| 
								
								
								(Əvvəli qəzetimizin ötən sayında)  
								
								Konfransda Niderlandın Tventi Universitetinin 
								ali təhsil siyasətinin öyrənilməsi üzrə mərkəzin 
								koordinatoru Hans Vossenşteyn  "Xərclərin 
								bölüşdürülməsi və ali təhsildə ədalət: on üç 
								təklif" adlı təqdimatla çıxış etdi. Hans 
								Vossenşteyn öz çıxışını, əsasən, aşağıdakı on üç 
								təklif üzərində qurdu: 
								
								1. Bütün ölkələrdə təhsil xərclərinə  olan 
								tələbat uzunmüddətli  trayektoriya üzrə getdikcə 
								artır və bu xərclər mövcud inflyasiya templərini  
								çox zaman üstələyir. 
								
								2. Eyni zamanda dövlətin gəlirləri, əsasən 
								vergilərdən əldə olunan gəlirlər daha asta 
								templərlə, tədricən artır. 
								
								3. Nəticədə ali təhsil üçün nəzərdə tutulan 
								dövlət  gəlirlərinin bir hissəsinin digər daha 
								sosial və siyasi cəhətdən mühüm əhəmiyyətli 
								tələbatların ödənilməsinə yönəldilməsi baş verir. 
								
								4.  Ali təhsilə ayrılan xərclərin azaldılması 
								ilə əlaqədar dövlət tərəfindən sərt tədbirlər 
								görülür və bu isə sonda  ali təhsildə 
								keyfiyyətin və potensialın aşağı düşməsinə     
								səbəb olur. 
								
								5. Bütün bu proseslər abituriyentlərin, 
								tələbələrin bərabər imkanlarla ali təhsil almaq 
								hüquqlarını müəyyən dərəcədə məhdudlaşdırır. 
								
								6. Qeyd olunan problemlərin əsasən xərclər və 
								gəlirlər baxımından iki  həll yolu vardır. 
								
								7. Xərclərin azaldılması baxımından vəziyyətdən 
								çıxış yolu səmərəliliyin yüksəldilməsini, 
								effektivliyin artırılmasını, əsasən ali təhsil 
								sektorunda diversifikasiyanı (ali təhsil 
								müddətinin qısaldılmasını), universitetlərin və 
								universitetlərdə idarəetmənin səhmləşdirilməsini 
								təklif etmək olar. 
								
								8. Gəlirlərin artırılması baxımından isə 
								aşağıdakıları təklif etmək olar: 
								
								- Universitetin və ya fakültənin sahibkarlıq 
								fəaliyyəti ilə məşgul olması; 
								
								- Xeyriyyəçilik məqsədlərindən istifadə; 
								
								- Xərclərin bir hissəsinin valideynlər və ya 
								tələbələr  tərəfindən ödənilməsi, yəni  
								xərclərdə pay bölgüsü.  
								
								9. Xərclərdə pay bölgüsünün müxtəlif variantları 
								vardır: 
								
								- Valideynlər və tələbələr tərəfindən təhsil 
								üçün verilən  avans ödənişləri; 
								
								- Yemək və yaşayış xərclərinin artırılması; 
								
								- Tələbələrə verilən müavinətlərin, təqaüdlərin 
								azaldılması; 
								
								- Borcların, kreditlərin alınması. 
								
								10. ümumilikdə, bir sözlə desək, ali təhsilə 
								olan tələbat konkret sərt məbləği - təhsil 
								haqqını şərtləndirir. 
								
								11. Əgər güzəştli tələbə kreditlərinin, 
								borclarının  verilməsi tətbiq edilərsə, 
								cəmiyyətin ali təhsil sektorunda iştirak 
								imkanları artar. 
								
								12. Ali təhsil sektorunda iştirak imkanlarının 
								artırılması, hamının bərabər təhsil almaq 
								imkanlarının yüksəldilməsi təhsildə ədalətlilik 
								prinsipinə xidmət edir. 
								
								13. Ali təhsil müəssisələri yaranmış 
								problemlərin həlli ilə əlaqədar xərclər və 
								gəlirlər baxımından daha optimal yollar seçməli 
								və bu zaman ali təhsildə ədalətlilik prinsipini 
								qorumağa çalışmalıdırlar.    
								
