| 
								 
								
								Fevralın 24-də Azərbaycan Respublikasının 
								Prezidenti yanında Dövlət İdarəçilik 
								 Akademiyasında 
								Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr 
								olunmuş anım  mərasimi keçirilib. Mərasim 
								başlamazdan  əvvəl soyqırımı qurbanlarının 
								xatirəsi  bir dəqiqəlik  sükutla  yad edilib. 
								Sonra tədbiri  Dövlət İdarəçilik Akademiyasının 
								rektoru, əməkdar  elm xadimi, professor 
								Seyfəddin Qəndilov açaraq erməni 
								separatçılarının terrorçu dəstələrinin "Böyük 
								Ermənistan" yaratmaq  xülyası ilə xalqımıza 
								qarşı daim apardıqları  təxribatlardan danışıb. 
								O, yalnız ümummilli liderimiz Heydər Əliyev 
								hakimiyyətə gəldikdən  sonra  Azərbaycan 
								həqiqətlərinin beynəlxalq təşkilatlara, dünya 
								ictimaiyyətinə çatdırılması   yönümündə aparılan  
								işləri  tədbir  iştirakçılarının  nəzərinə  
								çatdırıb. 
								
								
								Tədbirdə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı  
								Bayram Səfərov, Xocalı Rayon İcra Hakimiyyətinin 
								başçısı Şahmar Usubov və başqaları  çıxış 
								ediblər. 
								
								
								Tədbirin sonunda faciə qurbanlarının xatirəsinə 
								həsr olunmuş  ədəbi-bədii kompozisiya göstərilib. 
								 
								
								
								Xocalı  faciəsinin 18-ci ildönümü ilə əlaqədar 
								Naxçıvan MR-in bütün müəssisə və təşkilatlarında 
								kütləvi tədbirlər təşkil olunur. Bununla  
								əlaqədar  olaraq  Naxçıvan Dövlət 
								Universitetinin magistratura şöbəsində, 
								tarix-filologiya, iqtisad  və digər 
								fakültələrində konfranslar keçirilməkdədir. 
								Beynəlxalq münasibətlər və xarici dillər 
								fakültəsində universitetin Tələbə Gənclər 
								Təşkilatının təşkilatçılığı ilə xarici 
								tələbələrin də qatıldığı Naxçıvan Muxtar 
								Respublikası tələbələrinin Xocalı faciəsinə həsr 
								olunmuş İnternet aksiyası keçirilmişdir. 
								 
								
								
								Tədbirdə çıxış edən universitetin rektoru, 
								akademik İsa Həbibbəyli 1992-ci il Xocalıda baş 
								verən qanlı hadisələrin o zamankı Azərbaycan 
								rəhbərliyinin  fəaliyyətinin  nəticəsi  kimi 
								dəyərləndirmiş, bu faciəyə hüquqi qiymətin 
								yalnız  ümummilli lider, müstəqil Azərbaycan 
								dövlətinin qurucusu Heydər Əliyev  rəhbərliyə 
								gəldikdən sonra verildiyini  bildirmişdir. Natiq 
								universitetdə təhsil alan xarici tələbələrin də 
								belə tədbirlərdə iştirakını və dəstəyini  yüksək 
								qiymətləndirmiş, bunun millətlərarası 
								münasibətlərin inkişafında mühüm rol oynadığını 
								vurğulamışdır. 
								
								
								Naxçıvan Dövlət  Universiteti  Tələbə  Gənclər  
								Təşkilatının sədri, Azərbaycan Tələbə Gənclər 
								Təşkilatları İttifaqının sədr müavini Arzu 
								Abdullayev İnternet aksiya haqqında ətraflı 
								məlumat verdikdən sonra aksiyaya start 
								verilmişdir. İnternet aksiya vasitəsilə 
								tələbə-gənclər Xocalı həqiqətlərini dünyanın 
								əksər beynəlxalq təşkilatlarına, tanınmış ali 
								təhsil ocaqlarına çatdıracaqlar. 
								 
