| 
								 
								
								
								(Əvvəli qəzetimizin ötən saylarında)  
								
								
								İctimai-siyasi və sosial-iqtisadi 
								quruluşlarından asılı olmayaraq, bilik bütün 
								cəmiyyətlərdə zəruri ehtiyac, inkişafın mənbəyi 
								kimi qəbul edilmişdir. Biliklər aləminə gedən 
								yol isə həyati təcrübədən başlanır. Yer üzündə 
								hələ ilk insan nəsli yarandığı vaxtdan mübarizə 
								meydanına çevrilən həyatda uğur və qələbələr 
								daha çox ağıl və idrakın məhsulu olan biliklərin 
								əsasında əldə edilən bacarıq və vərdişlər 
								sayəsində qazanılmışdır. Canlılar aləmində 
								yeganə şüurlu varlıq olan insanın dünyanı 
								dəyişməyə qadir qüvvə kimi formalaşması da onun 
								bilikləri qazanmaq və tətbiq etmək qabiliyyətinə 
								malik olması ilə bağlıdır.
								  
								
								
								Dünyanın ilk vətəndaşları olan ibtidai 
								insanların yeganə qayğısı əvvəllər yaşamaq 
								naminə qida əldə etmək idisə, az sonra 
								üzləşdikləri təbii fəlakətlərdən, vəhşi 
								canlılardan qorunmaq, məişət ehtiyaclarını 
								ödəmək zərurəti onları istər-istəməz canlı və 
								cansız aləmin, təbiət hadisələrinin sirlərini 
								öyrənməyə sövq etdi. Məhz öyrənmə prosesi 
								onlarda ictimai şüurun, idrakın, ünsiyyət 
								vasitələrinin formalaşmasına böyük təkan verdi. 
								çox güman ki, min illərlə davam etsə də, bu 
								öyrənmə proseççççsi və onun nəticəsi kimi 
								meydana çıxan tətbiqi bacarıqlar insanların ilk 
								təhsillənmə fəaliyyətinin rüşeymlərini təşkil 
								etmişdir. Zaman keçdikcə, həyati tələbatların 
								çoxalması ilə əlaqədar öyrənməyə meyil və maraq 
								xeyli güclənmiş, bu da, öz növbəsində, ətraf 
								aləmə aid biliklərin daha sistemli şəkildə 
								öyrənilməsi zərurətini yaratmışdır. Beləliklə, 
								bəşəriyyət ibtidai əl əməyi alətlərinin 
								yaradılmasından, odun əldə olunmasından başlamış 
								mexanikanın qanunlarının, elektrikin kəşfinədək 
								və nəhayət, kosmosun fəthinədək möhtəşəm bir 
								tarixi inkişaf yolu keçmişdir. Nəsillər 
								bir-birini əvəz etdikcə sələflər və xələflərin 
								nümunəsində əvvəlkilərə möcüzə kimi görünən 
								hadisələrin onları əvəz edənlər tərəfindən 
								həqiqətə çevrilməsi isə yalnız təhsil sayəsində 
								təşəkkül tapmış insan zəkasının qüdrəti ilə 
								mümkün olmuşdur.  
								
								
								Heç şübhəsiz, sistemləşdirilmiş bilik və 
								bacarıqların məcmusunu ifadə edən təhsil bəşəri 
								dəyər kimi birdən-birə formalaşmamışdir. İcmalar 
								yaranıb cəmiyyət təşəkkül tapdıqca 
								sosial-iqtisadi tələblərin yerinə yetirilməsində 
								müəyyən bilik və həyati bacarıqların əldə 
								olunmasının vacibliyi tədricən müxtəlif 
								istiqamətlər üzrə xüsusi təlim verən və 
								ayrı-ayrı şəxslərin adı ilə adlanan məktəblərin 
								təşkilinə gətirib çıxardı. Bu məktəblərdə həyata 
								keçirilən təlimlər isə təlim-tərbiyə, yəni 
								təhsil anlayışının yaranmasının əsasını qoydu.
								 
								
								
								Bütövlükdə götürsək, bəşər sivilizasiyasının 
								təşəkkülü, formalaşması və inkişafı bilavasitə 
								təhsillə bağlıdır. Ayrı-ayrı dövrlərdə müxtəlif 
								xalq və millətlərin, onların nümayəndələrinin 
								yaratdığı pedaqoji fikir abidələri, ideya və 
								konsepsiyalar bəşəri xarakter daşımaqla bütün 
								millətlərə və xalqlara eyni dərəcədə açıq olmuş, 
								dünyanı inkişafa doğru aparan tükənməz mənəvi 
								sərvətə çevrilmişdir. Əgər sakinləri olduğumuz 
								dünyanı obrazlı şəkildə ictimai-iqtisadi 
								formasiyalardan, qərinələr və əsrlərdən, dövr və 
								zamanlardan qurulmuş binaya bənzətsək, heç 
								şübhəsiz, bu möhtəşəm abidənin məhz təhsil 
								adlanan möhkəm və etibarlı bünövrə üzərində 
								qərar tutmasını heç kəs inkar edə bilməz. 
								 
