| 
								
								Xəbər verildiyi kimi, noyabrın 12-də Belarusda 
								rəsmi səfərdə olan Azərbaycan Respublikasının 
								Prezidenti İlham Əliyev Belarus Dövlət 
								Universitetində olmuşdur.  Salona toplaşanlar - 
								universitetin professor-müəllim heyəti və 
								tələbələri Azərbaycan Prezidentini sürəkli 
								alqışlarla qarşıladılar.   
								
								Elmi Şuranın iclasını açan Belarus Dövlət 
								Universitetinin rektoru Sergey ABLAMEYKO 
								dedi:  
								
								- İcazə verin, Belarus Dövlət Universitetinin 
								müəllimləri, əməkdaşları və tələbələri adından 
								Azərbaycan Respublikasının Prezidenti, siyasi 
								elmlər doktoru, professor İlham Heydər oğlu 
								Əliyevi universitetimizdə salamlayım. Bu gün 
								mənə Azərbaycan Respublikasının Prezidentinə, 
								qonaqlarımıza belə bir məlumat çatdırmaq şərəfi 
								qismət olmuşdur ki, Belarus Dövlət 
								Universitetinin Elmi Şurasının bu ilin 30 
								oktyabr tarixli qərarı ilə Azərbaycan 
								Respublikasının Prezidenti İlham Heydər oğlu 
								Əliyevə Belarus Dövlət Universitetinin fəxri 
								professoru adı verilmişdir.  
								
								İcazə verin, İlham Heydər oğlu Əliyevin qısa 
								tərcümeyi-halını oxuyum.  
								
								Rektor dövlətimizin başçısının tərcümeyi-halını 
								oxudu.  
								
								Sonra Belarus ilə Azərbaycan arasında 
								münasibətlərin inkişafına, tarix və siyasi 
								elmlərə töhfəsinə görə Prezident İlham Əliyevə 
								Belarus Dövlət Universitetinin fəxri professoru 
								adı verilməsi münasibətilə mərasim keçirildi.
								 
								
								Universitetin rektoru Sergey Ablameyko 
								Azərbaycan Prezidenti İlham Əliyevə Belarus 
								Dövlət Universitetinin fəxri professoru 
								diplomunu, mantiyasını və digər nişanlarını 
								təqdim etdi.  
								
								Milli geyimli qızlar Azərbaycan dövlətinin 
								başçısına gül dəstələri təqdim etdilər. 
								 
								
								
								*** 
								
								
								Prezident İlham ƏLİYEV 
								universitetin professor-müəllim heyəti və 
								tələbələri qarşısında mühazirə ilə çıxış edərək 
								dedi:  
								
								- Əziz dostlar!  
								
								İlk növbədə, fəaliyyətimə verilən belə yüksək 
								qiymətə, mənə BDU-nun fəxri professoru adı 
								verilməsinə görə Belarus Dövlət Universitetinin 
								rəhbərliyinə təşəkkürümü bildirmək istəyirəm. 
								Bu, mənim üçün böyük şərəfdir. Buna görə 
								ölkələrimiz arasında ikitərəfli əlaqələri 
								möhkəmləndirmək üçün gələcəkdə də fəal işləməyi 
								özümə borc bilirəm.  
								
								Son bir neçə ildə Belarus ilə Azərbaycan 
								arasında münasibətlər çox sürətlə inkişaf etmiş, 
								qarşılıqlı iqtisadi fəaliyyətdə böyük uğurlar 
								qazanılmış, ölkələrimizi bir-birinə daha da 
								yaxınlaşdıran çoxlu müştərək layihələr həyata 
								keçirilmişdir. Mən üç il bundan əvvəl sizin 
								ölkənizə özümün ilk rəsmi səfərimi böyük 
								səmimiyyətlə xatırlayıram. Həmin səfər vaxtı, 
								habelə 2007-ci ildə Belarus Prezidenti Aleksandr 
								Qriqoryeviç Lukaşenkonun Azərbaycana səfəri 
								dövründə əldə etdiyimiz razılaşmalar uğurla 
								həyata keçirilir. Biz nəzərdə tutduqlarımızın 
								hamısını yerinə yetirmişik. Bu gün, sizin ölkəyə 
								mənim ikinci rəsmi səfərimin gedişində biz, bir 
								tərəfdən, görülmüş işləri təhlil etdik, ən 
								başlıcası isə, münasibətlərimizin gələcək 
								inkişaf yollarını müəyyənləşdirdik.  
								
								üç ildə Azərbaycan Prezidentinin Belarusa ikinci 
								dəfə rəsmi səfər etməsi faktının özü bizim 
								münasibətlərin səviyyəsinə, xarakterinə, onların 
								dinamizminə və intensivliyinə dəlalət edir. 
								Təbii ki, bunlar ölkələrimiz arasında bütün 
								sahələrdə fəal qarşılıqlı əlaqələr fonunda baş 
								verir. çox fəal siyasi dialoq aparılır. Həm 
								rəsmi səfərlər, həm də müxtəlif beynəlxalq 
								forumlar çərçivəsində yüksək səviyyədə müntəzəm 
								görüşlər keçirilir. Hökumətlərarası komissiya 
								ölkələrimiz arasında fəal iş aparır. Bu 
								komissiya çərçivəsində iqtisadi əməkdaşlığın 
								möhkəmləndirilməsinə dair çox mühüm məsələlər 
								həll edilir. Humanitar sahədə əməkdaşlıq çox 
								intensiv inkişaf edir. Bu gün biz həm Belarusda, 
								həm də Azərbaycanda təhsil məsələlərinə çox 
								böyük diqqət yetirildiyini nəzərə alaraq, həmin 
								sahədə münasibətlərin daha da inkişaf 
								etdirilməsi imkanlarını müzakirə etmişik. 
								 
