| 
								
								Bu günlərdə Azərbaycan Dövlət Pedaqoji 
								Universitetində görkəmli pedaqoq-alim, əməkdar 
								elm xadimi, professor Mərdan Əsədulla oğlu 
								Muradxanovun anadan olmasının 100 illiyinə həsr 
								edilmiş yubiley tədbiri keçirildi. Tədbiri 
								universitetin rektoru, AMEA-nın müxbir üzvü, 
								fizika-riyaziyyat elmləri doktoru, professor 
								Yusif Məmmədov açaraq Mərdan Muradxanovu 
								görkəmli pedaqoq-alim kimi səciyyələndirdi. 
								
								Sonra pedaqoji fakültənin dekanı, pedaqoji 
								elmlər doktoru, professor Fərrux Rüstəmov "70 
								illik işıqlı və mənalı ömür yolu" mövzusunda 
								məruzə etdi. Universitetin qocaman müəllimi, 
								professor Həsən Mirzəyev, Azərbaycan Təhsil 
								Problemləri İnstitutunun direktor müavini, 
								professor Yəhya Kərimov, Respublika Təhsil 
								Şurasının sədri, professor Əjdər Ağayev, 
								professorlar Vidadi Xəlilov, Sərdar Quliyev, 
								İramin İsayev çıxış edərək Mərdan Muradxanovla 
								bağlı xatirələrini yubiley iştirakçıları ilə 
								bölüşdülər. Tədbirdə Təhsil Problemləri 
								İnstitutunun, Azərbaycan Müəllimlər İnstitutunun 
								və onun Sumqayıt filialının, Bakı Slavyan 
								Universitetinin, Azərbaycan Dövlət Dillər 
								Universitetinin, Bakı Dövlət Universitetinin 
								tanınmış pedaqoq-alimləri iştirak edirdilər. 
								Yubilyarın ailəsi adından qızı, Azərbaycan 
								Dillər Universitetinin baş müəllimi Rəna 
								Abdullayeva çıxış edərək atası haqqında 
								xatirələrini danışdı, tədbirin təşkilatçılarına 
								minnətdarlığını bildirdi.  
								
								
								R.ZİYADOV |