| 
								
								Noyabrın 16-da  Azərbaycan Dövlət  Neft 
								Akademiyasında  tələbələrin Konstitusiya gününə 
								həsr olunmuş 58-ci elmi-texniki konfransı öz 
								işinə başladı. Konfransda Təhsil, Rabtə və 
								İnformasiya Texnologiyaları nazirliklərinin 
								nümayəndələri, ADNA-nın professor-müəllim 
								heyəti, tələbələr iştirak edirdilər. 
								
								Konfrans öz işinə başlamazdan  əvvəl tədbir 
								iştirakçıları ümummilli lider Heydər Əliyevin 
								xatirəsini ehtiramla yad edərək büstünün önünə 
								gül dəstələri qoydular. 
								
								Tədbiri giriş sözü ilə ADNA-nın rektoru, 
								professor Siyavuş Qarayev açaraq konfransın 
								əhəmiyyətindən,  tələbə elmi cəmiyyətinin 
								akademiyadakı fəaliyyətindən və elmi-tədqiqat 
								işlərinə cəlb olunan tələbələrin işindən ətraflı 
								danışdı. 
								
								Konfransda təhsil naziri Misir Mərdanov  çıxış 
								edərək bildirdi ki, ötən illərdə olduğu kimi, 
								2009-cu ildə də ölkə rəhbərliyinin elm və 
								təhsilin inkişafına  yönəlmiş mühüm qərarları 
								ölkəmizdə ali təhsilin və elmi fəaliyyətin ən 
								mütərəqqi standartlar səviyyəsinə 
								çatdırılacağına  möhkəm zəmin yaradır. 
								
								Sonra "təhsil işçilərinin və tələbələrin ümdə 
								vəzifəsi ölkə rəhbərinin diqqət və qayğısına 
								cavab olaraq səylə çalışmaq, tədrisdə, təhsildə 
								və elmi-tədqiqat işlərində  yeni uğurlar əldə 
								etməkdir", deyən təhsil naziri tələbələri və 
								akademiyanın professor-müəllim heyətini  
								konfrans münasibətilə  təbrik etdi  və onun  
								işinə uğurlar arzuladı.  
								
								Tədbirdə Azərbaycan Dövlət Neft Akademiyasının 
								məzunlarından AMEA-nın Geologiya İnstitutunun 
								elmi işlər üzrə direktor müavini İbrahim 
								Quliyev, rabitə və informasiya texnologiyaları 
								nazirinin müavini Elmir Vəlizadə, tələbələrdən 
								Mehriban Məlikova, Kamal  Quliyev və başqaları 
								çıxışlarında konfransla bağlı fikirlərini 
								bildirdilər. 
								
								Konfrans öz işini  ayrı-ayrı bölmələr üzrə davam 
								etdirəcək.        
								
								
								Şakir CƏFƏROV |