| 
								 
								
								Bülbül adına Bakı orta ixtisas musiqi 
								məktəbində muğam ustadları Əlibaba Məmmədovun 
								80, Ağaxan Abdullayevin isə 60 illik yubileyləri 
								münasibətilə tədbir keçirilmişdir.  
								
								
								Tədbiri giriş sözü ilə məktəbin direktoru Nigar 
								Əsgərova açaraq qonaqları salamladıqdan sonra 
								sözü Azərbaycan Milli Elmlər Akademiyasının 
								akademiki Vasim Məmmədəliyevə verdi. Akademik 
								yubilyar sənətkarların yaradıcılıq 
								məziyyətlərindən danışaraq qeyd etdi ki, onların 
								hər birinin Azərbaycanın muğam sənətinin 
								inkişafında, xalq musiqisinin zənginləşməsində, 
								muğam sənətinin tədrisində zəhmətləri çox 
								böyükdür. Məhz elə buna görə də Azərbaycan 
								Respublikasının Prezidenti İlham Əliyev xalq 
								artistləri Əlibaba Məmmədovu "İstiqlal" ordeni, 
								Ağaxan Abdullayevi isə "Şöhrət" ordeni ilə 
								təltif etmişdir. Bu, musiqi sənətinə, Azərbaycan 
								ifaçılığına verilən mükafatdır. İndi 
								muğamlarımız artıq beynəlxalq status qazanıb. Bu 
								işdə Azərbaycan muğamını dünyada tanıdan Heydər 
								Əliyev Fondunun prezidenti Mehriban xanım 
								Əliyevanın zəhməti çox böyükdür. Məhz onun 
								təşəbbüsü ilə Bakıda "Muğam evi" inşa olunmuş, 
								muğamlarımız YUNESKO-nun qeyri-maddi mədəni irsi 
								kimi qəbul olunmuşdur.  
								
								
								Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov 
								qonaqları salamlayaraq bu tədbirdə iştirak 
								etməkdən məmnunluğunu bildirdi. Daha sonra nazir 
								qeyd etdi ki, yubileylərini qeyd etdiyimiz 
								Əlibaba Məmmədov və Ağaxan Abdullayev bizim 
								təhsil müəssisələrinin müəllimləridir və onların 
								yaxşı işləri xalq tərəfindən həmişə yüksək 
								qiymətləndirilir. 
								
								
								Əlibaba Məmmədovu Azərbaycanda, Şərqdə və 
								müsəlman aləmində hamı tanıyır, sevir. Əlibaba 
								müəllim sənətini dərindən bilən, onun fövqündə 
								duran bir insandır. Gözəl xanəndə olduğu kimi, 
								gözəl də müəllimdir. Sənətinin mahir bilicisidir, 
								aydın diksiyaya malikdir. Bütün bu xüsusiyyətlər 
								onun xalq tərəfindən sevilməsinə səbəb olmuşdur. 
								
								
								Daha sonra 30 ildən çox Əlibaba Məmmədovu 
								tanıdığını bildirən nazir qeyd etdi ki, görkəmli 
								sənətkarla bu gün də sıx əlaqə saxlayır, onu 
								fəaliyyətini daim izləyir və sənəti ilə fəxr 
								edir.  
								
								
								Nazir bu iki böyük sənətkara   dövlət başçısı 
								İlham Əliyev tərəfindan mükafatlar verilməsini 
								bütövlükdə Azərbaycan musiqisinə verilən qiymət 
								kimi dəyərləndirdi. 
								
								
								Çıxışının sonunda nazir hər iki yubilyarı 
								ürəkdən təbrik edərək onlara hədiyyələr təqdim 
								etdi.  
								
								
								Tədbirdə bəstəkar Azər Rzayev, xalq artisti Arif 
								Babayev, əməkdar incəsənət xadimi Arif Qazıyev, 
								Azərbaycan Milli Konservatoriyası nəzdində 
								Musiqi Kollecinin direktoru, professor  Nazim 
								Kazımov, millət vəkili Ziyad Səmədzadə, Xəzər 
								Universitetinin rektoru, professor Hamlet 
								İsaxanlı, BDU-nun müəllimi Əsmətxanım Məmmədova 
								və başqaları çıxış edərək yubilyarlar haqqında 
								ürək sözlərini söylədilər. 
								
								
								Gənc muğam ustalarının ifa etdikləri muğamlar 
								məclisi daha da rövnəqləndirdi.  
								
								
								
								Malik NOVRUZOV  |