								
								Beləliklə, biz ikitərəfli münasibətlərimizdə çox 
								genişspektrli məsələləri əhatə edirik və ən 
								başlıcası, bütün qərarları operativ həyata 
								keçiririk. Bu əməkdaşlığın əyani nümunələrindən 
								biri kimi, Gəncədə traktor zavodu - Belarus ilə 
								Azərbaycan arasında müştərək istehsalat 
								yaradılmasını tez-tez misal çəkirik. Bu layihə 
								barədə qərar qəbul edilməsi ilə onun həyata 
								keçirilməsi cəmi bir neçə ay çəkmişdir. Artıq 
								iki ildən çoxdur ki, zavod uğurla fəaliyyət 
								göstərir, gözəl məhsul istehsal edir, Azərbaycan 
								fermerlərini zəruri kənd təsərrüfatı texnikası 
								ilə təmin edir. Biz artıq başqa ölkələrin 
								bazarlarına birlikdə çıxmaq barədə də 
								fikirləşirik.  
								
								Bu, xüsusi, lakin çox əyani misaldır. Bu misal, 
								əvvələn, ölkələrimiz arasında iqtisadi 
								münasibətlərin nə qədər əhəmiyyətli olmasını və 
								ikincisi, hər iki ölkədə qərarın qəbul edilməsi 
								ilə onun icrası arasında dəqiq əlaqə olmasını 
								göstərir. çox vaxt belə də olur ki, yaxşı 
								qərarlar qəbul edilir, lakin onların icrası ya 
								illər boyu yubadılır, ya da ümumiyyətlə, yerinə 
								yetirilməmiş qalır. Bizə gəldikdə isə, nəzərdə 
								tutduqlarımızın hamısını həyata keçirmişik.
								 
								
								Bu gün biz artıq mövcud olan bazada, habelə 
								fəaliyyətimizin digər sahələrində, iqtisadiyyat 
								sahəsində yeni layihələrdən danışırıq. Kənd 
								təsərrüfatı, turizm, sənaye istehsalı, 
								nəqliyyat, energetika ilə bağlı məsələlər bu gün 
								ətraflı müzakirə olunmuş, nümayəndə 
								heyətlərimizin üzvlərinə müvafiq tapşırıqlar 
								verilmişdir. ümidvaram ki, Belarus Prezidentinin 
								Azərbaycana növbəti səfərinədək əldə edilmiş 
								razılaşmalar çərçivəsində yeni nəticələrimiz 
								olacaqdır. Başqa sözlə, münasibətlərimizin necə 
								inkişaf etməsindən çox razıyam. Onlar çox 
								nümunəvidir. Onlar həmçinin regional 
								münasibətlərin inkişafına da kömək edir. Biz 
								bir-birimizə çox yaxın yerləşməsək də, Belarusun 
								öz regionunda və Azərbaycanın Cənubi Qafqaz və 
								Xəzər regionunda fəal rolu həm siyasi 
								sabitliyin, həm də iqtisadi sahədə qarşılıqlı 
								fəaliyyətin mühüm amilidir.  
								
								Beləliklə, bu gün ölkələrimiz arasında 
								ikitərəfli münasibətlərdən danışarkən biz 
								uğurlar görürük, nəticələr görürük, habelə 
								perspektivləri dəqiq görürük. Bununla əlaqədar, 
								ümidvar olduğumu bildirmək istəyirəm ki, 
								ölkələrimiz arasında humanitar sahədə əlaqələr 
								müvəffəqiyyətlə inkişaf edəcəkdir. Mən artıq 
								qeyd etdim ki, bu gün biz həmin mövzunu müzakirə 
								etdik, habelə tələbələrimizin hər iki ölkənin 
								ali məktəblərində təhsil alması imkanlarını da 
								müzakirə etdik.  
								
