| 
								
								Oktyabrın 24-də Azərbaycan Respublikası Təhsil 
								Nazirliyinin növbəti kollegiya iclası keçirildi. 
								Kollegiyada "2008-2009-cu dərs ilində ümumtəhsil 
								məktəblərində mərkəzləşdirilmiş qaydada 
								keçirilmiş imtahanların yekunları və cari dərs 
								ilində qarşıda duran vəzifələr" mövzusunda 
								məsələ müzakirə olundu. İclasda kollegiya 
								üzvləri ilə yanaşı, Təhsil Nazirliyi Mərkəzi 
								Aparatının əməkdaşları, nazirliyin struktur 
								bölmə rəhbərləri, rayon (şəhər) təhsil şöbə 
								müdirləri, imtahan rəhbərləri, bilavasitə Təhsil 
								Nazirliyinə tabe olan ümumi təhsil 
								müəssisələrinin direktorları iştirak edirdilər. 
								
								Kollegiya iclasını təhsil naziri, kollegiyanın 
								sədri Misir Mərdanov açaraq zala toplaşanları 
								salamladı, müzakirəyə çıxarılan məsələ ilə 
								onları tanış etdi. Nazir qeyd etdi ki, əvvəlki 
								illərdən fərqli olaraq ötən dərs ilində ölkənin 
								bütün ümumtəhsil məktəblərində buraxılış 
								imtahanları mərkəzləşdirilmiş qaydada aparılıb. 
								İmtahanların nəticələri bütövlükdə qənaətbəxş 
								olub. İmtahan verənlərin 22 faizi attestat ala 
								bilməyib ki, bunu da normal hal hesab etmək 
								olar. Nazir imtahanların mərkəzləşdirilmiş 
								qaydada keçirilməsinin böyük zəhmət tələb 
								etdiyini söyləyərək bu işdə əməyi olanların 
								hamısına təşəkkürünü bildirdi.  
								
								İmtahanların mərkəzləşdirilmiş qaydada test 
								üsulu ilə keçirilməsinin əhəmiyyətinə toxunan 
								Misir Mərdanov qeyd etdi ki, imtahanların bu 
								qaydada aparılmasında məqsəd təhsil işçilərinin, 
								məktəb rəhbərlərinin, müəllimlərin, şagirdlərin 
								və valideynlərin məsuliyyətini artırmaq, 
								məktəbin, müəllimin nüfuzunu qaldırmaqdır. Nazir 
								vurğuladı ki, indiyədək orta məktəblərin 
								buraxılış siniflərində imtahanların ənənəvi 
								qaydada aparılması 1992-ci ildən ölkəmizdə ali 
								məktəblərə qəbul imtahanlarında tətbiq olunan 
								test üsulu ilə ziddiyyət təşkil etdiyindən 
								buraxılış imtahanlarının yeni qaydada aparılması 
								zərurətə çevrilib. 
								
								Misir Mərdanov ötən dərs ilində 
								mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış 
								imtahanları zamanı bir sıra nöqsanlara yol 
								verildiyini, bəzi problemlərlə qarşılaşdıqlarını 
								söyləyib, həmin nöqsan və problemlərin daha çox 
								nəzarətçilərin fəaliyyəti, imtahanlara şagirdlər 
								tərəfindən mobil telefonların gətirilməsi, bəzi 
								yerlərdən baza məlumatlarının, yəni şagirdlər 
								haqqında məlumatların vaxtında gəlməməsi, 
								məlumatlarda qeyri-dəqiqliklərə yol verilməsi 
								ilə bağlı meydana çıxdığını, variantlar, test 
								tapşırıqları ilə bağlı problemlər olduğunu 
								bildirdi. Təhsil işçilərinə həmin nöqsan və 
								problemlərdən nəticə çıxarmağı, problemlərin 
								daha az olmasına çalışmalarını tapşırdı. 
								
