|   | 
										
										
										Yerləşir:  | 
										
										
										Böyük Britaniya, İngiltərə, Mançester 
										şəhəri | 
										
										  | 
										  | 
									 
									
										| 
										
										Yaranma tarixi: | 
										
										
										1824-cü il | 
									 
									
										| 
										
										Tipi:  | 
										
										
										Dövlət  | 
									 
									
										| 
										
										İşçi heyəti: | 
										
										
										5800 (akademik heyət) | 
									 
									
										| 
										
										Tələbələrin sayı: | 
										
										
										35441 nəfər | 
									 
									
										| 
										
										İllik gəlirləri:  | 
										
										
										684 milyon funt-sterlinq | 
									 
									
										| 
										
										Rəsmi saytı: | 
										
										
										
										www.manchester.ac.uk | 
									 
								 
								
								
								Mançester Universiteti  (Manchester University)  
								İngiltərənin şimal-qərb bölgəsinin ən böyük 
								universitetidir  və eyniadlı şəhərdə yerləşir. 
								Universitet Böyük Britaniyanın nəhəng 
								elmi-tədqiqat universitetləri qurumu olan 
								"Russell Qrupu"nun və elmi-tədqiqat layihələri 
								üzrə "N8 Qrupu"nun üzvüdür. Böyük Britaniyanın 
								"Times Higher Education Supplement - QS World 
								Universities Rankings" jurnalının dünya 
								universitetlərinin 2009-cu il üzrə reytinqində 
								isə Mançester Universiteti dünyada 26-cı, 
								Avropada 8-ci, Böyük Britaniyada 7-ci yerdə 
								sıralanıb. Mançester Universiteti dünya elminə 
								verdiyi töhfələri ilə tanınır.   
								
								
								Tarixi  
								
								
								Mançester tarix boyu mühüm sənaye şəhəri olub. 
								1824-cü ildə şəhərin iş adamları və sənayeçiləri 
								tabeliklərində olan işçilərin əsas elm 
								sahələrini, xüsusən mexanika və kimyanı daha 
								yaxşı mənimsəmələri üçün müştərək Mexanika 
								İnstitutunu (sonradan Mançester Elm və 
								Texnologiya İnstitutu) açmaq qərarını verirlər. 
								Eyni məqsədlə 1851-ci ildə toxuculuq taciri Con 
								Ouensin təşəbbüsü ilə Ouens Kolleci təsis olunur. 
								Kollec 1880-ci ildə Kraliça fərmanı ilə təltif 
								olunur və İngiltərənin birinci mülkü təhsil 
								müəssisəsi kimi fəaliyyət göstərməyə başlayır. 
								1903-cü ildə bu kollec Viktoriya Universiteti 
								adlandırılır. 1905-ci ilədək  hər iki kollec 
								bölgənin ən böyük və fəal təhsil müəssisələrinə 
								çevrilir. 
								  
								
								
								Mançester Universiteti ənənəvi olaraq  güclü 
								elmi ilə seçilib. Dünyanın ilk kiçik təcrübə 
								proqramı və atomun nüvə təbiəti Rezerford 
								tərəfindən məhz burada kəşf edilib.  
								
								
								22 oktyabr 2004-cü ildə Böyük  Britaniya 
								kraliçası II Yelizavetanın Kraliça fərmanına 
								əsasən, Mançester Viktoriya Universiteti ilə 
								Mançester Elm və Texnologiya İnstitutu rəsmən 
								birləşərək, Mançester Universiteti adı altında 
								fəaliyyət göstərir. Universitetin açılışında 
								Kraliça II Yelizaveta şəxsən iştirak edir. Bu 
								hadisə həmin ali təhsil ocağının böyük nüfuz 
								qazanmasına səbəb olub.  
								
								
								Universitet Britaniyada tədris edilən akademik 
								sahələrin sayına görə birincidir. Mançester 
								Universiteti yaranarkən qarşıya qoyulan məqsəd 
								onun aparılan tədqiqatların keyfiyyətinə və 
								icrasına görə 2015-ci ilədək dünyanın ən güclü 
								25 tədqiqat universitetləri sırasında dayanması 
								olub.   
								
