| 
								
								Noyabrın 19-da "Park İNN-Azərbaycan" otelində 
								"Təhsil lüğəti" kitabının təqdimatı oldu. 
								 
								
								Tədbiri Müasir Təhsil və Tədrisə Yardım 
								Mərkəzinin proqramlar üzrə direktoru Elmina 
								Kazımzadə açaraq "Təhsil lüğəti" kitabının Açıq 
								Cəmiyyət İnstitutu Yardım Fondunun dəstəyi ilə 
								icra olunan Təhsil Siyasəti Forumu layihəsi 
								çərçivəsində hazırlanaraq çap olunduğunu 
								bildirdi. Qeyd etdi ki, ictimaiyyətə təqdim 
								olunan "Təhsil lüğəti" təhsil sahəsindəki termin 
								və anlayışların qışa təsnifatını verir. Kitabla 
								bağlı digər məsələlərdən də ətraflı söz açan 
								Elmina xanım bu vəsaitin məktəb direktorları, 
								müəllim və tərbiyəçilər, tədqiqatçılar, 
								inzibatçılar, jurnalistlər və təhsil 
								islahatlarında maraqlı tərəflər üçün informasiya 
								mənbəyi kimi nəzərdə tutulduğunu söylədi. 
								 
								
								çıxış üçün söz alan  Müasir  Təhsil və  Tədrisə 
								Yardım Mərkəzinin Təhsil siyasəti layihəsinin 
								rəhbəri Nailə İsmayılova dünyada təhsilin 
								durmadan inkişaf etdiyini və bu dəyişikliklərin 
								təhsil sahəsində yeni ifadələrin, terminlərin 
								formalaşması ilə müşahidə olunduğunu qeyd etdi. 
								Bildirdi ki, dünya təhsilindəki  
								dəyişikliklərdən Azərbaycan da kənarda qalmır. 
								Geniş ictimaiyyət, xüsusilə təhsil işçiləri bu 
								dəyişiklikləri müşahidə edir,  yeniliklərin 
								gətirdiyi yeni ifadə və terminləri eşidir, hətta 
								iş prosesində onlardan istifadə edirlər. Lakin 
								bəzən onlar barəsində dəqiq izahat  olmadığı  
								üçün müəyyən çətinliklərlə üzləşilir. "Təhsil 
								lüğəti"nin  çap olunması  məhz bu zərurətdən 
								yaranmışdır.  
								
								çıxış edənlərdən "Təhsil lüğəti"nin redaktoru, 
								Azərbaycan Respublikası Təhsil Şurasının sədri, 
								professor Əjdər Ağayev, Təhsil Nazirliyinin şöbə 
								müdirləri Faiq Şahbazlı, Arif Muradov kitabın 
								əhəmiyyətindən, onun üstünlüklərindən 
								danışdılar, bir sıra məsələlərlə bağlı öz fikir 
								və mülahizələrini söylədilər. 
								
								Geniş diskussiya şəraitində keçən təqdimat 
								mərasimində həmçinin kitabın tərtibçilərindən 
								biri olan Ağdam rayonu 35 nömrəli köçkün orta 
								məktəbin ingilis dili müəllimi ,"Ən yaxşı 
								müəllim" müsabiqəsinin qalibi Hüzürə Ağayeva, 
								Bakıdakı 220 nömrəli məktəbin direktoru Almaz 
								Əsgərova və başqaları çıxış edərək ictimaiyyətə 
								təqdim olunan bu kitabın xüsusilə təhsil 
								işçilərinə  termin və anlayışları düzgün şəkildə 
								anlamaqda və istifadə etməkdə yardımçı olacağını 
								qeyd etdilər. 
								
								
								Samirə KƏRİMOVA |