| 
								 
								
								
								(Əvvəli qəzetimizin ötən saylarında)  
								
								
								Hörmətli oxucular! Son illərdə təhsil sahəsində 
								əldə etdiyimiz ciddi nailiyyətlərdən biri məhz 
								dərslik hazırlığı ilə bağlıdır. Bununla əlaqədar 
								olaraq ölkəmizdə dərslik hazırlığının tarixi, bu 
								sahədə əldə olunan nailiyyətlər, yeni dərslik 
								siyasəti, eləcə də mövcud problemlər barədə 
								məlumat vermək istərdim.  
								
								
								Məlumdur ki, dərslik təlim prosesində istifadə 
								olunan əsas vasitələrdən biridir. Etiraf etmək 
								lazımdır ki, müasir dövrdə dərsliyə yeni 
								yanaşmalar özünü büruzə verməkdədir. Klassik 
								təyinatından fərqli olaraq, indi dərslik yeganə 
								bilik mənbəyi deyildir. İnformasiya 
								texnologiyalarının inkişafı məlumat mənbələrinin 
								sayını da xeyli artırmışdır. Bununla əlaqədar 
								hazırda dərsliyin vəzifəsi şagirdə qaydaları, 
								anlayışları, tərifləri əzbərlətdirməkdən ibarət 
								olmayıb, onlarda müstəqil düşünmə, 
								tədqiqatçılıq, yaradıcılıq vərdişləri aşılamaq, 
								tənqidi təfəkkürü inkişaf etdirməkdir. Müasir 
								dərsliklər tətbiqi xarakter daşımalı, inteqrativ 
								xüsusiyyətə malik olmalı, elmi, pedaqoji, 
								psixoloji meyarlar əsasında tərtib olunmalıdır.
								 
								
								
								Hesab edirəm ki, Azərbaycanda dərslik hazırlığı 
								tarixinə qısa səyahət etmək faydalı olardı. 
								Araşdırmalar göstərir ki, eramızın III əsrindən 
								başlayaraq Azərbaycanda ilkin savad təlimi verən 
								ayrı-ayrı məktəblər mövcud olmuş və belə 
								məktəblər XIX əsrə qədər öz fəaliyyətini davam 
								etdirmişlər. Həmin təhsil ocaqlarında bir sıra 
								elmi və bədii əlyazmalardan dərslik qismində 
								(təlim materialı kimi) istifadə olunmuşdur.
								 
								
								
								Azərbaycanda ana dilində yaranan dərsliklərin 
								tarixi XVII əsrdən başlanır. Belə ki, XVII əsrdə 
								yaşamış Saib Təbrizinin ana dilində yazdığı 
								kitabdan uzun müddət məktəblərdə dərslik kimi 
								istifadə edilmişdir. Sonrakı dövrdə Azərbaycanın 
								məktəb və mədrəsələrində Sədinin "Gülüstan" və 
								"Bustan" əsərləri, "Füzuli divanı", 
								"Tarixi-Nadir", "Camei-Abbas" və başqa kitablar 
								dərslik və dərs vəsaitləri kimi istifadə 
								olunmuşdur. Həmin kitablar şagirdlərin bilik və 
								yaş səviyyəsinə uyğun olmasa da, milli dərslik 
								yaradıcılığımızda ilk nümunələr kimi 
								qiymətlidir.  
								
								
								Sonralar Abbasqulu Ağa Bakıxanov, Seyid Əzim 
								Şirvani kimi sənətkarlarımız dərslik hazırlığı 
								sahəsində ilk cəhdlər göstərmiş, işlədikləri 
								məktəb və mədrəsələrdə hekayə və şeirlərindən 
								təlim materialları kimi istifadə etmişlər.
								 
								
								
								Azərbaycanda və bütün Zaqafqaziyada dövlət 
								məktəblərinin meydana gəlməsi və Azərbaycan 
								dilinin bir fənn kimi tədris edilməsi bu dildə 
								müvafiq dərsliklərin yaradılmasına şərait 
								yaratdı.  
								
								
								Azərbaycan dilində yeni üsulla dərslik tərtib 
								etmək sahəsində ilk təşəbbüs görkəmli mütəfəkkir 
								və pedaqoq Mirzə Fətəli Axundova məxsusdur. O, 
								1836-1840-cı illərdə Tiflis qəza məktəbində 
								Azərbaycan dili müəllimi işləyərkən ana dili 
								dərsliyi yazmağa başlamış, lakin sonralar 
								müəllimlik vəzifəsindən azad olunması ilə 
								əlaqədar bu işi davam etdirməmişdir. Azərbaycan 
								dilində dərslik (oxu kitabı) tərtibi işində 
								Tiflis qəza məktəbi və gimnaziyasının digər 
								müəllimlərinin də xeyli rolu olmuşdur. Mətbəə 
								yoxluğu üzündən bu vəsaitlər çox zaman işıq üzü 
								görmürdü. Əlyazması şəklində olan bu dərsliklərə 
								Sankt-Peterburq, Tiflis, Bakı, Yerevan 
								şəhərlərindəki dövlət arxivlərində, eləcə də 
								elmi müəssisələrin arxivlərində rast gəlinir.
								 
