| 
								 
								
								Həmsöhbətim Xocalı sakini, 33 yaşlı Musayev 
								Ramil Səlim oğludur. Onunla Xocalı soyqırımının 
								on səkkizinci ildönümü ərəfəsində görüşdüm. 
								Qəlbində yurd həsrəti, Xocalı yanğısı olan Ramil 
								özünün və bu şəhərin sakinlərinin ermənilər 
								tərəfindən başlarına gətirilən müsibətlərdən, 
								vəhşiliklərdən söhbət açdı:  
								
								
								- Həmin gün axşam saat 9-da atışma yenidən 
								şiddətləndi. Həmişəki kimi yenə də atamın 
								həyətimizdə düzəltdiyi tunelə doluşduq. 
								Qonşularımız Zinyət xala, Hüseyn dayı, Qaraş 
								dayıgilin ailəsi də tuneldə idi. Gecə saat 12-yə 
								kimi tuneldə qaldıq. Atəş səsi kəsilmirdi. Bu 
								zaman polis işləyən dayım Tahir qaça-qaça gəldi 
								ki, ermənilər şəhəri hər tərəfdən mühasirəyə 
								alıb. Artıq Xocalının kənarında yaşayan Məhsəti 
								türklərinin yaşadığı evləri ailələrlə birlikdə 
								yandırdılar. Yanan uşaqların, qocaların ah-naləsi 
								bütün şəhəri bürüyüb. Tuneldə qorunmaq artıq 
								mənasızdır. Vaxt itirmədən tuneldən çıxdıq. 
								Zinyət xala ilə Hüseyn dayı yaşlı olduqlarından 
								orada qaldılar. Mən, atam Səlim, qardaşım Teymur, 
								bizdə qalan əmim oğlu Emin, ata nənəm Məhluqə 
								birlikdə Qarqar çayına doğru qaçdıq. Buz kimi 
								suyu olan çayı keçdik. Paltarlarımız tamam 
								islandı. Hamımız soyuqdan əsirdik. Nəhayət, 
								Kətik meşəsinə girdik. Oradakı hündür dağa 
								dırmandıq. Dağın başına çatar-çatmaz ermənilər 
								təpədən avtomat və pulemyotlardan bizi atəşə 
								tutdular. İnsanlar ölümün pəncəsindən qurtulmaq 
								üçün üzüaşağı qaçmağa başladılar. Bu sıldırım 
								dağın yamacında ermənilərin atdığı güllə 
								ayağımdan dəydi. Əvvəlcə nə ağrı, nə də axan 
								qanı hiss etmirdim. Güllələrdən özümü qorumaq 
								üçün meyitlərin arasında gizləndim. 
								
								
								- Onda sənin neçə yaşın var idi, bəs meyitdən 
								qorxmadın? 
								
								
								- Onda mənim 13 yaşım var idi. 7-ci sinifdə 
								oxuyurdum. Meyitdən də qorxmurdum. 
								
								
								- Hə, bəs sonra nə oldu? 
								
								
								- Sonra sağ qalanlar dərənin dibinə 
								yuvarlandılar. Araya ani sükut çökdü. Atam 3 
								yerdə tonqal qaladı. Bir qədər qızındıq. Sonra 
								yola düzəldik. Duman idi. Hara getdiyimizi 
								bilmirdik. Yolda qarşımıza çıxan bir kişi 
								bildirdi ki, siz Ağdama yox, Xankəndinə doğru 
								gedirsiniz. Geri qayıdası olduq. Hamı taqətdən 
								düşmüşdü. Bir qədər nəfəsimizi dərmək üçün qarın 
								üzərində əyləşdik. Səhərə yaxın yola düşdük. 
								Qarşıda bir dağ var idi. O dağı aşıb bütün günü 
								yol getdik. 70-ə yaxın yaşı olan nənəm taqətdən 
								düşmüşdü, yeriyə bilmirdi. Atam isə anasını 
								zorla aparırdı. Mənim isə ayaqlarımı don 
								vurmuşdu. Qarın, şaxtanın təsirindən əllərimiz 
								də, bütün bədənimiz də sözümüzə baxmırdı. Əzablı 
								yollar isə hamımızı üzmüşdü. Nəhayət, bir kəndə 
								çatdıq. Kənd adamları bizi Azərbaycan dilində 
								çağırdılar. Erməniləri də söyüb təhqir etdilər. 
								Çox sevindik, düşündük ki, artıq canımız 
								ermənilərin əlindən qurtarıb. Sevincimiz çox 
								çəkmədi. Bizi atəşə tutdular. Mənimlə yanaşı 
								dayanmış Telman Aslanov yanımdaca öldü. Zəhra 
								xalanın da ölümü gözlərim önündən getmir. Erməni 
								gülləsi onun ağzından dəymişdi. Sən demə bu, 
								ermənilər yaşayan Dəhraz kəndi imiş. Bizi elə 
								burada əsir götürdülər. Hamımızı qarın üstünə 
								uzadıb başımızın üstündə atəş açmağa başladılar. 
								Sonra hamımızı sıraya düzüb bir ferma tövləsinə 
								gətirdilər. 60-70 nəfərə yaxın adam olardıq.
								 
