| 
								
								Biz altmışıncı illərdən tanışdıq. O, maarif 
								şöbəsində inspektor idi, mən kənd məktəblərinin 
								birində dərs deyirdim. Məktəbimiz Gülağa 
								müəllimin xidmət etdiyi 36 təhsil ocağından 
								biriydi. Kəndlər bir-birindən xeyli aralı olsa 
								da, hər rüb məktəblərə gedər, tədrisin təşkili 
								ilə maraqlanar, "açıq dərs"lər təşkil edər, 
								pedaqoji məsləhətlər verərdi. 
								
								Gülağa müəllimin uzun illərdən bəri qazandığı 
								təcrübə, geniş dünyagörüşü, dərin mütaliəsi onu 
								maarif cəfakeşi kimi yetişdirmişdi. Respublikada 
								bacarıqlı, yaradıcı məktəb inspektoru kimi 
								tanınırdı. Pedaqoji mətbuatda məktəblərin 
								idarəedilməsinə dair metodiki yazılarından 
								seminarlarda, təkmilləşmə kurslarında istifadə 
								olunardı. 
								
								Gülağa Rüstəmov 1929-cu ildə Lerikin çayrud 
								kəndində doğulmuşdu, Seyidağa kişinin ilk övladı 
								idi. Yeddiillik  təhsilini doğma kəndində, orta 
								təhsilini isə rayon mərkəzindəki məktəbdə 
								almışdı. 1947-ci ildə Azərbaycan Dövlət Pedaqoji 
								İnstitutunun tarix fakültəsinə daxil olmuşdu. 
								Ailənin ehtiyacları ona əyani oxumağa imkan 
								verməmişdi, təhsilini qiyabi yolla davam 
								etdirmişdi.  
								
								Pedaqoji fəaliyyətə çayrud kənd yeddiillik 
								məktəbində başlayan G.Rüstəmov dörd ildən sonra 
								Andurma kəndindəki ibtidai məktəbə müdir 
								göndərilmişdi. O, burada valideynlərin yaxın 
								məsləhətçisi, şagirdlərinin sevimlisi olmuşdu. 
								Onun təşəbbüsü ilə kənddə məktəb tikilmişdi. 
								
								1953-cü ildə Gülağa müəllimi rayon maarif 
								şöbəsinə çağırdılar. Tikəbənd kənd yeddiillik 
								məktəbin pedaqoji kollektivinə rəhbərlik etməyi 
								məsləhət gördülər. O, bu təkliflə razılaşdı. 
								çətinliklərlə üzləşsə də, beş kəndin məktəbyaşlı 
								uşaqlarını, xüsusilə qızları təhsilə cəlb etdi. 
								Məktəbin maddi bazasını möhkəmləndirməkdən ötrü 
								yerli təşkilatlarla əlbir çalışdı. İki ildən 
								sonra  məktəb rayonda nümunəvi təhsil 
								müəssisələrindən birinə çevrildi. 
								
								G.Rüstəmov 1956-cı ildə boya-başa çatdığı kəndə 
								qayıtdı, vaxtilə oxuduğu məktəbdə dərs hissə 
								müdiri vəzifəsində çalışmağa başladı. Aradan bir 
								il keçməmiş onu direktor təyin etdilər.çayrud 
								məktəbinin intibah dövrü də onun direktor olduğu 
								illərdən başladı. Məzunların əksəriyyəti 
								respublikanın, keçmiş İttifaqın ali məktəblərinə 
								daxil oldular. Bir neçə ildən sonra həkim, 
								mühəndis, müəllim, aqronom, mədəniyyət işçisi 
								kimi doğma diyara döndülər. 
								
								Gülağa müəllimin savadını, bacarıq və 
								təşkilatçılığını nəzərə alan rayon rəhbərliyi 
								onu məktəb inspektoru vəzifəsinə irəli çəkdi. Bu 
								vəzifədə on dörd il fəaliyyət göstərdi. 
								 
