| 
								 
								
								 Noyabrın 
								13-də "Xüsusi istedada malik olan uşaqların 
								(gənclərin) yaradıcılıq potensialının inkişafı 
								üzrə Dövlət Proqramı (2006-2010-cu illər)"nda 
								nəzərdə tutulmuş tədbirlərin icrası ilə əlaqədar 
								Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı 
								Şəhəri üzrə Təhsil İdarəsinin 27 oktyabr 275 
								nömrəli əmrinə əsasən Bakıdakı ümumtəhsil 
								məktəblərində V-XI sinif şagirdləri arasında 9  
								fənn üzrə bilik yarışı keçirildi.  
								
								
								Bilik yarışını müşahidə etmək üçün həmin gün 
								Xətai rayonunda yerləşən 261 nömrəli 
								məktəb-liseydə və 17 nömrəli orta məktəbdə 
								olduq.  
								
								
								261 nömrəli məktəb-liseydə bilik yarışı açılış 
								mərasimi ilə başladı. Tədbiri giriş sözü ilə 
								açan məktəb-liseyin direktoru Abuzər Əsədov 
								yarış iştirakçılarına uğurlar arzuladı. O, belə 
								yarışların keçirilməsini təqdirəlayiq hal kimi 
								qiymətləndirərək istedadlı şagirdlərin aşkar 
								olunmasını və onlardan maksimum dərəcədə 
								istifadə edilməsinin vacibliyini vurğuladı. 
								Bildirildi ki, bilik yarışında 200-dən çox 
								şagird iştirak edir və suallar bütün siniflər 
								üzrə 2 variantda hazırlanmış, metodbirləşmələrdə 
								müzakirə olunaraq  təsdiq edilmişdir. A.Əsədov 
								yarışın nəzarətçi müəllimlərdən (qeyri-ixtisas) 
								və yoxlayıcı komissiyadan ibarət təşkilat 
								komitəsi tərəfindən keçirildiyini vurğuladı. 
								
								
								 İştirakçılar 
								siniflərə daxil olduqdan sonra bilik yarışına 
								start verildi. 
								
								
								Sözügeden tədbirlə bağlı 17 nömrəli məktəbdə də 
								iştirak edərək yarışın gedişini izlədik. 
								Müxtəlif fənlər üzrə müəyyən olunmuş yarışın tam 
								obyektiv şəkildə aparılmasının şahidi olduq. 
								Məktəbin direktoru Bədəl Bədəlov yarışda 520 
								şagirdin iştirak etdiyini və şagirdlərin bu 
								yarışa böyük maraqla qatıldığını bildirdi. 
								B.Bədəlov yarışın aparılması üçün məktəbdə 10 
								nəfərdən ibarət təşkilat komitəsinin 
								yaradıldığını və nəticələrin pedaqoji şurada 
								müzakirə olunacağını qeyd etdi. Müxtəlif fənlər 
								üzrə I yerə layiq görüləcək şagirdlərin rayon 
								turunda iştirak edəcəkləri, rəğbətləndirilmə və 
								həvəsləndirilmə məqsədilə diplom və mükafatlar 
								alacaqları bildirildi.  
								
								
								
								Niyazi RƏHİMOV  |