								
								
								Son tədqiqatlar nəticəsində müəyyən edilmişdir 
								ki, Azərbaycan dilində ilk "Əlifba" və "Oxu" 
								kitabı 1839-cu ildə Tiflisdə çap edilmişdir. Hər 
								iki kitabın müəllifi Zaqafqaziya məktəblər 
								direktoru vəzifəsini icra edən N.Dementyevdir. 
								Səs üsulu ilə tərtib edilmiş bu dərslikdən 
								Zaqafqaziyada, o cümlədən Azərbaycandakı dövlət 
								məktəblərində istifadə edilmişdir. 
								
								
								XIX əsrin ortalarına doğru Azərbaycan dilinin 
								tədrisi sahəsində elmi-pedaqoji tələblərə 
								müvafiq yeni dərsliklər meydana gəldi. Bu 
								dərsliklər içərisində Kazan Universitetinin 
								professoru Mirzə Kazımbəyin "Türk-tatar dilinin 
								qrammatikası" (1839), Tiflis gimnaziyasının 
								Azərbaycan və fars dili müəllimi L.R.Budaqovun 
								"Türk-tatar dilinin əlifbası" (1844), Tiflis 
								gimnaziyasının müəllimləri Mirzə Şəfi Vazeh və 
								İ.Qriqoryevin "Kitabi-türki" (1855) adlı 
								dərslikləri xüsusi yer tuturdu. XIX əsrdə 
								Azərbaycanda və bütövlükdə Zaqafqaziyadakı 
								dövlət məktəblərində təhsil alan məktəblilərin 
								bütöv bir nəsli həmin kitablardan Azərbaycan 
								dilini öyrənmişlər. Bu ənənə sonralar Süleyman 
								bəy Vəlibəyovun "üsuli-cədidi-lisani-fars" və 
								Mahmud bəy Mahmudbəyovun səs üsulu ilə yazılan 
								"Yeni əlifba" kitabı ilə davam etdirilmiş, 
								dərsliklər Süleyman Sani Axundov, Fərhad 
								Ağazadə, Abdulla Əfəndizadə, Hacı Kərim Sanılı, 
								Əhməd Seyidov kimi müəllim-metodistlər 
								tərəfindən daha da təkmilləşdirilmişdir. 
								 
								
								
								Dərslik yaradıcılığı tarixində Firudin bəy 
								Köçərli ("Vətən dili"), Rəşid bəy Əfəndiyev 
								("Uşaq bağçası"), Seyid Əzim Şirvani 
								("Məcmuəyi-asari-Hacı Seyid Əzim Şirvani") kimi 
								ədiblərimiz xüsusi fəaliyyət göstərmiş, 
								Azərbaycan dilinin öyrənilməsinə xidmət edən 
								mükəmməl dərsliklər yarada bilmişlər. Ana dili 
								dərsliklərinin hazırlığı sahəsində yaranmış 
								təcrübə sovet dövrünə qədər inkişaf etdirilərək 
								müasir dərsliklərin təməli kimi qiymətli mənbə 
								olmuşdur.  
								
								
								XIX əsrin sonu və XX əsrin əvvəllərində yeni 
								fəaliyyətə başlayan məktəblərdə uşaqların hansı 
								dərsliklərlə təhsil alması dövrün maarifçilərini 
								həmişə düşündürmüş və mühüm problemlərdən biri 
								olmuşdur. Azərbaycanın görkəmli maarifpərvərləri 
								Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Məmməd 
								Tağı Sidqi, Sultan Məcid Qənizadə, Firudin bəy 
								Köçərli, Haşım bəy Vəzirov, Rəşid bəy Əfəndiyev, 
								Mahmud bəy Mahmudbəyov, Cəlil Məmmədquluzadə, 
								Nəriman Nərimanov, Abbas Səhhət və başqaları 
								məktəblərdə keyfiyyətli dərsliklərin olmasını 
								tələb edirdilər. Həsən bəy Zərdabi yazırdı: 
								"Uşaqların yaşlarına və bilik səviyyəsinə uyğun 
								olan dərs kitabı yoxdur. Uşaqlar şairlərin 
								kitablarını oxuyurlar. Bunlar ana dili təliminə 
								yaramır. Ona görə dərs kitabları yaratmaq 
								lazımdır. Heç olmazsa, başqa xalqlarda mövcud 
								olan dərs kitablarından istifadə və tərcümə 
								etməklə onları hazırlayaq". 
								
								
								Beləliklə, XIX əsrdə ana dili dərsliklərinin 
								tərtibi tarixini iki mərhələyə bölmək olar. I 
								mərhələ XIX əsrin 80-ci illərini əhatə edir. 
								Azərbaycanda və Zaqafqaziyanın bir sıra 
								şəhərlərində təsis edilən dövlət məktəblərində 
								Azərbaycan dilinin müstəqil fənn kimi tədris 
								edilməsi, bu dilin bütün Qafqazda böyük rol 
								oynaması ana dilində ilk dərsliklərin və 
								vəsaitlərin (əlifba, oxu kitabı, sərf-nəhv və 
								sair) meydana gəlməsinə əlverişli şərait 
								yaradırdı.  
								
