| 
								
								Azərbaycan Respublikası Nazirlər Kabinetinin  30 
								oktyabr 2006-cı il tarixli, 233 nömrəli qərarı 
								ilə  təsdiq olunmuş "Azərbaycan Respublikasında 
								ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)"  
								və  13 yanvar 2009-cu il tarixli, 9 nömrəli 
								qərarı ilə  təsdiq edilmiş "Azərbaycan 
								Respublikasının ümumi təhsil sistemində 
								Qiymətləndirmə Konsepsiyası"ndan irəli gələn  
								vəzifələrin icrasını təmin etmək məqsədi ilə 
								"ümumtəhsil məktəblərində məktəbdaxili  
								qiymətləndirmənin aparılması Qaydaları" 
								hazırlanmışdır. Bu "Qaydalar" Azərbaycan 
								Respublikası Ədliyyə Nazirliyinin 17.02.2009-cu 
								il tarixli, 3434 nömrəli şəhadətnaməsi ilə 
								dövlət qeydiyyatından keçmiş, Azərbaycan 
								Respublikası təhsil nazirinin 11.02.2009-cu il 
								tarixli, 164 nömrəli əmri ilə təsdiq edilmiş 
								"ümumtəhsil məktəblərində, peşə liseylərində 
								buraxılış imtahanları və şagirdlərin 
								sinifdən-sinfə keçirilməsi haqqında Qaydalar"dan 
								irəli gələn tələblərə uyğunlaşdırılıb və fənn 
								kurikulumları tətbiq  olunan  siniflərdə 
								məktəbdaxili qiymətləndirmənin aparılmasını 
								müəyyən edir. 
								
								Qaydaların şərhinə ehtiyac olduğunu nəzərə 
								alaraq, müəyyən məsələlərə aydınlıq gətirmək 
								istərdik. 
								
								Müəllimin fəaliyyəti yalnız summativ 
								qiymətləndirmələrlə məhdudlaşmır, şagird 
								nailiyyətlərinin monitorinqi  diaqnostik və 
								formativ qiymətləndirmə formalarında da 
								aparılır. 
								
								Diaqnostik qiymətləndirmə şagirdin bilik və 
								bacarıqlarının ilkin səviyyəsini 
								müəyyənləşdirmək məqsədilə müəllim tərəfindən 
								aparılır. Nəticələrə uyğun olaraq  müəllim təlim 
								strategiyasını və şagirdlərin hər birinə fərdi 
								yanaşma yollarını  müəyyənləşdirir. Bu 
								qiymətləndirmənin nəticələri jurnalda qeyd 
								olunmur. 
								
								Formativ qiymətləndirmə tədris-təlim 
								fəaliyyətini davamlı olaraq müşayiət edən 
								prosesdir və  birbaşa müəllim tərəfindən həyata 
								keçirilir. Formativ qiymətləndirmənin nəticələri 
								məktəbli kitabçası vasitəsilə  şagirdlərə və 
								valideynlərə çatdırılır. 
								
								Qaydalarda göstərilir ki,  formativ 
								qiymətləndirmə fənni tədris edən müəllim 
								tərəfindən məzmun standartlarından çıxan təlim 
								məqsədləri əsasında hazırlanmış   meyarlar üzrə 
								aparılır. Fənn  kurikulumları əsasında xüsusi 
								təlim kurslarından keçmiş ibtidai sinif  
								müəllimləri  məzmun standartlarına uyğun təlim 
								məqsədlərinin yazılması bacarıqlarına 
								yiyələniblər və standartların reallaşdırılmasına 
								xidmət edən gündəlik təlimi necə təşkil etməyin  
								yolları ilə tanışdırlar.  
								