								Azərbaycanda tələbələrimizin dünyanın aparıcı 
								ali məktəblərində təhsil almasına dair Dövlət 
								Proqramı həyata keçirilir. Bu məqsədlər üçün 
								Dövlət Fondundan vəsait ayrılır və beləliklə, 
								ölkəmizin bir neçə min gənc vətəndaşı 
								keyfiyyətli təhsil almaq imkanı qazanır. Bu, 
								peşəkar kadrlar hazırlığı istiqamətində mühüm 
								addımlardan biridir, lakin, təbii ki, biz 
								ölkəmizdə təhsilin səviyyəsinin ehtiyaclarımıza, 
								Azərbaycanın inkişaf edən iqtisadiyyatının 
								ehtiyaclarına, həmçinin dünya standartlarına 
								uyğun olmasına çalışmalıyıq. Bu baxımdan, 
								əlbəttə, ölkələrimiz arasında bu sahədə 
								ikitərəfli münasibətlərin mühüm əhəmiyyəti 
								vardır. Müəllimlik fəaliyyəti ilə bağlı olduğum 
								üçün, - ömrümün çox hissəsi ali məktəblə bağlı 
								olmuşdur, - mən ali məktəbin problemlərini, 
								habelə hər bir ölkənin inkişafı üçün təhsilin 
								əhəmiyyətini yaxşı bilirəm. Bu gün keyfiyyətli 
								təhsil olmadan heç bir ölkənin uğurlu inkişafı 
								mümkün deyildir. çünki yaxşı biliklər, 
								vərdişlər, peşəkarlıq olmadan, bu gün həyatda öz 
								yerini tapmaq çətindir. Buna görə də dövlət 
								yaxşı şərait yaratmağa, gənclər isə, əlbəttə, 
								təhsilə məsuliyyətlə yanaşmağa çalışmalıdırlar. 
								çünki bu, təkcə diplom və ali təhsilli insanın 
								hər hansı statusu deyildir, bu, zərurətdir, 
								həyatda böyük uğurlar qazanmağın əsas şərtidir.
								 
								
								Biz Azərbaycanda bu məsələyə çox böyük diqqət 
								yetiririk. Azərbaycanda təhsil üçün xərclər ilk 
								yerlərdən birini tutur. Təhsilin keyfiyyətinin 
								yaxşılaşdırılması üçün də tədbirlər görülür, 
								onun maddi-texniki bazası təkmilləşdirilir. Son 
								beş ildə Azərbaycanda ən müasir standartlara 
								uyğun 1800 yeni məktəb tikilmiş, onlar 
								kompüterləşdirilmiş, İnternet şəbəkəsinə 
								qoşulması üçün fəal iş aparılır. Artıq virtual 
								təhsilin yeni formaları tətbiq edilməyə 
								başlanmışdır. Başqa sözlə desək, fikrimcə, 
								ölkələrimiz arasında bu istiqamətdə müzakirələr 
								aparmağa, təcrübə mübadiləsinə və gələcək 
								qarşılıqlı fəaliyyətimizin yollarının müəyyən 
								edilməsinə ehtiyac vardır.  
								
								Əlbəttə, bu barədə danışarkən ölkələrimizi 
								bir-birinə bağlayan bütün başqa əməkdaşlıq 
								sahələrini də yaddan çıxarmaq olmaz. Əməkdaşlıq 
								olduqca çoxşaxəlidir və qeyd etməliyəm ki, biz 
								nisbətən qısa müddətdə çox şeyə nail ola 
								bilmişik. 2006-cı ilə qədər bizim Belarusda, 
								Belarusun isə Azərbaycanda səfirliyi yox idi. 
								2006-cı il bizim münasibətlərin inkişafında, bir 
								növ, dönüş ili oldu və biz qısa müddətdə dinamik 
								inkişafın şahidi olduq. Bu gün Belarus 
								Prezidenti ilə görüşdə də qeyd etdik ki, 
								iqtisadi böhrana baxmayaraq, ölkələrimiz 
								arasında əmtəə dövriyyəsi artır. Bu, çox nadir 
								hallardan biridir: 2009-cu ildə ikitərəfli 
								ticarətdə əmtəə dövriyyəsi azalmır, əksinə, 
								artır. Bu, yaxşı potensial olduğunu göstərir.
								 
								
								ümumiyyətlə, ölkəmiz haqqında danışarkən qeyd 
								etməliyəm ki, son illərdə Azərbaycan böyük yol 
								keçmişdir - modernləşmə yolu, inkişaf yolu, bu 
								gün ölkəmizin gələcəyə inamla baxmasına imkan 
								vermiş yol. Biz özümüzü təmin etmək iqtidarında 
								olan ölkəyik. Son illərdə iqtisadi inkişaf bir 
								sıra sosial problemləri həll etməyə imkan 
								vermişdir. Qeyd etməliyəm ki, 2004-2008-ci 
								illərdə Azərbaycanda iqtisadi artım göstəricisi 
								dünyada bəlkə də ən yüksək göstərici olmuşdur. 
								ölkəmizin iqtisadiyyatı 2,6 dəfə, sənaye 
								istehsalı 2,5 dəfə artmışdır. İşsizliyə demək 
								olar ki, son qoyulmuşdur. özəl sektor çox güclü 
								inkişaf etmişdir və bu gün bizim iqtisadiyyatda 
								özəl sektorun payı təxminən 85 faizə bərabərdir. 
								Sosial infrastruktur, təhsil, səhiyyə üçün 
								olduqca çox vəsait və sərmayə ayrılmışdır. 
								Azərbaycan Ordusunun müdafiə qabiliyyətini 
								möhkəmlətmək üçün olduqca çox iş görülmüşdür. 
								Başqa sözlə desək, güclü iqtisadi artım 
								iqtisadiyyatı şaxələndirməyə və çox səmərəli 
								sosial siyasət həyata keçirməyə, habelə, 
								Azərbaycanın iqtisadi təhlükəsizliyini və 
								iqtisadi müstəqilliyini tamamilə təmin etməyə 
								imkan vermişdir.  
								