								
								II mərhələdə, yəni XIX əsrin sonlarında 
								K.D.Uşinskinin "Vətən dili" dərsliyi Azərbaycan 
								dilində eyniadlı dərsliyin meydana gəlməsinə 
								əhəmiyyətli təsir göstərmişdi. Bu sahədə İrəvan 
								qəza məktəbinin Azərbaycan dili müəllimi Məmməd 
								Elxanov ilk təşəbbüs göstərərək "Vətən dili" 
								adlı dərslik yazmış, lakin həmin əsər çap 
								olunmamışdır. Zaqafqaziya Müəllimlər 
								Seminariyası Azərbaycan şöbəsinin müdiri 
								Aleksandr Osipoviç çernyayevskinin "Əlifba" 
								kitabı isə çox mühüm bir hadisə idi. "Kəşkül" 
								qəzeti Aleksey Osipoviç çernyayevskinin "Vətən 
								dili" kitabına yüksək qiymət verir və qeyd 
								edirdi ki, çernyayevski nəinki bizim çoxdan arzu 
								etdiyimiz ana dilində dərs kitabı yaratmış, o, 
								həm də ana dilində dərs deyən müəllimlər üçün 
								dərsliklərin yenidən tərtibi məsələləri ilə 
								ciddi məşğul olmuşdur.  
								
								
								Aleksey Osipoviç çernyayevskinin "Vətən dili" 
								dərsliyi sövti üsul əsasında azərbaycanlılar 
								üçün nəşr edilmiş ilk Azərbaycan dili dərsliyi 
								idi. "Vətən dili" özündən sonra yazılan əlifba 
								və ilk oxu kitabları üçün örnək olmuş, 
								Azərbaycan ziyalılarının böyük bir nəsli bu 
								dərslik üzrə savada yiyələnmişdir. Firudin bəy 
								Köçərli onun "Vətən dili" dərsliyi ilə əlaqədar 
								yazırdı: "Bizim əqidəmizə görə, Uşinskinin 
								"Rodnoye slovo" ("Ana dili") dərsliyi rus 
								məktəbləri üçün hansı əhəmiyyətə malikdirsə, 
								çernyayevskinin "Vətən dili" dərsliyi də 
								azərbaycanlılar üçün elə bir əhəmiyyətə 
								malikdir. 
								
								
								"Vətən dili" (I hissə) kitabının müvəffəqiyyəti 
								onun II hissəsinin tərtibinə də zəmin 
								yaratmışdı. 1880-ci illərin sonlarında Aleksey 
								Osipoviç çernyayevski seminariyanın Azərbaycan 
								şöbəsinin ibtidai məktəb müəllimi Süleyman 
								Vəlibəyovla birlikdə "Vətən dili" kitabının II 
								hissəsini tərtib etdi. Bu kitabın tərtibində 
								yaxından iştirak edənlərdən biri də görkəmli 
								müəllim və şair Həsənəli Qarabağlı olmuşdur. Ana 
								dili təlimi üçün nəzərdə tutulmuş "Vətən dili" 
								(II hissə) ilk dəfə 1888-ci ildə Tiflisdə 
								"Kəşkül" mətbəəsində çap olunmuşdur". 
								
								
								XX əsrin əvvəllərində təhsil sahəsində mövcud 
								olan problemlərdən biri də dərslik hazırlığı ilə 
								bağlı idi. Yeni məktəblər yeni kitablar tələb 
								edirdi. Bu məsələ Azərbaycan müəllimlərinin I 
								(1906) və II (1907) qurultaylarında da müzakirə 
								olunmuşdu. Qurultayda qəbul edilən qərarlardan 
								biri də ibtidai məktəblər üçün ana dilində dərs 
								kitablarının hazırlanması ilə bağlı idi. Həmin 
								dövrdən başlayaraq dövrün maarifpərvər insanları 
								ana dilində dərsliklər yazmağa başladılar. Bu 
								sahədə Mahmud bəy Mahmudbəyov, Abbas Səhhət, 
								Rəşid bəy Əfəndiyev, Abdulla Şaiq və 
								başqalarının rolunu xüsusilə qeyd etmək 
								lazımdır. Mahmud bəy Mahmudbəyov və Abbas Səhhət 
								1909-cu ildə türk dilinin təlimi üçün nəşr 
								etdikləri üçüncü ilə məxsus qiraət kitabı 
								1910-1915-ci illərdə təkrar çap olundu. 
								 
								
								
								Ana dilinin saflığı uğrunda mübarizə aparan 
								görkəmli ziyalı, "İkinci il" dərsliyinin 
								həmmüəllifi Abdulla Şaiq Talıbzadə 
								məktəblərimizin milli dərsliklərlə təmin 
								olunmasında əvəzsiz xidmət göstərmişdir. İbtidai 
								məktəbdə ana dili təliminin inkişafında mühüm 
								xidməti olan Abdulla Şaiq pedaqoji fəaliyyətini 
								ədəbi yaradıcılığı ilə birləşdirirdi. Onun 
								"Dəbistan", "Məktəb" və "Rəhbər" jurnallarında 
								uşaqlar üçün nəşr etdirdiyi əsərlər Azərbaycan 
								pedaqoji fikir tarixinin incilərindən hesab 
								olunur. 1910-cu ildə yazdığı "Uşaq gözlüyü" 
								əsərindən isə uzun müddət ibtidai 
								məktəblərimizdə əlifba dərsliyi kimi istifadə 
								olunmuşdur. 
								
