| 
								
								Ötən əsrin görkəmli şərqşünas alimi, professor 
								Aida İmanquliyevanın 70 illik yubileyinə həsr 
								edilən "Şərq və Qərb: ortaq mənəvi dəyərlər, 
								elmi-mədəni əlaqələr" mövzusunda Beynəlxalq İbn 
								Ərəbi simpoziumu işini oktyabrın 11-də bölmə 
								iclaslarında davam etdirmişdir.  
								
								Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 
								Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı 
								Muzeyində "Professor Aida İmanquliyevanın elmi 
								yaradıcılığında Şərq və Qərb" mövzusunda təşkil 
								edilmiş ilk iclasa Moskva Dövlət Universitetinin 
								Bakı filialının rektoru, professor Nərgiz 
								Paşayeva, akademik Aleksandr Kudelin və 
								professor Səlahəddin Xəlilov həmsədrlik 
								etmişlər.  
								
								İclasda professorlar Nataliya Priqarina, Vilayət 
								Cəfər, Gövhər Baxşəliyeva, Elxan Əzizov və 
								elmlər doktoru İmamverdi Həmidovun "XIX əsrin 
								birinci yarısında Şərq və Qərb ədəbiyyatının 
								qarşılıqlı təsiri: yarımçıq dialoqun davamı", 
								"Ərəb ədəbiyyatşünaslığında Şərq-Qərb ədəbi 
								əlaqələrinin öyrənilməsi və Aida İmanquliyevanın 
								tədqiqatları", "İbn Ərəbi və Azərbaycan 
								ədəbi-fəlsəfi fikir ənənələri", "Şərq 
								ədəbiyyatında romantizmə dair", "Görkəmli 
								şərqşünas alim, professor Aida İmanquliyevanın 
								Azərbaycan şərqşünaslıq elminin inkişafında 
								rolu", "Aida İmanquliyevanın məqalələri" və 
								"Bakı Dövlət Universitetinin şərqşünaslıq 
								fakültəsində "Ərəb ədəbiyyatı" fənninin 
								tədrisində professor Aida İmanquliyevanın rolu" 
								mövzularında məruzələri dinlənilmişdir. 
								 
								
								Professorlar Rafael Hüseynovun və Qasım Kakainin 
								həmsədrliyi ilə keçirilmiş növbəti iclasın 
								mövzusu "İbn Ərəbi Şərqdə və Qərbdə: oxşarlıqlar 
								və fərqlər"ə həsr olunmuşdur.  
								
								İclasda professor Rafiq Əliyev, tədqiqatçı 
								Stefan Hirtenşteyn, elmlər doktorları Sonya 
								Useynova, Anar Əzimov və dosent Yelena 
								Papçenkonın "Mənim eşqim şimşək və onun 
								parıltıları üçündür: İbn Ərəbinin təlimləri 
								işığında Şərq və Qərb müzakirələri", "Sartrın 
								ekzistensializmi və işraqilik: müqayisəli 
								təhlil", "İbn Ərəbinin poetik yaradıcılığında 
								lirik poeziyanın ənənəvi motivləri və 
								obrazları", "Qərb və Şərq təfəkküründə 
								oxşarlıqlar və ziddiyyətlər", "İbn Ərəbi və 
								Meister Ekhartın Tanrısı: dinlərin Tanrısı 
								filosofların Tanrısı deyil", "Şərq və Qərb 
								mədəniyyətlərinin qarşılıqlı əlaqəsi prosesində 
								alimin rolu" mövzularında çıxışları maraqla 
								qarşılanmışdır.  
								
								"İbn Ərəbi irsi və təsəvvüf" mövzusuna həsr 
								edilmiş iclasa isə professor Stanislav Prozorov 
								və akademik Ağamusa Axundov həmsədrlik etmişlər.
								 
