| 
								
								Oktyabrın 24-də Təhsil Nazirliyində "Pedaqoji 
								kadrların ixtisasartırma təhsili: mövcud 
								vəziyyət, problemlər və təklif edilən yeni 
								model" mövzusunda növbəti kollegiya iclası 
								keçirildi. Tədbirdə kollegiya üzvləri ilə 
								yanaşı, nazirliyin məsul işçiləri, müvafiq 
								struktur bölmələri və şöbələrinin, bölgələrdəki 
								ixtisasartırma təhsili verən müəssisələrin 
								rəhbərləri, beynəlxalq təşkilatların 
								nümayəndələri, ümumtəhsil məktəblərinin 
								direktorları və KİV təmsilçiləri iştirak 
								edirdlər. 
								
								Azərbaycan Respublikasının təhsil naziri Misir 
								Mərdanov iştirakçıları salamlayaraq dəvəti qəbul 
								etdikləri üçün onlara öz minnətdarlığını 
								bildirdi. Giriş sözündə pedaqoji kadrların 
								ixtisasartırma təhsili sahəsinin ən ciddi 
								müzakirə tələb edən məsələlərdən biri olmasından 
								söz açan nazir nə sovet dövründə, nə də 
								müstəqillik qazandıqdan sonra bununla bağlı elə 
								bir işlək mexanizmin qurulmadığını, müxtəlif 
								kollegiya iclaslarında bir neçə dəfə müzakirə 
								olunsa da, qərarların həyata keçirilmədiyini 
								qeyd etdi, ümumiyyətlə, dünya təcrübəsi ilə 
								tanışlıqdan sonra bu problemin hər bir ölkədə 
								mövcudluğunun müəyyənləşdiyini vurğuladı. 
								
								Misir Mərdanov giriş sözündən sonra "Pedaqoji 
								kadrların ixtisasartırma təhsili: mövcud 
								vəziyyət, problemlər və təklif edilən yeni 
								model" mövzusunda məruzə-təqdimatla çıxış etdi. 
								
								Təqdimatda öncə ölkənin ixtisasartırma təhsili 
								müəssisələri haqqında ətraflı məlumat verildi. 
								Bu kollegiya iclasının yalnız ümumtəhsil 
								məktəblərində çalışan pedaqoji kadrların 
								ixtisasartırması məsələsinə həsr olunduğunu 
								bildirən nazir tədbir iştirakçılarının diqqətini 
								müəssisələrin adları, kadr potensialı, 
								kitabxanaları və infrastrukturu haqqında 
								statistikanın əks olunduğu slaydlara yönəltdi. 
								Aydın oldu ki, ölkədə ixtisasartırma təhsili ilə 
								18 müəssisə məşğul olur və həmin müəssisələrdə 
								ştatda olan 3613 nəfər professor-müəllim 
								heyətindən yalnız 992 nəfəri bu sahədə fəaliyyət 
								göstərir.  
								
								Məruzə-təqdimatda daha sonra bu sahədə görülmüş 
								işlərdən bəhs olundu. Qeyd olundu ki, Azərbaycan 
								Müəllimlər İnstitutunda ixtisasartırma 
								təhsilinin həyata keçirilməsi üçün müasir 
								maddi-texniki və tədris bazası, treninq 
								mərkəzləri yaradılmış, Mingəçevir və Cəlilabad 
								filialları TSİL çərçivəsində əsaslı təmir 
								edilmişdir. 
								
								AMİ-də ixtisasartırma təhsilinin məzmunu, tədris 
								plan və proqramları daim yeniləşdirilir, 
								variativ proqramları, eləcə də bu sahədə dünya 
								təcrübəsi, müasir texnologiyalar və qabaqcıl 
								təcrübələr öyrənilir və tətbiq edilir. 
								
								İxtisasartırma üzrə mühazirə və seminarlara 
								qabaqcıl müəllimlər, Təhsil Nazirliyinin, Təhsil 
								Problemləri İnstitutunun, Azərbaycan Milli 
								Elmlər Akademiyasının, ali məktəblərin tanınmış 
								alimləri və qabaqcıl mütəxəssisləri dəvət 
								olunurlar.  
								