								
								Abdulla Şaiq Azərbaycan müəllimlərinin birinci 
								(1906) və ikinci (1907) qurultaylarının 
								iştirakçısı olmuş, ikinci qurultayın katiblik 
								xidmətini yerinə yetirmiş, idarə heyətinin 
								qərarı ilə Mahmud bəy Mahmudbəyov, Süleyman bəy 
								Əbdürrəhmanbəyzadə, Süleyman Sani Axundov, 
								Abdulla bəy Əfəndiyev, Fərhad Ağazadə ilə birgə 
								"İkinci il" dərsliyinin tərtibinə cəlb 
								edilmişdir. Ədib "Uşaq çeşməyi" (1907), "Uşaq 
								gözlüyü" (1910), "Gülşəni-ədəbiyyat" (1910), 
								"Gülzar" (1912) və sair dərsliklərini nəşr 
								etdirməklə məktəblərin milli ruhlu dərsliklərlə 
								təmin olunmasında misilsiz xidmət göstərmişdir. 
								Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Mirzə 
								Fətəli Axundov, Əli bəy Hüseynzadə, Mirzə 
								Ələkbər Sabir, Məhəmməd Hadi, Abbas Səhhət, 
								Hüseyn Cavid və başqa şair və ədiblərin mövzusu 
								xalq həyatından götürülmüş əsərləri Azərbaycan 
								məktəbinə Abdulla Şaiqin dərslikləri vasitəsilə 
								daxil olmuşdur. O, gəncliyin milli hisslərini 
								coşduran ilk ədəbiyyat müəllimi kimi 
								tanınmışdır.  
								
								
								Mahmud bəy Mahmudbəyov 1907-ci ildə Bakıda "Türk 
								əlifbası və ilk qiraət" kitabını nəşr 
								etdirmişdi. Bir il sonra Mahmud bəy Mahmudbəyov, 
								Süleyman bəy Əbdürrəhmanbəyzadə, Süleyman Sani 
								Axundov, Fərhad Ağazadə, Abdulla Şaiq Talıbzadə 
								və Abdulla bəy Əfəndiyevin "İkinci il" dərsliyi 
								meydana gəldi. Həmin dərsliklər həm pedaqoji, 
								həm də didaktik-metodik cəhətdən yeni tələblərə 
								cavab verirdi. Kitabların dilinin sadəliyi, 
								aydınlığı, bədiiliyi, məzmununun dolğunluğu, 
								metodik cəhətdən materialların seçimi, uşaqlara 
								veriləcək biliklərin onların yaş və anlaqlıq 
								səviyyələrinə uyğun olması, sadə xalq dilində 
								yazılması, uşaqlarda bədii zövq tərbiyə etməsi, 
								cəlbediciliyi onların əsas məziyyətləri idi. Bu 
								dərsliklərin yazılması və nəşri "Nicat" xeyriyyə 
								cəmiyyətinin bilavasitə təşəbbüsü və yardımı ilə 
								həyata keçirilmişdi.  
								
								
								ümumiyyətlə, ana dilində dərslik yaradılması 
								sahəsində görkəmli maarif xadimi Mahmud bəy 
								Mahmudbəyovun müstəsna rolu olmuşdur. 1909-cu 
								ildə Mahmud bəy Mahmudbəyov və Abbas Səhhətin 
								birlikdə "Türk dilinin təlimi üçün üçüncü ilə 
								məxsus qiraət kitabı", 1911-ci ildə Mahmud bəy 
								Mahmudbəyovun "İmlamız" kitabı nəşr edildi. Hər 
								iki kitabda ana dilinin tədrisinə xidmət 
								göstərəcək faydalı mülahizələr söylənilirdi. 
								1922-ci ildə Mahmud bəy Mahmudbəyovun başçılığı 
								ilə Süleyman bəy Əbdürrəhmanzadə, Süleyman Sani 
								Axundov, Fərhad Ağazadə, Abdulla Şaiq Talıbzadə, 
								Rəşid bəy Əfəndizadə "Yeni türk əlifbası" adlı 
								dərslik hazırladılar.  
								
								
								Həmin dövrdə bir qrup müəllimlər də dərslik 
								yazmaqla məşğul olmuşlar. Ş.M.Qarabağinin 
								"Risaleyi-hüruf və xütut" (1890); S.Ə.Təbrizinin 
								"Kitabçeyi-ədəbiyyə" (1893); Ə.Axundzadənin 
								"Xətti təliq və nəstəliq" (1894); 
								M.H.Rüşdiyyənin "Vətən dili" (1884); M.Ələkbərin 
								"Kitabipəndi ətfal" (1899); M.Şahtaxtinskinin 
								"Sövti Şərq Əlifbası" (1902); M.N.Şirvaninin 
								"Təftül arifin lisani türki" (1902); 
								H.S.Eyvazovun "üsuli-tədris və təlim-tərbiyə" 
								(1907); H.Məmmədlinin "Nümuneyi tədris və 
								tərbiyə" (1907); M.Qəmərlinski, Nərimanbəyov, 
								Şahtaxtinski, Rəcəbov, Qazıyev, Şərifbəyov və 
								Cəfərbəyovun "Ana dili" (1911), M.H.Həsənzadənin 
								"Tamam əlifba" (1912), M.A.Abbaszadənin "Əlifba" 
								(1913) və s. dərsliklərini nümunə göstərmək 
								mümkündür.  
								