								Nazir kollegiya iştirakçılarının diqqətinə 
								çatdırdı ki, 2009-2010-cu dərs ilində doqquzuncu 
								siniflərdə də buraxılış imtahanlarının 
								mərkəzləşdirilmiş qaydada keçirilməsi barədə 
								qərar qəbul olunub. Gələn il bütün ölkə üzrə həm 
								XI, həm də X siniflərdə buraxılış imtahanları 
								mərkəzləşdirilmiş qaydada test üsulu ilə 
								aparılacaq. XI sinifləri bitirənlər 8, IX sinif 
								şagirdləri isə 2 fəndən imtahan verəcəklər.  
								İmtahanlar 4 bölgədə aparılacaq.  
								
								Nazir bununla əlaqədar təhsil işçilərini qarşıda 
								mühüm vəzifələr gözlədiyini söyləyib, məktəb 
								rəhbərləri və təhsil şöbə müdirlərini bu 
								məsələyə daha məsuliyyətlə yanaşmağa çağırdı. 
								Bildirdi ki, RTŞ-ın bu işə münasibətindən çox 
								şey asılıdır. O yerdə ki münasibət yaxşıdır, iş 
								də yaxşı olur, lakin o yerdə ki münasibət 
								mənfidir, orada işlər də qaydasında getmir. 
								
								Yeni qaydanın hələ heç də hamının düşüncəsində 
								müsbət əksini tapmadığını deyən nazir təhsil 
								şöbə müdirlərini, məktəb direktorlarını bu işin 
								əhəmiyyətinə inandırmağı aparılması zəruri olan 
								işlərdən saydı. Təhsil naziri yoxlama 
								imtahanları keçirilən sonra onların 
								nəticələrinin müəllimlərin iştirakı ilə müzakirə 
								edilməsini, direktorların, metodbirləşmələrin bu 
								işə geniş cəlb edilməsini, qiymətləndirmə zamanı 
								dərsliklərin, tədrisin səviyyəsinin nəzərə 
								alınmasını, şagirdləri yaxşı nəticə göstərmiş 
								müəllimlərin adının xüsusi qeyd olunmasını, 
								onların maddi və mənəvi cəhətdən 
								həvəsləndirilməsini vacib hesab etdiyini 
								söylədi, bununla əlaqədar tapşırıq və 
								tövsiyələrini verdi. 
								
								Nazir çıxışında mərkəzləşdirilmiş qaydada 
								keçirilən buraxılış imtahanlarının  daha da 
								təkmilləşdirilməsini təmin etməklə bağlı 
								atılacaq addımlardan da danışdı. Bununla 
								əlaqədar gələcəkdə nazirliyin müvafiq şöbəsinin 
								gücünün artırılması, Təhsil Problemləri 
								İnstitutunda monitorinq və qiymətləndirmə 
								şöbəsinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsində 
								müvafiq strukturun yaradılması, bu qurumların 
								işini koordinasiya edən qrupun formalaşdırılması 
								barədə düşündüklərini bildirdi. 
								
								Sonra kollegiya sədri "2008-2009-cu dərs ilində 
								ümumtəhsil məktəblərində mərkəzləşdirilmiş 
								qaydada keçirilmiş imtahanların yekunları və 
								qarşıda duran vəzifələr" mövzusunda təqdimat 
								etmək üçün sözü Təhsil Nazirliyi Monitorinq və 
								qiymətləndirmə şöbəsinin müdiri Təranə 
								Hacıyevaya verdi. 
								
								T.Hacıyeva təqdimatında buraxılış imtahanlarının 
								müxtəlif parametrlər üzrə aparılmış təhlilləri 
								ilə kollegiya iştirakçılarını tanış edib. öncə 
								imtahanların bölgələr üzrə keçirilmə tarixləri 
								və əsas göstəriciləri haqqında məlumatı əks 
								etdirən slaydlar nümayiş olundu. 
								