								
								
								Qədim dünya dövlətləri ilə müqayisədə ilk insan 
								məskənlərindən biri kimi Azərbaycanda pedaqoji 
								fikrin, təlim-tərbiyə ənənələrinin yaranması 
								tarixi min illər bundan əvvələ təsadüf edir. Bu 
								faktı təsdiq etmək üçün Qobustan və Gəmiqayadakı 
								qayaüstü rəsmləri xatırlamaq kifayətdir. 
								Abidələrdə əks olunmuş təsvirlər o vaxtlar 
								Azərbaycanda yaşamış insanların məşğulluq 
								sahələrini, fikir və düşüncələrini büruzə 
								verməklə yanaşı, təfəkkür tərzlərini də nümayiş 
								etdirirdi. Cəsarətlə demək olar ki, bu rəsmlər 
								düşüncələrin yazılı formada ifadə edilməsi 
								sahəsində ilk cəhdlər kimi sonralar həmin 
								ərazidə yazı mədəniyyətinin yaranması və 
								formalaşmasında müstəsna rol oynamışdır. Bu gün 
								biz haqlı olaraq dünyada ilk yazılı abidələrdən 
								biri və bütövlüklə Azərbaycana məxsus 
								"Kitabi-Dədə Qorqud"la fəxr edirik. Lakin, mənim 
								fikrimcə, yaranma tarixi VI-IX əsrlərə də 
								təsadüf edən bu abidədə milli mənəvi tərbiyənin, 
								insana xas olan ali keyfiyyətlərin ifadə 
								olunması ilə ikiqat iftixar hissi duyulmalıdır, 
								təkcə elə ona görə ki, yazılı formada kitaba 
								düşənə qədər həmin həyati məsələlərin 
								formalaşması üçün, yəqin, əsrlərlə vaxt lazım 
								olunmuşdur ki, bu da xalqımızın tarixinin 
								qədimliyinə, təfəkkür tərzinin aliliyinə və daim 
								ülvi hisslərlə yaşamasına parlaq sübutdur. Hər 
								səhifəsi gələcək nəsillərə ibrət dərsi olan, 
								insanlara milli birlik, vətənpərvərlik, humanizm 
								ideyaları təlqin edən bu möhtəşəm söz abidəsi, 
								eyni zamanda Azərbaycanda pedaqoji fikrin və 
								bunun əsasında təlim-tərbiyə sisteminin 
								formalaşmasında müstəsna rol oynamış, pedaqoji 
								tədqiqatlar üçün əvəzsiz mənbəyə çevrilmişdir.
								 
								
								
								On əsr bundan əvvəl yazılı abidəsi mövcud olmuş 
								xalqımızın maarifpərvər, elm və təhsilyönümlü 
								xarakteri real faktlarla çoxdan sübuta 
								yetirilmişdir. Hələ eramızın ilk əsrlərindən 
								başlayaraq Azərbaycanda salınmış xüsusi memarlıq 
								üslubuna malik şəhərlər, mədəni abidələr və 
								kommunikasiya vasitələri indinin özündə də 
								mühəndis-texniki təfəkkürün nadir nümunələri 
								kimi hamını valeh edir. Bütün bunlar onları 
								yaradan insanların dövrünə görə fundamental 
								təhsil almasından, intellektual səviyyəsindən, 
								əqli kamillik dərəcəsindən xəbər verir. 
								 
								
								
								Tarixi mənbələr göstərir ki, Azərbaycanda 
								ibtidai savad təlimi verən ilk məktəblərin 
								yaranması yeni eranın əvvəllərinə təsadüf edir. 
								VII əsrdə artıq təhsil sistemi formalaşmaqda 
								idi. Daha sonralar inkişaf elə bir səviyyəyə 
								çatmışdı ki, X-XIII əsrlərdə Azərbaycanın bir 
								çox şəhərləri, o cümlədən Təbriz, Marağa, Gəncə, 
								Naxçıvan, Şamaxı, Ərdəbil Şərq aləmində elm, 
								təhsil, incəsənət və mədəniyyət mərkəzləri kimi 
								tanınırdı. Təkcə onu göstərmək kifayətdir ki, 
								XVII əsrin ortalarında Təbrizdə 600 ibtidai, 47 
								orta, Şamaxıda 40 ibtidai, 7 orta məktəb 
								fəaliyyət göstərirdi.  
								
								
								O dövrlərdə təhsil kütləvi xarakterdə və pulsuz 
								olmasa da, bu sistem daxilində təhsil alanların 
								əksəriyyəti tanınmış yaradıcı şəxsiyyətlər kimi 
								formalaşaraq ictimai-siyasi, iqtisadi, 
								sosial-mədəni həyatda fəal iştirak edir, ümumi 
								inkişafa böyük töhfələr verirdilər. Əgər belə 
								olmasaydı, elm və tədqiqatlar mərkəzi kimi 
								şöhrət qazanmış intibah rəmzi sayılan Marağa 
								rəsədxanası XIII əsrdə yarana bilməzdi. 
								 
								
								
								Söz yox ki, Azərbaycanda qədim dövrlərdən 
								etibarən elm, mədəniyyət və təhsilin digər 
								ölkələrin heç də hamısına müyəssər olmayan 
								inkişafının səbəblərinin indiyədək ətraflı 
								araşdırıldığını iddia etmək düzgün olmazdı (yeri 
								gəlmişkən, bu sahədə tədqiqatların aparılmasına 
								ciddi ehtiyac vardır). Lakin fikrimcə, bu 
								inkişafın sirlərini xalqımızın yaradıcı 
								təbiətində, humanist xarakterində, xeyirxah və 
								nurlu mənəvi dünyasında, ən başlıcası, həyati 
								təcrübəni öyrənib onu elmi dünyagörüşə çevirmək 
								istedadında axtarmaq lazımdır. Doğrudan da 
								"həyatdan dərs ala bilməyən adam heç kəsə dərs 
								verməməlidir, çünki əməyi hədər gedər" (Keykavus 
								ibn İsgəndər, XI əsr).  
								
