| 
								
								 Oktyabrın 10-da Bakıda, "Buta" sarayında XX 
								əsrin görkəmli şərqşünas alimi, pedaqoq, 
								filologiya elmləri doktoru, professor Aida 
								İmanquliyevanın 70 illik yubileyinə həsr edilən 
								"Şərq və Qərb: ortaq mənəvi dəyərlər, 
								elmi-mədəni əlaqələr" mövzusunda Beynəlxalq İbn 
								Ərəbi simpoziumu işə başlamışdır.  
								
								   Milli 
								Elmlər Akademiyasının və Böyük Britaniyanın 
								Oksford Universitetinin İbn Ərəbi Cəmiyyətinin 
								təşkilatçılığı ilə keçirilən simpoziumda 
								dünyanın humanitar və ictimai elmlər sahəsində 
								aparıcı elm mərkəzləri olan ABŞ-ın Corc 
								Vaşinqton və Boston universitetlərinin, Rusiya 
								Elmlər Akademiyasının Maksim Qorki adına Dünya 
								Ədəbiyyatı İnstitutunun, Sankt-Peterburq Şərq 
								Əlyazmaları İnstitutunun, eləcə də Fransa, 
								İspaniya, Misir, Böyük Britaniya, Türkiyə, İran, 
								Suriya, Əlcəzair, Latviya, Qazaxıstan və başqa 
								ölkələrin tanınmış alimləri, elmi ictimaiyyətin 
								nümayəndələri, habelə Azərbaycanın dövlət və 
								hökumət nümayəndələri, Milli Məclisin 
								deputatları iştirak edirdilər. 
								
								Elmi tədbirdə Azərbaycanın birinci xanımı, 
								Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun 
								və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin 
								deputatı, alimin qızı Mehriban Əliyeva iştirak 
								etmişdir.  
								
								Salonda quraşdırılmış monitorlarda Aida 
								İmanquliyevanın mənalı ömrünün müxtəlif 
								məqamlarını əbədiləşdirən slaydlar nümayiş 
								olunmuşdur.  
								
								Simpoziumu giriş sözü ilə açan AMEA-nın 
								prezidenti, akademik Mahmud Kərimov demişdir ki, 
								tədbir mədəniyyətlərarası dialoqun davamıdır. Bu 
								dialoq görkəmli şərqşünas alim, gözəl insan və 
								pedaqoq Aida İmanquliyevanın elmi 
								yaradıcılığının əsas mahiyyətini daha mükəmməl 
								öyrənməyə xidmət edir. Simpoziumun professor 
								Aida xanımın 70 illik yubileyinə həsr 
								olunmasında da dərin rəmzi məna vardır. 
								Azərbaycan Şərqlə Qərbin qovuşduğu məkanda 
								yerləşdiyinə görə həm Qərbi, həm də Şərqi 
								qavramaq üçün nadir imkanlar verir. Azərbaycanın 
								ictimai həyatı və mədəniyyəti həm Şərqin, həm də 
								Qərbin mütərəqqi ideya və dəyərlərini özündə 
								yaşadır.  
								
								Müasir dünyamızın bir sıra qlobal siyasi, 
								iqtisadi, sosial problemlərlə üzləşdiyini 
								diqqətə çatdıran M.Kərimov Aida İmanquliyevanın 
								bir fikrini yada salmışdır: "Şərqdə həyatın 
								təkmilləşməsi üçün yalnız hissi aləm və fəlsəfi 
								idrakın dərinliyi bəs olmadığı kimi, hələ mədəni 
								nailiyyətlər və texniki tərəqqi də insanın 
								mənəvi və sosial dirçəlişi üçün kifayət 
								deyildir". Bu problemlərin həlli həm 
								siyasi-iqtisadi, həm də elmi-mədəni müstəvidə 
								Qərblə Şərqin dialoqundan keçir.  
								
								AMEA-nın prezidenti bildirmişdir ki, fəxr 
								etdiyimiz müsəlman renessansının yaranması XII 
								əsrin dahi şəxsiyyətlərindən olan və 
								"Vəhdəti-vücud" nəzəriyyəsinin müəllifi İbn 
								Ərəbi kimi insanların fəaliyyəti nəticəsində 
								mümkün olmuşdur.  
								