								
								Büdcə xərcləri və təhsil haqqı  
								
								
								2009-cu ilin nəticələrinə əsasən, Mançester 
								Universitetinin illik gəliri 684 milyon 
								funt-sterlinqdən çox olub. Bu məbləğin çox 
								hissəsi dövlət tərəfindən ayrılan qrantlardan, 
								elmi-tədqiqat və təhsil haqlarından əldə olunur. 
								2008-ci ildə universitetin tədqiqatlar 
								nəticəsində gəlirinin məbləği 253 milyon 
								funt-sterlinq olub. Mançester Universiteti Böyük 
								Britaniyada yüksək dəyərə malik kapital yatırımı 
								proqramına başlayıb. Bu proqram çərçivəsində 
								universitet binalarının təmir və tikintisinə, 
								ictimai işlərə 400 milyon funt dəyərində vəsait 
								xərclənəcəyi nəzərdə tutulur. Proqramın ən böyük 
								xərc tələb edən layihələri bunlardır: Tələbə 
								xidmətləri və tibbi müayinə binası - 65 milyon 
								funt, Astronomiya, riyaziyyat, fizika və foton 
								elmi binası - 59 milyon funt, Mançester 
								Sahələrarası Biomərkəzi - 39 milyon funt və s.
								 
								
								
								125000 nümayəndənin iştirak etdiyi 1500-ə yaxın 
								tədbir və konfransdan universitet illik 5 milyon 
								funtdan çox gəlir əldə edir. 
								
								
								2009-2010-cu tədris ilində Mançester 
								Universitetində təhsil haqqı yerli tələbələr 
								üçün təxminən 3200 funt-sterlinq, əcnəbi 
								tələbələr üçün isə 10000-15000 funt-sterlinq 
								təşkil edib. 
								  
								
								
								Mançester Universitetində hər bir məktəbin 
								tələbələr üçün müxtəlif təqaüdləri mövcuddur. 
								Həmin təqaüdlərə namizəd olmaq məqsədilə 
								tələbələr qəbul ərizələrini göndərərkən 
								universiteti bu barədə məlumatlandırmalıdırlar. 
								Universitetdən əlavə, tələbələrin faydalanacağı 
								"Britaniya Şurası" və s. qurumların da təqaüd 
								proqramları var.   
								
								
								Qəbul qaydaları  
								
								
								Mançester Universitetində ərizələrin qəbulu 
								Universitetlərə və Kolleclərə Qəbul Xidməti 
								(Universities & Colleges Admissions Service - 
								UCAS) vasitəsilə İnternet əsasında həyata 
								keçirilir.  UCAS-da abituriyentlər özləri 
								haqqında müxtəlif məlumatların saxlandığı səhifə 
								açırlar. Lazımi sənədlər həmin sistemə yüklənir 
								və müvafiq proqram üçün müraciət edilir. 
								Müxtəlif proqramların fərqli tələb qaydaları 
								olsa da, universitetlərin əksəriyyətinin 
								tələbləri aşağıdakılara uyğun gəlir: 
								
								
								Niyyət məktubu - inşa şəkilində yazılan bu 
								məktubda abituriyent proqrama nə üçün qəbul 
								olunmaq istədiyini və bundan necə 
								faydalanacağını göstərir.  
								
								
								Tövsiyə məktubları - akademik və ya iş 
								fəaliyyətini əks etdirən, müvafiq şəxslər 
								tərəfindən yazılmış məktublardır.  
								
								
								Abituriyentin ingilis dilini bilməsini təsdiq 
								edən sənədlərə- onların ingilis dilinə nə 
								dərəcədə yiyələndiklərini təsdiq edən İELTS və 
								ya TOEFL imtahanlarının nəticələri aid edilir. 
								
								
								Əlavə sənədlər - buraya akademik və iş 
								fəaliyyətini təsdiq edən, müxtəlif təcrübələr 
								haqqında sənədlər daxildir.  
								