								
								Professorlar Hasan Kamil Yılmaz, Zaim Xenşelaui, 
								elmlər doktorları Nəsib Göyüşov, T.Yermakova, 
								Könül Bünyadzadə, Klara Tacikova və tədqiqatçı 
								Andrey Lukaşev "İbn Ərəbinin düşüncə modelini 
								müəyyənləşdirən əsas aspektlər", 
								"Sankt-Peterburq şərqşünaslığının XIX-XX 
								əsrlərdə dünya dinlərinin tədqiqi 
								metodologiyasının töhfəsi", "İbn Ərəbi ənənələri 
								təsəvvüf fəlsəfəsində", "İbn Ərəbi: 
								"Vəhdəti-vücud" konsepsiyası bəşəri sistemin 
								əxlaq problemi kimi", "Məhəmməd peyğəmbər 
								təsəvvüf ənənəsində Tanrıya mistik sevginin 
								kamil təcəssümü kimi", "Konəvinin "Qırx 
								hədis"ində İbn Ərəbi", "Mahmud Şəbüstərinin 
								"Sirlər gülüstanı" poemasında qeyri-islami 
								simvolun ontoloji əsasları" mövzularında 
								məruzələrlə çıxış etmişlər.  
								
								Məruzələrdə bildirilmişdir ki, Şərq dünyasında 
								Şeyx əl-Əkbər kimi tanınan məşhur sufi 
								mütəfəkkir Mühyiddin İbn Ərəbi və onun təlimi bu 
								gün Azərbaycanda böyük təntənə ilə yad edilir. 
								Onun fəlsəfi irsinə dair Beynəlxalq İbn Ərəbi 
								simpoziumu görkəmli şərqşünas alim Aida 
								İmanquliyevanın yubiley mərasiminə daxil edilmiş 
								ən sanballı tədbirlərdən biridir. İbn Ərəbi irsi 
								müxtəlif düşüncə tərzlərinin, habelə islam və 
								xristianlığın ortaq mənəvi dəyərlər prizmasından 
								nəzərdən keçirilməsi üçün ən qiymətli 
								mənbələrdən biridir.  
								
								Vurğulanmışdır ki, çağdaş Azərbaycanda ruh və 
								əqlin, Şərqlə Qərbin vəhdəti ideyasının yenidən 
								aktuallaşması Aida xanımın bu problem üzrə 
								tədqiqatlarından sonra başlamışdır. İndi 
								elmi-fəlsəfi ictimaiyyət bir daha vəhdət 
								ideyasının işığına toplaşaraq həmin problemin 
								beynəlxalq miqyasda müzakirəsini keçirir. Əsasən 
								şərqşünas kimi tanınan A.İmanquliyevanın 
								yaradıcılığının başqa ampluada - fəlsəfi 
								aspektdə dəyərləndirilməsinə ehtiyac 
								yaranmışdır. Aida xanımın bu sahədə xidmətinin 
								məğzini düzgün anlamaq üçün, ilk növbədə, onun 
								tədqiqata cəlb etdiyi Cübran, Reyhani və Nüaymə 
								kimi görkəmli şair-mütəfəkkirlərin 
								yaradıcılığındakı əsas fikirlər nəzərdən 
								keçirilməli və bu kontekstdə Aida xanım 
								tərəfindən irəli sürülən ideyalar müasir fəlsəfi 
								fikir prizmasından təhlil olunmalıdır. 
								 
								
								Tədbirdə akademik Aleksandr Kudelin rus dilində 
								çap edilmiş bir neçə kitabı Nərgiz Paşayevaya 
								təqdim etmişdir.  
								
								***  
								
								AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində "İbn 
								Ərəbi və klassik Azərbaycan ədəbiyyatı" 
								mövzusunda keçirilmiş iclasa akademik Vasim 
								Məmmədəliyev və professor Mahmud Erol Kılıc 
								həmsədrlik etmişlər.  
								
								Tədbirdə professorlar Denis Qril, Teymur 
								Kərimli, Seyid Hüseyn Nasr, elmlər doktorları 
								Sesiliya Tvinç, Afaq Əsədova və Lalə Əlizadənin 
								"Laməkan", "İbn Ərəbi və türk düşünürləri", 
								"Azərbaycan ədəbiyyatı və sufizm", "Xaqaninin 
								"Şiniyyə" qəsidəsi və ona yazılan nəzirələr", 
								"İbn Ərəbinin baxışlarında nurun dönməsi", 
								"Mistisizm və ədəbiyyat: dünən, bu gün və 
								sabah", "Azərbaycan məktəbi və onun bugünkü 
								əhəmiyyəti" mövzularında məruzələri 
								dinlənilmişdir.  
								