								Formativ qiymətləndirmənin nəticələri məktəbli 
								kitabçasında sözlə təsvir edilir.Bəzən 
								müəllimlər məktəbli kitabçasında  qeydlərin 
								yazılması üçün yer nəzərdə tutulmamasından 
								şikayətlənirlər. Əslində məktəbli kitabçasında  
								şagirdlərin fəaliyyətinin təsviri  qısa  
								ifadələrlə verilməlidir. Məsələn,  
								riyaziyyatdan  10 dairəsində ədədlərin 
								toplanması ilə bağlı izləmələrin nəticəsinin  
								müxtəlif göstəricilərini müəllim şagirdlərin 
								inkişaf xüsusiyyətlərinə uyğun olaraq belə yaza 
								bilər: "10 dairəsində ədədləri tanıyır,lakin 
								yaza bilmir", yaxud "10 dairəsində  ədədləri 
								toplaya bilir" və ya "10 dairəsində çıxmanı  
								yerinə yetirir" və s. Müəllim elə bu 
								göstəricilərə əsasən də şagirdin ev 
								tapşırıqlarını müəyyən edir. Beləliklə, 
								valideynin də tədris prosesinə cəlb olunmasına 
								şərait yaranır. 
								
								Nəzərə almaq lazımdır ki, müəllim hər gün bütün 
								şagirdlərin gündəliyinə qeyd yazmır.Bu qeydlər 
								vaxtaşırı və lazım gəldikcə, hər hansı məsələ 
								barədə şagird və valideynin   mütləq 
								məlumatlandırılmalı olduğu hallarda edilir. 
								
								Bütün bu izləmələr şagirdlərin standartlara 
								uyğun inkişafına  kömək edir. 
								
								Şagirdlərin standartların  səviyyələrinə 
								uyğunluğu  summativ qiymətləndirmələr vasitəsilə 
								ölçülür. Standartların səviyyələrinə əsasən 
								hazırlanmış sualların cavablandırılmasına 
								verilən faizlər  və onların qiymət şkalası üzrə 
								açıqlaması "Qaydalar"da göstərilmişdir. Belə ki, 
								tapşırıqların ümumi sayının 10%-nə qədər düz 
								cavab verən şagird "1", 10% daxil olmaqla 20%-nə 
								qədər düz cavab verən şagird "2", 20% daxil 
								olmaqla 50%-nə qədər düz cavab verən şagird "3", 
								50% daxil olmaqla 80%-nə qədər düz cavab verən 
								şagird "4", 80% daxil olmaqla 100%-nə qədər düz 
								cavab verən şagird "5" qiymətlə 
								qiymətləndirilir. 
								
								Yarımil ərzində tədrisin  planlaşdırılmasına 
								uyğun olaraq summativ qiymətləndirmələrin neçə 
								dəfə keçirilməsi də müəllimləri maraqlandıran 
								məsələlərdən biridir. Kiçik summativ 
								qiymətləndirmələr şagirdlərin müəyyən bir müddət 
								ərzində reallaşdırılan standartların  
								səviyyələrinə uyğunluğunu yoxlamaq məqsədilə 
								keçirilir. 
								
								Məsələn, 1-ci sinifdə həyat bilgisi fənnindən 
								sağlamlıqla bağlı olan mövzular tədris 
								olunarkən  reallaşdırmaq üçün seçilən 
								standartlar  müəllimə yoxlanılmalı olan 
								bacarıqları diktə edir.Bu bacarıqlar 
								aşağıdakılardır: 
								
								Şagird: 
								
								-sağlamlığın mühafizəsi haqqında fikir bildirir; 
								
								-sağlam həyat tərzinin  şərtlərini sadalayır; 
								
								-yoluxucu xəstəlikləri tanıyır və onlardan 
								qorunma yolları haqqında danışır və s. 
								
								Müəllim özünün müəyyənləşdirdiyi qiymətləndirmə 
								vasitəsi ilə  şagirdin bu bacarıqlara hansı 
								səviyyədə nail olduğunu  yoxlayır. 
								