								
								Tarixi keçmişimizin təhsillə baglı səhifələrini 
								vərəqlədikcə sonrakı dövrlərdə, xüsusilə XIX-XX 
								əsrlərdə bu sahədə irəliləyişlərin xeyli 
								gücləndiyinin şahidi oluruq. O vaxtlar milli 
								maarifçilik hərəkatının öncülləri olan Abasqulu 
								Ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Həsən bəy 
								Zərdabi, Seyid Əzim Şirvani, Mirzə Şəfi Vazeh, 
								Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Məmməd Tağı 
								Sidqi, Firudin bəy Köçərli, Həbib bəy 
								Mahmudbəyov, Sultan Məcid Qənizadə, üzeyir 
								Hacıbəyov, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy 
								Haqverdiyev, Yusif Vəzir çəmənzəminli, Cəlal 
								Rəfibəyli, Aleksandr Osipoviç çernyayevski, 
								Nəriman Nərimanov və digər görkəmli 
								şəxsiyyətlərin azərbaycanlı balaların 
								təhsillənməsi sahəsində gördükləri işlər, 
								çəkdikləri əzablar əsl fədakarlıq və 
								vətənpərvərlik nümunəsi idi. O dövrdə milli 
								maarifçilik ənənələrinin yaşadılması və inkişafı 
								istiqamətində böyük maarifpərvər xeyriyyəçi Hacı 
								Zeynalabdin Tağıyevin və başqa neft 
								sənayeçilərinin, "Nicat", "Nəşri-maarif", 
								"Səadət" kimi xeyriyyə cəmiyyətlərinin açdıqları 
								məktəblər Azərbaycanda ümumi təhsil sisteminin 
								formalaşmasında tarixi əhəmiyyət kəsb etmişdi.
								 
								
								
								Əslində əsrlərdən bəri, xüsusən də XIX-XX 
								əsrlərdə milli təhsilimizin təşəkkülü sahəsində 
								həyata keçirilən genişmiqyaslı tədbirlər və 
								bunların göz qabağında olan real nəticələri 
								Azərbaycanın şimal hissəsi Rusiyanın tərkibinə 
								qatıldıqdan sonra meydana gəlmiş ədalətsiz bir 
								mülahizəni, yəni həmin vaxta qədər guya 
								Azərbaycanda milli təhsil sisteminin olmaması 
								fikrini puça çıxarır. Əgər belə idisə, rus 
								imperiyasının süqutundan sonra Azərbaycan Xalq 
								Cümhuriyyəti dövründə milli təhsilin inkişafı 
								ilə bağlı cəmi 18 ay ərzində on illərə bərabər 
								işlər görülə bilərdimi?!  
								
								
								Bununla belə, Azərbaycanın müstəqilliyi əlindən 
								alınmaqla xalqımızın azadlıq ideallarına və 
								mənəviyyatına təcavüz olunmuş sovet hakimiyyəti 
								illərində ölkəmizin təhsil sahəsində müəyyən 
								inkişaf yolu keçməsi fakt olaraq qalır. Yeri 
								gəlmişkən, bu inkişaf, əlbəttə, təkcə 
								Azərbaycana deyil, bütün sovet respublikalarına 
								aid idi. Eyni zamanda belə düşünmək də 
								sadəlövhlük olardı ki, mərkəzi hakimiyyət 
								azərbaycanlılara, ukraynalılara, yaxud özbəklərə 
								xüsusı rəğbət bəslədiyindən onların inkişafına 
								rəvac verirdi. Sadəcə, 1922-cı ildə yaranmış 
								SSRİ 15 respublika üçün vahid məkana 
								çevrildiyindən başqa bir siyasət yeridilməsi heç 
								də mümkün deyildi. Tərkibindəki bütün xalqların 
								bərabərliyinin, azadlıqlarının və inkişafının 
								təmin edilməsi barədə müntəzəm aparılan təbliğat 
								isə SSRİ-ni dünya dövlətlərinə humanist və 
								demokratik prinsiplərə sadiq ölkə kimi qələmə 
								vermək məqsədi daşıyırdı. Əgər konkret olaraq 
								Azərbaycanın nümunəsində reallığı götürsək, 
								ölkəmizin yeraltı və yerüstü sərvətlərinin, əqlı 
								potensialının SSRİ büdcəsinə gətirdiyi gəlir 
								mərkəzi hakimiyyətin Azərbaycanın 
								maliyyələşməsinə ayırdığı vəsaitdən qat-qat çox 
								idi və bunları heç müqayisə etməyə belə dəyməz. 
								Həm də ittifaqa daxil olan xalqların, eləcə də 
								Azərbaycan nümayəndələrinin elm, mədəniyyət, 
								idman və digər sahələrdə qazandığı uğurlar 
								təmsil etdikləri respublikaların deyil, SSRİ-nin 
								adına yazılırdı. Azərbaycanın o dövrdə ittifaqın 
								hüdudlarından kənarda az tanınmasının bir səbəbi 
								də məhz bu amillə bağlı idi.  
								
								
								Hər halda sovet dövrü Azərbaycanın tarixində 
								müəyyən mərhələ təşkil edir və ziddiyyətlərlə 
								dolu olsa da, bir sıra sahələrdə, o cümlədən 
								təhsil sahəsində də irəliləyişlərin, inkişafın 
								baş verməsi obyektiv qiymətləndirilməlidir. Belə 
								ki, əhalinin savadsızlığının tədricən aradan 
								qaldırılması, təhsilin pulsuz olması, kütləvi 
								xarakter alması və sistem halında 
								formalaşdırılması, təhsilin dünyəviliyinin təmin 
								olunması məhz sovet dönəmi ilə bağlıdır. Yeni 
								hakimiyyət qurulduqdan cəmi 10 il sonra ibtidai 
								təhsilin artıq icbari elan edilməsi, 
								1935-1958-ci illərdə yeddiillik, 1959-1966-cı 
								illərdə səkkizillik, sonrakı dövrlərdə isə orta 
								təhsilin icbariliyinin həyata keçirilməsi, 
								şübhəsiz, böyuk uğur sayılmalıdır. Araşdırmalar 
								göstərir ki, 1920-ci illə müqayisədə ümumtəhsil 
								məktəblərinin sayı 57 faiz artaraq 965-dən 
								1929-cu ildə 1687-yə çatmışdı. 1940-41-ci dərs 
								ilində ölkədə artıq 3575 məktəb fəaliyyət 
								göstərirdi. ötən əsrin 70-ci illərinin sonuna 
								yaxın isə Azərbaycanda 4195 məktəb qeydə 
								alınmışdı. Şagirdlərin sayına gəlincə isə 
								1920-ci ilə nisbətən artım 79.402 nəfərdən 
								yüksələrək 70-ci illərdə 1.035.846 nəfər təşkil 
								etmişdi.  
								
