| 
								
								 Azərbaycan Müəllimlər İnstitutunda 2009-cu il 
								"Uşaq ili" çərçivəsində "Narkomanlığın 
								profilaktikası sahəsində təhsil müəssisələrinin 
								rolu" mövzusunda elmi-praktik konfrans 
								keçirildi. 
								
								Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən 
								tədbirdə Bakı şəhərindəki ali məktəblərin 
								prorektorları, texnikum və orta məktəblərin 
								direktor müavinləri, Bakı Şəhər üzrə Təhsil 
								İdarəsinin məsul əməkdaşları, məktəbdənkənar 
								müəssisələrin direktorları iştirak edirdi.    
								Qonaqları salamlayan Azərbaycan Müəllimlər 
								İnstitutunun rektoru, professor A.Naxçıvanlı 
								sözü təhsil nazirinin müavini Elmar Qasımova 
								verdi. 
								
								Elmar Qasımov çıxış edərək bildirdi ki, bu 
								tədbir çox mühüm əhəmiyyət kəsb edir. 
								Narkomaniya ilə mübarizə indi bəşəriyyəti 
								düşündürən ən vacib problemlərdən biridir. Bu 
								tədbirin bir əhəmiyyəti də ondadır ki, burada 
								iştirak edənlər, tədbirə dəvət olunanlar bu işlə 
								praktik məşğul olan müəllim və təhsil 
								işçiləridir. 
								
								Narkomanlıq bütün dünyanı bürümüş ictimai bir 
								bəladır və ən faciəli problemə çevrilmişdir, - 
								deyən təhsil nazirinin müavini bildirdi ki, heç 
								kim ondan sığortalanmayıb. İndii narkomanlıq 
								dünyanın bir nömrəli probleminə çevrilib. Əgər 
								əvvəllər müharibə təhlükəsi, qlobal istiləşmə və 
								digər məsələlər var idisə, indi isə narkomanlıq 
								bu problemlər sırasında ön sırada durur. Bu 
								faciəli bəlanın əsas kökü ondan ibarətdir ki, 
								bunun qarşısı vaxtında alınsın. 
								
								Daha sonra problemin aradan qaldırılması 
								yollarından danışan təhsil nazirinin müavini 
								E.Qasımov bildirdi ki, gənclərin asudə 
								vaxtlarının təşkilinə ciddi diqqət 
								yetirilməlidir. Onlar idman məktəblərində 
								müxtəlif bölmələrdə məşğul olmalı, sağlam həyat 
								tərzi keçirməli və digər zərərli vərdişlərdən 
								xilas olmaq üçün müxtəlif elmi-kütləvi 
								tədbirlərə daha çox cəlb olunmalıdırlar. 
								 
								
								Azərbaycan Müəllimlər İnstitutunun kafedra 
								müdiri, psixologiya elmləri namizədi Ruhəngiz 
								Rzayeva "Narkomanlığın profilaktikasında yeni 
								pedaqoji üsulların tətbiqi" mövzusunda məruzə 
								etdi. Milli Məclisin üzvü Fuad Muradov, 
								Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz 
								Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət 
								Komissiyası İşçi Qrupunun rəhbəri Araz 
								Əliquliyev, Daxili İşlər Nazirliyinin 
								Narkomanlığa qarşı mübarizə baş idarəsinin rəis 
								müavini Adil Ələkbərov, Gənclər və İdman 
								Nazirliyinin idarə rəisi Fərhad Hacıyev 
								konfransda çıxış edərək bu qlobal bəlanın 
								qarşısının alınmasında dövlət orqanlarının, 
								təhsil ocaqlarının gördüyü işlərdən, habelə bu 
								ümumbəşəri bəlanın qarşısının alınmasında 
								pedaqoji kollektivlərin və valideynlərin 
								qarşısında duran vəzifələrdən danışdılar. 
								
								Diskussiya şəraitində keçən tədbiri təhsil 
								nazirinin müavini Elmar Qasımov yekunlaşdırdı.  
								
								
								Malik NOVRUZOV  |