| 
								 
								
								Müasir dünyada yaxşı ali məktəb elmi 
								tədqiqatlara geniş yer verməklə, maddi-texniki 
								bazasını və kadr potensialını daim inkişaf 
								etdirməklə, keyfiyyətli təhsil verməklə tanınır. 
								Çağdaş dünyamızda ali məktəb də müasir, modern 
								olmalıdır, dünyanın inkişaf meyillərini nəzərə 
								almalı, əslində bu inkişafın hazırlanmasında 
								iştirak etməli, dünyada görünməlidir. Bir ali 
								məktəbin adı-sanı onun beynəlxalq aləmdə 
								tanınması, dünya universitetləri, şirkətləri, və 
								mediası tərəfindən bəyənilməsi ilə birbaşa 
								bağlıdır. Müasir tanınma elektron dünyada, 
								İnternetdə, çap olunmuş əsərlərin dünyaya 
								yayılmasında özünü göstərir. Kölgə adamın boyu 
								ilə mütənasib olduğu kimi, ali məktəbin gücü və 
								səviyyəsi də onun dünyaya düşən kölgəsində, onun 
								gördüyü işlərin dünyada tanınmasında özünü 
								göstərir. Bir ali məktəb haqqında uzaqlarda, elm 
								və təhsil dairələrində söhbət getmirsə, deməli, 
								orada görülən işlər dünya ilə ayaqlaşmır, o ali 
								məktəb müəyyən mənada dünyaya lazım deyil. Ali 
								məktəblərimizin müasirləşməsi yavaş getdiyi üçün 
								onlar az tanınır və müxtəlif kriteriyalar 
								əsasında dünyada aparılan çoxsaylı reytinq 
								araşdırmalarında Azərbaycan ali məktəbləri 
								görünmür.  
								
								
								Azərbaycanın müstəqillik əldə etdiyi dövr 
								dünyada informasiya texnologiyalarının inqilabi 
								dəyişikliklərə uğradığı və qloballaşmanın 
								aparıcı gücə çevrildiyi dövrə təsadüf edir. Az 
								da olsa, qlobal gücə malik olmaq səviyyə 
								ölçüsünə çevrildi.  
								
								
								Dövlət ali təhsili ilə yanaşı, özəl ali 
								məktəblərin yaranması ali təhsilə bir rəqabət, 
								yarış xarakteri gətirdi. Yeni yaranmış özəl ali 
								məktəblər uzun illər Azərbaycanda olan yüksək 
								kadr potensialına malik dövlət ali məktəbləri 
								ilə bəzi kriteriyalar üzrə (məsələn, ştatda olan 
								müəllimlərin sayı, elmi məqalələrin sayı) 
								rəqabət aparmaqda təbii çətinlik çəksələr də, 
								bəzi özəl universitetlər bir sıra məsələlərdə - 
								keyfiyyətli təhsil, müasir tədris proqramları, 
								müasir təhsil modellərinin tətbiqi, dil siyasəti, 
								beynəlxalq əlaqələrin inkişafı, informasiya 
								texnologiyalarının tətbiqi kimi məsələlərdə daha 
								fəal olub daha müasir görünürlər.  
								
								
								2004-cü ildən bəri dünya ali məktəblərinin 
								Webometrics adlı reytinqi elan olunur. Bu 
								reytinq tədqiqatını dünyanın nüfuzlu tədqiqat 
								mərkəzlərindən biri - İspaniyanın məşhur Dövlət 
								Elmi Tədqiqat Mərkəzi (Consejo Superior de 
								İnvestigac Cientifacasiones) aparır. Onlar 
								Stanford Universitetinin və Google 
								tədqiqatçılarının metodologiyasını əsas 
								götürürlər. Bu mərkəz 1907-ci ildə Nobel 
								mükafatı laureatı professor Ramon y Cajal 
								tərəfindən yaradılmışdır.  
								
								
								Əvvəlki illər 15-17 min ali məktəb araşdırılır 
								və onlardan ən yaxşı 5 mini elan olunurdu. 
								2010-cu ilin əvvəlində isə 18 min ali məktəb 
								öyrənildi və onlardan 8 min ən yaxşısı elan 
								olundu. Universitetlərin qiymətləndirilməsi dörd 
								nominasiya üzrə aparılmışdır. Əsas kriteriyalar 
								ali məktəbin dünyada tanınması, elektron məkanda 
								tutduğu çəki və başqaları tərəfindən 
								qiymətləndirilməsi, müasir elmi nəşrlərin 
								çəkisidir.  
								
								
								2010-cu il Webometrics reytinqində dünyanın 8 
								min ən yaxşı universiteti sırasına Azərbaycandan 
								2 universitet - Qafqaz və Xəzər universitetləri 
								daxil edilmişlər.   
								
								
								
								Hamlet İSAXANLI, 
								Xəzər Universitetinin rektoru  |