								
								Maraqlıdır ki, görkəmli bəstəkar üzeyir 
								Hacıbəyov da dərslik yaradıcılığı ilə məşğul 
								olmuş, 1907-ci ildə "Hesab" kitabını və 
								"Rus-türk, türk-rus" lüğətini hazırlayıb çap 
								etdirmişdi. 
								
								
								Milli məktəblərin dərsliklərlə təmin olunması 
								sahəsində Qafur Rəşadın xidmətləri böyükdür. İlk 
								coğrafiya dərsliklərinin yaradıcısı olan Qafur 
								Rəşad "Qafqaz coğrafiyası" (1910), "İbtidai 
								coğrafiya" (1922), "ümumi coğrafiya" (1923), 
								"Coğrafiya terminləri lüğəti" (1923), "SSRİ-nin 
								iqtisadi coğrafiyası" (1941), "Xəritə üzərində 
								əməli iş" (1943) və s. adlar altında 18 dərslik 
								və vəsait yazıb nəşr etdirmişdi. "Rəhbəri-sərf" 
								(Məmmədsadıq Axundovla birgə, 1910), 
								"Rəhbəri-hesab" (Əbdürrəhman Tofiq Əfəndizadə 
								ilə birgə, 1910) dərslikləri uzun illər 
								məktəblərdə tədris olunmuşdu. Bununla yanaşı, 
								milli uşaq ədəbiyyatının inkişafında da Qafur 
								Rəşadın xidmətləri böyükdür. O, Azərbaycanda 
								"Məktəb" adlı sayca ikinci uşaq jurnalının 
								(1911- 1920) və uşaqlara məxsus ədəbiyyat nəşr 
								edən eyniadlı birinci mətbəənin təsisçisidir 
								(Əbdürrəhman Tofiq Əfəndizadə ilə birgə). 
								Cümhuriyyət dövründə nəşr olunmuş "Məktəb" 
								jurnalı uşaqların milli müstəqillik və 
								dövlətçilik ruhunda tərbiyəsində müsbət rol 
								oynamışdır. O, pedaqoq-yazıçıları jurnalın 
								ətrafına toplamış, orijinal şeir və 
								hekayələrdən, müxtəlif dillərdən edilən 
								tərcümələrdən, elmi-kütləvi məqalələrdən ibarət 
								zəngin uşaq ədəbiyyatı xəzinəsi yaratmış, yeni 
								yazıçı nəslinin yetişməsi işində böyük xidmət 
								göstərmişdir.  
								
								
								Azərbaycan Xalq Cümhuriyyəti dövründə Xalq 
								Maarif Nazirliyi bir tərəfdən xalqın gələcəyini 
								təmin edə biləcək mütəxəssislər hazırlamaq üçün 
								ali, orta və ibtidai məktəblər açır, kurslar 
								təşkil edir, digər tərəfdən nəşriyyat - tərcümə 
								komissiyasının köməyi ilə dərsliklər, tədris 
								vəsaitləri hazırlayır və çap etdirirdi. 1919-cu 
								il noyabrın 7-də Xalq Maarif Nazirliyi yanında 
								nazir müavini Həmid bəy Şahtaxtinskinin sədrliyi 
								ilə Hökumət İslahat Komissiyası yaradıldı. 
								Komissiya qısa müddətdə xeyli işlər gördü. ümumi 
								təhsil sahəsində islahat aparmaq, milli proqram 
								və dərsliklər hazırlamaq məqsədilə hökumət 
								tərəfindən xüsusi fənn komissiyaları təsis 
								edildi. Fənn komissiyaları tərəfindən 
								hazırlanmış bir sıra yeni dərsliklər hökumətin 
								ayırdığı vəsait hesabına 1919-cu ildə nəşr 
								edilib məktəblərin istifadəsinə verildi. 
								Dərsliklərin bəziləri təkrar nəşr olunsa da, bir 
								çoxu məhz həmin dövrdə yazılmışdı: Mahmud bəy 
								Mahmudbəyov. Türk əlifbası və ilk qiraət, 1918; 
								Rəşid bəy Əfəndiyev. Türk qiraəti, 1918; Mahmud 
								bəy Mahmudbəyov, Abbas Səhhət. Yeni məktəb, 
								1918; Qafur Rəşad Mirzəzadə, Məmməd Axundov. 
								Rəhbəri-sərf, 1918; Rasim Əhməd. Sərfi-türki, 
								1919; Camo Cəbrayılbəyli. Tarixi-təbii, 1919; 
								Hüseyn Cavid, Abdulla Şaiq. Ədəbiyyat dərsləri, 
								1919; Abdulla bəy Əfəndiyev. Son türk əlifbası, 
								1919; Hacı Səlim Səyyah Qasımzadə, Ağəli 
								Qasımov. Hesab məsələləri məcmuəsi, 1919; Hacı 
								Səməd bəy Əlizadə. Rəhbəre cəbr, 1919; Abdulla 
								Şaiq. Milli qiraət, 1919; Müntəxəbat. Türk 
								ədiblərindən nümunələr, 1919 və sair. 
								 