								Slaydları şərh edən T.Hacıyeva qeyd etdi ki, 
								imtahanlar ümumtəhsil məktəblərinin buraxılış 
								siniflərinin 99627, peşə liseylərinin 4333, ötən 
								dərs ilində buraxılış imtahanlarından 
								"qeyri-kafi" qiymət alan, müəyyən səbəblərdən 
								orta təhsil kursunu bitirməyən və imtahan vermək 
								üçün təkrar müraciət etmiş 2635, ekstern qaydası 
								ilə imtahan vermək istəyən 69 nəfər olmaqla, 
								bütövlükdə 106664 şagirdi əhatə etmişdir. 
								Onlardan 102656-sı, o cümlədən 96646 buraxılış 
								sinfi, 4053 peşə liseyi şagirdi, 1888 təkrar və 
								69 nəfər isə ekstern qaydada imtahan vermək 
								istəyən şagird imtahanlarda iştirak etmişdir. 
								
								İmtahana buraxılmayan və ya müəyyən səbəblərdən 
								imtahanda iştirak etməyən şagirdlərin sayı 4008 
								(buraxılış sinifləri üzrə 2981, peşə liseyləri 
								üzrə 280, təkrar imtahan verənlər üzrə 747) 
								nəfər olmuşdur. 439 şagird xəstəliyə görə 
								buraxılış imtahanlarından azad olunmuşdur. 
								Nazirlik tərəfindən aparılmış yoxlama zamanı 
								həmin şagirdlərin həqiqətən xəstə olduqları 
								təsdiq edilmişdir. 
								
								Olimpiada qalibi olduqlarına və idman 
								nailiyyətlərinə görə 15 şagird buraxılış 
								imtahanlarından azad olunmuşdur. Attestat alan 
								şagirdlərin sayı 81043, imtahanda iştirak edib 
								attestat ala bilməyənlər isə 21613 nəfərdir. 
								
								Sonra təqdimatçı imtahanların rayonlar üzrə 
								nəticələrini əks etdirən cədvəli kollegiya 
								iştirakçılarının diqqətinə çatdırdı. Bildirdi 
								ki, imtahanların nəticələri əsasında tərtib 
								edilmiş reytinq cədvəlində ilk sırada özəl 
								məktəblər durur. Onların 37 şagirdinin hamısı 
								imtahanda iştirak edərək müvəffəq qiymətlər 
								almış və 100 faizlik nəticə göstərmişdir. İkinci 
								yerdə birbaşa Təhsil Nazirliyinə tabe olan 
								müəssisələr qərarlaşıb. Həmin məktəblərin 1118 
								şagirdindən 1115-i imtahanlarda iştirak edib. 
								Onların 4-ü 1 fəndən, 1-i isə 2 fəndən 
								"qeyri-kafi" qiymət alıb. 1110 şagird (99,28) 
								isə imtahanları müvəffəqiyyətlə verib. Reytinq 
								cədvəlində 3-9-cu yerləri tutan Bakının Xətai 
								rayonunun, ali məktəblərin nəzdindəki 
								məktəblərin, Səbail, Nizami, Nəsimi 
								rayonlarının, Sumqayıt şəhərinin, paytaxtın 
								Nərimanov rayonunun nəticələri də kifayət qədər 
								yüksəkdir. (96,63 faizdən 94,55 faizədək).
								 
								
								Cədvəlin yuxarı pillələrində kənd rayonlarının 
								da yer alması müsbət hal kimi qiymətləndirildi. 
								Qeyd olundu ki, reytinq cədvəlində müvafiq 
								olaraq 10,14 və 16-cı yerləri tutmuş Qubadlı, 
								Göyçay və Xızı rayonları da kifayət qədər yüksək 
								göstəriciyə malikdirlər (94,09; 92,49 və 
								91,81%).  
								
								T.Hacıyeva 78 rayon və şəhərin nəticələrini əks 
								etdirən reytinq cədvəlinin sonunda qərar tutmuş 
								rayonların da adını açıqladı. Məlum oldu ki, 
								Ağsu və Gədəbəy rayonları ən aşağı nəticə 
								göstərmişlər (müvafiq olaraq 50,00 və 46,85%). 
								Həmin rayonların yoxlama imtahanlarında da zəif 
								nəticələr əldə etməsi qeyd olundu. 
								