								Bakı Pedaqoji Kadrların İxtisasartırma və 
								Yenidənhazırlanma İnstitutunun təşəbbüsü ilə 
								"Diplomdansonrakı pedaqoji təhsil: Avropa 
								oriyentirləri və regional prioritetlər" 
								mövzusunda Azərbaycanda və Ukraynada 2 
								beynəlxalq elmi konfrans keçirilmişdir. 
								
								Son iki il ərzində BPKİYİ xarici ölkələrin 7 ali 
								məktəbi ilə elm və təhsil sahəsində əməkdaşlığa 
								dair müqavilə imzalamışdır. 
								
								Təhsil Sektorunun İnkişafı Layihəsi çərçivəsində 
								BPKİYİ-nin binası əsaslı təmir olunmuş və 
								avadanlıqla təchiz edilmişdir. Yeni 
								kurikulumların tətbiqi ilə əlaqədar 2008-2009 və 
								2009-2010-cu tədris illərində I siniflərdə 
								işləyən 18 minədək müəllimin xüsusi proqram 
								əsasında öyrədici təlim kurslarından 
								keçirildiyini və nümunəvi tədris materialları 
								ilə təmin olunduğunu deyən Misir Mərdanov bu 
								işdə TPİ-də yaradılmış Kurikulum Mərkəzinin 
								rolunu xüsusi qeyd etdi. Qeyri-hökumət 
								təşkilatlarının fəaliyyəti haqqında məlumat 
								verən natiq Müasir Təhsilə və Tədrisə Yardım 
								Mərkəzi tərəfindən 2 minədək müəllim və məktəb 
								rəhbərinin müasir təlim strategiyaları üzrə 
								təlimlərdən keçdiyini, "Mədəd"-Azərbaycan 
								təşkilatı tərəfindən 2005-2009-cu illərdə 30 
								minədək müəllimin treninqlərdən keçərək İKT 
								bacarıqlarına yiyələndiyini bildirdi. 
								
								Daha sonra məruzə-təqdimatda pedaqoji kadrların 
								ixtisasartırma təhsili ilə bağlı beynəlxalq 
								təşkilatlarla birgə həyata keçirilən layihələr 
								haqqında məlumat verildi. Bildirildi ki, British 
								Council ilə birgə layihələrə əsasən 2003-2009-cu 
								illərdə ümumilikdə 220 kaskad təlimləri təşkil 
								edilmiş, İNSETT layihələri çərçivəsində ingilis 
								dilinin tədrisi üzrə 1500 nəfər müəllim 
								treninqlərdən keçirilmiş, 23 nəfər "öyrədənlərin 
								öyrədəni" təcrübə mübadiləsi məqsədilə xarici 
								ölkələrdə təlim səfərlərində olmuşdur. 
								YUNİSEF-lə birgə layihələr çərçivəsində 500 
								təlim kursu keçirilmiş, 300 nəfər müəllim, AMİ 
								və onun filiallarının, pedaqoji profilli ali 
								təhsil müəssisələrinin 500 əməkdaşı fəal təlim 
								üzrə treninqlərdən keçirilmişdir. 100 minədək 
								nüsxə müxtəlif məzmunlu təlim materialı, fəal 
								təlim üzrə müəllimlər üçün vəsaitlər 
								hazırlanmış, çap olunmuş və məktəblərə 
								çatdırılmışdır.  
								
								İntel, CİSCO, Microsoft şirkətləri ilə birgə 
								layihələr çərçivəsində 2005-2009-cu illərdə 10 
								minədək müəllim treninqlərdən keçərək İKT 
								bacarıqlarına yiyələnmişdir. 
								
