| 
								
								Noyabrın 18-də ölkəmizin ilk orta ixtisas 
								məktəblərindən birinin Azərbaycan Dövlət 
								Pedaqoji Kollecinin 90 illik yubileyi qeyd 
								olundu. 
								
								Yubiley mərasiminə dəvət olunmuş qonaqlar, 
								kollecin müəllim və tələbə kollektivinin üzvləri 
								öncə Fəxri xiyabana gələrək xalqımızın böyük 
								oğlu, ümummilli lider Heydər Əliyevin əziz 
								xatirəsini yad etdilər, məzarı önünə əklil 
								qoydular. Görkəmli oftalmoloq alim, akademik 
								Zərifə Əliyevanın da məzarı ziyarət olundu. 
								
								Yubiley  tədbiri paytaxtımızın möhtəşəm 
								"Gülüstan" sarayında davam etdirildi. 
								
								Burada keçirilən təntənəli mərasimdə Təhsil 
								Nazirliyinin rəhbər işçiləri, millət vəkilləri, 
								görkəmli ziyalılar, ali və orta ixtisas 
								məktəblərinin rəhbərləri, kollecin müəllim və 
								tələbələri iştirak edirdilər. 
								
								Azərbaycan Respublikasının Dövlət himninin 
								səslənməsi ilə başlanan yubiley mərasimində öncə 
								kollecin keçdiyi şərəfli və zəngin tarixi yolu 
								əks etdirən film nümayiş olundu. 
								
								Sonra çıxış üçün söz təhsil naziri, professor 
								Misir Mərdanova verildi. 
								
								İştirakçıları salamlayan təhsil naziri onları bu 
								tədbirdə görməsindən məmnun olduğunu ifadə etdi. 
								İndiyədək heç bir orta ixtisas təhsili 
								müəssisəsinin yubileyinin belə yüksək səviyyədə 
								qeyd edilmədiyini vurğulayan nazir bunu dövlətin 
								təhsil sahəsinə göstərdiyi xüsusi diqqət və 
								qayğısının təzahürü kimi dəyərləndirdi və bu 
								günün yalnız Azərbaycan Dövlət Pedaqoji 
								Kollecinin deyil, ümumilikdə Azərbaycan 
								təhsilinin bayramı kimi  yadda qalacağını 
								bildirdi. 
								
								90 il ərzində müxtəlif adlar altında fəaliyyət 
								göstərən kollecdə tarixən bir çox mütərəqqi 
								ənənələrin formalaşmasından söz açan nazir bu 
								təhsil ocağının ölkə təhsilinin müasir inkişaf 
								mərhələsində özünəməxsus yer tutduğunun danılmaz 
								fakt olduğunu dedi. Misir Mərdanov  qeyd etdi 
								ki, bu gün Azərbaycanın bölgələrində, kənd və 
								şəhərlərdəki məktəblərin əksəriyyətində bu 
								təhsil müəssisəsinin məzunları ilə rastlaşmaq 
								olar. Onlar yüksək peşə hazırlığı və digər 
								müsbət cəhətləri ilə fərqlənirlər. Nazir bunun 
								səbəbini kollecdə təlim-tərbiyə prosesinin 
								yüksək səviyyədə aparılması ilə yanaşı, həm də 
								kollektivə son 20 ildə bacarıqla rəhbərlik edən 
								filologiya elmləri doktoru, professor Nurlana 
								Əliyevanın şəxsi keyfiyyətləri və peşəkar 
								fəaliyyəti ilə izah etdi. Qeyd etdi ki, əsl 
								azərbaycanlı xanımı və  təhsil işçisi, alim və 
								ictimai xadim kimi N.Əliyevanın əməyi ölkə 
								rəhbərliyi, Yeni Azərbaycan Partiyası və 
								ictimaiyyət tərəfindən həmişə yüksək 
								qiymətləndirilib. O, müəllim üçün böyük şərəf 
								olan "Azərbaycan Respublikasının əməkdar 
								müəllimi" fəxri adını alıb, "Şöhrət" ordeninə 
								layiq görülüb. "Tək əldən səs çıxmaz" atalar 
								sözünü xatırladan Misir Mərdanov bu gün kollecin 
								direktorunun ətrafında çox gözəl komandanın 
								formalaşdığını vurğuladı. 
								
								Nazir mərasim iştirakçılarının diqqətinə 
								çatdırdı ki, yaxın gələcəkdə Təhsil Nazirliyinin 
								baza məktəbi olan Azərbaycan Dövlət Pedaqoji 
								Kollecində yeni müəllimlərin hazırlığından daha 
								çox, bu gün ümumtəhsil məktəblərində fəaliyyət 
								göstərən pedaqoqların müasir təlim 
								texnologiyalarına yiyələnməsi istiqamətində 
								ixtisasartırma və təkmilləşdirmə işinin təşkil 
								edilməsi nəzərdə tutulur. Bu baxımdan 
								kollektivin üzərinə çox çətin yük düşəcəyini 
								deyən təhsil naziri onlara belə məsuliyyətli 
								işdə uğur qazanmağı arzuladı. 
								