								Kiçik summativ qiymətləndirmələrin   sayını isə  
								fənnin  planlaşdırılmasına əsasən müəllim 
								müəyyən edir. Belə ki, həftədə 4-5  saat tədris 
								olunan fənn ilə həftədə 1 saat tədris olunan 
								fənlərin arasında  kiçik summativ 
								qiymətləndirmələrin sayına görə fərq olacaqdır. 
								Kiçik summativ  qiymətləndirmələrin  sayına  
								xüsusi bir məhdudiyyətin qoyulması mümkün deyil. 
								Müəllim özü tədrisin planlaşdırılmasına əsasən  
								qərar qəbul etməlidir."Qaydalar"da yalnız kiçik 
								summativ  qiymətləndirmələrin  6 həftədən gec 
								olmayaraq keçirilməsi  qeyd edilib. 
								
								Böyük summativ qiymətləndirmələrdə bu şərhə 
								xüsusi ehtiyac yoxdur. Aydındır ki, hər iki 
								yarımilin sonunda şagirdlərin nailiyyət 
								səviyyələrini müəyyən etmək məqsədilə böyük 
								summativ qiymətləndirmə keçirilir.Böyük summativ 
								qiymətləndirmənin əhatə etdiyi dövrdə 
								reallaşdırılmalı olan  standartlar əsasında ən 
								mühüm bacarıqlar müəyyən olunur və 
								standartların  səviyyələrinə uyğun tapşırıqlar 
								hazırlanır. Bu zaman daha çox bilik və 
								bacarıqların tətbiqinə yönələn suallardan 
								istifadə edilir. 
								
								Məsələn,1-ci sinifdə həyat bilgisi fənnindən 
								yarımil ərzində sağlamlıqla yanaşı, 
								təhlükəsizlik, mənəviyyatla bağlı mövzular 
								tədris olunur. Bu mövzular vasitəsilə 
								reallaşdırılan standartların hər birinə 
								ayrılıqda sual hazırlamaq çətindir. Odur ki, 
								müəllim bu standartlar əsasında ən mühüm 
								bacarıqları müəyyən edir və qiymətləndirmə 
								səviyyələrini nəzərə almaqla suallar hazırlayır. 
								
								Xüsusi şərhə ehtiyac olan  məsələlərdən biri də 
								ana dilindən imla, inşa, ifadə yazılar, 
								riyaziyyatdan biliyin tətbiqinə yönəlmiş misal 
								və məsələ həllinin hansı qiymətləndirmə növünə 
								(formativ, yoxsa kiçik summativ)  aid olması ilə 
								bağlıdır. Müəllim şagirdin yazı bacarıqlarının 
								inkişafını  izləmək üçün  formativ 
								qiymətləndirmə yolu ilə yazı işləri apara bilər 
								və aparmalıdır. Məsələn, şagirdin öyrəndiyi yeni 
								sözlərin yazılışını yoxlamaq üçün kiçik bir 
								mətnin yazılması,toplama əməlinin yoxlanması 
								üçün məsələ həlli və s. bu tipli yazı işləridir. 
								
								Əgər müəllimin məqsədi başa çatmış bölmə və ya 
								bəhs vasitəsilə reallaşdırılmış standartların 
								səviyyələrinə  şagirdlərin uyğunluğunu 
								yoxlamaqdırsa, onda  yoxlama yazılar kiçik 
								summativ qiymətləndirmə vasitəsi kimi istifadə 
								edilir.  
								
								"Qaydalar"da I sinifdə summativ  
								qiymətləndirmələrin aparılması xüsusi olaraq 
								qeyd edilməmişdir. Lakin I siniflər üçün də 
								bütün fənlər üzrə  qiymətləndirmə standartları 
								olduğundan şagirdlərin bəhs, bölmə və ilin 
								sonunda nəticələrə hansı səviyyədə nail olduğunu 
								öyrənmək zəruridir. Bu zərurətdən çıxış edərək I 
								siniflərdə kiçik və böyük summativ 
								qiymətləndirmələrin aparılması müəyyən 
								olunmuşdur.Lakin böyük summativ 
								qiymətləndirmənin nəticələri  şagirdlərin 
								sinifdən-sinfə keçirilməsinə təsir etmir. 
								