								İbn Ərəbini həm də "şeyxül-əkbər" 
								adlandırırdılar. Müasir dünyada sufiliyə artan 
								maraq 1977-ci ildə Böyük Britaniyada İbn Ərəbi 
								Cəmiyyətinin yaranmasına gətirib çıxarmışdır. Bu 
								cəmiyyət 1984-cü ildən Böyük Britaniyada, 
								1987-ci ildən etibarən ABŞ-da hər il İbn 
								Ərəbinin yaradıcılığına həsr olunmuş 
								simpoziumlar keçirir.  
								
								Azərbaycanın klassik və müasir ədəbiyyatında İbn 
								Ərəbinin ideyalarına rast gəlindiyini diqqətə 
								çatdıran M.Kərimov demişdir ki, bu baxımdan 
								növbəti simpoziumun Azərbaycanda keçirilməsi 
								bizim üçün fəxrdir.  
								
								AMEA-nın prezidenti bildirmişdir ki, Beynəlxalq 
								simpoziumda Şərq-Qərb elmi-mədəni əlaqələrini 
								nəzəri problem kimi əsaslı və sistemli şəkildə 
								tədqiq və təhlil edərək şərqşünaslıq elminin bu 
								istiqamətində yeni mərhələ açan görkəmli alim 
								Aida İmanquliyevanın yaradıcılığına, ortaq 
								mənəvi dəyərləri, sivilizasiyaların yeni inkişaf 
								mərhələsinin mədəni təməlini formalaşdıran 
								amillərə, İbn Ərəbinin bədii, fəlsəfi 
								yaradıcılığı ilə Azərbaycan klassik ədəbiyyatı 
								arasında əlaqə və digər mövzulara həsr olunmuş 
								məruzələr dinləniləcək, bu istiqamətdə müasir 
								dünya elmini düşündürən problemlər ətraflı 
								müzakirə olunacaqdır.  
								
								Növbəti simpoziumun Bakıda keçirilməsi ilə bağlı 
								təklifi eşidəndə bir qədər təəccübləndiyini 
								xatırladan İbn Ərəbi Cəmiyyətinin sədri Qrenvill 
								Kollinz demişdir ki, biz Azərbaycanda İbn Ərəbi 
								nəzəriyyəsini araşdıran alimlərin olmadığını 
								düşünürdük. Ancaq sonradan məlum oldu ki, biz 
								haqlı deyilik. Azərbaycanda İbn Ərəbi 
								yaradıcılığı geniş tədqiq edilmişdir. Bu 
								istiqamətdə görkəmli şərqşünas Aida 
								İmanquliyevanın xidmətlərini xüsusi qeyd etmək 
								istəyirəm.  
								
								Qrenvill Kollinz bildirmişdir ki, məhz Aida 
								İmanquliyevanın 70 illiyinə həsr olunmuş bu 
								simpoziumun Bakıda keçirilməsi çox mühüm 
								hadisədir.  
								
								Akademik Aleksandr Kudelin Rusiya Elmlər 
								Akademiyasının prezidenti Yuri Osipovun təbrik 
								məktubunu oxumuşdur.  
								
								Məktubda deyilir ki, simpozium dünyada 
								sivilizasiyalararası dialoqun məntiqi davamıdır. 
								Əhəmiyyəti olduqca böyük olan tədbirin 
								gündəliyinə daxil edilmiş mövzular XXI əsrdə 
								Şərq ilə Qərb arasında bərabərhüquqlu 
								münasibətlərin təşəkkül tapmasına xidmət edir. 
								Simpoziumun görkəmli şərqşünas Aida 
								İmanquliyevanın xatirəsinə həsr olunması alimin 
								Azərbaycan elminə verdiyi töhfənin təsdiqidir. 
								Aida İmanquliyeva şərqşünaslıq elminə böyük 
								töhfələr vermiş, ərəb məhcər ədəbiyyatının 
								tədqiq olunmasında məxsusi xidmətləri olmuşdur.
								 