								Təhsil Nazirliyi tərəfindən 2009-cu ilin mayında 
								aparılmış monitorinqin nəticələrinə aid arayışı 
								tədbir iştirakçılarının diqqətinə çatdıran Misir 
								Mərdanov kadrlarla iş sahəsində və müqavilə 
								şərtlərinin yerinə yetirilməsində yol verilmiş 
								nöqsanlar, bu nöqsanların başlıca səbəbləri, 
								ixtisasartırma təhsilinə cəlbolunma vəziyyəti, 
								"Dayaq məntəqələri"nin fəaliyyətinin təşkili və 
								bu məntəqələrin fəaliyyətində yol verilmiş 
								nöqsanlara dair fakt və cədvəllərin əks olunduğu 
								slaydları nümayiş etdirdi. İclasda bakalavr 
								təhsilini başa vurmamış, qeyri-pedaqoji 
								ixtisaslı, kifayət qədər pedaqoji staja malik 
								olmayan şəxslərin işə qəbul edilməsi, 
								ixtisasartırma təhsili müəssisələrində bəzi 
								hallarda dərs yükünün normadan artıq verilməsi, 
								ixtisasa uyğun olmayan fənlərdən dərs 
								saatlarının verilməsi və kadr sənədləşməsi 
								işinin düzgün aparılmaması faktları ilə bağlı 
								ətraflı məlumat verildi. 
								
								Pedaqoji kadrların ixtisasartırma təhsilinə 
								cəlbolunma vəziyyətinə dair cədvəldən məlum 
								olduğuna görə, son 2 tədris ilində 28109 
								dinləyicidən 2023 nəfəri vəsiqə almamışdır. 
								Nazir aparılmış monitorinq nəticəsində bir çox 
								təhsili idarəetmə orqanları tərəfindən 
								ixtisasartırma şərtlərinin yerinə 
								yetirilmədiyinin, rayon təhsil şöbələrinin bu 
								işə laqeyd münasibətinə görə ayrı-ayrı 
								rayonlardan ixtisasartırmaya cəlb olunanların 
								sayının planlaşdırılandan xeyli az olduğunun, 
								bir sıra rayonlardan isə ixtisasartırma 
								təhsilinə ümumiyyətlə müəllim göndərilmədiyinin 
								və təhsilini bitirənlərə vəsiqələrin 
								verilməsində nöqsanların müəyyən olunduğunu 
								bildirdi. 
								
								Nazir Misir Mərdanov müqavilə şərtlərinin yerinə 
								yetirilməməsinin başlıca səbəblərini aşağıdakı 
								amillərlə xarakterizə etdi: 
								
								- rayon (şəhər) təhsil şöbələri tərəfindən dəqiq 
								proqnozlaşdırmanın aparılmaması və maliyyə 
								orqanlarının müqaviməti nəticəsində büdcədə 
								ixtisasartırma təhsili üçün ezamiyyə xərclərinin 
								kifayət qədər nəzərdə tutulmaması;  
								
								- yerli təhsil orqanları və təhsil müəssisələri 
								ilə bağlanmış müqavilələrdə sifariş-təklif 
								prinsipinə əməl edilməməsi; 
								
								- pedaqoji kadrların ixtisasartırmaya olan fərdi 
								tələbatlarının öyrənilməsinə lazımi diqqət 
								yetirilməməsi; 
								
								- ixtisasartırma təhsilində müasir metodlardan 
								və təlim texnologiyalarından geniş şəkildə 
								istifadə edilməməsi; 
								
								- ixtisasartırma təhsili müəssisələrinin 
								yataqxanalarının olmaması və ya mövcud 
								yataqxanalarda məcburi köçkünlərin 
								məskunlaşması. 
								
								"Dayaq məntəqələri"nin fəaliyyəti məsələsinə 
								toxunan nazir xatırlatdı ki, bir neçə il qabaq 
								ixtisasartırma təhsili ilə bağlı dünya təcrübəsi 
								öyrənilərkən həmin məntəqələrin bu işdə çox 
								böyük əhəmiyyət kəsb etdiyi məlum olmuşdu. Buna 
								görə də Təhsil Nazirliyinin "Dayaq 
								məntəqələrinin şəbəkəsinin yaradılması barədə" 
								30.XI.2000-ci il tarixli əmrinə uyğun olaraq 
								respublikada ayrı-ayrı ixtisaslar üzrə 3 minə 
								yaxın "Dayaq məntəqəsi" yaradılmışdı. Təhsil 
								Nazirliyinin "İxtisasartırma təhsilində yeni 
								mexanizmə keçid və müəllimlərin 
								təkmilləşdirilməsi işinin təşkili" barədə 
								21.II.2002-ci il tarixli əmri ilə "Dayaq 
								məntəqələri"nin əsas fəaliyyət istiqamətləri bir 
								daha müəyyənləşdirilmişdi. 
								