								Konfransın birinci paralel iclasında  digər 
								maraqlı məruzələrdən biri də Litvanın elm və 
								təhsil naziri  Qintaras Steponaviçyusun Litvanın 
								ali təhsilində cari ildən icrasına başlanılmış 
								islahatlar barədə təqdimatı oldu. O, öz 
								təqdimatında əvvəlcə ali təhsil sistemində 
								aparılan islahatların milli və qlobal 
								kontekstindən danışdı və bildirdi ki,   Litva 
								tələbələrinin sayına görə Avropada yüksək 
								göstəriciyə malik olsa da, ali təhsilə ayrılan 
								maliyyə vəsaitlərinin həcminə görə digər Avropa 
								ölkələrindən çox geri qalır. Universitet və 
								tədqiqat institutlarının şəbəkəsi qeyri-rasional 
								şəkildə bölünmüşdür və biznes sferası ilə 
								elmi-tədqiqat institutları arasında əlaqələr 
								zəifdir. Qintaras Steponaviçyus həmçinin qeyd 
								etdi ki, dünya universitetləri arasında qlobal 
								rəqabətin olması, elit səviyyədən daha kütləvi 
								ali təhsil səviyyəsinə keçidin zəruriliyi, yeni 
								islahatlar üçün iqtisadi problemlərin həlli, 
								səmərəliliyin artırılması, müasir qlobal 
								iqtisadiyyata uyğunlaşmaq baxımından ali 
								təhsildə islahatların aparılması vacibdir. 
								Bundan əlavə, Qintaras Steponaviçyus Litvanın 
								ali təhsilində aparılan islahatın məqsədləri 
								barədə məlumat verərək bildirdi ki, ali təhsilin 
								keyfiyyətinin yüksəldilməsi, ali təhsil almaq 
								istəyənlərin hamısı üçün münasib imkanlar və 
								zəruri şəraitin yaradılması, ali təhsilin 
								ölkənin inkişafının əsas hərəkətverici qüvvəsinə 
								çevrilməsi və ali təhsilə ayrılan bütün 
								resurslardan səmərəli istifadə olunması mühüm 
								əhəmiyyət kəsb edir. Qintaras Steponaviçyus 
								həyata keçirilən islahatın aşağıdakı əsas 
								prinsiplərini qeyd etdi: 
								
								- Rəqabət və bazar prinsipləri;   
								
								- Sistematik və ədalətli yanaşma; 
								
								- Ali təhsil müəssisələrinin və tələbələrin 
								səlahiyyətlərinin artırılması;   
								
								- Akkreditasiyanın şəffaf və effektiv sisteminin 
								yaradılması; 
								
								- Ali təhsil müəssisələrində müasir idarəetmə; 
								
								- Müstəqillik və cavabdehlik; 
								
								- Əldə olunan nəticələrə görə dövlət 
								maliyyələşməsi. 
								
								Qintaras Steponaviçyus təqdimatını davam 
								etdirərək islahatda nəzərdə tutulan əsas 
								tədbirlərdən danışdı və bildirdi ki, yeni 
								dəyişikliklərə uyğun olaraq bakalavr pilləsi 
								üzrə dövlət maliyyə vəsaitlərini birbaşa ali 
								məktəblərə deyil, tələbələrə verir. Belə ki, 
								bakalavr pilləsində dövlət maliyyələşməsi ən 
								yaxşı məktəb məzunlarına vauçerlərin verilməsi 
								ilə təmin edilir. Bu zaman dövlət tərəfindən 
								maliyyə dəstəyi əldə edən tələbələr dövlət və 
								özəl olmasından asılı olmayaraq, təhsil 
								alacaqları ali məktəbi seçməkdə azaddırlar. 
								 
								
								Sonda Qintaras Steponaviçyus Litvanın ali təhsil 
								sistemində yeni başlamış islahatın ilkin 
								nəticələri barədə məlumat verərək qeyd etdi ki, 
								dövlət maliyyəsi ən yaxşı tələbələrə verilir, 
								kifayət qədər tələbə cəlb edə bilməyən bir sıra 
								tədris proqramları ləğv olunur, texniki peşə 
								məktəblərinə üz tutanların sayı yüksəlir və 
								kiçik ali təhsil müəssisələri birləşməyə maraq 
								göstərirlər.  
								
								ümumilikdə konfrans çox səmərəli keçdi və 
								iclaslarda ali təhsilin maliyyələşdirilməsi 
								mövzusunda müxtəlif ölkələrin təcrübəsi 
								baxımından geniş müzakirələr aparıldı. 
								 
								
								Hazırda Azərbaycanda 36 dövlət və 14 özəl ali 
								məktəb fəaliyyət göstərir. Dövlət ali təhsil 
								müəssisələrinin maliyyələşdirilməsi dövlət 
								büdcəsi və ödənişli təhsildən əldə olunan 
								vəsaitlər hesabına həyata keçirilir. Məlumat 
								üçün bildirək ki, 2009-cu il üzrə Təhsil 
								Nazirliyindən maliyyəşdirilən ali təhsil 
								müəssisələrinin büdcəsinin 19%-ni ödənişli 
								təhsildən əldə olunan vəsaitlər, 81%-ni isə 
								dövlət büdcəsindən ayrılan vəsaitlər təşkil edir. 
								
								Azərbaycanda da gələcəkdə  ali təhsilin 
								maliyyələşdirilməsində dünyada mövcud olan 
								mütərəqqi  maliyyələşmə metodlarının, əsasən 
								adambaşına və yaxud əldə olunan nəticələrə görə 
								maliyyələşdirmənin tətbiqi, ali təhsil almaq 
								istəyənlərə əldə etdikləri nəticələrə görə 
								təhsil almaq üçün dövlət vəsaitlərinin verilməsi 
								(vauçer metodu) və onların təhsil alacaqları ali 
								təhsil müəssisələrinin seçilməsində müvafiq 
								qaydalar çərçivəsində maksimum sərbəstlik 
								imkanının təmin olunması, nəticədə ali təhsil 
								müəssisələri arasında mükəmməl rəqabətin 
								yaradılması  həm dövlət, həm də özəl ali təhsil 
								müəssisələrində təhsilin keyfiyyətinin daha da 
								yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb 
								edir.   
								
								
								Şahrza ƏLİYEV, Təhsil Nazirliyinin İqtisadiyyat
 şöbəsinin müdiri
 |