								
								"Qabaqcıl maarif işçisi",  "Maarif əlaçısi" 
								adına layiq görüldü. 1976-cı ildə rayon maarif 
								şöbəsinə müdir təyin edildi. Onun rəhbərliyi ilə 
								ən ucqar kəndlərdə məktəblər tikildi, uşaq 
								bağçaları açıldı. Pedaqoji kadrlara olan ehtiyac 
								ali və orta pedaqoji məktəbləri bitirən gənclər 
								hesabına tədricən ödənildi. 
								
								1979-cu ildən ömrünün sonuna kimi G.Rüstəmov 
								Təhsil İşçiləri Müstəqil Həmkarlar İttifaqı 
								Rayon Komitəsinin sədri vəzifəsində çalışdı. 
								Müəllimlərin mənzil-məişət problemləri, 
								işçilərin pozulmuş hüquqlarının bərpası, 
								müdiriyyətlə baş vermiş münaqişələri yoluna 
								qoymaq, ittifaq üzvlərinin istirahətini təşkil 
								etmək fəaliyyətinin əsas istiqamətləriydi. 
								
								Həmkarlar ittifaqı təşkilatını Gülağa müəllim 
								təhsil sahəsində çalışan hər bir insanın inanc 
								və güvənc yerinə çevirməyə nail olmuşdu. Yaxşı 
								yadımdadır. Təhsil şöbəsinə rəhbərlik etdiyim 
								illərdə bir məktəb direktoru ilə kitabxanaçı 
								arasında münasibətlər pozulmuşdu. Direktor 
								kitabxanaçını əsassız işdən kənarlaşdırmışdı.  
								Ərizəsinə komitənin iclasında baxıldı. Rəyasət 
								heyətinin üzvü kimi sözümü dedim, hüququ 
								pozulanın ailə vəziyyətini açıqladım. Gülağa 
								müəllim də mənim təklifimə tərəfdar şıxdı, 
								kitabxanaçı işinə qaytarıldı. Belə faktların 
								sayını artırmaq da olar.  
								
								Yazını qələmə alarkən Gülağa müəllimin iş 
								yoldaşları, həmkəndliləri, onu tanıyan ağsaqqal  
								pedaqoqlarla görüşdüm, onların ürək sözlərini 
								dinlədim. Uzun illər bu xeyirxah insanla bir 
								yerdə işləmiş veteran pedaqoq Hidayət Bəşirov 
								dedi: -Gülağa müəllimin adı çəkiləndə gözlərim 
								önünə onun nurlu sifəti, nəzakətli danışığı 
								gəlir. Sözün əsl mənasında, o, saf insan idi. 
								Hamıya xeyirxahlıq etməyi çox sevirdi. Tanrı elə 
								bil onu xeyirxahlıq üçün yaratmışdı. Təəssüf ki, 
								aramızdan tez getdi.  
								
								çayrud kənd orta məktəbinin təşkilat işləri üzrə 
								direktor müavini Əlihüseyn Siyabovun söhbətindən 
								sətirlər: Gülağa Rüstəmov tarix müəllimimiz 
								olub. çox tələbkar idi. Oxuyan şagirdi ürəkdən 
								sevərdi. Hətta bəzən nadincliyinin üstündən 
								keçərdi. Qəribə dərs soruşmaq üsulu vardı. Bir 
								dərsdə beş-altı şagirdi sorğu-suala çəkərdi. Ona 
								görə də dərsə həmişə hazırlıqlı gələrdik. Bir 
								qonşu, bir yaxın qohum kimi hörmətini 
								saxlayardıq. 
								
								Şirzaid Adıgözəlov (TİMHİ rayon komitəsinin 
								sədri): 25 il bir yerdə işləmişik. Obyektivlik, 
								saflıq, qayğıkeşlik ona xas olan  
								keyfiyyətlərdi. Hər hansı bir məsələnin həllində 
								rəy və təkliflərimizi dinləyər, son qərarı 
								məsləhətləşmədən sonra verərdi.  
								
								Bu payız Gülağa Rüstəmovun 80 illik 
								yubileyidir...  71 il yaşamış  gözəl insanın 
								yerində mərd övladları qalıb. Onlar öz ləyaqətli 
								atalarının xeyirxah əməllərini yaşadırlar.  
								
								
								Həmzə VƏLİMƏMMƏDOV,əməkdar jurnalist
 |