								ölkədə yaradılmış "Dayaq məntəqələri"nin 
								fəaliyyətinin qənaətbəxş olmadığını təəssüf 
								hissi ilə bildirən təhsil naziri bu işdə yol 
								verilmiş başlıca nöqsanları iclas 
								iştirakçılarının diqqətinə çatdırdı. Qeyd etdi 
								ki, reqlamentləşdirici sənədlərə yerli təhsili 
								idarəetmə orqanları tərəfindən laqeyd münasibət 
								göstərildiyindən yaradılmış "Dayaq 
								məntəqələri"nin böyük əksəriyyəti formal 
								fəaliyyət göstərməkdədir. 
								
								Hər bir rayon və şəhər üzrə "Dayaq məntəqəsi" 
								kimi nəzərdə tutulan məktəblərin dislokasiyası 
								bu günə qədər tam və düzgün 
								müəyyənləşdirilməmişdir. 
								
								Yerli təhsil orqanları tərəfindən qabaqcıl 
								müəllimlərdən ibarət "öyrədənləri öyrədən" 
								müəllimlərin siyahıları müəyyənləşdirilməmiş, bu 
								barədə müvafiq ixtisasartırma təhsili 
								müəssisələrinə məlumat verilməmişdir. 
								
								İxtisasartırma təhsili və təkmilləşmə prosesinə 
								yeni mexanizmlərin tətbiqi ilə əlaqədar metodik 
								kabinetlərdə konkret tədbirlər həyata 
								keçirilməmişdir. 
								
								Rayonlar üzrə ayrı-ayrı ixtisaslı fənn 
								müəllimlərinin ixtisasartırma təhsilinə olan 
								real tələbatının, ehtiyaclarının öyrənilməsi, bu 
								barədə ixtisasartırma təhsili müəssisələrinə 
								əsaslandırılmış təkliflərin verilməsi, 
								qarşılıqlı müqavilələrin vaxtında imzalanması 
								təmin edilməmişdir. İxtisasartırma təhsilinə 
								cəlb olunmaqla bağlı bütün müəllimlər haqqında 
								yerlərdə informasiya banklarının yaradılmasına 
								nail olunmamışdır və s. 
								
								Məruzə-təqdimatda daha sonra ixtisasartırma 
								təhsili sahəsində mövcud olan problemlərdən bəhs 
								edən nazir bildirdi ki, ixtisasartırma 
								sistemində keyfiyyəti təmin edəcək rəqabət 
								mühiti yoxdur, alternativ proqramlar tətbiq 
								olunmur; mövcud sistemdə müəllimlərin 
								ehtiyacları lazımi səviyyədə öyrənilmir, 
								proqramlar bu ehtiyacları ödəmir, ixtisasartırma 
								təhsilinin təşkilində "sifariş-təklif" prinsipi 
								gözlənilmir; ixtisasartırmanın nəticəsinə görə 
								müəllim fəaliyyəti stimullaşdırılmır, müəllimlər 
								və digər pedaqoji heyət üçün karyera yüksəlişi 
								nəzərdə tutulmur; ixtisasartırma təhsilinin 
								təşkilində İKT-nin imkanlarından geniş istifadə 
								olunmur; ixtisasartırma təhsili üzrə 
								maliyyələşmə mexanizmi kifayət qədər səmərəli 
								deyildir, nəticəyə yönəlmiş maliyyələşmə tətbiq 
								edilmir; mövcud ixtisasartırma sistemində cəlb 
								olunmamağa görə məsuliyyət 
								müəyyənləşdirilməmişdir; "öyrədənlər"in 
								peşəkarlıq və səriştəliliyi kifayət qədər 
								deyildir; proqramların akkreditasiyası və 
								sertifikatlaşdırılması sistemi yoxdur; 
								ixtisasartırma təhsili üzrə monitorinq və 
								qiymətləndirmə mexanizmi tətbiq edilmir; bir 
								sıra ixtisasartırma təhsili müəssisələrinin 
								maddi-texniki və tədris bazası zəifdir; 
								ixtisasartırma təhsilini təşkil edən xidmət 
								strukturlarının (metodik, tədris, kadr 
								xidmətləri) funksiyaları dəqiq tənzimlənmir və 
								bu xidmətlər əlaqələndirilmir; ixtisasartırma 
								təhsilinin təşkilində daha çox nəzəri biliklərə 
								istinad edilir, praktik bacarıqların verilməsinə 
								və müasir təlim strategiyalarının öyrədilməsinə 
								kifayət qədər diqqət yetirilmir.  
								
