri tutmuş, fəxri 
								fərman və qiymətli hədiyyələrlə təltif 
								olunmuşdur. 2009-cu ilin sentyabrında Amerika 
								Beynəlxalq  Təhsil Şurasının Təhsil Nazirliyi 
								ilə birlikdə həyata keçirdiyi FLEX proqramı  
								çərçivəsində 2010-2011-ci tədris ilində  ABŞ-ın 
								orta məktəblərində 1 il  müddətinə təhsil almaq 
								məqsədilə Lənkəran şəhərində keçirilmiş 
								müsabiqədə şəhər 4 nömrəli orta məktəbin XI 
								sinif şagirdi Nərmin İsmayılova və şəhər 7 
								nömrəli orta məktəbin XI sinif şagirdi Elza 
								Əhmədova qalib gələrək ABŞ-da təhsil almaq 
								hüququ qazanmışlar. 
								
								
								Xəzər Universitetinin 2010-cu ilin aprelində 
								Lənkəran şəhərində keçirdiyi olimpiadada şəhər 
								10 nömrəli orta məktəbin XI sinif şagirdi Əli 
								Babazadə I yeri, Əsəd Qurbanzadə II yeri 
								tutmuşlar. Daha 12 şagird həmin olimpiadanın 
								nəticələrinə görə diplom və hədiyyələrlə təltif 
								olunmuşdur.  
								
								
								Şürük kənd orta məktəbinin şagirdi Rahid 
								Həbibzadə boks üzrə Avropa çempionatında III 
								yeri, Xarici Dillər Təmayüllü Gimnaziyanın 
								şagirdi Rüstəm İnamzadə 12 yaşlılar arasında 
								ağır atletika üzrə IV açıq zirvə kuboku uğrunda 
								yarışlarda I yeri, Nərimanabad qəsəbə orta 
								məktəbinin şagirdi Fidan Səmədzadə boks üzrə 
								respublika çempionatında I yeri, Liman şəhər 1 
								nömrəli orta məktəbin XI sinif şagirdi Ramal 
								Yusifli boks üzrə respublika çempionatında I 
								yeri tutmuşlar.  
								
								
								"Çiçəklən doğma Azərbaycan!" mövzusunda rəsm 
								müsabiqəsinin respublika mərhələsində uğurla 
								iştirak etdiklərinə görə şəhər 7 nömrəli orta 
								məktəbin şagirdi Aysel Əhmədova, şəhər 4 nömrəli 
								orta məktəbin şagirdləri Məzahir Hüseynzadə və 
								Aydan Mirzəzadə, şəhər 10 nömrəli orta məktəbin 
								şagirdi Lalə Məmmədzadə diplom və qiymətli 
								hədiyyələrlə mükafatlandırılmışlar. Azərpoçt MMC 
								və Təhsil Nazirliyinin Ümumdünya  Poçt  
								İttifaqının xətti ilə keçirilən III beynəlxalq 
								epistolyar inşa müsabiqəsində Girdəni kənd orta 
								məktəbinin XI sinif şagirdi Xədicə Ağazadə 
								dördüncü  yeri tutmuş, pul mükafatına və fəxri 
								fərmana layiq görülmüşdür. 
								
								
								"Xüsusi istedada malik olan uşaqların 
								(gənclərin) yaradıcılıq potensialının inkişafı 
								üzrə Dövlət Proqramı(2006-2010-cu illər)"nın 
								müddəalarını rəhbər tutaraq istedadlı  şagirdlər 
								üçün səmərəli və keyfiyyətli təhsil şəraiti 
								yaratmaq və onların davamlı inkişafını təmin 
								etmək  məqsədilə Təhsil Nazirliyinin əmri ilə 
								respublikanın  ayrı-ayrı bölgələrində, o 
								cümlədən Lənkəran şəhərində 2010-2011-ci tədris 
								ilindən xüsusi istedadı ilə fərqlənən şagirdlər 
								üçün şəhər 6 nömrəli orta məktəbdə 1 (bir) V 
								sinfin  açılması təmin edilmişdir.  
								
								
								Ötən tədris ilində də yüksək səviyyədə 
								keçirilmiş olimpiadanın şəhər turunun birinci 
								mərhələsində 1012 şagird   iştirak etmiş, 
								ayrı-ayrı fənlər üzrə 41 nəfər I yeri tutmuş, 
								respublika turunda iştirak etmiş 16 nəfərdən 
								şəhər 3 nömrəli orta məktəbin XI sinif şagirdi 
								İlhamə Abdullazadə IV yerə layiq görüşmüş və 
								diplomla təltif olunmuşdur.  
								