								
								
								20-ci illərdə stabil dərs kitablarının 
								hazırlanması sahəsində problemlər var idi. 
								Proqram və dərsliklər arasındakı uyğunsuzluq 
								halları, təcrübəli müəllimlərin və 
								tərcüməçilərin olmaması, nəşriyyat-poliqrafiya 
								bazasının zəifliyi, elm sahələri üzrə 
								terminoloji lüğətlərin yoxluğu dərs kitablarının 
								hazırlanmasında və nəşrində çətinliklər 
								yaradırdı. Bu çətinliklərə baxmayaraq, həmin 
								illərdə məktəbləri dərsliklərlə təmin etmək 
								sahəsində müəyyən uğurlar da qazanıldı. 
								 
								
								
								Sovet hakimiyyəti illərində ölkəmizdə geniş 
								məktəb şəbəkəsi yaradıldı, dərsliklər və dərs 
								vəsaitləri ilə təchizat sahəsində müvafiq 
								tədbirlər həyata keçirildi. Yeni tədris planları 
								və proqramlarının təsdiqi ilə əlaqədar məktəblər 
								üçün ana dilində dərslik, dərs vəsaitləri və 
								başqa tədris-metodik ədəbiyyatların hazırlanması 
								zərurəti yarandı. Bu məqsədlə Xalq Maarifi 
								Komissarlığı nəzdində (iyun, 1921-ci il) 
								Nəşriyyat şöbəsi yaradıldı. 1924-cü ildə bu 
								şöbənin əsasında Xalq Maarifi Komissarlığının 
								tabeliyində Azərbaycan Dövlət Nəşriyyatı - 
								"Azərnəşr" təsis edildi. Nəticədə Xalq Maarifi 
								Komissarlığı tərəfindən dərsliklərin sistemli 
								şəkildə nəşr olunmasına 1920-1921-ci dərs 
								ilindən başlanır. Əvvəlcə sovet hakimiyyətinə 
								qədərki dövrdə tərtib olunmuş ana dilinə aid 
								ibtidai sinif dərslikləri (Abdulla Şaiq 
								Talıbzadənin "Uşaq gözlüyü" əlifba kitabı, 
								Mahmud bəy Mahmudbəyovun "İkinci il" dərsliyi və 
								s.) müəyyən dəyişikliklərlə yenidən çap edildi. 
								Eyni zamanda 20-ci illərdə M.Mahmudbəyovun 
								1907-1908-ci illərdə nəşr etdirdiyi "Türk 
								əlifbası və ilk qiraət", M.Mahmudbəyov, 
								S.Axundzadə, S.Əbdürrəhmanzadə, F.Ağazadə, 
								A.Talıbzadə və A.Əfəndizadənin "İkinci il", 
								M.Mahmudbəyov və A.Səhhətin "üçüncü ilə məxsus 
								qiraət", A.Şaiqin IV-V siniflər üçün "Qiraət 
								kitabı", A.Əfəndizadənin "Türk əlifbası" 
								dərslikləri müəyyən təkmilləşdirmələrlə nəşr 
								edilərək I pillə məktəblərində istifadə edilir. 
								1922-ci ildə M.Mahmudbəyov, S.Əbdürrəhmanzadə, 
								S.Axundzadə, A.Talıbzadə və A.Əfəndizadə ərəb və 
								latın əlifbalarının qarşılıqlı təliminə imkan 
								verən "Yeni türk əlifbası" dərsliyini 
								hazırlamışdılar. Bundan əlavə, Xalq Maarifi 
								Komissarlığının yaratdığı ana dili komissiyası 
								tərəfindən yazılmış (müəllifləri İsmayıl Hikmət, 
								Abdulla Şaiq, Seyid Mirqasımzadə, Cavad 
								Axundzadə, Cabbar Əfəndizadə və Mustafa Tofik) 
								"Türkcə sərf-nəhv" ("Azərbaycan dilinin 
								qrammatikası") dərsliyi 1924-cü ildə nəşr 
								edilmişdi.  
								
								
								20-ci illərdə oxu dərslikləri şəhər və kənd 
								məktəbləri üçün olmaqla iki variantda nəşr 
								edildi. Riyaziyyat və təbiət elmlərinə aid 
								dərsliklər isə rus dilindən tərcümə edilirdi. 
								Nəşr edilən ibtidai məktəb dərsliklərinin sayı 
								ilbəil artırdı. Məsələn, 1920-ci ildə 3 adda 
								dərslik nəşr edilmişdisə, bu göstərici 1923-cü 
								ildə 23, 1927-ci ildə 42, 1929-cu ildə isə 50 
								idi. Bu illərdə dərsliklərlə yanaşı, 
								sinifdənxaric oxu üçün 104 adda, müəllimlər üçün 
								isə 32 adda tədris-metodik ədəbiyyat da nəşr 
								edilmişdi. 
								