								Təhsil naziri pedaqoji kadrların ixtisasartırma 
								təhsilinin düzgün təşkil edilməsində dünya 
								təcrübəsinin öyrənilməsinin xüsusi əhəmiyyət 
								daşıdığını dedi. Nazir ayrı-ayrı ölkələrin bu 
								sahədəki təcrübəsinə dair faktları iclas 
								iştirakçılarının diqqətinə çatdıraraq bildirdi 
								ki, son 10 il ərzində bir sıra ölkələr (Belçika, 
								Danimarka, Finlandiya, Macarıstan, İtaliya, 
								Niderland, Norveç, Rumıniya, İsveç və İsveçrə) 
								ixtisasartırma təhsili təşkilatları arasında 
								rəqabət mühitinin yaradılması və keyfiyyətin 
								yüksəldilməsi məqsədilə ixtisasartırma prosesinə 
								çoxsaylı dövlət və qeyri-dövlət təşkilatlarını 
								cəlb etmişlər. 
								
								Keyfiyyətə nəzarət, keyfiyyətin təmin olunması 
								və monitorinq mexanizmi kimi müəllimlərin 
								ixtisasartırma təhsili proqramlarının 
								akkreditasiyası İqtisadi Əməkdaşlıq və İnkişaf 
								Təşkilatı (İƏİT), Avropa İttifaqı (Aİ) 
								ölkələrinin əksəriyyətində tətbiq edilir. 
								
								Beynəlxalq səviyyədə ixtisasartırmanın əsas 
								tendensiyalarından biri proqramların kəmiyyət və 
								keyfiyyət ölçülərini təmin etmək üçün çevik 
								modul ixtisasartırma proqramı - kurikulumu və 
								müvafiq kredit sisteminin tətbiq edilməsidir. 
								İxtisasartırma üzrə Avropa Köçürülə bilən 
								Kreditlər Sistemi Finlandiya (bu, ümumiyyətlə, 
								dünyada ən yaxşı müəllim hazırlığı sisteminin 
								tətbiq edildiyi ölkədir), Almaniya, Macarıstan 
								və Rumıniyada istifadə edilir. Həmin ölkələrdə 
								ixtisasartırma təhsili karyera perspektivləri 
								yaradır, karyera və peşə yüksəlişi, eləcə də bir 
								karyera dərəcəsindən digərinə keçid üçün əsas 
								kimi istifadə edilir. 
								
								Hüquqi baxımdan ixtisasartırmanın məcburi və ya 
								könüllü olmasına baxmayaraq, ölkələrdə elə çevik 
								mexanizmlər tətbiq edilir ki, faktiki olaraq 
								belə mexanizmlər (məcburi; könüllü, lakin 
								əməkhaqqı və vəzifə artımı üçün vacib hesab 
								edilən; könüllü, məktəblər tərəfindən müəllimlər 
								üçün təşkil edilən ixtisasartırma təhsili) 
								vasitəsilə bütün müəllimlər ixtisasartırma və 
								peşə hazırlığına cəlb edilirlər. 
								
								Bəzi ölkələrdə (Rumıniya, Almaniya, Macarıstan) 
								ixtisasartırma üzrə qeydiyyatın aparılması üçün 
								"İxtisasartırma portfoliosu" istifadə edilir.
								 
								
								Daha sonra tədbir iştirakçılarına ixtisasartırma 
								təhsili üzrə təklif edilən yeni model təqdim 
								olundu. Misir Mərdanov məlumat verdi ki, yeni 
								modelin əsasları Azərbaycan hökuməti tərəfindən 
								2007-ci ildə təsdiq edilmiş "Fasiləsiz müəllim 
								hazırlığı Konsepsiyası"nın ayrı-ayrı 
								maddələrində əks olunub. Təhsil Sektorunun 
								İnkişafı üzrə İkinci Layihə çərçivəsində 
								(2009-2014-cü illər) "Pedaqoji kadrlar üçün 
								əlavə təhsil sisteminin müasirləşdirilməsi" 
								komponentinin icrasına başlanılmış və icra 
								planında 4 mühüm vəzifə müəyyənləşdirilmişdir: 
								
								Müəllimlərin ixtisasartırması üzrə xidmətlərin 
								təklifi sahəsində rəqabət mühitinin yaradılması. 
								