								
								Beynəlxalq simpoziumun Bakıda keçirilməsinin 
								görkəmli şərqşünas Aida İmanquliyevanın 70 illik 
								yubileyinə layiqli elmi töhfə olduğunu diqqətə 
								çatdıran Azərbaycan Yazıçılar Birliyinin sədri, 
								xalq yazıçısı Anar milli ədəbiyyatımızda 
								Şərq-Qərb dialoqu mövzusuna toxunmuşdur. Şərqdə 
								ilk dram əsərlərinin, ilk operanın, teatrın 
								ölkəmizdə yaranması Azərbaycanın həmişə Qərb 
								dəyərlərini və Şərq ruhunu birləşdirən bir məkan 
								olduğunu göstərir. 2009-cu ildə Bakının İslam 
								mədəniyyətinin paytaxtı elan edilməsi, bu 
								istiqamətdə keçirilən tədbirlər və elə bu 
								simpoziumun özü sübut edir ki, Azərbaycan indi 
								də Şərq və Qərb mədəniyyətlərinin inkişafına 
								çalışır.  
								
								Azərbaycanda İbn Ərəbi yaradıcılığının geniş 
								tədqiq olunmasını müsbət hal kimi qiymətləndirən 
								amerikalı professor Seyid Hüseyn Nasr görkəmli 
								alim Aida İmanquliyevanın xatirəsinə həsr 
								olunmuş bu simpoziumun əhəmiyyətini 
								vurğulamışdır.  
								
								Şərq filosoflarının dünya elminə verdiyi 
								töhfələrin göz qabağında olduğunu qeyd edən 
								Seyid Hüseyn Nasr bu istiqamətdə İbn Ərəbinin 
								xidmətlərinin böyük olduğunu demişdir. Biz onun 
								yaradıcılığını daha dərindən öyrənməliyik. 
								Bakıya da məhz bu məqsədlə toplaşmışıq. Hesab 
								edirəm ki, simpoziumun yaxşı nəticələri 
								olacaqdır. Azərbaycan həmişə Şərq ilə Qərb 
								arasında körpü rolunu oynamışdır. Simpozium 
								Bakının Şərqlə Qərbin qovuşduğu məkan olduğunu 
								bir daha nümayiş etdirir. Bakı həm müasirliyi, 
								həm də keçmişi özündə birləşdirir.  
								
								İslam Konfransı Təşkilatı Parlament 
								Assambleyasının baş katibi, professor Mahmud 
								Erol Kılıc qeyd etmişdir ki, Aida İmanquliyeva 
								yeni ərəb ədəbiyyatının tədqiqinə böyük töhfələr 
								verən görkəmli Azərbaycan alimidir. Bu simpozium 
								isə insanlığın, Azərbaycanın, bütün elm 
								adamlarının xeyrinə xidmət edən bir tədbirdir.
								 
								
								Aida İmanquliyevanın qızı, Moskva Dövlət 
								Universitetinin Bakı filialının rektoru, 
								professor Nərgiz Paşayeva görkəmli şərqşünasın 
								şərəfli ömür yolu, nəsil şəcərəsi, təhsili, 
								elmi, pedaqoji fəaliyyəti, təşkilatçılıq və 
								idarəçilik bacarığı haqqında danışmışdır. 
								 
								
								Bildirmişdir ki, Aida İmanquliyeva 1939-cu il 
								oktyabrın 10-da Bakı şəhərində ziyalı ailəsində 
								anadan olmuşdur. Bakıda 132 nömrəli orta məktəbi 
								qızıl medalla bitirdikdən sonra Azərbaycan 
								Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin 
								ərəb şöbəsində ali təhsil almışdır.  
								
								1966-cı ildə namizədlik, 1989-cu ildə doktorluq 
								dissertasiyası müdafiə edən Aida İmanquliyeva 
								Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq 
								İnstitutunda kiçik elmi işçidən bu elm ocağının 
								direktoru vəzifəsinədək yüksəlmişdir. O, keçmiş 
								SSRİ-də Şərqşünaslıq Cəmiyyəti Rəyasət 
								Heyətinin, Şərq Ədəbiyyatının Tədqiqi üzrə 
								Əlaqələndirmə Şurasının üzvü idi. Uzun illər 
								pedaqoji fəaliyyətlə də məşğul olan Aida xanım 
								Sovet İttifaqında və Azərbaycanda yeni ərəb 
								ədəbiyyatı kursunun əsas yaradıcılarından biri 
								idi.  
								
