| 
								 
								
								Xəbər verildiyi kimi, Təhsil Problemləri 
								İnstitutunda ayda bir dəfə ölkənin təhsil 
								sistemində aparılan islahatlara, xüsusən də 
								institutun Kurikulum Mərkəzində fənn 
								kurikulumlarının hazırlanması və tətbiqi ilə 
								bağlı görülən işlərə həsr olunmuş respublika 
								seminarı keçirilir.  
								
								
								Fevralın 24-də həmin silsilədən təşkil edilən 
								növbəti məşğələdə "Təlim prosesi: ənənəvi və 
								müasir yanaşmalar" mövzusu müzakirə olundu. 
								keçirilən seminarda Təhsil Problemləri 
								İnstitutunun rəhbərliyi və əməkdaşları, 
								kurikulum və qiymətləndirmə üzrə mütəxəssislər, 
								paytaxtın və bölgələrin ümumtəhsil məktəblərində 
								fəaliyyət göstərən ibtidai sinif müəllimləri 
								iştirak edirdilər.  
								
								
								Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kənd 
								rayonları üzrə ümumi təhsil şöbəsinin müdiri, 
								kurikulum islahatı üzrə alt-komponent 
								koordinatoru Aydın Əhmədov tədbir 
								iştirakçılarına müzakirə olunacaq məsələ ilə 
								bağlı məlumat verdi. Sonra "Təlim prosesi: 
								ənənəvi və müasir yanaşmalar" mövzusunda 
								təqdimatla çıxış etmək üçün söz pedaqoji elmlər 
								doktoru, professor Akif Abbasova verildi. 
								Məruzə-təqdimatda öncə ölkədə həyata keçirilən 
								təhsil islahatları və pedaqoji prosesin yenidən 
								qurulmasından, bu islahatları, zərurətə çevirən 
								başlıca səbəblərdən bəhs olundu. 
								
								
								Pedaqoji prosesin təşkili prinsiplərindən (Milli 
								Kurikulumda) söz açan natiq söylədi ki, bu 
								mənada təhsil, təlim, tərbiyə, inkişaf və 
								formalaşma proseslərinin məcmusu anlaşılır. Hər 
								bir dərs təşkilati, məntiqi və psixoloji 
								cəhətdən tam olmalıdır.  
								
								
								Daha sonra məruzədə əsas pedaqoji anlayış olan 
								təlimin mahiyyəti və məzmunundan danışıldı, 
								təlim prosesinin təşkili haqqında fikirlər 
								tədbir iştirakçılarının diqqətinə çatdırıldı. 
								
								
								Qeyd olundu ki, təlimin məzmunu dedikdə, 
								şagirdlərin ayrı-ayrı dərslərdə yiyələnməli 
								olduğu bilik, bacarıq və vərdişlərin həcmi və 
								xarakteri nəzərdə tutulur. Təhsilin məzmunu 
								təlim prosesinin komponentlərindəndir. Məktəbdə 
								və digər təlim-tərbiyə müəssisələrində təhsilin 
								məzmunu kurikulumlar, təhsil standartları, 
								dövlət tədris planları, öyrənilən fənlər üzrə 
								tədris proqramları və dərsliklərlə müəyyən 
								olunur. Son zamanlar ənənəvi və müasir təlim 
								anlayışlarının müzakirə obyektinə çevrildiyini 
								vurğulayan məruzəçi bildirdi ki, bu yalnız son 
								dövrlərin problemi deyil. XX əsrin müxtəlif 
								dövrlərində də, gələcəkdə də müasir dərs, 
								təlimin prinsip və metodlarına müraciət etmək 
								mühüm tələb olub və olacaq. Bu problem bütün 
								dövrlərdə ortaya atılıb. 
								
								
								Sonra A.Abbasov hər iki təlimin müqayisəli 
								təhlilini apardı, fəal təlimin xüsusiyyətləri, 
								metodları haqqında ətraflı məlumat verdi, 
								ənənəvi və fəal dərslərin quruluşunu, standart 
								və qeyri-standart dərslərin əsas 
								xüsusiyyətlərini diqqətə çatdırdı. 
								
								
								Təqdimat-məruzə başa çatdıqdan sonra Aydın 
								Əhmədov seminar iştirakçılarını mövzu ətrafında 
								geniş müzakirəyə dəvət etdi. 
								
								
								Bakıdakı 115 nömrəli məktəbin müəllimi Xuraman 
								Əmircanova, 5 nömrəli məktəbin müəllimləri 
								Sevinc Rzayeva, Almaz Bayramova, 164 nömrəli 
								məktəbin müəllimləri Turan Hüseynova, Arzu 
								Quluzadə, 58 nömrəli məktəbin direktoru Ulduzxan 
								Abdullayev, 28 nömrəli məktəbin müəllimi Tünzalə 
								Rzayeva, Təhsil Problemləri İnstitutunun 
								əməkdaşı, psixologiya elmləri namizədi Limunəd 
								Əmrahlı və başqaları müzakirə olunan mövzu ilə 
								bağlı rəy və mülahizələrini söylədilər, bir sıra 
								təkliflərini səsləndirdilər. 
								
								
								Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov, 
								Dərslikləri Qiymətləndirmə Şurasının sədri 
								Elmina Kazımzadə, Kurikulum Mərkəzinin direktoru 
								Ənvər Abbasov, pedaqoji elmlər doktoru, 
								professor Yəhya Kərimov və Təhsil Problemləri 
								İnstitutunun direktoru Abdulla Mehrabov tədbir 
								iştirakçılarının müxtəlif məsələlərlə bağlı 
								suallarını cavablandırdılar və səslənən 
								təkliflərə münasibətlərini bildirdilər. 
								
								
								
								Hicran ƏKBƏROVA  |