								
								Heç şübhəsiz, sovet hakimiyyəti illərində 
								bütövlükdə Azərbaycanın, eləcə də ölkə 
								təhsilinin, xüsusilə orta təhsilin vüsətli 
								tərəqqisi ulu öndər Heydər Əliyevin respublikaya 
								rəhbərlik etdiyi dövrə təsadüf edir. 
								İqtisadiyyat və sosial-mədəni sahələrdə 
								inkişafla yanaşı, insanların mənəvi yüksəlişi 
								ilə şərtlənən bu dövr ölkəmizin tarixinə, sözün 
								əsl mənasında, "qızıl dövr", "intibah dövrü" 
								kimi daxil olmuşdur. Qısa müddət ərzində 
								səkkizillik icbari təhsildən icbari orta təhsilə 
								keçilməsi, 350 mindən artıq şagird yeri olan 680 
								yeni ümumtəhsil məktəbinin inşası, ümumi təhsil 
								müəssisələri üçün pedaqoji kadr hazırlığının 
								gücləndirilməsi, orta məktəb şagirdlərinin 
								dərsliklərlə pulsuz təminatı, elmi-pedaqoji 
								tədqiqatların genişləndirilməsi o dövrdə ümumi 
								orta təhsillə bağlı irimiqyaslı fəaliyyətlərin 
								real nəticələrini əks etdirir.  
								
								
								ümumiyyətlə, tarixi faktları araşdırdıqda hər 
								hansı bir ölkədə təhsil sistemi formalaşmağa 
								başlanandan hazırkı vaxta qədər, ilk növbədə, 
								ümumi təhsilin inkişafına ciddi diqqət 
								yetirildiyinin şahidi oluruq. Bu da səbəbsiz 
								deyildir. çunki insanın şəxsiyyət kimi 
								formalaşmasında, zəruri biliklərə və həyati 
								bacarıqlara yiyələnməsində ümumi təhsil müstəsna 
								rol oynayır. Ola bilər ki, insan həyatının 
								sonrakı mərhələlərində digər təhsil 
								səviyyələrinin imkanlarından istifadə etməsin. 
								Lakin ümumi təhsilin icbari mərhələsini hökmən 
								keçməlidir. Ona görə də bu mərhələnin yekununda 
								vətəndaşa dövlət standartları səviyyəsində elə 
								keyfiyyətli təhsil verilməlidir ki, o, həmin 
								bazadan istifadə edərək cəmiyyətdə öz yerini 
								tapa bilsin, "artıq adam"a çevrilməsin. Bununla 
								yanaşı, ümumi təhsil sonrakı səviyyələrdə 
								təhsili davam etdirmək üçün möhkəm bünövrə 
								missiyasını yerinə yetirir. Əks halda, 
								peşə-ixtisas təhsilinin səmərəliliyinin təmin 
								olunmasından danışmağa belə dəyməz. Bu mənada 
								təhsil sisteminin dayanıqlılığı ümumi təhsildən, 
								onun keyfiyyətindən daha çox asılıdır. 
								 
								
								
								Deyirlər ki, kamıl insan idrakının, elminin, 
								həyat təcrübəsinin gücündən bəhrələnməklə daim 
								həqiqət axtarışındadır. ümumi təhsil illəri 
								insanın məhz elə bir yaş dövrünə təsadüf edir 
								ki, o, həyatda hələ kövrək addımlarını atır, 
								yaxşı ilə pisi ayırd etməkdə, baş verən 
								hadisələrin mahiyyətini aydınlaşdırmaqda 
								çətinlik çəkir, şübhələr və qeyri-müəyyənliklər 
								içərisində vurnuxur. çox vaxt həyatda müxtəlif 
								insanların nümunəsində söz və əməlin əksliyinin 
								şahidi olur. Belə bir vəziyyətdə, ilk növbədə, 
								ümumi təhsil uşaq və yeniyetmələr üçün etibarlı 
								kompas rolunu oynamalıdır. Onların təhsil 
								aldıqları məktəblərdə elə bir mənəvi-psixoloji 
								iqlim və təlim-tərbiyə şəraiti hökm sürməlidir 
								ki, uşaqlar bütün şübhələrdən azad olsunlar, 
								onlarda həyata və insanlara dərin inam yaransın, 
								müstəqil surətdə həqiqəti axtarıb tapmağın 
								yollarını öyrənsinlər, mənəvi cəhətdən saf və 
								əqidəli formalaşsınlar.  
								
								
								Bu mənada məktəbi "Müqəddəs məbəd" adlandıranlar 
								heç də səhv etmirlər. Məktəb belə bir şərəfə 
								yalnız biliklərin mənimsənildiyi müəssisə olduğu 
								üçün deyil, hər şeydən əvvəl, üzərinə 
								mənəviyyatlı insanlar yetişdirmək məsuliyyəti 
								düşdüyü üçün görülür. Təsadüfi deyil ki, dövrün, 
								zamanın tələbinə görə ayrı-ayrı vaxtlarda ümumi 
								təhsilin təlimlə bağlı məzmun istiqamətləri 
								dəyişsə də, təhsil alanların mənəvi tərbiyəsinə 
								verilən tələblər dəyişilməz qalır.  
								
