| 
								
								Oktyabrın 11-də XX əsrin görkəmli şərqşünas 
								alimi, filologiya elmləri doktoru, professor 
								Aida İmanquliyevanın 70 illik yubileyinə həsr 
								olunmuş "Şərq və Qərb: ortaq mənəvi dəyərlər, 
								elmi-mədəni əlaqələr" mövzusunda Beynəlxalq İbn 
								Ərəbi simpoziumunun təntənəli bağlanış mərasimi 
								keçirilmişdir.
								 
								
								"Buta" sarayında keçirilən mərasimdə alimin 
								qızı, Azərbaycanın birinci xanımı, Heydər Əliyev 
								Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun 
								xoşməramlı səfiri, Milli Məclisin deputatı 
								Mehriban Əliyeva iştirak edirdi.  
								
								AMEA-nın prezidenti, akademik Mahmud Kərimov 
								bildirmişdir ki, üç gün ərzində simpoziumun 
								iştirakçıları Aida xanımın elmi yaradıcılığına 
								müraciət edərək onun əziz xatirəsini yad 
								etmişlər. Gözəl alim və insanın elmi irsi 
								Şərq-Qərb elmi-mədəni əlaqələrinin öyrənilməsi, 
								tədqiq və təhlil edilməsi, ortaq mənəvi 
								dəyərlərin axtarışı baxımından böyük bir 
								məktəbdir.  
								
								M.Kərimov qeyd etmişdir ki, simpozium 
								çərçivəsində müxtəlif bölmələrdə geniş 
								müzakirələr aparılmış, eyni zamanda mədəni 
								tədbirlər keçirilmişdir. Bu simpozium yeni elmi 
								əlaqələrin qurulması baxımından da əhəmiyyətli 
								olmuşdur.  
								
								AMEA-nın prezidenti əmin olduğunu bildirmişdir 
								ki, Bakını tərk edən simpozium iştirakçıları 
								Azərbaycan haqqında, onun paytaxtı haqqında xoş 
								təəssüratlarla vətənlərinə qayıdacaqlar.
								 
								
								Mərasimdə çıxış edən İbn Ərəbi Cəmiyyətinin 
								sədri Qrenvil Kollinz, ABŞ-dan olan şərqşünas 
								alim, professor Seyid Hüseyn Nasr simpoziumun 
								yüksək səviyyədə təşkilinə görə Heydər Əliyev 
								Fondunun prezidenti Mehriban xanım Əliyevaya, 
								ölkə rəhbərliyinə minnətdarlıqlarını 
								bildirmişlər.  
								
								Qeyd olunmuşdur ki, simpozium həm dünya fəlsəfi 
								fikrinə mühüm təsir göstərmiş İbn Ərəbi irsinin 
								tədqiqi, həm görkəmli şərqşünas alim Aida 
								İmanquliyevanın elmi fəaliyyətinin öyrənilməsi, 
								həm də Azərbaycan tarixinin, elmi-fəlsəfi 
								fikrinin mühüm məqamları barədə fikir 
								mübadiləsinin aparılması baxımından əhəmiyyətli 
								olmuşdur.  
								
								Azərbaycanda sürətli inkişafın və tərəqqinin 
								şahidi olduqlarını vurğulayan qonaqlar əminliklə 
								bildirmişlər ki, qədim tarixə, gözəl abidələrə, 
								yüksək milli mənəvi dəyərlərə malik olan xalq 
								bundan sonra da bəşəri dəyərlərin 
								zənginləşməsinə öz töhfələrini verəcəkdir.
								 
								
								Tədbir ziyafətlə yekunlaşmışdır. 
								 |