| 
								
								Oktyabrın 29-da Azərbaycan Respublikasının 
								Təhsil Şurası ilə Bakı Pedaqoji Kadrların 
								İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun 
								(BPKİYİ) birgə təşkil etdikləri "Şagird 
								nailiyyətinin qiymətləndirilməsi: nəzəri və 
								təcrübi yanaşmalar"
								 mövzusunda 
								"dəyirmi masa" keçirildi. BPKİYİ-də təşkil 
								olunmuş tədbirdə institutun rektoru, professor 
								Asəf Zamanov çıxış etdi. Son dövrlərdə mövzu ilə 
								bağlı institutda xeyli işlərin görüldüyünü qeyd 
								edən professor Asəf Zamanov ənənəvi və müasir 
								qiymətləndirmənin fərqli cəhətlərindən danışdı, 
								qiymətləndirmə prosesinin təkmilləşdirilməsinə 
								daim ehtiyac olduğunu vurğulayaraq problemin 
								yeni mərhələsindən söhbət açdı. Sonra Təhsil 
								Şurasının sədri, professor Əjdər Ağayev çıxış 
								edərək keçirilən tədbirin əhəmiyyətindən 
								danışdı. Mövzu ilə bağlı fikirlərini 
								iştirakçılarla bölüşdürən şura sədri 
								qiymətləndirmənin obyektiv aparılmasının 
								vacibliyinə toxundu. Hər bir insan öz əməyinə və 
								fərdi keyfiyyətlərə görə qiymətləndirilməlidir, 
								fikrinə xüsusi önəm verən Təhsil Şurasının sədri 
								prosesin fəlsəfəsinə də diqqət çəkdi. Təhsil 
								Şurasının bu sahədə apardığı işləri 
								iştirakçıların nəzərinə çatdıran Ə.Ağayev 
								qiymətləndirmənin xüsusi proses olduğunu qeyd 
								etdi. Həlli vacib olan məsələlərə aydınlıq 
								gətirərək, lazımi tövsiyələrini verdi. Bakı 
								Dövlət Universitetinin professoru Şahlar 
								Əsgərovun "Biliyin qiymətləndirilməsinin yeni 
								kriteriyası və şkalası" məruzəsindən sonra 
								Azərbaycan Milli Konservatoriyası nəzdində 
								Musiqi Kollecinin direktoru, professor Nazim 
								Kazımov, Bülbül adına Baş Orta İxtisas Musiqi 
								Məktəbinin direktoru, professor Nigar Əsgərova, 
								Təhsil Nazirliyinin əməkdaşı Nəbi Mahmudov mövzu 
								ilə bağlı çıxış etdilər. Maraqlı təkliflər 
								səsləndi. 
								
								
								Fazil İDRİSOĞLU |