								Təbii ki, iqtisadi müstəqillik dövlətin milli 
								mənafelərə əsaslanan müstəqil kurs, siyasət 
								yeritməsinə imkan yaradan təməldir. Əlbəttə, 
								iqtisadi nailiyyətlər regional əhəmiyyətli 
								məsələləri həll etməyə imkan verir. Azərbaycan 
								bir çox regional iqtisadi layihələrdə sərmayədar 
								kimi iştirak edir. Artıq ölkəmizdən kənarda 
								sərmayələr yatırırıq və bu gün müxtəlif sahələrə 
								- nəqliyyat, energetika sahələrinə birgə 
								sərmayələrin yatırılması imkanlarını müzakirə 
								etmişik. Beləliklə, son illər görülən böyük 
								işlər hətta böhran şəraitində 2009-cu il üçün 
								nəzərdə tutulmuş bütün planları həyata keçirməyə 
								imkan verir.  
								
								Əlbəttə, böhran hamıya təsir etmişdir. Buna 
								baxmayaraq, deməliyəm ki, Azərbaycanda bu il 
								iqtisadiyyatın artımı təmin edilmişdir. 2009-cu 
								ilin ilk on ayının yekunlarına görə, ümumi 
								daxili məhsul 8,4 faiz, sənaye istehsalı 7,3 
								faiz artmışdır. Əlbəttə, əvvəlki illərin artım 
								sürəti ilə müqayisədə bu, xeyli azdır. Lakin 
								böhran şəraitində yaşamağımızı nəzərə alsaq, 
								zənnimcə, bu, dünya miqyasında ən yüksək 
								göstəricilərdən biridir.  
								
								Biz iqtisadi islahatları, iqtisadiyyatımızın 
								liberallaşmasına kömək edən islahatları fəal 
								həyata keçiririk. Sahibkarlığa kreditlərin 
								müxtəlif növləri ilə, biznesin yaradılması 
								prosedurlarının, müxtəlif icazələrin alınması 
								prosedurlarının sadələşdirilməsi ilə yardım 
								edilir. Azərbaycan iqtisadiyyatı artıq 
								rəqabətqabiliyyətlidir və bu reytinqə görə, biz 
								region ölkələri arasında ön mövqelərdəyik. 
								Əlbəttə, ölkəmizin inkişafında neft-qaz amili 
								mühüm rol oynamışdır. Azərbaycan XIX əsrdə 
								neftin dünyada ilk dəfə sənaye üsulu ilə, habelə 
								dünyada ilk dəfə dəniz yataqlarında hasil 
								edildiyi ölkədir. Bir neçə gün bundan əvvəl biz 
								əlamətdar yubileyi - dənizdə, məşhur Neft 
								daşlarında neft hasilatına başlanmasının 60 
								illiyini qeyd etdik. Bu, dünyada dəniz 
								yataqlarından çıxarılmış ilk neft idi. ölkəmizin 
								müstəqilliyinin ilk illərində vəziyyət çox çətin 
								olsa da, iqtisadi, siyasi və hərbi sahələrdə 
								total böhran müşahidə edilsə də, - vətəndaş 
								müharibəsi gedirdi, ərazilərimiz Ermənistan 
								tərəfindən işğal olunurdu, - 1990-cı illərin 
								ortalarından başlayaraq həyata keçirilən fəal 
								neft diplomatiyası və siyasəti, demək olar ki, 
								bütün məsələləri, özümüzün enerji 
								təhlükəsizliyimizin, habelə qonşularımızın və 
								tərəfdaşlarımızın enerji təhlükəsizliyinin təmin 
								edilməsi məsələlərini həll etməyə imkan verdi.
								 
								
								Bu gün bizim ən müasir nəqliyyat 
								infrastrukturumuz, ən müasir neft və qaz 
								kəmərləri şəbəkəmiz, ən müasir neft 
								platformalarımız, neft terminallarımız vardır. 
								"Azəri-çıraq-Günəşli" yatağı ölkəmizin, habelə 
								regionun ehtiyaclarını tam təmin edən dünyada ən 
								böyük yataqdır. Bu il Azərbaycanda neft 
								hasilatının həcmi təxminən 50 milyon ton, qaz 
								hasilatının həcmi 25 milyard kubmetr olacaqdır. 
								Bu isə əhəmiyyətli iqtisadi resursdur. 
								 
								
								Təbii ki, biz nəql marşrutlarının 
								şaxələndirilməsinin tərəfdarıyıq və praktiki 
								olaraq bu məsələni təmin etmişik. Bu gün neft və 
								qaz ehtiyatlarımızı bütün istiqamətlərə nəql 
								edən yeddi neft və qaz kəmərimiz vardır. Başqa 
								sözlə desək, biz hər hansı bir bazardan, yaxud 
								hər hansı bir tranzit ölkədən asılı deyilik. 
								Təbii ki, bizim tranzitə ehtiyacımız vardır. 
								çünki dünya bazarlarına birbaşa çıxışımız 
								yoxdur. Lakin 1990-cı və 2000-ci illərdə 
								görülmüş işləri nəzərə alsaq, biz enerji 
								nəqlinin tamamilə şaxələndirilməsini təmin 
								etmişik. Bu da iqtisadiyyatı tamamilə 
								şaxələndirməyimizə imkan vermişdir. Beləliklə, 
								hətta son dövrdə neftin qiymətinin çox kəskin 
								şəkildə aşağı düşməsinə baxmayaraq, bu il də 
								Azərbaycan iqtisadiyyatının artımı kifayət qədər 
								sanballı olmuşdur.  
								