								Akademik Nailə Vəlixanlının və doktor Mehmet 
								Rıhtımın rəhbərlik etdikləri "İbn Ərəbinin hərf 
								simvolizmi, hürufilik və işraqilik təlimləri"nə 
								həsr edilmiş iclasda professorlar Azadə 
								Musayeva, Əliyar Səfərli, elmlər doktorları 
								Pərvanə Bayram, Möhsün Nağısoy, Yanis Esots və 
								Səadət Şıxıyevanın "Seyid Nigaridə İbn Ərəbi 
								təsiri və vəhdəti-vücud", "Azərbaycan 
								təsəvvüfündə İbn Ərəbi təsiri və Seyid Yəhya 
								Bakuvidə hərf-ədəd simvolu", "Zeynalabdin 
								Şirvani və onun "Bustanül-arifin" əsəri", "İbn 
								Ərəbi və Sührəvərdinin düşüncəsində kosmik 
								təxəyyül", "İbn Ərəbinin hərf simvolizmi və 
								hürufilik təlimi", "Nəsiminin elmi 
								tərcümeyi-halı və nəsimişünaslığın durumu" 
								mövzularında çıxışları dinlənilmişdir. 
								 
								
								Professor Ceyms Morris və akademik Bəkir 
								Nəbiyevin rəhbərlik etdikləri bölmə iclasının 
								mövzusu isə "İbn Ərəbi və fəlsəfə"yə həsr 
								edilmişdir.  
								
								Tədbirdə professorlar İlham Məmmədzadə, Bəkri 
								Əlaəddin, Zümrüd Quluzadə, elmlər doktorları 
								Klod Addas, Əkrəm Dəmirli, Qalya Kurmanqaliyeva 
								"İbn Ərəbinin "Əhli-Beyt" anlayışı", "İbn 
								Ərəbinin ağlı tənqidi: tənzih və təşbih arasında 
								Allahı bilmə", "Müasir dünya tarixinin və keçmiş 
								irsin inteqral dünyagörüşü", "İbn Ərəbi 
								düşüncəsinin müasir cazibəsi", "Fəlsəfə 
								tarixində İbn Ərəbinin tədqiqi kontekstində 
								metodologiya haqqında", "Fütuhatül-Məkkiyyə"də 
								əsas fikirlər" və "İbn Ərəbinin fəlsəfi irsinin 
								şərhi haqqında" mövzusunda məruzələr etmişlər. 
								çıxışlarda vurğulanmışdır ki, professor Aida 
								İmanquliyeva Şərq-Qərb qarşılıqlı ədəbi əlaqə və 
								təsiri problemini sistemli şəkildə araşdıran ilk 
								azərbaycanlı alimdir. Şərq və Qərb 
								mədəniyyətlərinin qarşılıqlı təsir və 
								əlaqələrini öyrənərkən alim hər iki ədəbiyyatın 
								ümumbəşəri dəyərlərini əsas götürür, mədəni 
								tərəqqini şərtləndirən amillərə istinad edirdi. 
								Onun tədqiqatları nəticəsində bütün dövrlər üçün 
								aktuallığını saxlayan mütləq bir həqiqət 
								müəyyənləşmişdir: Aida İmanquliyevanın çoxsaylı 
								və gərgin araşdırmaları sayəsində bu nəticələr 
								əldə edilmişdir: ərəb məhcər ədəbiyyatı 
								nümayəndələrinin ədəbi yaradıcılığının 
								əhəmiyyəti ondadır ki, onlar Avropa və Amerika 
								ədəbiyyatının etik və bədii dəyərlərini yenilik 
								ruhunda əxz etmiş, yeni formada üzə çıxarmış, 
								onların nailiyyətlərini ən yaxşı milli 
								ənənələrlə sintezdə təcəssüm etdirmişlər. 
								"Suriya-Amerika məktəbi"nin ən istedadlı 
								sənətkarları əcnəbi ədəbiyyatlardan məhz ərəb 
								ölkələrinin ən mühüm ictimai inkişaf tələblərinə 
								cavab verən nailiyyətləri mənimsəmişlər. Bu 
								yazıçıların fəaliyyəti sayəsində XX əsrin 
								əvvəllərində ərəb ədəbiyyatı regional birliklər 
								çərçivəsində qapanıb qalmaq ənənəsini dəf edə və 
								dünya ədəbi prosesinə fəal şəkildə qoşula 
								bilmişdir.  
								
								Müzakirələrdən sonra bölmə iclaslarına yekun 
								vurulmuşdur.   
								
								AzərTAc 
								 |