| 
								
								Oktyabrın 9-da Təhsil Nazirliyində ölkə 
								Prezidentinin müvafiq sərəncamı ilə təsdiq 
								edilmiş "2009-2014-cü illərdə Azərbaycanda 
								şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı"nın 
								icrası ilə bağlı qarşıda duran vəzifələrə həsr 
								olunmuş müşavirə keçirildi. Təhsil Nazirliyinin, 
								Gənclər və İdman Nazirliyinin məsul 
								əməkdaşlarının və şahmat bölməsi olan idman 
								məktəbləri, şahmat qrupları olan uşaq 
								yaradıcılıq mərkəzlərinin rəhbərlərinin iştirakı 
								ilə keçirilən müşavirəni giriş sözü ilə açan 
								təhsil nazirinin müavini Elmar Qasımov qeyd etdi 
								ki, Azərbaycan xalqının ümummilli lideri Heydər 
								Əliyevin hakimiyyətdə olduğu dövrlərdə ölkədə 
								bədən tərbiyəsi və idmanın inkişafına xüsusi 
								dövlət qayğısı olmuş və hazırda dövlət başçısı 
								cənab İlham Əliyevin fəaliyyətində idmanın 
								inkişafı prioritet sahələrdəndir. Şahmat zəngin 
								tarixi ənənələri ilə xalqımızın mədəniyyətində 
								özünəməxsus yer tutur. 1993-cü ildən başlayaraq 
								dünya və Avropa birinciliklərində, eləcə də 
								nüfuzlu turnirlərdə 72-dən artıq medal 
								qazanılmışdır ki, onların 26-sı qızıldır. 
								Hazırda Azərbaycanda 21 beynəlxalq qrossmeyster, 
								12 beynəlxalq dərəcəli idman ustası var. İki 
								şahmatçımız Teymur Rəcəbov və Şəhriyar 
								Məmmədyarov dünya reytinq cədvəlində daim 
								birinci onluqdadırlar. Şahmatın xalqın 
								intellektual səviyyəsini göstərən idman növü 
								kimi, ölkəmizin beynəlxalq səviyyədə 
								tanınmasında mühüm rolu olduğunu qeyd edən nazir 
								müavini 2002-ci ildə Bakıda gənclər arasında 
								Avropa, 2003-cü ildə Naxçıvanda keçirilən dünya 
								çempionatlarını, 2009-cu ildə isə Bakıda ulu 
								öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş 
								dünya yığma komandası ilə Azərbaycan 
								şahmatçıları arasındakı matç-turniri 
								respublikamıza beynəlxalq miqyasda göstərilən 
								etimad kimi qiymətləndirdi. ölkə rəhbərinin 5 
								may 2009-cu il tarixli "2009-2014-cü illərdə 
								Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət 
								Proqramı"nın təsdiqi ilə bağlı imzaladığı 
								sərəncamı iştirakçıların nəzərinə çatdıran Elmar 
								Qasımov vurğuladı ki, bu proqram ölkə 
								şahmatçılarının yeni qələbələr qazanmasına dünya 
								şahmat tacını Azərbaycana gətirmək üçün zəmin 
								yaradır. 
								
								Son dövrlərdə yeni şahmat məktəbləri açılmışdır. 
								Sevindirici haldır ki, Naxçıvan, Samux, Xızı, 
								Yevlax, Xaçmaz və Neftçala şahmat məktəblərinin 
								açılış mərasimlərində ölkə Prezidenti İlham 
								Əliyev iştirak edib. Təhsil Nazirliyi sistemində 
								fəaliyyət göstərən uşaq-gənclər şahmat 
								məktəblərinin respublikamızda şahmatın inkişaf 
								etdirilməsindəki xidmətlərinə toxunan nazir 
								müavini kadr potensialının səviyyəsinə də diqqət 
								çəkdi. Regionlarda keçirilən zona və final 
								yarışlarına müsbət münasibət bildirdi və ötən 
								tədris ili ərzində məktəblilərin şahmat üzrə 
								beynəlxalq yarışlarda qazandığı uğurları 
								iştirakçıların nəzərinə çatdırdı. 
								
								çıxışında E.Qasımov qeyd etdi ki, nailiyyətlərlə 
								yanaşı, şahmat məktəblərində bir sıra problemlər 
								və çatışmazlıqlar da mövcuddur.  
								
								Həlli vacib olan digər məsələlərə də münasibət 
								bildirən nazir müavini sonda məktəb rəhbərlərinə 
								lazımi tövsiyələr verdi.   
								
								
								Fazil İDRİSOĞLU |