								Yeni kurikulumun tətbiqi ilə bağlı 
								ixtisasartırma təhsili tədbirlərinin həyata 
								keçirilməsi.  
								
								Əlavə təhsilin distant yolla həyata keçirilməsi.
								 
								
								Yeni məktəbəqədər təhsil kurikulumunun tətbiqi 
								ilə bağlı ixtisasartırma təhsili tədbirlərinin 
								həyata keçirilməsi. 
								
								Yeni modelin əsas xüsusiyyətləri ixtisasartırma 
								təhsili sahəsində rəqabət mühitinin yaradılması, 
								kredit sisteminin tətbiqi, ixtisasartırma 
								təhsilinin icbarilik statusu alması və 
								stimullaşdırma vasitəsinə çevrilməsi, 
								ixtisasartırma təhsili proqramlarının 
								akkreditasiyası, bu proqramların 3 modul üzrə 
								qurulması (təhsilin ümumi əsasları, ixtisas 
								sahələri, təhsildə texnologiyalar və yeni 
								tendensiyalar) müxtəlif kateqoriyalardan olan 
								işçilər üçün ixtisasartırma müddətinin fərqli 
								nəzərdə tutulmasıdır. 
								
								Modelin mahiyyəti ilə bağlı verilən məlumatdan 
								aydın oldu ki, Təhsil Nazirliyi tərəfindən 
								ayrı-ayrı kateqoriyalardan olan pedaqoji heyət 
								üçün kurikulum çərçivəsi elan edilir. Həmin 
								elana əsasən hər tədris ilində həm dövlət, həm 
								də qeyri-dövlət müəssisələri və ya təşkilatları 
								öz proqramlarını akkreditasiya üçün təqdim 
								edirlər. Təhsil Nazirliyi nəzdində yaradılmış 
								Akkreditasiya Şurası təqdim olunmuş proqramları 
								qiymətləndirir və nəticələrini elan edir. 
								Nazirlik akkreditasiya olunmuş proqramları 
								seçmiş pedaqoji heyətin ixtisasının artırılması 
								üçün həmin proqramları təqdim etmiş müəssisə və 
								ya təşkilatla müqavilə bağlayır. 
								
								Monitorda mövcud ixtisasartırma sistemi ilə yeni 
								modelin müqayisəli təhlilinə aid slaydlar 
								nümayiş etdirildi və bu fərqlər iclas 
								iştirakçılarının diqqətinə çatdırıldı. Qeyd 
								olundu ki, mövcud ixtisasartırma sistemi bir 
								variantda proqram təklif edir və müəllimlər 
								təklif olunan yeganə proqramı qəbul etməyə 
								məcbur olurlar. Yeni modeldə 3 modul üzrə 
								çoxsaylı proqramlar təklif edilir. Müəllimlər 
								ehtiyac və tələblərinə uyğun olaraq həmin 
								proqramlardan istədiklərini seçirlər. 
								
								Hazırda təklif edilən ixtisasartırma  
								kurslarının məzmunu və təlimçilər əvvəlcədən 
								qiymətləndirilmir. Yeni modeldə akkreditasiya 
								prosesi nəzərdə tutulur ki, burada təklif olunan 
								kursların məzmununun, o cümlədən təlimçilərin 
								minimum keyfiyyət tələblərinə cavab verməsi 
								yoxlanılır.  
								
								Mövcud ixtisasartırma sistemində stimullaşdırıcı 
								amillərin olmaması ixtisasartırma təhsilinə 
								marağı azaldır. Yeni modeldə ixtisasartırma 
								təhsilinin nəticəsi hər bir rəhbər və pedaqoji 
								işçinin əməkhaqqına müvafiq artımların 
								edilməsində, vəzifədə irəli çəkilməsində, fəxri 
								adlara və dövlət təltiflərinə layiq görülməsində 
								və sair hallarda nəzərə alınır. Hazırda bütün 
								kateqoriyalardan olan rəhbər və pedaqoji kadrlar 
								üçün eynimüddətli (5 il), yeni modelə görə isə 
								kadrların bu və ya digər kateqoriyası üçün 
								müxtəlifmüddətli ixtisasartırma dövrü müəyyən 
								edilir. İdarəetmə sahəsində kadr dəyişiklikləri 
								tez-tez baş verdiyindən onların ixtisasartırması 
								üçün 5 illik müddət optimal hesab olunmur. 
								
