| 
								 
								
								
								I. Ümumi müddəalar  
								
								
								1. Bu Əsasnamə "Tələbə-məzun" dövlət elektron 
								məlumat sisteminin (bundan sonra - Sistem) 
								yaradılması, zənginləşdirilməsi və ondan 
								istifadə qaydalarını müəyyən edir. Sistemə ali 
								və orta ixtisas təhsili müəssisələrinin 
								tələbələri və məzunları, həmçinin ali təhsil 
								müəssisələrinin magistrantları haqqında 
								məlumatlar daxil edilir.  
								
								
								2. Sistemin yaradılması, zənginləşdirilməsi və 
								ondan səmərəli istifadə olunmasının təmin 
								edilməsi məqsədilə proqram təminatının 
								yaradılması və mərkəzi serverin texniki 
								təchizatı Azərbaycan Respublikasının Tələbə 
								Qəbulu üzrə Dövlət Komissiyası (bundan sonra - 
								Sistem administratoru) tərəfindən aidiyyəti 
								qurumlarla əlaqəli həyata keçirilir. Sistemdə 
								yalnız lisenziyalı proqram-texniki və 
								sertifikatlaşdırılmış mühafizə vasitələrindən 
								istifadə edilir.  
								
								
								3. Sistemi tələbə-məzun elektron məlumat bazası 
								və bu bazaya məlumatların daxil edilməsini, 
								dəyişdirilməsini, mühafizə edilməsini, 
								axtarışların aparılmasını və digər 
								əməliyyatların həyata keçirilməsini təmin edən 
								texniki-proqram kompleksi təşkil edir. 
								 
								
								
								4. Sistemin istifadəçiləri ali və orta ixtisas 
								təhsili müəssisələri, həmçinin bu Əsasnamənin 
								6-cı bəndində nəzərdə tutulan dövlət 
								orqanlarıdır.  
								
								
								5. Sistemə Azərbaycan Respublikasında fəaliyyət 
								göstərən bütün ali və orta ixtisas təhsili 
								müəssisələrinin qoşulması məcburidir. 
								 
								
								
								6. Sistemə aşağıdakı dövlət orqanları bu 
								Əsasnamə ilə müəyyən edilmiş qaydada qoşula 
								bilərlər:   
								
								
								6.1.         Azərbaycan Respublikası 
								Prezidentinin Administrasiyası;  
								
								
								6.2.         Azərbaycan Respublikası Milli 
								Məclisinin Aparatı;  
								
								
								6.3.         Azərbaycan Respublikasının Nazirlər 
								Kabineti;  
								
								
								6.4.         Azərbaycan Respublikasının Müdafiə 
								Nazirliyi;  
								
								
								6.5.         Azərbaycan Respublikasının Milli 
								Təhlükəsizlik Nazirliyi;  
								
								
								6.6.         Azərbaycan Respublikasının Daxili 
								İşlər Nazirliyi;  
								
								
								6.7.         Azərbaycan Respublikasının Ədliyyə 
								Nazirliyi;  
								
								
								6.8.         Azərbaycan Respublikasının Təhsil 
								Nazirliyi;  
								
								
								6.9.         Azərbaycan Respublikasının Maliyyə 
								Nazirliyi;  
								
								
								6.10.      Azərbaycan Respublikasının İqtisadi 
								İnkişaf Nazirliyi;  
								
								
								6.11.      Azərbaycan Respublikasının Dövlət 
								Statistika Komitəsi;  
								
								
								6.12.      Azərbaycan Respublikasının Prezidenti 
								yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya. 
								  
								
								
								
								II. Sistemin strukturu  
								
								
								7. Sistemin strukturuna Sistem administratorunda 
								olan mərkəzi server və hər bir istifadəçinin bu 
								Sistemə qoşulmaq imkanına malik bir və ya bir 
								neçə işçi stansiya daxildir.  
								