								çıxışına davam edən Misir Mərdanov yubiley 
								ərəfəsində Prezident İlham Əliyevin sərəncamları 
								ilə kollecin bir neçə əməkdaşının "Azərbaycan 
								Respublikasının əməkdar müəllimi" fəxri adına 
								layiq görüldüyünü və "Tərəqqi" medalı ilə təltif 
								edildiyini dedi və ölkənin bütün təhsil 
								ictimaiyyəti adından dövlət başçısına 
								minnətdarlığını bildirdi. Nazir eləcə də Təhsil 
								Nazirliyinin Kollegiyasının qərarı ilə kollecin 
								"Azərbaycan Respublikasının qabaqcıl təhsil 
								işçisi" döş nişanı və Fəxri fərmanlara layiq 
								görülmüş əməkdaşlarının adlarını açıqladı. 
								Mərasimdə ölkə Prezidenti cənab İlham Əliyevin 
								müvafiq sərəncamları ilə verilən fəxri adların 
								və medalların təqdimatı oldu. 
								
								Təhsil naziri Misir Mərdanov çıxışının sonunda 
								Azərbaycan Dövlət Pedaqoji Kollecinin 
								rəhbərliyini, müəllim və tələbələrini, digər 
								əməkdaşlarını yubiley münasibətilə təbrik etdi, 
								onlara gələcək fəaliyyətlərində yeni-yeni 
								uğurlar, şəxsi həyatlarında cansağlığı və 
								xoşbəxtlik arzuladı. 
								
								Təntənəli mərasimdə kollecin direktoru, əməkdar 
								müəllim, filologiya elmləri doktoru, professor 
								Nurlana Əliyeva "ömürlərdə izi qalmış təhsil 
								ocağı" mövzusunda məruzə etdi. N. Əliyeva 
								bildirdi ki, kollecin mövcud olduğu 90 il 
								ərzində ölkəmiz böyük inkişaf yolu keçmişdir. Bu 
								inkişafın, xüsusən yenidən müstəqilliyə 
								qovuşduğumuz ötən əsrin 90-cı illərinin 
								əvvəllərindən bəri cəmiyyət həyatının bütün 
								sahələrində gedən yeniləşmənin, tərəqqinin və 
								bütün bunların nəticəsi kimi əldə olunan böyük 
								uğurların sayəsində bu gün Azərbaycan iqtisadi 
								inkişaf tempinə görə dünyanın ən irəlidə gedən 
								ölkələrindən birinə, regionun ən nüfuzlu 
								dövlətinə çevrilmişdir. Hər cür inkişafın və 
								tərəqqinin əsasında təhsilin dayandığını nəzərə 
								alsaq, ölkəmizin indiki fəxredici durumunda hər 
								bir təhsil işçisi kimi bizim də  əməyimiz var, 
								bu mənada böyük ədibimiz Hüseyn Cavidin dediyi 
								kimi  "Vətən sərgisinə verdiyimiz bir çiçəyə" 
								görə özümüzü bəxtiyar sayırıq. 
								
								Kollecin vətənimiz, xalqımız, təhsilimiz 
								qarşısındakı xidmətlərini çox yüksək 
								qiymətləndirən müasir Azərbaycanımızın memarı və 
								qurucusu, ulu öndərimiz Heydər Əliyev 80 illik 
								yubileyi münasibəti ilə təhsil ocağımızın 
								kollektivinə ünvanladığı təbrik məktubunda 
								deyirdi ki, Azərbaycan Dövlət Pedaqoji Kolleci 
								respublikanın  maarif ocaqlarını yüksək 
								səviyyəli pedaqoji kadrlarla təmin etmək 
								sahəsindəki uzunillik fəaliyyəti ilə Azərbaycan 
								təhsilinin inkişafında misilsiz xidmətlər 
								göstərmişdir. 
								
								Sonra  məruzəçi kollecin keçdiyi tarixi yola 
								nəzər saldı. Bildirdi ki, o ötən əsrin 
								əvvəllərində cəmiyyətdə baş verən milli 
								oyanışın, ölkədə təhsil hərəkatının 
								güclənməsinin, pedaqoji kadrlara artan tələbatın 
								nəticəsi olaraq 1919-cu ildə Azərbaycan 
								Demokratik Cümhuriyyəti hökumətinin qərarı ilə 
								açılmışdır. Fəaliyyətə Bakı Kişi Müəllimlər 
								Seminariyası kimi başlayan və mövcud olduğu 
								illər ərzində adı bir neçə dəfə dəyişdirilən bu 
								təhsil ocağı 1999-cu ildən Azərbaycan Dövlət 
								Pedaqoji Kolleci adlanr. 
								