								
								ümumi təhsilin məzmununda qədimdən üzü bəri baş 
								verən dəyişikliklər isə cəmiyyətin inkişafına 
								uyğun olaraq ümumi təhsilin keyfiyyəti və 
								səmərəliliyinin yüksəldilməsi məramı ilə bağlı 
								olmuşdur. Təhsilə cəlb edilmiş uşaqlara yaş və 
								fizioloji xüsusiyyətləri, əqli inkişafları 
								nəzərə alınmaqla "nələri və hansı həcmdə 
								öyrətmək" sualı mütəxəssisləri həmişə 
								düşündürmüş, bununla əlaqədar çoxsaylı 
								eksperimentlər aparılmışdır. Dünyada inkişaf 
								dövrdən-dövrə sürətləndikcə bu sual daha qabarıq 
								şəkildə gündəmə gətirilmiş, problemə müxtəlif 
								mövqeləri əks etdirən yanaşmalar meydana 
								çıxmışdır.  
								
								
								Yaxın tarixə nəzər saldıqda 80 ilə yaxın 
								Azərbaycanın da tərkibində olduğu keçmiş 
								Sovetlər Birliyinin ümumi təhsil sistemində 
								nəzəri biliklərin, fakt və məlumatların 
								öyrədilməsinə daha geniş yer verildiyi 
								açıq-aydın görünür. Siyasi, ideoloji fərqlərə 
								görə digər qabaqcıl dövlətlərin təhsil sahəsində 
								təcrübəsini öyrənmək imkanı yaradılmadığından 
								ölkə daxilində hamı sovet təhsil sistemini 
								dünyada ən qabaqcıl, mütərəqqi və humanist 
								sistem kimi qəbul etmişdi. Düzdür, bu sistemin 
								özünəməxsus üstünlüklərini inkar etmək düzgün 
								olmazdı, neçə nəsil məhz həmin sistem daxilində 
								təhsil alıb formalaşmışdır. Bununla belə, 
								təhsilin, o cümlədən də ümumi təhsilin 
								məzmununun konkret standartlar üzərində 
								qurulmaması, tədris proqramları və dərsliklərin 
								həddən artıq yüklü olması, qiymətləndirmə üsul 
								və meyarlarının, təlim metodlarının 
								yeknəsəqliyi, şagirdlərə yanaşmada 
								diferensiallaşmanın tətbiq edilməməsi və başqa 
								bu kimi amillər son nəticədə formalizm 
								hallarının yaranmasına, bir çox şagirdlərin 
								keyfiyyətli təhsil almadan, bəzi fənləri 
								mənimsəmədən süni surətdə sinifdən-sinfə 
								keçirilməsinə və həyatda onlar üçün bəlkə də heç 
								bir əhəmiyyət kəsb etməyən təhsil sənədi 
								almasına gətirib çıxarırdı.  
								
								
								Azərbaycanda bütövlükdə təhsil sisteminin, o 
								cümlədən də ümumi təhsilin milli ənənələr, milli 
								mənəvi və bəşəri dəyərlər zəminində dinamik və 
								məqsədyönlü inkişafı məhz dövlət müstəqilliyinin 
								bərpasından sonra mümkün oldu. Düzdür, 
								müstəqilliyin ilk illərində ölkəmizdə baş vermiş 
								siyasi böhran, iqtisadi tənəzzül, vətəndaş 
								müharibəsi təhlükəsi, Ermənistanın təcavüzü və 
								digər bu kimi amillər inkişafa ciddi zərbə 
								vurdu, xalqa müstəqilliyin şirinliyini hiss 
								etməyə imkan vermədi. Tarixi həqiqətdir ki, 
								bütün bu xaosa, xalqın dövlətə inamsızlığına, 
								ümidsizliyə ulu öndər Heydər Əliyevin 
								Azərbaycanda siyasi hakimiyyətə ikinci dəfə 
								qayıdışından sonra birdəfəlik son qoyuldu. 
								Diqqət yetirsək, ümummilli liderin 
								hakimiyyətinin üç ili yalnız ölkədə siyasi 
								sabitliyin bərpasına yönəlmişdi. 1996-cı ilin 
								əvvəllərindən isə respublikamız tənəzzül və 
								iflasdan çıxaraq inkişafa doğru inamla 
								addımlamağa başladı, bütün sahələrdə 
								islahatların aparılması üçün münbit şərait 
								yarandı.  
								
								
								Zəngin həyat və dövlətçilik təcrübəsi olan ulu 
								öndər Heydər Əliyev cəmiyyətin inkişafında 
								təhsilin rolunu yüksək qiymətləndirir, bu sahədə 
								islahatların tezliklə başlanmasını zəruri hesab 
								edirdi. Bu mənada dahi rəhbərin 1998-ci ildə 
								təhsil sahəsində islahatlar üzrə Dövlət 
								Komissiyasının yaradılması barədə sərəncamı, bir 
								il sonra isə təsdiq etdiyi "Azərbaycan 
								Respublikasının təhsil sahəsində İslahat 
								Proqramı" müstəqil ölkəmizin təhsil salnaməsinə 
								müstəsna əhəmiyyətə malik tarixi sənədlər kimi 
								daxil olmuşdur.  
								
								
								"Azərbaycan Respublikasında təhsil sahəsində 
								İslahat Proqramı"nın əsas konseptual ideyasını 
								və təməl prinsiplərini Heydər Əliyevin irəli 
								sürdüyü aşağıdakı müddəalar təşkil edir: 
								 
								
								
								- təhsil sistemində hər bir yeniləşmə inqilabi 
								yolla deyil, təkamül yolu ilə həyata 
								keçirilməlidir;  
								
								
								- biz heç bir ölkənin təhsil sistemini olduğu 
								kimi Azərbaycanda qurmağa çalışmamalıyıq; 
								 
								
								
								- dünyanın inkişaf etmiş ölkələrinin təhsil 
								sistemi ilə, hazırda həmin ölkələrdə təhsil 
								sahəsində aparılmaqda olan islahatlarla yaxından 
								tanış olmalıyıq;  
								
								
								- xalqımızın milli mənəvi xüsusiyyətlərindən, 
								adət-ənənələrindən, milli mentalitetindən, 
								xüsusən təhsil sahəsində XX əsrdə Azərbaycanda 
								formalaşmış mütərəqqi ənənələrdən səmərəli 
								istifadə etməliyik;  
								
								
								- təhsil sistemimizin hazırkı vəziyyətini, onun 
								problemlərini dərindən öyrənməli, prioritet 
								sahələri müəyyən etməliyik;  
								
								
								- müstəqil Azərbaycanın təhsil sistemi milli 
								zəminə söykənərək, ümumbəşəri dəyərlərdən 
								bəhrələnməlidir.  
								