								Digər bir izah tələb edən məsələ   ana  dili 
								fənnindən oxu və yazının  birlikdə, yoxsa ayrı 
								qiymətləndirilməsidir. Bildiyimiz kimi, ana dili 
								inteqrativ bir fəndir. Odur ki, bu fənn 
								vasitəsilə əldə edilən bilik və bacarıqlar da  
								inteqrativ şəkildə qiymətləndirilir. Əgər kiçik 
								summativ qiymətləndirmə ana dilindən yazı (inşa, 
								esse) vasitəsilə aparılırsa,  onun hər iki 
								qiyməti əsasında  ümumi  qiymət yazılır. 
								 
								
								Musiqi, təsviri incəsənət, texnologiya, 
								informatika fənləri üzrə  şagirdlərin 
								qiymətləndirilməsinin şifahi  və ya  yazılı 
								şəkildə  aparılması isə yoxlanan bacarıqlara 
								uyğun olaraq müəyyənləşir. Müəllim təlim 
								fəaliyyətinə uyğun olaraq qiymətləndirmə üsulu 
								və vasitəsi seçir. Məsələn, musiqi fənnindən 
								musiqi əsərlərinin  müəllifinin  tanınması ilə 
								bağlı bilikləri yoxlayarkən müəllim  şifahi 
								qiymətləndirmə üsuluna uyğun olaraq  sorğu-sual 
								vasitəsindən  istifadə edə bilər. Əgər mahnı 
								oxumaq bacarıqları yoxlanırsa, müəllim həmin 
								əsərin oxusunu təşkil etməli və şagirdi buna 
								əsasən qiymətləndirməlidir.Və yaxud  təsviri 
								incəsənət fənnindən  rəsm əsərlərinin  
								müəllifinin  tanınması ilə bağlı bilikləri 
								yoxlayarkən müəllim  şifahi qiymətləndirmə 
								üsuluna uyğun olaraq sorğu-sual vasitəsindən  
								istifadə edə bilər. Şagirdin sadə bədii  təsvir 
								vasitələrindən necə istifadə etdiyini yoxlamaq 
								üçün isə  onun  əl işlərini toplamaq və buna 
								əsasən qiymətləndirmə aparmaq  lazımdır. 
								
								Summativ qiymətləndirmədə iştirak etməyən 
								şagirdlərlə  təkrar  qiymətləndirmənin  
								aparılması ilə bağlı müəyyən suallar ortaya çıxa 
								bilər. "ümumtəhsil məktəblərində məktəbdaxili  
								qiymətləndirmənin aparılması  Qaydaları"nda 
								göstərilir ki, summativ qiymətləndirmədə iştirak 
								etməyən şagirdin jurnalda  adının qarşısındakı  
								xana  diaqonal olaraq  2 yerə bölünür. Surətdə 
								"q" (qaib) yazılır, məxrəc isə boş saxlanılır. 
								Müəllim növbəti 2 həftə ərzində  həmin şagirdlə 
								summativ qiymətləndirmə aparır və nəticəni  
								məxrəcdə qeyd edir. İki həftə  müddət ona görə 
								nəzərdə tutulmuşdur ki, şagirdin  buraxdığı 
								materialı öyrənmək və ya təkrar etmək üçün 
								müəyyən vaxtı olsun.  
								