								
								8. İstifadə olunacaq işçi stansiyaların texniki 
								təchizatı (avadanlıq və rabitə xidməti) 
								istifadəçilərin öz hesabına həyata keçirilir.
								 
								
								
								9. Sistemdə istifadə olunacaq texniki 
								vasitələrin siyahısı və bu texniki vasitələr 
								üzərinə qoyulmuş tələblər Sistem administratoru 
								və Azərbaycan Respublikasının Rabitə və 
								İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 
								müəyyən edilir.  
								
								
								10. Tələbə-məzun elektron məlumat bazası mərkəzi 
								serverdə yerləşir.  
								
								
								11. Məlumat bazasının informasiya təminatı 
								Sistem administratoru, həmçinin ali və orta 
								ixtisas təhsili müəssisələri tərəfindən həyata 
								keçirilir.   
								
								
								
								III. İstifadəçilərin Sistemə qoşulması  
								
								
								12. Sistemə qoşulmaq üçün müraciət ali və ya 
								orta ixtisas təhsili müəssisəsi, yaxud müvafiq 
								dövlət orqanı tərəfindən Sistem administratoruna 
								göndərilir. Müraciət etmiş qurumun sistemə 
								qoşulması, ondan istifadə etməsi və sistemin 
								təhlükəsizliyinin təmin edilməsinə dair texniki 
								və texnoloji imkanları Sistem administratoru 
								tərəfindən yoxlanılır. Yoxlama müsbət nəticə ilə 
								başa çatdıqda bir həftə ərzində mərkəzi serverə 
								qoşulmaq üçün işçi stansiyaların müraciətdəki 
								sayına müvafiq olaraq tələb olunan istifadəçi 
								adı, parolu və digər bağlantı parametrləri 
								Sistem administratoru tərəfindən müəyyən edilir 
								və müvafiq proqram təminatı işçi stansiyalara 
								quraşdırıldıqdan sonra müraciət edənin təyin 
								etdiyi məsul şəxsə təhvil verilir.   
								
								
								
								IV. Sistem administratoru  
								
								
								13. Sistem administratoru mərkəzi serverdə 
								yerləşən məlumat bazasının təhlükəsizliyinə 
								cavabdehlik daşıyır.  
								
								
								14. Sistem administratoru:   
								
								
								14.1.      sistemin fasiləsiz fəaliyyətini və 
								məlumat bazasına daxil edilən məlumatların 
								mühafizəsini təmin edir;  
								
								
								14.2.      işçi stansiyalarla bağlantıların 
								təmin edilməsinə nəzarət edir;  
								
								
								14.3.      işçi stansiyalarda sistemə qoşulmaq 
								üçün lazım olan proqram təminatının 
								yaradılmasını həyata keçirir;  
								
								
								14.4.      mərkəzi serverə qoşulmaq üçün müvafiq 
								bağlantı parametrlərini verir;  
								
								
								14.5.      keçirilən imtahanlar nəticəsində ali 
								və orta ixtisas təhsili müəssisələrinə qəbul 
								olan şəxslər haqqında məlumatları mərkəzi 
								serverə daxil edir;  
								
								
								14.6.      məlumatların işçi stansiyalardan 
								ötürülməsinə nəzarət edir;  
								
								
								14.7.      bütün işçi stansiyalarda çalışacaq 
								operatorların proqram təminatından effektiv 
								istifadə olunması üçün treninq həyata keçirir;
								 
								
								
								14.8.      müvafiq statistik məlumatlar 
								hazırlayır;  
								
								
								14.9.      aşağıdakı hallarda işçi stansiyanın 
								fəaliyyətinin məhdudlaşdırılmasına dair qərar 
								qəbul edir və onu icra edir:  
								
								
								14.9.1.   serverə virus hücumları olduqda;
								 
								
								
								14.9.2.   texniki problemlərin aradan 
								qaldırılması zamanı;  
								
								
								14.9.3.   serverə səhv məlumatlar göndərildikdə. 
								  