								Başqa sözlə desək, iqtisadi islahatlar, fəal 
								sosial siyasət, dövlətçiliyin 
								möhkəmləndirilməsi, fəal diplomatiya bizə həm 
								sosial-iqtisadi inkişaf baxımından, həm də 
								xarici siyasətin prioritetləri baxımından 
								nəzərdə tutduğumuz bütün məqsədlərə nail olmağa 
								imkan vermişdir. Təbii ki, əgər ölkədə bütün 
								məsələlərə dair vətəndaş konsensusu, sabitlik 
								olmasaydı, hadisələrin gedişini qabaqcadan 
								duymaq imkanı və bununla yanaşı, hər bir insanın 
								istənilən sahədə öz bacarığını gerçəkləşdirməsi 
								üçün imkan olmasaydı, bütün bunlar mümkün 
								olmazdı.  
								
								Bizim qarşılaşdığımız problemlərə gəldikdə isə, 
								iqtisadi və sosial problemlər dediyim kimi, 
								uğurla həll edilir. Yaxın bir neçə ildə - 
								2013-cü ilə qədər biz ölkəmizdə mövcud iqtisadi 
								və sosial problemlərin, demək olar ki, hamısını 
								həll etmək niyyətindəyik. Tammiqyaslı regional 
								inkişaf üçün əsas maneə, əlbəttə, 
								Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ 
								münaqişəsinin tənzimlənməməsidir. Bizi bu 
								münaqişəyə zorla cəlb ediblər. Bu münaqişəni 
								bizə hələ Sovet İttifaqının dağılması ərəfəsində 
								zorla qəbul etdiriblər. O vaxt Dağlıq Qarabağda 
								separatçı meyillər, təəssüf ki, üstün gəlmiş və 
								Ermənistan tərəfindən fəal hərbi yardım 
								göstərilməklə Azərbaycana qarşı müharibə 
								başlanmış, azərbaycanlılara qarşı etnik 
								təmizləmə aparılmış, nəticədə bizim bir 
								milyondan çox həmvətənimiz qaçqın və məcburi 
								köçkün vəziyyətinə düşmüşdür. Ərazimizin 
								təqribən 20 faizi işğal altındadır. İşğal 
								edilmiş ərazilərdə hər şey - evlər, məktəblər, 
								xəstəxanalar, bizim qəbiristanlar, məscidlər 
								dağıdılmışdır. Bütün tarixi abidələrimiz ya 
								dağıdılmış, ya da oğurlanıb talan edilmişdir və 
								bu, artıq 20 ilə yaxındır ki, davam edir. 
								BMT-nin Təhlükəsizlik Şurası - bu ali beynəlxalq 
								instansiya erməni işğalçı qüvvələrinin bizim 
								ərazilərdən dərhal və danışıqsız çıxarılmasını 
								tələb edən dörd qətnamə qəbul etməsinə 
								baxmayaraq, - həmin qətnamələr 1990-cı illərin 
								əvvəlində qəbul edilmişdir, - onlar yerinə 
								yetirilmir. Beləliklə, beynəlxalq hüququn əsas 
								prinsipi pozulur. ölkəmizin ərazi bütövlüyü 
								pozulmuşdur və bu məsələni dinc yolla həll etmək 
								üçün göstərilən bütün cəhdlər, təəssüf ki, 
								nəticəsiz qalır. Bu məsələ ilə beynəlxalq 
								vasitəçilər qrupu məşğul olur. Onların bütün 
								fəallığına baxmayaraq, biz nəticə görmürük. 
								Bizim insanlar isə öz yurdlarından məhrum 
								olmuşlar. Onlar ən adi insan hüquqlarının 
								pozulması şəraitində, işğalın, torpaqlarımızın 
								qanunsuz işğalının davam etməsi şəraitində 
								yaşayırlar.  
								
								Biz ədalətin, qanunçuluğun bərpa edilməsinə, 
								BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin 
								həyata keçirilməsinə nail olmaq və dövlətimizin 
								ərazi bütövlüyünü təmin etmək üçün diplomatik, 
								siyasi, iqtisadi və digər tədbirlərimizi davam 
								etdiririk. Erməni tərəfinin tez-tez istinad 
								etdiyi xalqların öz müqəddəratını təyin etmək 
								hüququ məsələsinə gəldikdə isə, bu hüquq vahid 
								Azərbaycan dövləti çərçivəsində, Azərbaycanın 
								ərazi bütövlüyünün təmin edilməsi çərçivəsində 
								uğurla həyata keçirilə bilər. Başqa sözlə desək, 
								erməni xalqı öz müqəddəratını təyin etmişdir, 
								müstəqil erməni dövləti vardır. Lakin əgər onlar 
								erməni diasporunun yaşadığı yerlərin hamısında 
								öz müqəddəratını təyin etmək istəsələr, onda 
								yəqin ki, dünyada ən azı 20 erməni dövləti olar.
								 