								Aida xanım İmanquliyevanın elmi fəaliyyətinin 
								əhatə dairəsi geniş və çoxşaxəli idi. Onun elmi 
								əsərlərində Qərb və Şərq mədəni ənənələrinin 
								sintezi, yaradıcılıq üslubunun inkişafı və yeni 
								bədii cərəyanların təşəkkül tapması tədqiq 
								olunmuşdur ki, bu da nəinki ərəb ədəbiyyatının, 
								həmçinin bütün yeni Şərq ədəbiyyatının gələcəkdə 
								tədqiqi üçün çox mühüm zəmin yaratmışdır. 
								 
								
								üç monoqrafiya ("Mixail Nüaymə və "Qələmlər 
								birliyi", "Cübran Xəlil Cübran", "Yeni ərəb 
								ədəbiyyatının korifeyləri") və 70-dən artıq elmi 
								məqalənin müəllifi olan A.İmanquliyeva Şərq 
								filologiyası sahəsində yazılmış bir çox elmi 
								əsərlərin redaktoru olmuşdur.  
								
								Aida xanımın doğulduğu, böyüdüyü ailənin və 
								gəlin gəldiyi ocağın Azərbaycan xalqının 
								ədəbi-mədəni fikrində öz yeri və sanbalı vardır. 
								Belə bir mühit Aida xanımın ədəbi-elmi 
								yaradıcılıqla gərəyincə məşğul olması üçün 
								mənəvi zəmin yaratmışdır. Aida xanımın atası 
								Nəsir İmanquliyev Azərbaycanın çox məşhur 
								mətbuat nümayəndələrindən biri olmuşdur. Aida 
								xanım görkəmli Azərbaycan yazıçısı, alim və 
								pedaqoq Mir Cəlal Paşayevin ocağına gəlin 
								köçmüşdür. Boya-başa çatdığı mötəbər ziyalı 
								mühitinin məlum təsirinin nəticəsidir ki, Aida 
								xanımın həyat və yaradıcılığı milli ziyalı 
								qadınlar içərisində bənzərsizliyi, yüksək 
								dəyərli xüsusiyyətləri ilə seçilirdi. 
								 
								
								Sonra simpozium işini AMEA-nın Fəlsəfə, 
								Sosiologiya və Hüquq İnstitutunun direktoru, 
								professor İlham Məmmədzadənin və İbn Ərəbi 
								Cəmiyyətinin nümayəndəsi xanım Sesiliya Tvinçin 
								rəhbərlik etdiyi birinci geniş iclasda davam 
								etdirmişdir.  
								
								İclasda ABŞ-dan professor Ceyms Morris, 
								Rusiyadan professor İ.Lisak, Böyük Britaniyadan 
								doktor Ceyn Klark, Türkiyədən Mustafa Tahralı və 
								Azərbaycanı təmsil edən doktor Kamandar Şərifov 
								məruzələrlə çıxış etmişlər.  
								
								Məruzələrdə qeyd edilmişdir ki, İbn Ərəbinin 
								fəlsəfi irsinə dair Beynəlxalq simpozium 
								görkəmli şərqşünas alim Aida İmanquliyevanın 
								yubiley mərasiminə daxil edilmiş ən sanballı 
								tədbirlərdən biridir. İbn Ərəbi irsi müxtəlif 
								düşüncə tərzlərinin, habelə islam və 
								xristianlığın ortaq mənəvi dəyərlər prizmasından 
								nəzərdən keçirilməsi üçün ən qiymətli 
								mənbələrdən biridir. çağdaş Azərbaycanda ruh və 
								əqlin, Şərqlə Qərbin vəhdəti ideyasının yenidən 
								aktuallaşması Aida xanımın bu problem üzrə 
								tədqiqatlarından sonra başlamışdır. İndi 
								elmi-fəlsəfi ictimaiyyət görkəmli alim Aida 
								İmanquliyevanın yubileyi günündə bir daha vəhdət 
								ideyasının işığına toplaşaraq həmin problemin 
								beynəlxalq miqyasda müzakirəsini keçirir. 
								 