								
								Universitet bu gün  
								
								
								Mançester Universiteti dünyanın digər 
								universitetləri kimi geniş kampusa malik deyil. 
								Buna səbəb universitetin özünün xüsusi 
								ərazisinin olmamasıdır. Universitetin nəzdində 
								1,21 km2 sahəni əhatə edən 341 bina var. Həmin 
								binalar Mançester şəhərinin cənub bölgəsində 
								bir-birinə yaxın yerləşib. Mançester 
								Universitetinin kampusu iki hissədən ibarətdir: 
								Sekvil Stritdə (Sackville Street) və Oksford 
								Roudda (Oxford Road) mərkəzləşmiş Şimal və Cənub 
								kampuslar. Universitetə aid bəzi tikililər 
								şəhərdən kənarda yerləşir. Məsələn, Codrel 
								Radioastroloji Rəsədxanası (Jodrell Bank 
								Observatory) və Van Sentral Park (One Central 
								Park) binası Çeşir qraflığına yaxın yerdədir.
								
								  
								
								
								Mançester Universitetinin nəzdində 22 akademik 
								məktəb və dünya əhəmiyyətli çoxsaylı sahələrin 
								tədrisi və tədqiqatı ilə məşğul olan yüzlərlə 
								tədqiqat institutları vardır. Burada dörd 
								fakültə mövcuddur: Tibb və ictimai elmlər, 
								Mühəndislik və fizika, Humanitar elmlər və Həyat 
								elmləri. 
								
								
								Tibb və ictimai elmlər fakültəsinə Tibb, 
								Stomatologiya, Tibb bacısı, mamalıq və ictimai 
								iş, Əczaçılıq və formakologiya, Fizioilogiya 
								elmləri məktəbləri daxildir. 
								
								
								Mühəndislik və fizika fakültəsinə Kimya 
								mühəndisliyi və analitik elmlər, Kimya, Kompüter 
								elmləri, Yer, atmosfer və ətraf mühit haqqında 
								elmlər, Elektrik və elektronika mühəndisliyi, 
								Materiallar, Mexanika, aerokosmos və mülki 
								mühəndislik, Fizika və astronomiya məktəbləri 
								daxildir. 
								
								
								Humanitar elmlər fakültəsinə İncəsənət, tarix və 
								mədəniyyət, Pedaqoqika, Ətraf mühit və inkişaf, 
								Linqvistika və kulturologiya, Hüquq, Biznes, 
								Sosiologiya, Əlaqələndirilmiş elmlər mərkəzi 
								məktəbləri aiddir.  
								
								
								Həyat elmləri fakültəsi eyniadlı bir məktəbdən 
								ibarətdir. 
								
								
								Universitetdə 200-ə yaxın müxtəlif adda 
								proqramlar tədris olunur. Yayda isə 800 nəfərlik 
								xüsusi məktəblər fəaliyyət göstərir. 
								
								
								Mançester Universitetinin nəzdində Aerokosmik 
								Tədqiqatlar, Biotibbi Vizualizasiya, Bruks 
								Yoxsulluqla Mübarizə, Dalton Nüvə Tədqiqatları, 
								Sağlamlıq Haqqında Elmlər, Etika və İnnovasiya 
								Elmləri, Neyroelmlər və s. institutlar  
								mövcuddur.  
								
								
								Universitetin Cənub kampusunda yerləşən Con 
								Raylend kitabxanası Böyük Britaniyanın ən böyük 
								elektron kolleksiyalı, Oksford və Kembricdən 
								sonra ölkənin üçüncü ən böyük akademik 
								kitabxanasıdır. Əsası 1851-ci ildə qoyulmuş on 
								iki binadan ibarət kitabxanada 4 milyondan çox 
								kitab və əlyazma, 40000-dən çox jurnal və 500000 
								elektron kitab var. Kitabxananın viktorian qotik 
								üslubda tikilmiş ən qədim hissəsi Mançester 
								şəhərinin mərkəzində yerləşir. Bu bina mesenat 
								İohann Raylendin həyat yoldaşı Avqustina Raylend 
								tərəfindən tikilib. Burada qədim kitab və 
								əlyazmalar, eləcə də "Əhti-Ətiq"in ("Bibliya"nın 
								xristianlıqdan əvvəlki qədim hissəsi) ən qədim 
								nümunəsi saxlanılır (İohann fraqmenti). 
								  