								
								Beləliklə, ən böyük ədalətsizlik olan, yüz 
								minlərlə həmvətənimizi əziyyətə salan bu 
								məsələnin həll edilməsi Cənubi Qafqaz regionunda 
								və daha geniş mənada bizim regionda bir çox 
								məsələləri tənzimləməyə imkan verər. Bu məsələ 
								tənzimlənmədən regional və ya ikitərəfli 
								xarakterli hər hansı başqa təşəbbüslərin 
								gerçəkləşməsi mümkün deyildir.  
								
								Mən bu mövzu üzərində ona görə bir qədər ətraflı 
								dayandım ki, bir tərəfdən, bu məsələlər 
								barəsində öz mövqeyimi və öz baxışımı ifadə 
								edim, habelə bütün Qafqazda, bütün Qafqaz 
								regionunda vəziyyətin sabitləşməsi üçün həmin 
								məsələnin nə dərəcədə vacib olduğunu vurğulayım.
								 
								
								Gələcək planlarımızla əlaqədar deməliyəm ki, biz 
								gələcəyə nikbin baxırıq. Dağlıq Qarabağ 
								məsələsinin həll ediləcəyinə mənim zərrə qədər 
								şübhəm yoxdur. Sadəcə olaraq bu, vaxt 
								məsələsidir. Biz bu məsələni sülh yolu ilə həll 
								etmək istəyirik. Biz sülhsevər dövlətik və bunun 
								üçün mümkün olan hər şeyi edirik. Təbii ki, 
								bununla bərabər, biz başa düşürük ki, dövlət nə 
								qədər güclü olsa, onunla bir o qədər çox 
								hesablaşacaqlar, ona bir o qədər çox hörmət 
								edəcəklər və bu dövlətin öz milli mənafelərini 
								təmin etmək üçün bir o qədər çox imkanı 
								olacaqdır. Buna görə də biz güclü dövlət 
								yaratmaq üçün işləmişik, zəhmət çəkmişik. Bu 
								məsələdə bizə heç kəs kömək etməmişdir. Yəqin 
								ki, biz kənardan ciddi dəstəyə malik olmayan, - 
								mən maliyyə dəstəyini nəzərdə tuturam, - azsaylı 
								ölkələrdən biriyik. Biz nəyə nail olmuşuqsa, 
								Azərbaycan xalqının əməyi ilə nail olmuşuq.
								 
								
								1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa 
								edəndə biz Sovet İttifaqı məkanında ən pis 
								vəziyyətdə idik. İqtisadiyyat tamamilə 
								dağılmışdı. Neft hasilatının həcmi təxminən 10 
								milyon ton həddində idi. Sənaye praktik olaraq 
								iflic vəziyyətinə düşmüşdü. ölkədə vətəndaş 
								müharibəsi gedirdi. İşğalçı erməni qüvvələri 
								fürsətdən istifadə edərək Azərbaycanın əzəli 
								torpaqlarını ələ keçirirdi. Siyasi hərc-mərclik, 
								Konstitusiyaya zidd olan qanunsuz silahlı 
								dəstələrin özbaşınalığı hökm sürürdü. Mahiyyətcə 
								vəziyyət idarəolunmaz idi.  
								
								Bu gün bizim dinamik inkişaf edən, özü-özünü 
								təmin etməyə qadir olan, səmərəli iqtisadi 
								islahatlar həyata keçirən, regionda, habelə 
								dünya miqyasında yaxşı mövqelərə malik olan, 
								çoxlu dostları olan, - Belarus da bu dostlar 
								sırasındadır, - gələcəyə nikbinliklə baxan 
								dövlətimiz vardır. Biz bir ölkədə yaşamışıq. Biz 
								hamımız, demək olar ki, eyni vaxtda müstəqil 
								olmuşuq və hər şey bizdən, rəhbərlərin 
								müdrikliyindən, xalqların iradəsindən və 
								seçilmiş kursun düzgünlüyündən asılı idi. Bu gün 
								biz Belarus və Azərbaycan timsalında görürük ki, 
								hər şey düzgün edilmişdir, hər şey necə 
								lazımdırsa elə edilmişdir. Hərçənd bəzən bunlar 
								kimlərinsə xoşuna gəlməyə bilərdi. Bəzən biz 
								müstəqil ölkələr kimi hələ lap gənc olarkən 
								müəyyən tövsiyələr, müəyyən məsləhətlər 
								eşidirdik. Lakin həmişə onlara öz ölkələrimizin 
								milli mənafeləri baxımından, məqsədəuyğunluq 
								baxımından yanaşırdıq. Biz heç vaxt hər hansı 
								sərəncamlara və ya direktivlərə kor-koranə 
								riayət etməmişik. Xalqlarımızın tarixində belə 
								halların sayı, təəssüf ki, hədsiz çox olmuşdur. 
								Biz özü-özünü təmin etmək iqtidarında olan 
								müasir dövlətlər yaradılması üzərində işləmişik 
								və mənim fikrimcə, Belarus ilə Azərbaycan 
								arasında bu cür yüksək səviyyəli etimad və 
								qarşılıqlı rəğbətin olmasının bir səbəbi də 
								ondan ibarətdir ki, biz müstəqilliyimizi çox 
								yüksək qiymətləndiririk və bu müstəqilliyi 
								möhkəmlətmək üçün, o cümlədən ikitərəfli 
								əlaqələri inkişaf etdirməklə hər şeyi edirik.
								 