								
								
								
								V. Sistemin istifadəçiləri  
								
								
								15. Təhsil müəssisəsi olan istifadəçilər:   
								
								
								15.1.      informasiyanın mühafizəsi və 
								doğruluğunu təmin etmək üçün məsul şəxsi və 
								məlumat axtarışını icra edən və yeni məlumatları 
								mərkəzi serverə daxil edən operatoru (operatorları) 
								təyin edir;  
								
								
								15.2.      mərkəzi serverə tələbələri və 
								magistrantları haqqında aşağıdakı məlumatları 
								daxil edir:  
								
								
								15.2.1.   soyad, ad və ata adında ola biləcək 
								dəyişikliklər;  
								
								
								15.2.2.   akademik müvəffəqiyyət haqqında 
								məlumat;  
								
								
								15.2.3.   ixtisas dəyişmələri;  
								
								
								15.2.4.   təhsildə fasilələr;  
								
								
								15.2.5.   tələbələr sırasından xaric edilmələr;
								 
								
								
								15.2.6.   bərpalar;  
								
								
								15.2.7.   təkrar ali təhsil və ya orta ixtisas 
								təhsili alan şəxslər haqqında məlumatlar; 
								 
								
								
								15.2.8.   bir təhsil müəssisəsindən digərinə 
								köçürmələr, o cümlədən təhsil müəssisəsinə 
								xarici ölkədən köçürülmüş tələbələr haqqında 
								məlumatlar;  
								
								
								15.2.9.   təhsil müəssisəsinə qəbul edilmiş 
								əcnəbilər haqqında məlumatlar;  
								
								
								15.2.10. diplom əmrləri və diplom haqqında 
								məlumatlar.   
								
								
								16. Məsul şəxs Sistem administratoru ilə 
								birlikdə Sistemin fasiləsiz fəaliyyətini təmin 
								edir və məlumatların yenilənməsinə, düzgünlüyünə, 
								tamlığına və mühafizəsinə görə cavabdehlik 
								daşıyır. Məsul şəxs təhsil müəssisəsindəki yeni 
								məlumatların tam və vaxtında (10 gün ərzində) 
								məlumat bazasına daxil edilməsini təmin 
								etməlidir.  
								
								
								17. Təhsil müəssisəsi olan istifadəçilər mərkəzi 
								serverdən onlara verilmiş məlumata çıxış 
								statusuna uyğun olaraq öz işçi stansiyasında 
								çalışan operator vasitəsilə yalnız özlərinin 
								tələbələri, magistrantları və məzunları barədə 
								məlumatlara baxa və orada bu Əsasnamənin 15.2-ci 
								bəndinə əsasən müvafiq əlavələr və dəyişikliklər 
								edə bilərlər.  
								
								
								18. Dövlət orqanı olan istifadəçilər mərkəzi 
								serverdən onlara verilmiş məlumata çıxış 
								statusuna uyğun olaraq öz işçi stansiyasında 
								çalışan operator vasitəsilə yalnız müxtəlif növ 
								axtarışlar həyata keçirə bilər, tələbələr, 
								magistrantlar və məzunlar haqqında məlumatlara 
								baxa bilərlər. Dövlət orqanı olan istifadəçilərə 
								məlumat bazasına məlumat daxil etmək və orada 
								dəyişikliklər etmək hüququ verilmir.  
								
								
								19. Məsul şəxs və ya operator işdən çıxarıldığı 
								təqdirdə istifadəçi bu haqda Sistem 
								administratoruna dərhal məlumat verir, 
								administrator isə məlumatın mühafizəsini təmin 
								etmək məqsədilə birinci halda bütün, ikinci 
								halda isə yalnız operatorun çalışdığı işçi 
								stansiyadakı istifadəçi adını, parolu və digər 
								bağlantı parametrlərini dəyişdirir.  |