								
								
								Mançester Universitetinə aid Mançester Muzeyi 
								Böyük Britaniyanın ən böyük muzeylərindən 
								biridir. 1821-ci ildə yaranmış muzey dünyanın 
								hər tərəfindən gətirilmiş 4 milyondan çox 
								eksponata sahiblik edir. Kolleksiya ilk öncə 
								Mançester Təbiət Elmləri Cəmiyyəti tərəfindən 
								toplanıb, sonra Mançester Coğrafiya Cəmiyyətinin 
								eksponatları ilə zənginləşdirilib. 2004-cü ilin 
								noyabrında muzey daşlaşmış tironozavr 
								qalıqlarını əldə edib. Hər il 30000 məktəbli 
								Mançester Muzeyində maarifləndirici tədbirlərdə 
								iştirak edir.  
								
								
								Mançester Universitetinin nəzdində universitetin 
								nəşriyyatı fəaliyyət göstərir. Nəşriyyat kitab, 
								jurnal, qəzet, monoqrafiya və s. dərc edir. 
								Oksford və Kembric universitetlərinin 
								nəşriyyatından sonra Mançester Universiteti 
								nəşriyyatı ölkədə üçüncü yerdədir. 
								
								
								Mançester Universitetində, ümumilikdə, 15500 
								nəfər işlə təmin olunub. Onların 5800 nəfərini 
								akademik heyət təşkil edir. Universitetin 
								kansleri cənab Tom Blokshem, vitse-prezidenti 
								professor Alan Gilbertdir.  
								
								
								Universitetdə cari ildə təhsil alan 35441 
								tələbənin 74 faizi bakalavr (26160 nəfər), 
								qalanı isə magistratura və doktorantura pilləsi 
								üzrə oxuyurlar. 2008-ci ildə bakalavr pilləsində 
								təhsil almaq üçün 53300 nəfər universitetə ərizə 
								ilə müraciət edib. Bu göstəriciyə görə, 
								Mançester Universiteti Böyük Britaniyada 
								birincidir. Universitetin 180 ölkədən olan 
								əcnəbi tələbələrinin sayı 6305 nəfərdir. 
								 
								
								
								Universitetin tələbə və məzunlarının işlə təmin 
								olunması üçün Karyera Xidməti mövcuddur. AGR/Barkers 
								Media Audit şirkətinin 2002-2007-ci illərdəki 
								araşdırmasına əsasən, bu təşkilat Böyük 
								Britaniyanın ən yaxşı işədüzəltmə xidmətidir. 
								Mançester Universiteti məzunlarının işədüzəlmə 
								göstəricisi də yüksəkdir, onların 94 %-i işlə 
								təmin olunur. 
								  
								
								
								Mançester Universitetində qiymət baxımından 
								bir-birindən çox fərqlənməyən, müxtəlif 
								səviyyəli otaqları olan universitet və özəl 
								yataqxanalar vardır. Universitet 
								yataqxanalarının böyük hissəsi Felloufild (Fallowfield) 
								kampusunda yerləşir. Universitet 
								yataqxanalarında 9200 nəfər otaqla təmin olunur. 
								Yataqxanada yaşamaq üçün müraciət tədris ili 
								başlamazdan öncə universitetin saytındakı 
								müvafiq səhifədə hesab açaraq, ərizə göndərməklə 
								həyata keçirilir. Ödəniş ildə 2 dəfə aparılır. 
								Universitetə yaxın ərazidəki evlərdə otaqların 
								kirayə qiymətləri baha olmadığından tələbələrin 
								çoxu bu seçimə üstünlük verir.  
								