								Vaxtilə mədəni inqilabın həyata keçirilməsində, 
								savadsızlığın ləğv edilməsində, xalqımızın 
								savadlanması və maariflənməsi yolunda böyük 
								xidmətlər göstərmiş, öz tarixi missiyasını indi 
								də uğurla davam etdirərək ibtidai təhsil 
								səviyyəsi üçün müasir təhsil texnologiyalarına 
								yiyələnmiş müəllimlər hazırlayan kollec  mövcud 
								olduğu 90 il ərzində on minlərlə mütəxəssis 
								yetişdirmişdir.  
								
								Natiq kollecin  məzunları arasında bir çox 
								görkəmli simaların, tanınmış elm və mədəniyyət 
								xadimlərinin olduğunu vurğuladı. 
								
								N.Əliyeva kollecin araya-ərsəyə gəlməsində, 
								inkişaf yoluna düşməsində böyük rolu olan 
								müəllimlərin adını çəkib, onların  özlərindən 
								sonrakı nəsillər üçün çox zəngin və qiymətli irs 
								qoyduqlarını, onlara örnək olduqlarını 
								vurğuladı. 
								
								Məruzədə qeyd olundu ki, illərlə yaranmış, 
								cilalanmış, hər vaxt inkişafı təmin edən müsbət 
								təcrübə və mütərəqqi ənənələr kollecdə indi də 
								yaşadılır və inkişaf etdirilir.  
								
								N.Əliyeva bildirdi ki, bu gün yüksək səviyyəli 
								mütəxəssislər hazırlamaq üçün kollecdə lazımi 
								baza şəraiti və əlverişli mühit vardır. 
								
								Dövlətin qayğısı sayəsində son illər kollec üçün 
								çoxdan gözlənilən yeni tədris korpusu tikilərək 
								istifadəyə verilib. ötən il kollecin əsas 
								binasında  təmir işləri aparılıb və nəticədə 
								auditoriyalar, laboratoriyalar, kitabxanalar, 
								digər yardımçı otaqlar ən müasir standartlara 
								cavab verən səviyyəyə çatdırılıb.  
								
								Qeyd olundu ki, kollecdə dərslərin, 
								təlim-tərbiyənin, digər təşkilat formalarının, 
								təlim metodlarının axtarışı, bu sahədəki 
								yeniliklərin səmərəli tətbiqi ilə bağlı həmişə 
								yaradıcı iş getmişdir. N.Əliyeva iftixar hissi 
								ilə bildirdi ki, son illər təhsilimizdə təlimin 
								forma və metodları ilə bağlı tətbiq olunan bir 
								çox yeniliklərin beşiyi məhz onların kolleci 
								olub. Müxtəlif fənlər arasında inteqrasiya 
								edilmiş dərslər olan qeyri-ənənəvi dərsi isə 
								natiq tam əsasla kolleclərinin təhsilimizə 
								töhfəsi saydığını dedi. 
								
								Məruzədə hazırda kollecdə peşəkarlğın, 
								bütövlüyün, paklığın, humanizmin, ədalətin 
								təmsilçisi olan müəllimlər tərbiyə etməyi 
								fəaliyyətlərinin hədəfi sayan pedaqoqların 
								çalışdığı, onların elmi, nəzəri və peşəkarlıq 
								səviyyəsinin kifayət qədər yüksək olduğu qeyd 
								edildi, yubiley ərəfəsində onların bir qisminin 
								əməyini yüksək qiymətləndirən ölkə 
								Prezidentinin, Təhsil Nazirliyinin ünvanına 
								minnətdarlıq ifadə olundu.  
								
								Yubiley münasibətilə kollecin kollektivini 
								təbrik edən BDU-nun rektoru, akademik Abel 
								Məhərrəmov, Milli Məclisin Elm və Təhsil 
								Komitəsinin sədri Şəmsəddin Hacıyev, YAP 
								sədrinin müavini, partiyanın icra katibi Əli 
								Əhmədov, Yasamal Rayon İcra Hakimiyyətinin 
								başçısı İbrahim Mehdiyev, AMEA-nın Nizami adına 
								Ədəbiyyat İnstitutunun direktoru, akademik Bəkir 
								Nəbiyev, Azərbaycan Respublikası Təhsil 
								Şurasının sədri, professor Əjdər Ağayev və Milli 
								Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı 
								Rəcəblinin çıxışlarında təhsil ocağının 
								tarixindən söz açıldı, kollecin məzunları olmuş, 
								eləcə də orada pedaqoji fəaliyyət göstərmiş 
								görkəmli şəxsiyyətlər, şair və yazıçılar, 
								tanınmış ziyalılar xatırlandı, təhsil ocağının 
								ünvanına  xoş sözlər deyildi və xatirə 
								hədiyyələri təqdim olundu. Müəllim və müğənni 
								Lalə Məmmədova da kollecin kollektivini təbrik 
								edərək sevilən mahnılarını ifa etdi. Sonda 
								tələbələr "Zəkanın nurunda" adlı ədəbi-bədii 
								kompozisiya ilə çıxış etdilər.  
								
								
								Yusif ƏLİYEV, Hicran ƏKBƏROVA
 |