								
								
								Ramil ani fikrə daldı... gözləri dolmuşdu... 
								handan-hana nə isə yadına düşmüş kimi yenidən 
								söhbətə başladı: 
								
								
								- Bir hadisə də heç yadımdan çıxmır, biz meşədə 
								olanda bir məhsəti qadının qucağında körpə bir 
								uşaq vardı. Uşaq aclıqdan, susuzluqdan, soyuqdan 
								hey ağlayırdı. Gözlərimin önündə uşaq səs 
								salmasın deyə ana öz övladını sakitləşdirmək 
								istədi. Bir xeyli keçəndən sonra səs gəlmədiyini 
								görən ana körpəsini bağrına basdı. Körpə ölmüşdü. 
								Bu ara ermənilər ananı da vurdular. 
								
								
								Ermənilər 12-13 nəfər əynində Milli Ordu 
								paltarında olan kişiləri güllələdilər. Onların 
								arasında X sinifdə oxuyan Xaqani adında bir 
								oğlan da var idi. Sonra əlində tank əleyhinə 
								qumbara tutmuş Telmanı da güllələdilər. Növbə 
								mənə çatdı. Ayaqlarımı soyundurdular. Özüm də 
								güllə dəymiş sağ ayağımı, don vurmuş, qaralmış 
								barmaqlarımı görəndə dəhşətə gəldim... 
								
								
								(O, iki əli ilə gözlərini tutdu... mən də 
								qəhərdən üzümü yana çevirdim. Araya ani sükut 
								çökdü...). 
								
								
								Hə, bu dözülməz vəziyyətə baxmayaraq bircə-bircə 
								ayaq dırnaqlarımı kəlbətinlə çəkib-çıxartdılar. 
								Bağırtım göylərə bülənd olmuşdu...  
								
								
								- Bəs bu vəhşilərin əlindən necə xilas oldunuz? 
								
								
								- Bir neçə gündən sonra bizi fermadan çölə 
								çıxartdılar. Qadınları, uşaqları bir, kişiləri 
								isə başqa bir sıraya düzdülər. Atam bizdən ayrı 
								düşdü. Nənəm, qardaşım Teymurla məni öyrətdi ki, 
								atanızın ayaqlarını qucaqlayıb onu buraxmayın. 
								Ermənilərə deyin ki, anamız meşədə ölüb, heç 
								olmasa atamızı buraxın. Elə də etdik. Bundan 
								sonra atamı bizə tərəf itələdilər. Bizi sıraya 
								düzüb Ağdamın Abdalgülablı kəndinə tərəf 
								apardılar. Yolboyu ölüb-qalmış insanları görəndə 
								bağrım qana dönürdü. Öldürülmüş ana əlini bir 
								qədər aralıda donub qalmış övladına doğru 
								uzatmışdı. Ana əllərini körpəsinin əlinə dəyənə 
								qədər ona doğru sürünmüşdü... Eləcə də ölmüşdü... 
								
								
								Nə isə, bizi Abdalgülablı kəndinə qədər müşayiət 
								edən erməni yaraqlıları geri döndülər. İnanmadıq. 
								Elə bildik ki, arxadan bizi güllələyəcəklər. 
								Amma atəş açılmadı. Gəldik Abdalgülablıya, 
								oradan da Ağdama. Ayaqlarım tutulmuşdu. Bizi 
								Bakıya gətirdilər. Düz 3-4 ay yeriyə bilmədim. 
								Xəstəxanada əvvəl ayağımı kəsmək istədilər. 
								Sonra bu fikirlərindən daşındılar. Mən dizlərim 
								üstə gəzirdim. Uzun müddət müalicə aldım.  
								Təhsilimi də unutmadım. Bakıdakı 28 nömrəli 
								məktəbin XI sinfini bitirdim. O müdhiş günlərdən 
								18 il ötsə də, indi də Xocalı sakinlərinin 
								ermənilər tərəfindən soyqırımına məruz 
								qalmalarını unutmamışam. Ömrümün sonuna kimi də 
								unutmayacağam! 
								
								
								O gün Ramildən sağollaşıb ayrılsam da, onun 
								Xocalı dəhşətləri, erməni vəhşilikləri barədə 
								danışdığı epizodlar hələ də bir kino lenti kimi 
								gözlərim önündə canlanır. Bir şeyə inanıram ki, 
								bu qan yerdə qalmayacaq! Siz doğma Xocalınıza 
								qaydacaqsınız! Onu yenidən bərpa edəcəksiniz! O 
								günlər uzaqda deyil, Ramil!  
								
								
								
								Ədalət DAŞDƏMİRLİ  |