								
								
								 Fevralın 25-də Azərbaycan Dillər 
								Universitetində Xocalı faciəsinin 18-ci 
								ildönümünə həsr edilmiş tədbir keçirildi. 
								Tədbirin əvvəlində Azərbaycanın Dövlət himni 
								səsləndi, Azərbaycanın ərazi bütövlüyü uğrunda 
								həlak olan şəhidlərin ruhu 1 dəqiqəlik sükutla 
								yad edildi. Tədbiri giriş sözü ilə açan ADU-nun 
								rektoru, millət vəkili, professor Səməd Seyidov 
								Xocalı faciəsini insanlıq əleyhinə ən qanlı 
								hadisə adlandırdı. Tarixə qısa ekskurs edən 
								rektor tarix boyu ermənilərin azərbaycanlılara 
								qarşı törətdiyi hadisələri ən qəddar cinayətlər 
								adlandıraraq bir gecədə 613 dinc insanın 
								öldürülməsini faciə kimi dəyərləndirdi. 
								
								
								Tədbirdə ADU-nun tarix kafedrasının baş müəllimi 
								Qorxmaz Mustafayev və digər çıxış edənlər 
								tarixin müxtəlif vaxtlarında rus imperiyasının 
								dəstəyi ilə ermənilərin Azərbaycan torpaqlarını 
								işğal etmək siyasətinin olduğunu qeyd etdilər və 
								tələbələrə xarici dillərlə yanaşı, Azərbaycan 
								tarixini də dəqiq öyrənməyin vacibliyini 
								bildirdilər.  
								 
								
								
								Fevralın 25-də Ağdam rayon 100 nömrəli köçkün 
								orta məktəbində Xocalı faciəsinin 18-ci ildönümü 
								ilə əlaqədar tədbir keçirilib. Öncə iştirakçılar 
								Xocalı faciəsində şəhid olan həmvətənlərimizin 
								xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. 
								Sonra tədbiri giriş sözü ilə açan məktəbin 
								direktoru Tünzalə Agayeva Xocalı soyqırımını XX 
								əsrin ən qanlı faciəsi olduğunu və bu dəhşətin 
								heç vaxt unudulmayacağını qeyd edib. O, erməni 
								vəhşiliyi və vandalizmi haqqında geniş danışaraq 
								bildirib ki, bir daha belə faciələrin baş 
								verməməsi üçün düşmənə qarşı daim hazırlıqlı və 
								diqqətli olmalıyıq.  
								
								
								Tədbirdə  çıxış edənlər Xocalı faciəsinin 
								dəhşətlərindən söz açaraq  torpaqlarımızın 
								düşmənlərdən tezliklə azad olunacağına əminlik 
								ifadə ediblər. Sonda şagirdlər faciə 
								qurbanlarına həsr edilmiş şeirlər söyləyib və 
								səhnəciklər göstəriblər. 
								
								
								Naxçıvan Dovlət  Universitetində  Xocalı 
								soyqırımının  18-ci ildonümünə həsr olunmuş  
								silsilə  tədbirlərin  yekunu olaraq  mərasim 
								keçirildi. İlk öncə Azərbaycanın milli 
								müstəqilliyi uğrunda qurban gedən şəhidlərin 
								əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı, 
								Xocalı faciəsinə həsr olunmuş sənədli film 
								nümayiş olundu. Tədbiri giriş sözu ilə açan 
								universitetin rektoru,  akademik  İsa Həbibbəyli 
								Xocalı faciəsi haqqında geniş məruzə etdi. Qeyd 
								olundu ki, Xocalı faciəsi bəşər tarixində misli 
								görünməmiş ən dəhşətli faciədir.  
								
								
								Rektor vurğuladı ki, 1994-cü il fevralın 24-də 
								ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə  Milli 
								Məclis "Xocalı soyqırımı günü haqqında" qərar 
								qəbul etdi və beynəlxalq içtimaiyyəti erməni 
								terrorizminə qarşı təsirli tədbirlər görməyə 
								çağırdı. 
								
								
								Sonra Azərbaycan tarixi kafedrasının baş 
								müəllimi, tarix elmləri namizədi Xəzər Hüseynov 
								"Xocalı soyqırımı zəmanəmizin ən dəhşətli 
								faciəsidir"  mövzusunda  məruzə edərək faciənin 
								başvermə səbəbləri və o zamankı ictimai-siyasi 
								proseslər barədə şərh verdi. 
								