								Sonra yeni modelin tətbiqi üçün hazırlanmış 
								sənədlərin adları təqdim olundu. "Azərbaycan 
								Respublikasının təhsil sistemində rəhbər və 
								pedaqoji kadrların ixtisasartırmasına dair 
								Əsasnamə", "Məktəbəqədər və ümumtəhsil 
								müəssisələrinin rəhbər və pedaqoji kadrlarının 
								ixtisasartırmasının kurikulum çərçivəsi", 
								"Azərbaycan Respublikasının təhsil sistemində 
								rəhbər və pedaqoji kadrlar üçün ixtisasartırma 
								proqramlarının akkreditasiyasına dair Qaydalar", 
								"Rəhbər və pedaqoji kadrların ixtisasartırması 
								üzrə kursların, treninqlərin keyfiyyətinin təmin 
								edilməsi, monitorinqi və qiymətləndirilməsi 
								haqqında təlimat". "Azərbaycan Respublikasının 
								təhsil sistemində rəhbər və pedaqoji kadrların 
								ixtisasartırmasına dair Əsasnamə" layihəsinin bu 
								işlə məşğul olan müəssisə, təşkilat və bir neçə 
								ümumtəhsil məktəbinə rəyə göndərildiyini deyən 
								nazir verilmiş rəylərin əsasən nəzərə alındığını 
								bildirdi. 
								
								Məruzə-təqdimatın sonunda pedaqoji kadrların 
								ixtisasartırma təhsilinin təkmilləşdirilməsi ilə 
								bağlı təkliflər iştirakçıların diqqətinə 
								çatdırıldı: 
								
								- "Azərbaycan Respublikasında məktəbəqədər və 
								ümumi təhsil müəssisələrinin rəhbər və pedaqoji 
								kadrlarının ixtisasartırma təhsilinə dair 
								Əsasnamə" təsdiq üçün Nazirlər Kabinetinə təqdim 
								edilsin. 
								
								- 2010-2011-ci tədris ili üçün yeni model üzrə 
								ibtidai sinif müəllimlərinin ixtisasartırma 
								təhsili ilə bağlı təkliflər və kurikulum 
								çərçivəsi hazırlansın, pilot olaraq tətbiq 
								edilsin.  
								
								- Yeni modelə keçidlə əlaqədar ixtisasartırma 
								proqramlarının akkreditasiyası məqsədilə Təhsil 
								Nazirliyi nəzdində Akkreditasiya Şurası 
								yaradılsın. 
								
								- Təhsil Nazirliyinin strukturunda müvafiq 
								dəyişiklik edilərək Strateji təhlil, 
								planlaşdırma və kadrların idarəolunması 
								şöbəsinin nəzdində "İxtisasartırma təhsili" 
								sektoru yaradılsın. 
								
								- Dünyada gedən tendensiyalar nəzərə alınaraq 
								ixtisasartırma təhsilində modul-kredit 
								sisteminin tətbiq edilməsi və 
								sertifikatlaşdırmanın reallaşması üçün müvafiq 
								tədbirlər həyata keçirilsin. 
								
								Təqdimatda ayrıca olaraq ixtisasartırma təhsili 
								müəssisələrinin və rayon (şəhər) təhsil şöbələri 
								rəhbərlərinin bu sahədəki fəaliyyətlərinin 
								yaxşılaşdırılmasına dair təkliflər də özünə yer 
								aldı. 
								
								Sonra məruzə-təqdimat ətrafında çıxışlar 
								başladı. çıxışlarda məsələ ilə bağlı müxtəlif 
								fikirlər səsləndi, iradlara münasibət 
								bildirildi, nöqsan və problemlərin aradan 
								qaldırılması yolları müzakirə olundu.  
								
								
								Hicran ƏKBƏROVA |