								
								Tarixi xatırlasaq, ulu öndərin proqram 
								xarakterli bu müddəaları əsas tutularaq 
								Azərbaycanda təhsil islahatlarının 3 mərhələdə 
								keçirilməsi nəzərdə tutulmuşdu.  
								
								
								I mərhələ hazırlıq mərhələsi adlanırdı və 
								1999-cu ili əhatə edirdi. Bu mərhələdə 
								vətəndaşların təhsil almaq hüququnu təmin edən, 
								bazar iqtisadiyyatının tələblərinə uyğun yeni 
								təhsil sisteminin normativ-hüquqi, iqtisadi və 
								informasiya bazasını yaratmaq üçün təşkilati 
								işlər aparıldı.  
								
								
								Qisamüddətli perspektivi əhatə edən II mərhələdə 
								(2000-2003-cü illər) təhsil sahəsinin 
								sosial-iqtisadi sabitliyinin təmin edilməsi üzrə 
								tədbirlərin həyata keçirilməsi, genişmiqyaslı 
								islahatların aparılması üçün təşkilati, 
								normativ-hüquqi, kadr, maliyyə, maddi-texniki, 
								elmi, tədris-metodiki və informasiya 
								təminatının, yeni idarəetmə modelinin 
								yaradılması istiqamətində əhəmiyyətli addımlar 
								atıldı.  
								
								
								III mərhələ 2004-cü ildən sonrakı dövrü əhatə 
								edirdi və bu mərhələdə proqramda nəzərdə tutulan 
								bütün tədbirlərin həyata keçirilməsi yolları 
								göstərilmişdi.  
								
								
								İslahat Proqramında I mərhələdə 50, II mərhələdə 
								57, III mərhələdə 21 tədbir olmaqla bütövlükdə 
								128 tədbirin həyata keçirilməsi 
								müəyyənləşdirilmişdi. Təkcə I və II mərhələlərdə 
								müxtəlif nazirlik və komitələrə aşağıdakı 
								tədbirlərin həyata keçirilməsi tapşırılmışdı:
								 
								
								
								Ədliyyə Nazirliyi - normativ-hüquqi aktların, 
								proqram xarakterli sənədlərin, eləcə də konkret 
								islahat mexanizmlərinin hazırlanmasında 
								bilavasitə iştirak və onların vaxtında təsdiq 
								olunması. I mərhələdə 5 strateji tədbir. II 
								mərhələnin birinci ilində 1 strateji tədbir.
								 
								
								
								Səhiyyə Nazirliyi - təhsilalanların 
								sağlamlığının qorunması, təlim-tərbiyə üçün 
								təhlükəsiz şəraitin yaradılması, eləcə də 
								sanitar-gigiyenaya dair normativ sənədlərin, 
								evdə təhsil, qüsurlu olan uşaqlar üçün yeni 
								tipli müəssisələrin, reabilitasiya mərkəzlərinin 
								yaradılması ilə bağlı təkliflərin hazırlanması. 
								I mərhələdə 5 strateji tədbir.  
								
								
								Gənclər və İdman Nazirliyi - tərbiyə 
								proqramının, uşaq və gənclərin ictimai 
								təşkilatları ilə iş üzrə proqramın hazırlanması, 
								istedadlı şagird və tələbələrin respublikadaxili 
								və beynəlxalq olimpiadalarda, idman yarışlarında 
								iştirakı işinin təkmilləşdirilməsi üçün proqram 
								xarakterli mexanizmlərin verilməsi. I mərhələdə 
								4 strateji tədbir, II mərhələnin birinci ilində 
								1 strateji tədbir.  
								
								
								Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi - 
								təhsil sistemi iştirakçılarının sosial müdafiəsi 
								proqramının hazırlanmasında iştirak, pedaqoji 
								kadrlar, rəhbər işçilərin yeni attestasiya 
								mexanizminin təkmilləşdirilməsi ilə bağlı 
								təkliflərin verilməsi. Təhsil sistemi 
								işçilərinin sosial müdafiəsinin təmin edilməsi 
								ilə bağlı normativ-hüquqi sənədlərin 
								hazırlanmasında, əmək bazarının dəyişən 
								tələbatının təşkili nöqteyi-nəzərindən yeni 
								hazırlanacaq ixtisasartırma və yenidənhazırlanma 
								proqramının yaradılmasında iştirak etmək. I 
								mərhələdə 3 strateji tədbir, II mərhələnin 
								birinci ilində 2 stareji tədbir.  
								
								
								Maliyyə Nazirliyi və Milli Bank - təhsil 
								sisteminin mövcud maliyyələşmə mexanizminin 
								təhlili, yeni iqtisadi modelin yaradılması ilə 
								bağlı təkliflərin, beynəlxalq fondların 
								köməyinin və dövlət əhəmiyyətli investisiya 
								qoyuluşunun, eləcə də beynəlxalq kreditləşmənin 
								proqram və layihələrinin hazırlanması. Peşə və 
								ixtisas üzrə təhsilalanlara, məzunlara sosial 
								güzəştlərin, adambaşına maliyyələşmə 
								prinsiplərinə keçidlə bağlı müvafiq 
								normativlərin müəyyənləşdirilməsi, təhsilin 
								inkişafı fondunun fəaliyyətinin gücləndirilməsi 
								və genişləndirilməsi işinin müasir tələbata 
								uyğunlaşdırılması. Müəssisədaxili maliyyə 
								sərbəstliyi verilməsi mexanizminin, peşə-ixtisas 
								təhsili müəssisələrinə muxtariyyət verilməsi ilə 
								əlaqədar yeni maliyyələşmə mexanizminin 
								hazırlanması. I mərhələdə 17 strateji tədbir, II 
								mərhələnin birinci ilində 11 strateji tədbir.
								 