								
								Hüquq fənləri kafedrasının baş müəllimi, hüquq 
								elmləri namizədi Qəhrəman Behbudov  "Xoçalı  
								soyqırımı və beynəlxalq hüquq" adlı məruzəsində 
								Xocalı soyqırımının heç bir beynəlxalq 
								siyasi-hüquqi qanuna sığmadığını, demokratik 
								dünya dövlətlərinin bu genosidə ədalətli qiymət 
								vermələrinin vaxtı çatdığını bildirdi. 
								 
								
								
								Tədbirin sonunda Xocalı soyqırımının 18-ci 
								ildonümünə həsr olunmuş  rəsm sərgisinə baxış 
								keçirildi. 
								 
								
								
								Ötən əsrdə ermənilər tərəfindən xalqımıza qarşı 
								törədilmiş ən dəhşətli soyqırımı aktlarından 
								biri olan Xocalı faciəsinin 18-ci ildönümü 
								Bakının 115 nömrəli orta məktəbində də geniş 
								qeyd olundu. Bu məqsədlə fevralın 23-də məktəbin 
								akt zalında anım mərasimi keçirildi. Məktəbin 
								dil-ədəbiyyat müəllimi Nəzakət Cəfərova faciənin 
								bütün dəhşətlərini, erməni qəsbkarlarının 
								vəhşiliklərini, amansızlığını əks etdirən və 
								mərasimin hər bir iştirakçısında düşmənə qarşı 
								güclü nifrət və qəzəb hissi oyadan təsirli 
								ədəbi-bədii kompozisiya ssenarisi hazırlamışdı.
								 
								
								
								Mərasim Dövlət himninin ifası ilə başlandı. 
								Sonra faciə qurbanlarının xatirəsi bir dəqiqəlik 
								sükutla yad olundu. Tədbirin aparıcıları IX və 
								XI sinif şagirdləri Reyhanla Ağalar 18 il öncə 
								fevralın 25-dən 26-na keçən gecə ermənilərin 
								dinc Xocalı sakinlərinə qarşı törətdikləri 
								vəhşiliklərdən, faciənin başvermə səbəblərindən, 
								o vaxtkı Azərbaycan hakimiyyətinin öz 
								vətəndaşlarının taleyinə qarşı göstərdiyi 
								biganəlikdən danışdılar, qırğının miqyasını, 
								nəticələrini əks etdirən kədərli statistikanı 
								diqqətə çatdırdılar. Uşaqlar hər dəfə böyük 
								ürəkağrısı ilə söz açdıqları faciəni soyqırımı, 
								genosid adlandırdılar.
								  
								
								
								Məktəbin V-IX siniflərində təhsil alan istedadlı 
								şagirdlər çıxış edərək Xocalıya, onu müdafiə 
								edən qəhrəmanlara həsr olunan, dinc əhaliyə 
								tutulmuş amansız divanı, onu törədən erməniləri 
								lənətləyən şeirlər söylədilər, səhnəciklər 
								nümayiş etdirdilər. Hadisələrin iştirakçısı 
								olmuş, ermənilərin zülmünə məruz qalmış, həmin 
								dəhşətli gecədə olmazın müsibətlər çəkmiş 
								insanların açı xatirələrinin, bayatıların 
								şagirdlər tərəfindən söylənməsi, məsum bir qızın 
								öz namusunu qorumaq, ermənilərin əlinə 
								keçməməkdən ötrü onu öldürmək üçün əsgərə 
								yalvarması, ağbirçək ananın düşmən gülləsinə tuş 
								gəlmiş igid balasını oxşayaraq ağlaması və s. 
								kimi səhnələr mərasim iştirakçılarına xüsusilə 
								güclü təsir göstərdi, ürəklərdə erməni 
								cəlladlarına qarşı nifrət hissini alovlandırdı. 
								Xocalı hadisələri zamanı əhalinin şəhərdən 
								çıxmasına kömək edən, şəhərə qəfil soxulmuş 
								düşmənə qarşı mərdliklə döyüşən qəhrəmanların, 
								faciə barədə həqiqətləri öz kamerası vasitəsilə 
								dünyaya çatdırmağa can atan telejurnalist Çingiz 
								Mustafayevin şəninə qoşulmuş şeirləri də 
								məktəblilər böyük məharətlə ifa edib, həmin 
								qəhrəmanlardan nümunə götürəcəklərini, Xocalı 
								faciəsinin heç zaman unudulmayacağını 
								bildirdilər. O müdhiş gecədə günahsız insanların 
								axıdılmış qanlarının yerdə qalmayacağını, 
								soyqırımı törədənlərin nəhayət öz cəzalarını 
								alacaqlarına, 18 ildir ki, düşmən əsarətində 
								qalmış Xocalının azad olunacağına inam hissini 
								ifadə etdilər. 
								