								Daha sonra 2008-2009-cu dərs ilində 
								mərkəzləşdirilmiş qaydada keçirilmiş təkrar 
								imtahanın nəticələri diqqətə çatdırıldı. Müvafiq 
								cədvəli şərh edən T.Hacıyeva bildirdi ki, təkrar 
								imtahan üçün müraciət etmiş 2635 nəfərdən 1888-i 
								imtahanda iştirak etmiş, onlardan yalnız 961-i 
								imtahanları müvəffəqiyyətlə verərək attestat 
								almışdır. 
								
								Peşə liseyləri üzrə verilən məlumatdan isə aydın 
								oldu ki, imtahan verməli olan 4333 peşə liseyi 
								şagirdindən 4053-ü imtahanda iştirak etmiş, 
								onlardan 1731-i bütün fənlərdən müvəffəq 
								qiymətlər almışdır. 
								
								T.Hacıyeva mərkəzləşdirilmiş qaydada keçirilmiş 
								buraxılış imtahanlarının yekunlarına əsasən 
								məktəblərin reytinq cədvəlinin hazırlandığını 
								bildirdi. Sonra 3062 məktəbin nəticələri 
								əsasında tərtib olunmuş reytinq cədvəlində ilk 
								və son 50 yeri tutmuş məktəblərin 
								göstəricilərini əks etdirən cədvəllər kollegiya 
								iştirakçılarına təqdim olundu. Şagirdlərin sayı 
								nəzərə alınmaqla tərtib olunmuş cədvəldə ilk 50 
								yeri tutan məktəblər arasında əksəriyyət təşkil 
								edən paytaxt məktəbləri ilə yanaşı, 
								respublikanın bir sıra şəhər və rayonlarının 
								təhsil ocaqlarının da olması təqdir edildi. 
								T.Hacıyeva bildirdi ki, ilk 50 yeri tutan 
								məktəblər tam olmasa da, respublikanı əsasən 
								əhatə edir. Belə ki, reytinqi yüksək olan 
								məktəblər arasında İsmayıllı, Göyçay, Sumqayıt, 
								Balakən, Ağstafa, Kürdəmir, Mingəçevir, Quba, 
								Masallı, Qubadlı rayon və şəhərlərini təmsil 
								edən ümumtəhsil müəssisələri vardır. T.Hacıyeva 
								onu da qeyd etdi ki, ilk 50 yeri tutmuş 
								məktəblərin hamısı 100 faizlik nəticə 
								göstərmişdir.  
								
								Şöbə müdiri reytinq cədvəlində son  50 yeri 
								tutmuş məktəblərin siyahısını da nümayiş 
								etdirərək bildirdi ki, bu məktəblərin 
								müvəffəqiyyəti 26 faizdən yüksək deyildir və 26 
								faizdən azalmağa doğru gedir. 5 məktəb isə sıfır 
								nəticə göstərmişdir. Bunlar Kəlbəcər rayonunun 
								119, 62, 70 nömrəli məktəbləri, Laçın rayonunun 
								Fərraş kənd orta və Xocavənd rayonunun Qaradağlı 
								kənd orta məktəbləridir. Təqdimatçı onu da 
								vurğuladı ki, reytinq cədvəlində sonuncu yerləri 
								tutan məktəblər əsasən müvafiq cədvəlin 
								sonluğunda qərar tutmuş rayonların 
								məktəbləridir. Şöbə müdiri qeyd etdi ki, ilkin 
								təcrübə kimi ilk və son 50 yeri tutmuş 
								məktəblərin müəllim kontingentinin tərkibi də 
								araşdırılaraq təhlil olunmuş, müəllim-şagird 
								nisbəti, müəllimlərin kateqoriyaları 
								müəyyənləşdirilmişdir. Sonra o, həm ilk 50 yeri 
								tutmuş, həm də reytinq cədvəlinin son 50 
								pilləsində qərarlaşmış bir sıra məktəblər üzrə 
								həmin təhlilləri əks etdirən məlumatları nümayiş 
								etdirdi. Onları müqayisə edərək bildirdi ki, 
								reytinq cədvəlində sonuncu yeri tutan məktəblər 
								14-cü ixtisas dərəcəsinə malik müəllimlərinin 
								sayına görə heç də ilk yerləri tutan 
								məktəblərdən geri qalmır. Lakin, göründüyü kimi, 
								həmin məktəblərin müəllimləri öz vəzifələrinin 
								öhdəsindən heç də layiqincə gələ bilməmişlər. 
								