								
								Fürsətdən istifadə edib Belarus xalqına, 
								ölkənizin bütün vətəndaşlarına firavanlıq, 
								tərəqqi, Belarus Dövlət Universitetinə yeni 
								uğurlar arzulamaq istəyirəm. İndi mənim də bu 
								ali məktəbə aidiyyətim olduğu üçün öz tərəfimdən 
								bizim təhsil müəssisələri arasında əlaqələrin 
								möhkəmlənməsi, bizim insanların bir-birini daha 
								yaxşı tanımaları, tez-tez bir-birinə qonaq 
								getmələri, gənclərin bizim nəsildən nümunə 
								götürərək dostluq etmələri üçün lazım olan hər 
								şeyi etməyə çalışacağam.  
								
								Mənə verdiyiniz yüksək qiymətə görə bir daha sağ 
								olun və sizə ən xoş arzularımı bildirirəm.
								 
								
								Diqqətinizə görə təşəkkür edirəm.  
								
								
								*** 
								
								Sonra Azərbaycan dövlətinin başçısı Belarus 
								Dövlət Universitetinin tələbələrinin suallarına 
								cavablar vermişdir.  
								
								
								SUAL: 
								- Cənab Prezident, mənim sualım belədir: bu gün 
								Belarus iqtisadiyyatı xeyli dərəcədə enerji 
								daşıyıcılarının bir mənbədən idxalından 
								asılıdır. Bu isə dövlətin enerji təhlükəsizliyi 
								üçün qorxuludur. Əbəs yerə deyildir ki, Belarus 
								dövlətinin Prezidenti Lukaşenko enerji 
								təhlükəsizliyi məsələlərini bilavasitə ölkəmizin 
								suverenliyi və müstəqilliyi ilə bağlayırdı. Eyni 
								zamanda Azərbaycanın nəinki onun daxili 
								tələbatını ödəməyə, həmçinin onu xarici bazara 
								çıxarmağa imkan verən yanacaq-energetika xammalı 
								ehtiyatları vardır. Zəhmət olmasa deyin, Belarus 
								Respublikası ilə Azərbaycan Respublikası 
								arasında energetika sahəsində, hasilat, tranzit, 
								yanacaq-energetika emalı məsələləri ilə bağlı 
								əməkdaşlığın hansı perspektivləri vardır? 
								 
								
								
								İLHAM ƏLİYEV: 
								- Biz bu gün və əvvəllər də bu mövzunu, təbii 
								ki, müzakirə etmişik və belə rəyə gəlmişik ki, 
								energetika sahəsində əməkdaşlığı inkişaf 
								etdirməliyik. Sizin dediyiniz kimi, tələbat da 
								və təklif də vardır. Başlıca vəzifə əməkdaşlığın 
								daha səmərəli olması üçün bu iki məqamı 
								birləşdirməkdir. Mən çıxışımda qeyd etdim ki, 
								bizim çox geniş neft və qaz kəmərləri şəbəkəmiz 
								vardır. Neft kəmərlərinə gəldikdə isə, neftimiz 
								xammal şəklində üç boru kəməri ilə nəql edilir. 
								Onlardan ikisi Qara dənizə, biri isə Aralıq 
								dənizinə gedir. Təbii ki, biz 
								istehlakçılarımızın əhatə dairəsinin maksimum 
								artmasının tərəfdarıyıq. Hazırda Azərbaycan 
								nefti həm Asiyada, həm Latın Amerikasında, həm 
								ABŞ-da, həm də onlara yaxın regionlarda satılır. 
								Düşünürəm ki, səmərəlilik baxımından nəqliyyat 
								şəbəkəsi bunu məqsədəuyğun edəcəkdir. Əgər biz 
								Aralıq dənizinə, Amerika qitəsinə neft 
								satırıqsa, onda, təbii ki, onu Qara dənizdən, 
								Qara dənizdəki terminallarımızdan Avropa 
								qitəsinə də səmərəli şəkildə sata bilərik. 
								Avropanın bir çox ölkələri bizim 
								istehlakçılarımızdır. Azərbaycan neftinin çox 
								hissəsi Avropa İttifaqı ölkələrinə, Avropa 
								ölkələrinə satılır.  
								
								Biz bu məsələni ətraflı müzakirə etdik və 
								energetika nazirlərinə onun üzərində ətraflı 
								işləmək və bu əməkdaşlığı hansı formada qurmağın 
								mümkün olduğunu araşdırmaq barədə müvafiq 
								tapşırıqlar verdik. Biz şaxələnmədə də 
								maraqlıyıq. İstehlakçı bir mənbədən asılı olmaq 
								istəmədiyi kimi, istehsalçı da bir tranzitçidən, 
								yaxud bir yoldan asılı olmaq istəmir. Odur ki, 
								burada əməkdaşlıq perspektivləri vardır və bu 
								baxımdan, konkret tapşırıqlar verilmişdir. Biz 
								nəticələri gözləyirik və düşünürəm ki, nəyə nail 
								olduğumuz yaxın vaxtlarda bilinəcəkdir. 
								 