								Böyük summativ qiymətləndirmənin  nəticələrinə 
								görə ən çoxu üç fəndən "qeyri-kafi" qiymət alan 
								II-VIII, X sinif şagirdlərinə "ümumtəhsil 
								məktəblərində, peşə liseylərində buraxılış 
								imtahanları və şagirdlərin sinifdən-sinfə 
								keçirilməsi haqqında Qaydalar"ına uyğun olaraq 
								yay tədris tapşırıqları verilir. Ən azı bir  
								fəndən yay tədris tapşırığını yerinə yetirməyən 
								şagirdlər təkrar sinifdə saxlanılırlar.IX və XI 
								siniflərdə bu məsələlər "ümumtəhsil 
								məktəblərində, peşə liseylərində buraxılış 
								imtahanları və şagirdlərin sinifdən-sinfə 
								keçirilməsi haqqında Qaydalar"ın 27, 28, 29-cu 
								maddələri ilə tənzimlənir. 
								
								27-ci  maddəyə görə, bütün fənlərdən  müsbət 
								illik, həmçinin  bir-üç fəndən "qeyri-kafi" 
								illik qiyməti  olan IX sinif şagirdləri əsas 
								təhsil kursu üzrə  imtahana buraxılırlar. 
								
								28-ci maddəyə görə, dərs ilinin hər hansı  
								yarımilində  məktəbə gəlmədiyi üçün  biliyi 
								qiymətləndirilməyən  IX və XI sinif, peşə 
								liseylərinin  II-III kurs  şagirdlərinin  
								imtahanlara buraxılıb-buraxılmaması məsələsinə  
								məktəbin pedaqoji şurasında baxılıb  müvafiq 
								qərar qəbul olunur. 
								
								29-cu maddəyə görə isə bütün fənlərdən  yalnız 
								müsbət illik  qiyməti olan XI sinif, peşə 
								liseylərinin  III kurs şagirdləri  orta təhsil 
								kursu üzrə imtahanlara buraxılırlar. 
								
								Sinifdənxaric oxunun qiymətləndirilməsi  və 
								nəticəsinin jurnalda qeyd olunması ilə bağlı 
								suallara da münasibət bildirmək 
								məqsədəuyğundur.Sinifdənxaric oxu ana dilindən 
								oxu bacarıqlarının inkişafına xidmət edən bir 
								fəaliyyətdir və şagirdlərin bu fəaliyyəti  
								müəllim  tərəfindən mütəmadi olaraq izlənilir, 
								yəni formativ qiymətləndirmə aparılır. Kiçik 
								summativ qiymətləndirmələrdə  oxu bacarıqları 
								qiymətləndirilərkən, eyni zamanda sinifdənxaric 
								oxu zamanı əldə edilən nailiyyətlər şagirdin 
								daha yüksək müvəffəqiyyətinə kömək edir. 
								
								Formativ qiymətləndirmələr  bütün dərs boyu 
								davamedici bir proses olduğu üçün ona xüsusi 
								vaxt ayrılmır.Summativ qiymətləndirmələr isə 
								fənlərin planlaşdırılmasında yoxlamaların 
								aparılması üçün nəzərdə tutulan  saatlar 
								hesabına keçirilə bilər. 
								
								Onu da qeyd edim ki, sinif  jurnallarının 
								"Göstərişlər" səhifəsində nəzərdə tutulan  bənd 
								(gündəlik xanalara "q" və ya "+" yazılması) 
								bütün siniflərə aid edilir. Kurikulum tətbiq 
								edilən siniflərin  jurnallarında  kiçik  və 
								böyük  summativ qiymətləndirmələrin nəticələri, 
								qalan xanalarda isə "+" və ya "q" yazılır. 
								Kurikulum tətbiq edilməyən siniflərdə (III-XI) 
								siniflərin jurnallarında qiymətləndirilən 
								şagirdlərin qarşısında qiymətlər, dərsdə iştirak 
								edən, lakin qiymətləndirilməyən şagirdin adının 
								qarşısındakı xanada "+", dərsdə iştirak etməyən 
								şagirdin adının qarşısındakı xanada isə "q" 
								yazılır.  
								
								
								Təranə HACIYEVA,Təhsil Nazirliyi Monitorinq və
 qiymətləndirmə şöbəsinin müdiri
 |