								Növbəti slaydda mərkəzləşdirilmiş qaydada 
								keçirilmiş imtahanların yekununda 100 faiz 
								nəticə göstərən məktəblərin adı nümayiş olundu. 
								T.Hacıyeva bildirdi ki, respublikanın 308 
								məktəbi şagird sayından asılı olmayaraq 100 faiz 
								müvəffəqiyyət əldə edib. 
								
								Daha sonra şagirdlərinin sayı 10-dan az olan 
								məktəblərin nəticələrini açıqlayan cədvəl 
								kollegiya iştirakçılarının diqqətinə çatdırıldı. 
								T.Hacıyeva bununla əlaqədar məlumat verərək 
								bildirdi ki, respublikada 523 belə məktəb var. 
								Onlardan 149 məktəbin müvəffəqiyyət göstəricisi 
								100 faiz olub. Cədvəlin sonunda isə Kəlbəcər, 
								Laçın, Xocavənd rayonlarının bəzi məktəbləri yer 
								alıb. Həmin məktəblərdə şagirdlərin sayı az olsa 
								da, heç biri attestat ala bilməyib. 
								
								Fənlər üzrə "2" və "5" qiymət alanların sayını 
								əks etdirən cədvəl də təhlil olundu. Cədvəldə 
								imtahan verənlərin neçəsinin 8 fənnin hər 
								birindən "2" və "5" qiymət aldığı 
								göstərilmişdir. Buradan aydın olur ki, şagirdlər 
								ən yaxşı nəticəni kimyadan, zəif nəticəni isə 
								xarici dildən göstəriblər. Belə ki, kimyadan ən 
								çox - 24.452 nəfər, yəni imtahan verənlərin 
								25,31 faizi "5" alıb. Xarici dildən "qeyri-kafi" 
								qiymət alanlar isə 17583  nəfər (18,20%) olub. 
								
								Təqdimat zamanı mərkəzləşdirilmiş imtahanların 
								daha yaxşı təşkil olunduğu və yüksək səviyyədə 
								keçirildiyi imtahan mərkəzlərinin adları 
								açıqlandı. T.Hacıyeva bildirdi ki, imtahan 
								ərəfəsində Bakı və Sumqayıtda yaradılmış imtahan 
								mərkəzlərinin işindən arxayın olsalar da, 
								bölgələrdəki imtahan mərkəzlərindən müəyyən 
								narahatlıqları var idi. Lakin imtahanların 
								gedişi bu narahatlıqlara əsas olmadığını 
								göstərdi. Bölgələrdə elə imtahan mərkəzləri var 
								idi ki, onların fəaliyyəti Bakıdakı imtahan 
								mərkəzləri səviyyəsində, hətta bəzən onlardan da 
								yüksək idi. T.Hacıyeva işlərini nümunəvi təşkil 
								edən belə imtahan mərkəzlərinin bir qismi ilə 
								kollegiya iştirakçılarını tanış etdi. Qeyd 
								olundu ki, Zaqatala rayonu Zərifə Əliyeva adına 
								lisey, nazirliyə tabe olan xarici dillər 
								təmayüllü gimnaziya, Gəncə şəhəri 2 və 5, 
								Sumqayıt şəhəri 10, 11 və 33, Xaçmaz rayonu 6 və 
								9, Hacıqabul rayonu 5, Kürdəmir rayonu 1, Quba 
								rayonu 1 və 4, Salyan rayonu 9 nömrəli və başqa 
								məktəblər işlərini nümunəvi qurmaqla 
								fərqləniblər. Bu işdə RTŞ-ların rolu yüksək 
								qiymətləndirildi. Lakin təqdimatçı işlərini 
								tələb olunan səviyyədə qurmayan imtahan 
								mərkəzlərinin olduğunu da təəssüf hissi ilə 
								bildirdi. 
								