								
								Bildirilmişdir ki, bütün dinlərin təlqin etdiyi, 
								dini duyğuların mərkəzində dayanan və bu 
								baxımdan da dinləri yaxınlaşdıran, onların 
								eyniyyət məqamı kimi çıxış edən eşqdir. Təsadüfi 
								deyildir ki, İbn Ərəbi təlimi az qala bütün 
								dünya xalqları tərəfindən dinlər arasında körpü 
								kimi, vahid din ideyasının təməl prinsipi kimi 
								qəbul olunur. İbn Ərəbi təliminin izləri 
								Azərbaycan ədəbi-fəlsəfi fikrində orta əsrlər 
								dövründə də olmuşdur. İbn Ərəbi və Nəsimi 
								poeziyasında tez-tez rast gəlinən haqqın eşqlə, 
								eşqin gözəlliklə, gözəlliyin məhz insan 
								gözəlliyi ilə əlaqələndirilməsi əslində ortaq 
								poetik ənənələrdən xəbər verir. "İnsan" əslində 
								bütövlükdə cismani aləmin bir parçası kimi 
								götürülməklə bərabər, İlahi ruhun daşıyıcıları 
								kimi qəbul olunur.  
								
								Diqqətə çatdırılmışdır ki, İbn Ərəbidən 
								başlanan, Cübran, Reyhani, Nüaymə kimi 
								mütəfəkkir şairlərin yaradıcılığında davam 
								etdirilən və professor Aida İmanquliyevanın 
								tədqiqatlarında öz ümumiləşmiş nəzəri təhlilini 
								tapan vəhdət yolu bu gün sivilizasiyalar 
								arasında qarşılıqlı anlaşma yaradılması işi üçün 
								də böyük dəyərə malikdir.  
								
								Məruzəçilər bildirmişlər ki, ərəb məhcər 
								ədəbiyyatının əsas xüsusiyyətləri, onun 
								çoxəsrlik zəngin ərəb ədəbiyyatı ilə oxşar və 
								fərqli cəhətləri, Qərb və rus ədəbiyyatları ilə 
								əlaqələri, bütövlükdə ərəb ədəbiyyatına 
								gətirdiyi yeniliklər, müasir ərəb ədəbiyyatı 
								üçün açdığı üfüqlər və digər ümdə məsələlər 
								Şərq-Qərb sintezində öz doğru-düzgün elmi 
								həllini məhz Aida İmanquliyevanın çoxsaylı 
								fundamental tədqiqatlarında tapmış, onun gəldiyi 
								nəticələr beynəlxalq elmi ictimaiyyət tərəfindən 
								yüksək qiymətləndirilərək nüfuzlu elmi fikirlər 
								kimi qəbul edilmişdir.  
								
								Sonra simpozium işini AMEA-nın Şərqşünaslıq 
								İnstitutunun direktoru, Milli Məclisin deputatı 
								Gövhər Baxşəliyevanın və fransalı professor 
								Denis Qrilin rəhbərlik etdikləri ikinci geniş 
								iclasda davam etdirmişdir.  
								
								İclasda akademik Vasim Məmmədəliyev 
								(Azərbaycan), professorlar Pol Ballafat 
								(Fransa), Viktor Palleja de Bustinza (İspaniya) 
								və Tariq çələbi (Misir) məruzə ilə çıxış 
								etmişlər.  
								
								Akademik V.Məmmədəliyev demişdir ki, filologiya 
								elmləri doktoru, professor Aida İmanquliyeva 
								haqqında alim, təşkilatçı, ana, zərif qadın kimi 
								çox yazılıb və bundan sonra daha çox 
								yazılacaqdır. çünki zaman onu bizdən daha çox 
								ayırdıqca biz Aida xanımın böyüklüyünü, 
								kamilliyini və zənginliyini daha yaxşı duyur, 
								daha dərindən dərk edirik. Onun hansı cəhətini 
								daha qabarıq vermək, hansı məziyyətini ön plana 
								çəkmək müşkül məsələdir. çünki Aida xanımdakı bu 
								cəhətlər bir-biri ilə elə möhkəm çulğalaşır ki, 
								onları ayırmaq olmur. İstər-istəməz ona 
								hərtərəfli yanaşmalı, ondan hərtərəfli bəhs 
								etməli olursan. A.İmanquliyeva görkəmli alim 
								idi, o, yeni ərəb ədəbiyyatının Azərbaycanda 
								tədqiqinin əsasını qoymuşdur.  
								