								
								
								İqtisadiyyat Nazirliyi - təhsil sisteminin yeni 
								iqtisadi modelinin yaradılması ilə bağlı konkret 
								mexanizmin müəyyənləşdirilməsi. Peşə təhsili 
								müəssisələri şəbəkəsinin optimallaşdırılması 
								barədə təkliflərin hazırlanması. Respublikada 
								iqtisadiyyatın yeni sahələri və dövlətin 
								strateji məqsədlərini həyata keçirən ixtisaslı 
								kadrların, o cümlədən 
								idarəedənlərin-menecerlərin, hazırlığı 
								aparılmayan ixtisasların müəyyənləşdirilməsi və 
								həmin ixtisaslar üzrə kadr hazırlığı üçün xüsusi 
								proqramların yaradılması. Vəsaitlərin 
								xəzinədarlıq sistemi çərçivəsində müstəqil 
								maliyyə istifadəsi mexanizminin yaradılmasına 
								dair təkliflərin və peşə-ixtisas təhsili 
								sahəsində yeni ixtisas və ixtisaslaşma 
								klassifikatorunun hazırlanması. İşçi qüvvəsi 
								resurslarına tələbatın proqnozlaşdırılmasının 
								elmi əsaslarının yaradılması üçün konkret 
								təkliflərin verilməsi. 2000-ci və sonrakı 
								perspektiv illər üçün respublika 
								iqtisadiyyatının və onun sahələrinin inkişafının 
								kadr tələbatı proqnozlarının hazırlanması. 
								Mütəxəssis hazırlığının cari və perspektiv 
								strukturu və həcminin müəyyənləşdirilməsi. İşğal 
								olunmuş ərazilərdə dağıdılmış təlim-tərbiyə 
								müəssisələrinin bərpası və təchiz olunması 
								proqramının hazırlanması. I mərhələdə 12 
								strateji tədbir, II mərhələnin birinci ilində 1 
								strateji tədbir.  
								
								
								Mətbuat və İnformasiya Nazirliyi - tədris-əyani 
								vəsaitlərin, təlimin texniki vəsaitlərini 
								istehsal edən xüsusi sahələrin və vahid 
								Nəşriyyat-Poliqrafiya Birliyinin yaradılması 
								işinin həyata keçirilməsi. II mərhələnin birinci 
								ilində 1 strateji tədbir.  
								
								
								Azərbaycan Respublikası Elmlər Akademiyası - 
								Azərbaycan Respublikası Təhsil Akademiyasının 
								yaradılması barədə təkliflərin verilməsi. 
								Tərbiyə proqramının hazırlanmasında iştirak, 
								humanitar və sosial-iqtisadi fənlərin tədqiqi və 
								onların tədrisinin yeni konsepsiyasının 
								hazırlanması. Təhsil sistemi və müəssisələrinin 
								kompüterləşdirilməsi istiqamətində hazırlanacaq 
								proqrama təkliflərin verilməsi. Təhsil 
								sisteminin informasiya və kompüterləşmə 
								proqramının hazırlanmasında yaxından iştirak. 
								Tədris, elmi-metodik vəsaitlərin və dərsliklərin 
								nəşri proqramının hazırlanması, istedadlı şagird 
								və tələbələrin respublikadaxili və beynəlxalq 
								olimpiadalarda, müsabiqələrdə, konfranslarda və 
								digər tədbirlərdə iştirakı proqramının 
								hazırlanması. I mərhələdə 10 strateji tədbir, II 
								mərhələnin birinci ilində 10 strateji tədbir.
								 
								
								
								Bakı Şəhər İcra Hakimiyyəti - yeni təhsil 
								müəssisələrinin yaradılması prosesində iştirak, 
								ayrı-ayrı proqramların hazırlığı dövründə 
								konkret təkliflərin verilməsi. I mərhələdə 3 
								strateji tədbir, II mərhələnin birinci ilində 2 
								strateji tədbir.  
								
								
								Həmkarlar İttifaqı Konfederasiyası, Əmək və 
								Əhalinin Sosial Müdafiəsi Fondu - təhsil 
								sisteminin bütün iştirakçılarının sosial 
								müdafiəsini təmin edən normativ-hüquqi aktların 
								hazırlanması. Hazırlanacaq yeni attestasiya 
								mexanizminə kadrların maddi stimullaşdırılması 
								ilə bağlı konkret müddəaların daxil edilməsi, 
								təhsilalanların qruplarda, siniflərdə sıxlığının 
								yeni normativləri barədə təkliflərin 
								hazırlanması. İdarəetmə orqanlarında rəhbər 
								işçilərin attestasiya sisteminin yaradılması, 
								təhsil sistemi iştirakçılarının sosial müdafiəsi 
								proqramının hazırlanması. I mərhələdə 6 strateji 
								tədbir, II mərhələnin birinci ilində 3 strateji 
								tədbir.  
								
								
								Dövlət Statistika Komitəsi - hazırlanacaq 
								müvafiq proqramlara təkliflərin verilməsi, kadr 
								tələbatı proqnozlarının hazırlanması. I 
								mərhələdə 1 strateji tədbir, II mərhələnin 
								birinci ilində 3 strateji tədbir.  
								
								
								Dövlət Əmlak Nazirliyi - təhsil müəssisələrinin 
								sərəncamında olan mülkiyyətdən təhsil sistemi 
								üçün səmərəli istifadə olunması tədbirlərinin 
								müəyyənləşdirilməsi üzrə təkliflərin 
								hazırlanması. Hazırlanacaq müvafiq proqramlara 
								təkliflərin verilməsi, yeni müəssisələrin 
								yaradılması prosesində iştirak etmək. I 
								mərhələdə 1 strateji tədbir, II mərhələnin 
								birinci ilində 2 strateji tədbir.  
								