								Təqdimatda habelə nəzarətçilərin də fəaliyyətinə 
								toxunuldu. Qeyd olundu ki, mərkəzləşdirilmiş 
								imtahanların normal keçirilməsində onların böyük 
								rolu vardır. T.Hacıyeva bu baxımdan 
								nəzarətçilərin əksəriyyətinin öz işinə 
								məsuliyyətlə yanaşdığını, xüsusən bölgələrdə 
								yaxşı nəzarətçilərin çox olduğunu bildirdi, 
								belələrinin adları qeyd olunmuş slaydı iclas 
								iştirakçılarına nümayiş etdirdi. 
								
								Məlumatdan aydın oldu ki, Vüqar Verdiyev (Gəncə 
								şəhəri 16 nömrəli məktəb), Məleykə Ağayeva 
								(Gəncə şəhəri 25 nömrəli məktəb), Gültəkin 
								Cəfərova (Quba rayonu 2 nömrəli məktəb), Məryəm 
								Hacıyeva (Quba rayonu Püstəqasım kənd orta 
								məktəbi), Xalidə Hüseynova (Abşeron Rayon Təhsil 
								Şöbəsinin metodisti), Rövşən Rüstəmov (Bakı 
								Neft-Energetika Kollecinin şöbə müdiri), 
								Seyfulla Süleymanov (Zaqatala rayonu Əliabad 
								qəsəbə 3 nömrəli məktəb) və başqaları  nümunəvi 
								fəaliyyəti ilə fərqlənərək onlara həvalə edilmiş 
								işin öhdəsindən layiqincə gəlmişlər. Lakin 
								bununla yanaşı, nöqsanlara yol verən 
								nəzarətçilərin də olduğunu deyən şöbə müdiri 
								onlarla məşğul olmaq üçün adlarının təmsil 
								etdikləri rayonların təhsil şöbələrinə 
								veriləcəyini söylədi. 
								
								Daha sonra təqdimatçı mərkəzləşdirilmiş 
								imtahanları müvəffəqiyyətlə verib dərs ilini 
								"əla" qiymətlərlə başa vuranların, məktəblilərin 
								2009-cu il respublika fənn olimpiadalarında I 
								yeri tutduğuna görə buraxılış imtahanlarından 
								azad edilmiş şagirdlərin, "Heydər Əliyev 
								məktəblilərin gözü ilə" inşa müsabiqəsi 
								qaliblərinin ali məktəblərə qəbul 
								imtahanlarındakı göstəriciləri ilə kollegiya 
								iştirakçılarını tanış etdi, müəyyən təhlillər, 
								müqayisələr apardı. 
								
								Məlum oldu ki, 602 şagird bu il imtahanları əla 
								qiymətlərlə başa vurub. Ali məktəblərə qəbul 
								imtahanlarında onlardan 311-i 500-700, 126-sı 
								400-500, 80-i 300-400, 43-ü 200-300, 29-u 
								100-209, 13-ü isə 0-100 bal toplayıb. Həmin 
								şagirdlərin adlı siyahısını, bəzilərinin qəbul 
								imtahanlarında fənlər üzrə topladığı bal 
								göstəricilərini əks etdirən cədvəllər kollegiya 
								iştirakçılarına təqdim olundu. T.Hacıyeva əlaçı 
								şagirdlərdən bəzilərinin qəbul imtahanlarında az 
								bal toplamasının səbəbini onların imtahan zamanı 
								özlərini pis hiss etməsi ilə 
								əlaqələndirdiklərini bildirdi. Qeyd etdi ki, 
								həmin şagirdlərin böyük əksəriyyəti digər 
								ölkələrin ali məktəblərində təhsillərini davam 
								etdirirlər.  
								