								
								
								SUAL: 
								- Siz və ölkəniz "Şərq tərəfdaşlığı" Proqramının 
								həyata keçirilməsindən nə gözləyirsiniz? "Şərq 
								tərəfdaşlığı" Proqramı çərçivəsində Azərbaycan 
								ilə Belarus hansı sahələrdə əməkdaşlıq edə 
								bilər?  
								
								
								İlham ƏLİYEV: 
								- Düzdür, bu, nisbətən yeni təşəbbüsdür. Lakin 
								Avropa İttifaqı ilə bizim region arasında 
								layihələrin həyata keçirilməsi meyilləri müəyyən 
								müddət mövcud olmuşdur. 2006-cı ildən Azərbaycan 
								Avropa İttifaqının Yeni Qonşuluq Proqramının 
								iştirakçısıdır. Beləliklə, "Şərq tərəfdaşlığı" 
								Proqramı müəyyən mənada həmin meyilin davamıdır. 
								Biz onu alqışlayırıq. Artıq qeyd etdiyim kimi, 
								bizim Avropa İttifaqı ölkələri ilə çox sıx 
								iqtisadi əlaqələrimiz vardır. Onlar bizim enerji 
								ehtiyatlarının neft sarıdan əsas 
								istehlakçılarıdır. Qaza gəldikdə isə, biz qaz 
								nəqlinin də şaxələndirilməsi üzərində işləyirik 
								və bu gün öz qazımızı xarici bazarlara satırıq. 
								Lakin, təbii ki, biz qazın nəqlini 
								genişləndirmək istəyirik, xüsusən ona görə ki, 
								həm qonşu ölkələrdə, həm də Avropa İttifaqı 
								ölkələrində bizim qaza tələbat vardır. 
								 
								
								Avropa İttifaqına daxil olan bütün ölkələrlə 
								münasibətlərimiz siyasi baxımdan çox yaxşıdır, 
								uzunmüddətli və səmərəlidir. Əlbəttə, "Şərq 
								tərəfdaşlığı" Proqramının üzvü olan hər bir 
								ölkənin nəticə kimi nə əldə etmək istədiyi 
								barədə öz təsəvvürü və öz planları vardır. Bizə 
								gəldikdə, mən belə deyərdim: bu, iqtisadi 
								amillərlə bağlı deyildir, bizim iqtisadi köməyə 
								ehtiyacımız yoxdur. Bizim ölkədə daxili siyasi 
								vəziyyətə gəldikdə isə, deyirəm, bu vəziyyət 
								sabitdir, ölkəmizin inkişafı məsələsində 
								cəmiyyətdə həmrəylik vardır.  
								
								Buna görə də biz məhz insanlar arasında 
								əlaqələrin möhkəmlənməsində daha çox maraqlıyıq. 
								Əlbəttə, enerji amili həmişə mühüm rol 
								oynayacaqdır və bu mənada da bizim maraqlarımız 
								üst-üstə düşür. çünki Avropa enerji 
								ehtiyatlarının böyük istehlakçısıdır. Azərbaycan 
								çox böyük neft-qaz ehtiyatlarına malikdir. Bu 
								ehtiyatlar ən azı yaxın yüz ildə regionun enerji 
								təhlükəsizliyini təmin edəcəkdir. Bu məlumatlar 
								ehtiyatların təsdiqlənmiş minimal həcminə 
								əsaslanır. Buna görə də enerji amili mühüm rol 
								oynayacaqdır. Biz buna hazırıq və buna şadıq. 
								Lakin biz istərdik ki, energetika 
								çərçivələrindən kənarda inteqrasiya təşəbbüsləri 
								ilə əlaqədar proseslər daha çox olsun. Buraya 
								mədəni mübadilə, Avropa İttifaqı ölkələrinə 
								gediş-gəlişin nisbətən asan olması, viza rejimi 
								ilə bağlı məsələlər daxildir. Hesab edirəm ki, 
								həmin məsələlər artıq "Şərq tərəfdaşlığı" 
								səviyyəsində daha fəal həll edilməlidir. 
								 
								
								"Şərq tərəfdaşlığı" çərçivəsində bizim ölkələr 
								arasında münasibətlərə və qarşılıqlı fəaliyyətə 
								gəldikdə isə, mən elə güman etmirəm ki, "Şərq 
								tərəfdaşlığı" ikitərəfli əlaqələr üçün ən mühüm 
								formatdır. Hər halda, biz "Şərq tərəfdaşlığı"nda 
								iştirak məsələsini Azərbaycan ilə "Şərq 
								tərəfdaşlığı"nın digər üzvləri arasında deyil, 
								Azərbaycan ilə Avropa İttifaqı arasında 
								əməkdaşlıq imkanı hesab edirik. Bizim ikitərəfli 
								münasibətlərimiz isə hər hansı beynəlxalq 
								təşkilatların hər hansı çərçivələri ilə 
								məhdudlaşmamalıdır. Mənim fikrimcə, ölkələrimiz 
								arasında yaranmış siyasi və iqtisadi 
								münasibətlərin səviyyəsi bu tezisin doğruluğunu 
								sübut edir. Biz ikitərəfli planda işləməli, hər 
								iki ölkənin mənafelərini ikilikdə təmin etməli 
								və ölkələrimizin daha da yaxınlaşması 
								istiqamətində çalışmalıyıq.   
								
								
								AzərTAc |