								
								Məlumdur ki, artıq respublikanın bütün  
								ümumtəhsil məktəblərinin IX və XI siniflərində 
								buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada 
								test üsulu ilə aparılır. 12 iyun 2010-cu il 
								tarixində IX siniflərdə 8 imtahan mərkəzində 
								buraxılış imtahanı keçirilmişdir. İmtahana 
								buraxılmış 2855 nəfərdən 2733-ü imtahanda 
								iştirak etmiş, onlardan 2415 nəfəri müvəffəq 
								qiymət almışdır. Rayon üzrə müvəffəqiyyət faizi 
								88,68 olmuşdur. 11 iyun 2010-cu il tarixində XI 
								siniflərdə 8 imtahan  mərkəzində buraxılış 
								imtahanı keçirilmişdir. İmtahana buraxılmış 2275 
								nəfərdən 2150 nəfəri imtahanda iştirak etmiş, 
								onlardan 1600-ü müvəffəq qiymət almışdır. Rayon 
								üzrə müvəffəqiyyət faizi 74,4 olmuşdur. Bu da 
								keçən illə müqayisədə 5 faiz çoxdur.  
								
								
								Keçən tədris ilində məktəblərimizi bitirən 1600 
								məzundan 984 nəfəri ali məktəblərə qəbul olunmaq 
								üçün sənəd təqdim etmişdir. Onlardan 331 nəfəri, 
								əvvəlki illərin məzunları ilə  birlikdə 361  
								nəfəri tələbə adına layiq görülmüşdür. Ali 
								məktəblərə qəbul  olunanlardan 15 nəfəri 600-dən 
								yuxarı (keçən ildəkindən 4 nəfər çox), 45 nəfəri 
								500-dən yuxarı bal  toplamışdır (keçən 
								ildəkindən 2 nəfər çox). 
								
								
								Şəhər 2 nömrəli orta məktəbin məzunu Əzizağa 
								Mikayılzadə 690 balla Tibb Universitetinin 
								müalicə işi fakültəsinə, Türk liseyinin məzunu 
								Urfan Cabbarlı 685 balla Qafqaz Universitetinin 
								kompüter mühəndisliyi fakültəsinə, şəhər 10 
								nömrəli orta məktəbin məzunu Əli Babazadə 680 
								balla Dövlət İdarəçilik Akademiyasının menecment 
								fakültəsinə, şəhər 4 nömrəli orta məktəbin  
								məzunu Çinarə Rəsulzadə 657 balla Tibb 
								Universitetinin müalicə işi fakültəsinə, şəhər 3 
								nömrəli orta məktəbin məzunu İlhamə Abdullazadə 
								645 balla Tibb Universitetinin müalicə işi 
								fakültəsinə, Türk liseyinin məzunu Rəşadət 
								İsmayılzadə 645 balla Qafqaz Universitetinin 
								kompüter mühəndisliyi fakültəsinə və s. daxil 
								olmuşlar. 
								
								
								Ümumi orta təhsilin həyata keçirilməsində 
								məktəbdənkənar tərbiyə müəssisələrinin rolu da 
								danılmazdır. Hazırda təhsil şöbəsinin 
								tabeliyində 6 məktəbdənkənar tərbiyə müəssisəsi  
								fəaliyyət göstərir. Bu müəssisələrdə  354 qrupda 
								4772 nəfər şagird məşğul olur. Ötən tədris 
								ilində məktəbdənkənar tərbiyə müəssisələrinin 
								uğurları da xeyli artmışdır. Şahmat məktəbinin 
								yetirməsi Cavidan Babazadə şahmat üzrə 
								Yunanıstanda keçirilən Avropa çempionatında III 
								yeri, iyun ayında Bolqarıstanın Varna şəhərində  
								keçirilən I açıq çempionatda II yeri, şahmat  
								məktəbinin yetirməsi Murad Rzayev  respublika 
								çempionatında III yeri, cari ilin fevral ayında 
								keçirilmiş yunan - Roma güləşi üzrə respublika 
								birinciliyində şəhər UGİM-in yetirməsi Şadman 
								Hüseynzadə  II yeri, aprel ayında ümummilli 
								liderimiz Heydər Əliyevin anadan olmasının 87-ci 
								ildönümünə həsr olunmuş məktəblilərin respublika 
								turnirində UGİM-in komandası futbol üzrə I yeri, 
								UGİM-in yetirməsi Mehti Məhərrəmzadə II 
								Respublika birinciliyində  yunan - Roma güləşi 
								üzrə II yeri, "Sevinc" kuboku üzrə respublika 
								birinciliyində şəhər  UGİM-in komandası III 
								yeri, avqust ayında Gürcüstanda keçirilmiş 
								futbol üzrə  beynəlxalq turnirdə IV yeri 
								tutmuşdur. Azərbaycan Respublikası İnsan 
								hüquqları üzrə müvəkkilinin təşkilatçılığı ilə 
								"Bizim hüquqlarımız" mövzusunda Bakı şəhərində 
								keçirilən rəsm müsabiqəsində Şəhər Uşaq 
								Yaradıcılıq Mərkəzinin yetirmələri Bilal 
								Qənbərli I, Qüdrət Qənbərli II, Rövşən Səfərli 
								III yeri tutmuşlar.  
								
								
								Lənkəranın pedaqoji ictimaiyyəti bundan sonra da 
								gənc nəslin təlim - tərbiyəsi işini yüksək 
								səviyyədə qurmaq, təhsil sahəsində islahatları 
								uğurla həyata keçirmək, təhsil nailiyyətlərini  
								daha da artırmaq üçün fədakarlıqla çalışır. 
								
								
								
								"Azərbaycan müəllimi"  |