								T.Hacıyeva şöbənin ilk təcrübəsi kimi Təhsil 
								Nazirliyinin nəzdindəki humanitar fənlər 
								gimnaziyası məzunlarının ali məktəblərə qəbul 
								imtahanları zamanı qruplar üzrə göstərdikləri 
								bal göstəricilərini əks etdirən cədvəli də 
								nümayiş etdirdi, gələcəkdə bu işi genişləndirmək 
								fikrində olduqlarını söylədi. Şöbə müdiri onu da 
								vurğuladı ki, bu il ilk addım kimi keyfiyyətə 
								görə də təhlil aparıblar. O, Təhsil Nazirliyinə 
								tabe 14 məktəbi əhatə edən həmin təhlili əks 
								etdirən cədvəli nümayiş etdirdi, gələcəkdə 
								aparılacaq belə təhlillərin bütün məktəbləri 
								əhatə edəcəyini söylədi. 
								
								Təqdimatda Təhsil Problemləri İnstitutu 
								tərəfindən humanitar fənlər üzrə test 
								tapşırıqlarına verilmiş rəylə də iclas 
								iştirakçıları tanış edildi. Rəy haqqında ümumi 
								məlumatda qeyd edilir ki, testlərin tərtibi 
								zamanı bütün fənlər üzrə mövcud proqramlar və 
								onların tələbləri əsasən nəzərə alınmış, proqram 
								və istifadə olunan dərsliklərdən kənara çıxma 
								hallarına yol verilməmişdir. T.Hacıyeva rəylə 
								əlaqədar institutun verdiyi tövsiyələri də 
								diqqətə çatdırdı.  
								
								Təqdimatçı mərkəzləşdirilmiş qaydada keçirilən 
								buraxılış imtahanlarının daha da 
								təkmilləşdirilməsi üçün qarşıda duran 
								vəzifələrdən də bəhs etdi. Bildirdi ki, qarşıda 
								mərkəzləşdirilmiş qaydada imtahan verəcək IX və 
								XI sinif şagirdləri, onların valideynləri ilə 
								mütəmadi iclasların aparılması; ayrı-ayrı fənlər 
								üzrə yaradılmış işçi ekspert qruplarının 
								genişləndirilməsi, test bankının 
								zənginləşdirilməsi, təkmilləşdirilərək 
								respublikanın bütün orta məktəblərinə 
								çatdırılması, imtahanlarda iştirak edəcək 
								nəzarətçi müəllimlərlə təlimati işlərin 
								aparılması, respublikanın bütün ümumtəhsil 
								məktəblərində oxuyan IX və XI sinif 
								şagirdlərinin məlumatlar bazasının yerlərə 
								göndərilərək dəqiqləşdirilməsi, imtahan 
								mərkəzlərinin dəqiqləşdirilməsi, 2008-2009-cu il 
								buraxılış imtahanlarının nəticələrinin geniş 
								təhlil olunması və ictimaiyyətə çatdırılması, 
								buraxılış və ali məktəblərə qəbul imtahanlarında 
								istifadə edilən qiymətləndirmə vasitələrinin 
								müvafiq qurum ekspertləri ilə təhlil edilməsi və 
								seminarlarda müzakirəsinin təşkili kimi mühüm 
								vəzifələr durur. Şöbə müdiri həmin vəzifələrin 
								yerinə yetirilməsi ilə bağlı görülmüş və 
								görüləcək işlər barədə məlumat verdi. 
								 
								
								Kollegiya iclasını yekunlaşdıran təhsil naziri 
								Misir Mərdanov söylənilənlər əsasında 
								kollegiyanın müvafiq qərarının qəbul olunacağını 
								bildirdi, məsələnin yerlərdə də müzakirə 
								olunmasını tövsiyə etdi.  
								
								Yusif ƏLİYEV |