								
								Mançester Universitetində bir neçə azərbaycanlı 
								tələbə təhsil alır. 2009-2010-cu tədris ilində 
								"2007-2015-ci illərdə Azərbaycan gənclərinin 
								xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" 
								çərçivəsində Səməd Kərəm oğlu Səfərov 
								magistratura pilləsi üzrə Beynəlxalq Biznes və 
								İdarəetmə proqramında oxuyur. Emin Əhmədov isə 
								Neft Mühəndisliyi proqramının hazırlıq 
								pilləsində təhsil alır.  
								
								
								Mançester Universiteti dünyanın bir çox 
								universitetləri ilə sıx əməkdaşlıq edir və 
								tələbələr qarşılıqlı əlaqələrin nəticəsində 
								müxtəlif mübadilə proqramlarında iştirak etmək 
								hüququna malikdirlər.   
								
								
								Universitetin məşhur alim və məzunları  
								
								
								Mançester Universitetində 23 Nobel mükafatçısı 
								çalışaraq tədqiqat aparıb. Mançester 
								Universitetinin tanınmış şəxslərindən atom 
								nəzəriyyəsinin banisi Con Daltonu, atomun nüvə 
								təbiətini kəşf etmiş Ernest Rezerfordu, fiziklər 
								Osborn Reynoldsu, Nils Boru, Artur Şusteri, 
								Ernest Marsdeni, Balfur Styuartı, 
								riyaziyyatçılar Pol Erdeş Horatsiy Lembi, süni 
								intellektin yaradıcılarından Alan Tyurinqi, 
								məşhur filosoflar Samuel Aleksanderi, Lüdviq 
								Vithenşteyni, radioastronomiyanın yaradıcısı 
								Bernard Lovelli, iqtisadçı Riçard Nelsonu və s. 
								qeyd etmək olar.       
								
								
								Mançester Universitetinin məşhur məzunları 
								
									
										|   | 
										
										
										Corc Riçards  | 
										
										
										Trinidad və Tobaqonun prezidenti | 
										  | 
									 
									
										|   | 
										
										
										Veytsman Xaim  | 
										
										
										İsrailin ilk prezidenti | 
										  | 
									 
									
										|   | 
										
										
										Teo Hin | 
										
										
										Sinqapurun Baş naziri | 
										  | 
									 
									
										|   | 
										
										
										Səid Musa | 
										
										
										Belizin sabiq Baş naziri | 
										  | 
									 
									
										|   | 
										
										
										Camaluddin Carcis | 
										
										
										Malayziyanın sabiq elm, texnologiya və  innovasiya 
										naziri | 
										  | 
									 
									
										|   | 
										
										
										Marqarit Beket  | 
										
										
										Böyük Britaniyanın keçmiş ticarət və 
										sənaye naziri | 
										  | 
									 
									
										|   | 
										
										
										Xans Bete | 
										
										
										fizika üzrə Nobel mükafatçısı | 
										  | 
									 
									
										|   | 
										
										
										Ernest Rezerford | 
										
										
										kimya üzrə Nobel mükafatçısı | 
										  | 
									 
									
										|   | 
										
										
										Uolter Houors  | 
										
										
										kimya üzrə Nobel mükafatçısı | 
										  | 
									 
									
										|   | 
										
										
										Con Polanyi | 
										
										
										kimya üzrə Nobel mükafatçısı  | 
										  | 
									 
									
										|   | 
										
										
										Con Salston  | 
										
										
										tibb və fiziologiya üzrə Nobel 
										mükafatçısı | 
										  | 
									 
									
										|   | 
										
										
										Arçibald Hill  | 
										
										
										tibb və fiziologiya üzrə Nobel 
										mükafatçısı | 
										  | 
									 
									
										|   | 
										
										
										Jozef Stiqlitz | 
										
										
										iqtisadiyyat üzrə Nobel mükafatçısı | 
										  | 
									 
									
										|   | 
										
										
										Artur Luis | 
										
										
										iqtisadiyyat üzrə Nobel mükafatçısı | 
										  | 
									 
									
										|   | 
										
										
										Robert Bolt | 
										
										
										ssenarist və iki Oskar mükafatçısı | 
										  | 
									 
									 
								
								
								
								Hazırladı: 
								Lamiyə ƏLİYEVA  |