								
								20-ci illərin əvvəllərində hələ Azərbaycan Xalq 
								Cümhuriyyəti dövründə başlanmış əlifba islahatı 
								sahəsində işlər yenidən canlandırıldı. 1921-ci 
								ilin yanvar ayında Xalq Maarifi Komissarlığı 
								yanında Əlifba İslahatı üzrə Komissiya, az sonra 
								- 1922-ci ilin mayında Yeni Türk Əlifba Komitəsi 
								yaradıldı. Komitənin tərkibinə isə Səmədağa 
								Ağamalıoğlu (sədr), Xudadat bəy Məlikaslanov, 
								(AXC dövründə əlifba üzrə İslahat Komissiyasının 
								sədri olmuşdur), Əhməd bəy Pepinov, Əli 
								Tağızadə, Sultanməcid Əfəndiyev, Fərhad Ağazadə 
								(Şərqli), Vəli Xuluflu, Teymur Hüseynov və 
								digərləri daxil idilər. Rəsmi yazışmalarda əski 
								ərəb əlifbası ilə yanaşı, yeni latın qrafikalı 
								əlifbadan da istifadəyə (oktyabr, 1923-cü il) 
								icazə verilmişdi. 1926-cı ilin 26 fevral - 6 
								mart tarixlərində Bakıda çağırılmış I Beynəlxalq 
								Türkoloji Qurultay latın qrafikalı əlifbaya 
								keçid prosesində müstəsna rol oynadı. Əlifba 
								islahatı latın qrafikalı Azərbaycan əlifbasına 
								keçidlə bağlı hökumət qərarı ilə (iyul, 1928-ci 
								il) başa çatdı. 1929-cu il yanvarın 1-dən yeni 
								əlifbaya tam keçid rəsmən elan edildi, 
								məktəblərdə tədrisin həmin əlifba ilə 
								aparılmasına başlanıldı.  
								
								
								30-cu illərdə latın qrafikalı əlifba ilə 
								dərsliklərin hazırlanması və nəşri tam reallaşsa 
								da, SSRİ-də aparılan ruslaşdırma siyasətinə 
								uyğun olaraq bu əlifba 1939-cu il 11 iyul 
								tarixdən ləğv edildi və heç bir hazırlıq işi 
								aparılmadan 1940-cı il yanvarın 1-dən bütün 
								təhsil müəssisələrində kiril (rus) qrafikalı 
								Azərbaycan əlifbasının tətbiqinə başlanıldı. 
								Azərbaycan SSR XKS-nin 31 dekabr 1939-cu il 
								tarixli "Respublikanın kütləvi məktəblərində və 
								digər təhsil müəssisələrində təlimin yeni 
								Azərbaycan əlifbasına keçirilməsi haqqında" və 
								"İbtidai məktəblərin dərslik və dərs 
								vəsaitlərinin yeni Azərbaycan əlifbasında nəşri 
								haqqında" qərarları təhsil müəssisələrində 
								tədrisin yeni əlifbaya keçirilməsində müəyyən 
								rol oynadı. 
								
								
								1930-cu illərdə təhsilin məzmunu tamamilə sovet 
								ideologiyasının prinsiplərinə tabe etdirildi. 
								
								
								Bu illərdə təhsilin məzmununda islahatlar 
								üİK(b)P MK-nın 25 avqust 1932-ci il tarixli 
								"İbtidai və orta məktəblərdə rejim və tədris 
								proqramları haqqında" və 12 fevral 1933-cü il 
								tarixli "İbtidai və orta məktəblər üçün 
								dərsliklər haqqında" qərarları əsasında 
								aparıldı. ümumi təhsilin tədris planları, tədris 
								proqramları, dərslik, dərs vəsaiti və digər 
								tədris-metodik ədəbiyyatları yeniləşdirildi və 
								ya əsaslı dəyişikliklər edildi. Həmin qərarlarda 
								təhsil sistemi qarşısında 20-ci illərdə tətbiq 
								edilmiş "Kompleks proqramlar"dan və dərslik kimi 
								istifadə edilən "İş kitabları"ndan imtina etmək, 
								bütün fənlər üzrə sabit tədris proqramı və 
								dərsliklərin hazırlanmasını təşkil etmək 
								vəzifəsi qoyulurdu. 
								
								
								Azərbaycan dilində ibtidai və orta məktəblər 
								üçün yeni dərsliklərin hazırlanması işinə start 
								verilsə də, həm məktəb proqramlarından, həm də 
								respublikada hazırlanan dərsliklərdən milli 
								mənəvi dəyərləri əks etdirən materiallar 
								tamamilə çıxarıldı. Yalnız "sosializm 
								ideyaları"na sədaqətli gənclər yetişdirilməsinə 
								xidmət edən "beynəlmiləlçilik" ideyalarına 
								üstünlük verilirdi.  
								
								
								20 may 1933-cü ildə Azərbaycan KP MK-nın xüsusi 
								qərarı oldu. Bu qərara uyğun olaraq ibtidai 
								məktəblər üçün orijinal ana dili dərsliklərinin 
								tərtibinə başlanıldı. Belə ki, Veysəl 
								Mustafazadə, Yusif Zeynalov, Əli Məsrur Qafarlı, 
								Ələkbər Babazadə, İdris Həsənov, Əbdüləzəl 
								Dəmirçizadə, Abdulla Şərifov, Feyzulla 
								Qasımzadə, Ağamməd Abdullayev, Qulam Ələkbərli 
								və başqalarının müəllifliyi ilə ibtidai 
								məktəblər üçün "Əlifba", "Ana dili", "Oxu 
								kitabı", "Azərbaycan dili" dərslikləri 
								yaradıldı. Sovet hakimiyyəti illərində ən 
								uzunömürlü "Əlifba" dərsliyi 1933-cü ildə Veysəl 
								Mustafazadə tərəfindən yazıldı. 1933-1936-cı 
								illərdə onun müəllifliyi ilə nəşr edilən bu 
								"Əlifba" 1937-ci ildən 1946-cı ilə kimi Yusif 
								Zeynalov və Əli Məsrur Qafarlının, 1946-cı ildən 
								1962-ci ilə kimi Yusif Zeynalovun, həmin ildən 
								isə Yusif Zeynalov və Yəhya Kərimovun 
								müəllifliyi ilə nəşr edildi. 
								