								
								Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə 
								Dövlət Komitəsi - təcavüz nəticəsində işğal 
								olunmuş ərazilərdə dağıdılmış təlim-tərbiyə 
								müəssisələrinin bərpası və təchiz olunması 
								proqramının hazırlanmasının təmin edilməsi. II 
								mərhələnin birinci ilində 1 strateji tədbir.
								 
								
								
								Dövlət Antiinhisar Komitəsi- təhsil sisteminin 
								idarəolunmasının inhisarsızlaşdırılması ilə 
								bağlı konkret təkliflərin hazırlanması. I 
								mərhələdə 1 strateji tədbir.  
								
								
								Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyi - 
								respublikada istehsal olunmayan tədris-əyani və 
								digər avadanlıqlarla təhsil sisteminin təchizatı 
								proqramının hazırlanmasında iştirak etmək, 
								təhsilin təchizatını təmin edən malların 
								respublikaya gətirilməsi zamanı istehsalçılar və 
								sponsorların fəaliyyətinin stimullaşdırılması 
								mexanizmini hazırlamaq.  
								
								
								Dövlət Teleradio Verilişləri Şirkəti - 
								təlim-tərbiyənin əsas problemlərinin 
								işıqlandırılmasını, elmi inkişafındakı 
								yeniliklərin yayılmasını, təhsil sahəsində 
								hüquqi aktlar və digər məlumatları pedaqoji 
								ictimaiyyətə və təhsil müəssisələrinə çatdırmaq 
								məqsədilə kütləvi informasiya vasitələrinin 
								telekommunikasiya kanalının təşkili.  
								
								
								Təhsil sistemini müasir tələblər səviyyəsində 
								qurmaq və inkişaf etdirmək üçün proqramda 
								islahatların aşağıdakı əsas prinsipləri 
								müəyyənləşdirilmişdi:  
								
								
								- təhsil sisteminin üstün inkişaf etdirilməli 
								sahə olduğunu təsbit etməyə imkan verən etibarlı 
								bazanın yaradılması, ölkə elminin və 
								mədəniyyətinin inkişafı, demokratik vətəndaş 
								cəmiyyətinin qurulması, modernləşdirilmiş 
								istehsalat-mülkiyyət sistemi əsasında dayanıqlı 
								iqtisadi artıma keçirilməsi;  
								
								
								- demokratikləşdirmə, humanistləşdirmə, 
								inteqrasiya, diferensiallaşdırma, fərdiləşdirmə 
								prinsiplərinə əsaslanaraq təhsil alanın 
								şəxsiyyət kimi formalaşdırılmasını, onun təhsil 
								prosesinin əsas, bərabərhüquqlu subyektinə 
								çevrilməsini başlıca vəzifə hesab edən, milli 
								zəminə, ümumbəşəri dəyərlərə əsaslanan, bütün 
								qurumların fəaliyyətini təhsilalanın mənafeyinə 
								xidmət etmək məqsədi ətrafında birləşdirən milli 
								təhsil sisteminin yaradılması;  
								
								
								- mövcud təhsil sistemində toplanmış təcrübənin 
								mütərəqqi əsaslarını saxlamaqla Azərbaycanın 
								strateji məqsədlərini həyata keçirməyə qadir 
								olan intellektual potensialın 
								formalaşdırılmasında inkişaf etmiş ölkələrin 
								özünü doğrultmuş və elmi-pedaqoji ictimaiyyətin 
								qəbul etdiyi təcrübəsindən istifadə olunması;
								 
								
								
								- idarəetmənin dövlət-ictimai xarakterdə həyata 
								keçirilməsi, müəllimlərin və digər pedaqoji 
								işçilərin fəaliyyəti üçün ən əlverişli şəraitin 
								yaradılması, onların sosial müdafiəsinin təmin 
								olunması, perspektivdə ictimai-dövlət idarətmə 
								modelinə keçilməsi;  
								
								
								- təhsil sisteminin yeni iqtisadi modelinin 
								qurulması, resurs təminatının möhkəmləndirilməsi 
								və onun optimallaşdırılması;  
								
								
								- islahatın humanitar xarakterli olması, onun 
								insanların yaradıcı və keyfiyyətli fəaliyyətinin 
								hərtərəfli açılmasına yönəldilməsi, islahatda 
								şəxsiyyətin hüquq və azadlıqlarının təmin 
								edilməsi;  
								
								
								- islahatın praktiki yönümlüyünü - dövlətin və 
								cəmiyyətin malik olduğu vəsaitlə təmin oluna 
								bilən məqsəd və tədbirlərin, yenilik və 
								dəyişikliklərin həyata keçirilməsinə 
								yönəldilməsi;  
								
								
								- təhsil sisteminin mütənasib inkişafının təmin 
								edilməsi;  
								
								
								- təhsil sisteminin əhatə imkanlarının 
								genişləndirilməsi, onun keyfiyyətinin və rəqabət 
								qabiliyyətinin yüksəldilməsi;  
								
								
								- təhsil sisteminin idarəetmə orqanlarının 
								fəaliyyətinin respublikanın digər dövlət 
								orqanları və qeyri-dövlət təşkilatlarının 
								fəaliyyəti, eləcə də ölkənin iqtisadi mühiti ilə 
								əlaqələndirilməsi, təhsil siyasətini həyata 
								keçirən orqan və şəxslərin səlahiyyətlərinin 
								Azərbaycan Respublikasının "Təhsil Qanunu"na və 
								digər qanunvericilik aktlarına uyğun 
								tənzimlənməsi.   
								
								
								
								(Ardı var)   
								
								
								
								Misir MƏRDANOV,  
								Azərbaycan Respublikasının  
								təhsil naziri, fizika-riyaziyyat  
								elmləri doktoru, professor  |