								Digər məruzələrdə diqqətə çatdırılmışdır ki, 
								ərəb məhcər ədəbiyyatı vaxtilə bir çox 
								mütəxəssislər, xüsusilə dünya şöhrətli 
								ərəbşünas, akademik İ.Y.Kraçkovski tərəfindən 
								tədqiq edilsə də, son dövrdə bu sahənin ən 
								görkəmli, ən səlahiyyətli nümayəndəsi məhz Aida 
								xanım idi. Rus tənqidi realizmindən, ingilis 
								romantizmindən və Amerika transsendentalizmindən 
								kifayət qədər təsirlənmiş, lakin bu təsiri 
								mexaniki şəkildə deyil, ərəb zəminində, Şərq 
								kontekstində qəbul etmiş məhcər ədəbiyyatı yeni 
								ərəb ədəbiyyatının dünya miqyasında tanınması 
								sahəsində böyük xidmət göstərmişdir. Şərq ruhunu 
								Qərb düşüncəsi, Qərb analitizmi ilə birləşdirmiş 
								Cübran Xəlil Cübran, Əmin ər-Reyhani, Mixail 
								Nüaymə, İlya Əbu Mazi kimi görkəmli sənətkarlar 
								Şərq-Qərb ədəbi sintezi prosesində mühüm rol 
								oynamışlar. Bütün bu ümdə məsələlərin tədqiqi 
								Aida xanımın elmi yaradıcılığında öz əksini 
								layiqincə tapmışdır. Aida İmanquliyevanın Şərq 
								müdrikliyi ilə Qərb həssaslığını özündə 
								cəmləşdirən ərəb məhcər ədəbiyyatının yaranması, 
								inkişafı, sənətkarlıq xüsusiyyətləri, 
								spesifikası, onun başqa ədəbi məktəblərdən 
								fərqli cəhətləri, məhcər ədəbiyyatını bir ədəbi 
								cərəyan kimi səciyyələndirən məziyyətlər barədə 
								mülahizə və fikirləri bu gün şərqşünaslıq 
								sahəsində görkəmli mütəxəssislər tərəfindən 
								bəyənilir və qəbul edilir.  
								
								Vurğulanmışdır ki, Aida İmanquliyeva məhcər 
								ədəbiyyatının ən görkəmli nümayəndələri Cübran 
								Xəlil Cübranın və Əmin ər-Reyhaninin daha çox 
								Qərb romantizminin, Mixail Nüaymənin isə rus 
								tənqidi realizminin təsirinə məruz qaldığını 
								göstərmiş və bunun əsas səbəbini onların 
								dünyagörüşü, düşdükləri mühit, ədəbi-bədii qayə 
								və yaradıcılıq istiqamətləri ilə bağlamışdır. 
								Alim çox doğru olaraq belə bir nəticəyə 
								gəlmişdir ki, Cübran və ər-Reyhanidə 
								R.U.Emersonun, U.Uitmenin, N.Toronun, Şellinin, 
								Bayronun, Hüqonun təsiri daha artıq hiss 
								edildiyi halda, Poltavada təhsil almış Mixail 
								Nüaymənin bədii yaradıcılığında L.Tolstoyun, 
								İ.Turgenevin, A.çexovun, ədəbi-tənqidi 
								məqalələrində isə V.Belinskinin təsiri müşahidə 
								olunur. Alimin fikrincə, yeni ərəb ədədiyyatının 
								təşəkkülü və formalaşmasında əhəmiyyətli rol 
								oynamış "Suriya-Amerika məktəbi"nin 
								nümayəndələri öz yaradıcılıqları ilə yalnız ərəb 
								ədəbiyyatında deyil, həm də Şərq ölkələrinin 
								milli ədəbiyyatlarında öz davamçıları üçün yol 
								açmışlar.  
								
								Bildirilmişdir ki, Aida İmanquliyeva kimi 
								alimlər ölməz tədqiqat əsərləri ilə Qərb ilə 
								Şərqin sivilizasiyalararası toqquşmadan yan 
								keçməsinə, dialoqun və qarşılıqlı anlaşmanın 
								ədavətə, dini fanatizmə qalib gəlməsinə kömək 
								etmişlər.  
								
								Beynəlxalq simpozium oktyabrın 11-də öz işini 
								bölmə iclaslarında davam etdirib.   
								
								
								AzərTAc  |