								
								Bu illərdə Yusif Zeynalovun "Ana dili" ("Oxu" I 
								s.), "Oxu kitabı" (I s.), Əli Məsrur Qafarlının 
								"Ana dili" (II s.), Feyzulla Qasımzadənin "Oxu" 
								kitabı (III s.), sonralar Ağamməd Abdullayev və 
								Feyzulla Qasımzadənin müəllifliyi ilə "Ana 
								dili", Ələkbər Babazadənin "Türk (Azərbaycan) 
								dili" (II s.), Qulam Ələkbərlinin "Türk 
								(Azərbaycan) dilinin qrammatikası və yazı 
								qaydaları" (II s.), Əbdüləzəl Dəmirçizadənin 
								"Türk (Azərbaycan) dili" (IV s.) dərslikləri 
								yaradıldı və nəşr edildi. 
								
								
								30-cu illərdə ibtidai məktəblər üçün ana dili 
								üzrə yaradılan bu orijinal dərsliklər Azərbaycan 
								məktəbində ana dilinin tədrisində müstəsna rol 
								oynadı və gələcəkdə bu istiqamətdə aparılan 
								dərslik yaradıcılığında təməl missiyasını yerinə 
								yetirdi. 
								
								
								1938-1939-cu dərs ilindən Azərbaycan 
								məktəblərində ana dili və ədəbiyyat, qeyri - 
								Azərbaycan məktəblərində Azərbaycan dili üzrə 
								proqram və dərsliklərlə yanaşı, həm də qeyri-rus 
								məktəblərində rus dili və ədəbiyyatı üzrə 
								proqram və dərsliklərin Azərbaycanda tərtibinə 
								başlanıldı. Digər proqram və dərsliklər isə 
								Moskvada tərtib edilir, sonradan Azərbaycan 
								dilinə tərcümə olunurdu. Azərbaycan SSR Xalq 
								Maarifi Komissarlığının 1935-38-ci illər üzrə 
								məktəb təhsilinin vəziyyətinə dair 17 aprel 
								1938-ci il tarixli hesabatında 1937-1938-ci dərs 
								ilində respublikada fəaliyyət göstərən bütün 
								tipdən olan ümumi təhsil məktəbləri üçün 160 
								adda 260500 nüsxə tirajla dərslik və dərs 
								vəsaitinin nəşr edildiyi göstərilir. 
								
								
								İkinci Dünya müharibəsinin başlanması ölkənin 
								təhsil sisteminə ciddi təsir etdi. Belə ki, bu 
								illər təhsilin inkişafında çətin və böhranlı bir 
								mərhələ oldu. Məktəblərdə iş ahəngi pozuldu, 
								müəllimlərin bir hissəsi səfərbərliyə alındı, 
								məktəb binaları hərbi məqsədlər üçün istifadə 
								edildiyindən respublikanın məktəb şəbəkəsində 
								əvvəlki illərlə müqayisədə kəskin fərq hiss 
								edildi. Müharibə ümumi icbari yeddiillik təhsilə 
								keçid prosesini ləngitdi, ümumi təhsilin 
								səviyyəsi aşağı düşdü. 1949-cu ildə yeddiillik 
								təhsilə keçid sürətləndirildi və həmin proses 
								50-ci illərin sonunda başa çatdırıldı. 
								
								
								"Məktəbin həyatla əlaqəsinin möhkəmləndirilməsi 
								və SSRİ-də xalq maarifi sisteminin daha da 
								inkişaf etdirilməsi" haqqında 1958-ci il 
								dekabrın 24-də Qanun qəbul edildi. Qanuna əsasən 
								yeddiillik məktəblər səkkizilliyə çevrildi. Bu 
								qanun sovet məktəbinin yeni inkişaf mərhələsi 
								idi. Burada nəzərdə tutulan əsas məsələ ibtidai 
								siniflərdən etibarən əmək tərbiyəsinə diqqətin 
								artırılması, uşaqlarda fiziki əməyə tələbat 
								tərbiyə edilməsi nəzərdə tutulurdu. Qanunda 
								natamam orta məktəblərin yeddiillikdən 
								səkkizilliyə çevrilməsi, orta təhsilin əvvəlki 
								kimi 10 il deyil, 11 il olması, birinci 
								mərhələnin I-VIII sinifləri, ikinci mərhələnin 
								isə IX-XI sinifləri əhatə edəcəyi nəzərdə 
								tutulurdu. Qərarın tətbiq edildiyi ilk ildə 
								ölkədə 40 məktəb 11 illiyə çevrildi.   
								
								
								
								(Ardı var)   
								
								
								
								Misir MƏRDANOV,  
								Azərbaycan Respublikasının  
								təhsil naziri, fizika-riyaziyyat  
								elmləri doktoru, professor  |