| 
								
								Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyi 
								Moskvada azərbaycanlı uşaqların təhsil aldığı 3 
								ümumtəhsil məktəbinin texniki təchizatı ilə 
								əlaqədar aksiya keçirmişdir. Humanitar məsələlər 
								üzrə müşavir Nigar Axundova başda olmaqla 
								səfirliyin nümayəndələri azərbaycanlı ailələrdən 
								olan 200-dən çox şagirdin təhsil aldığı 1331, 
								544 və 1233 nömrəli məktəblərə kompüter dəstləri 
								hədiyyə etmişlər.  
								
								Səfirliyin nümayəndələri qeyd etmişlər ki, bu 
								aksiyanın məqsədi həmvətənlərimizin təhsil 
								aldığı tədris müəssisələrinin maddi-texniki 
								bazasını möhkəmlətmək, onların təhsil 
								səviyyəsini müasir tələblərə uyğunlaşdırmaq, 
								məktəblərə kömək etməkdir. Diplomatlar 
								məktəblərin rəhbərləri və kollektivləri, 
								şagirdlər və onların valideynləri ilə söhbət 
								etmiş, tədris prosesi ilə tanış olmuş, 
								azərbaycanlı məktəblilərin təhsildə 
								müvəffəqiyyətləri ilə maraqlanmışlar. 
								 
								
								Azərbaycan səfirliyinin bu aksiyası üç Moskva 
								məktəbinin pedaqoji kollektivləri və valideynlər 
								tərəfindən yüksək qiymətləndirilmişdir. Tədris 
								müəssisələrinin direktorları V.Məmmədova, 
								T.Danilkina və İ.Beluxina Azərbaycanın RF-dəki 
								səfiri Polad Bülbüloğluna və səfirliyin 
								nümayəndələrinə bu məktəblərə göstərdikləri 
								diqqət və qayğıya görə dərin minnətdarlıq 
								bildirmişlər.  
								
								Görüşlərdə tədris prosesində Azərbaycan dilinin, 
								ölkəmizin tarixinin, mədəniyyətinin və 
								coğrafiyasının daha dərindən öyrənilməsini 
								nəzərdə tutan etnik-mədəni komponenti inkişaf 
								etdirməyin zəruriliyi vurğulanmışdır. Qeyd 
								edilmişdir ki, əsas fənlərə əlavə olaraq 
								adaptasiya edilmiş xüsusi tədris proqramlarının 
								və metodikaların işlənib hazırlanması zəruridir. 
								Səfirlik tərəfindən həmin məktəbləri dərsliklər, 
								Azərbaycan ədəbiyyatı və ölkəmiz haqqında 
								müxtəlif mətbu məhsullarla təmin etmək, öz 
								səhifələrində Azərbaycanın mədəniyyəti və 
								incəsənəti barədə söhbət açan "Baku" jurnalını 
								hər ay həmin məktəblərə göndərmək təklif 
								olunmuşdur.   
								
								
								AzərTAc |