								
								Məktəbin direktoru Tanrıverdi Orucov şagirdlərin 
								çıxışlarını yüksək qiymətləndirib onlara 
								baxdıqca düşmənə qalib gələcəyimizə əmin 
								olduğunu söylədi. 
								
								
								Sonda onu da qeyd edək ki, anım mərasiminin 
								keçirildiyi zal tədbirin ruhuna uyğun tərtib 
								olunmuş, Xocalı faciəsinə həsr olunmuş 
								kitablardan guşə yaradılmış, şamlar yandırılmış, 
								divar qəzetləri asılmışdı. 
								 
								
								
								Çağdaş tariximizə  ermənilərin xalqımıza qarşı 
								törətdikləri  soyqırımı aktı kimi düşmüş Xocalı 
								faciəsinin 18-ci ildönümü  fevralın 25-də Qafqaz 
								Universitetində anım mərasimi ilə qeyd olundu. 
								Tələbələrin hazırladığı tədbirin seminar 
								hissəsində giriş sözü söyləyən universitetin 
								rektoru, professor Ahmet  Saniç ermənilərin 
								tarixən  türklərə düşmən olduğunu, onlara qarşı 
								saysız-hesabsız soyqırımı və terror aktları 
								törətdiyini, bu baxımdan tarixdə misli 
								görünməmiş qəddarlıqla həyata keçirilən Xocalı 
								faciəsini də bütün türklərə qarşı  yönəlmiş 
								soyqırımı kimi qiymətlədirdiyini bildirdi.  
								
								
								 Seminarda çıxış edən millət vəkili, filologiya 
								elmləri doktoru Jalə Əliyeva, tarixçi alimlər, 
								professorlar Musa Qasımlı və Xaləddin İbrahimli 
								Xocalı faciəsini tarixdə törədilmiş 
								soyqırımlarla müqayisə edib onun məhz silahsız, 
								dinc əhaliyə qarşı yönəldiyi üçün misli-bərabəri 
								olmadığını, dünya dövlətləri tərəfindən 
								indiyədək bu faciəyə düzgün və ədalətli siyasi 
								qiymət verilmədiyini diqqətə çatdırdılar. 
								 
								
								
								Sonra universitetin teatr kollektivinin 
								hazırladığı ədəbi-bədii proqram nümayiş 
								etdirildi.  
								
								
								Tələbələr Xocalı hadisələrinə, həmin müdhiş  
								qırğın zamanı düşmən əli ilə faciəli şəkildə 
								həlak olmuş  yüzlərlə insanın acı taleyinə həsr 
								olunmuş şeirlər söylədilər, səhnəciklər 
								göstərdilər. 
								 
								
								
								Bakıdakı fizika-riyaziyyat  və informatika 
								təmayüllü liseydə Xocalı soyqırımının 18-ci 
								ildönümünə həsr olunmuş tədbir keçirildi. Öncə 
								bir dəqiqəlik sükutla şəhidlərin xatirəsi yad 
								edildi. Tədbiri açıq elan edən məktəbin direktor 
								müavini Valeh Bəyalıyev 1992-ci il fevralın 
								25-dən 26-na keçən gecə XX əsrin ən ağır 
								cinayətlərindən biri - erməni qəsbkarlarının 
								törətdiyi misilsiz  vəhşilikləri barədə məlumat 
								verdi, qeyd etdi ki, erməni hərbçiləri  
								öldürdükləri insanların başlarının dərisini 
								soymuş, körpə uşaqların gözlərini  çıxarmış, 
								qocaları, uşaqları diri-diri  torpağa basdırmış 
								və yandırmışlar. Erməni cəlladları bu faciəni 
								rus ordusunun 366-cı alayının bilavasitə köməyi   
								və iştirakı ilə  həyata keçirmişdir... 
								
								
								Məktəbin müəllimləri Sərvinaz Əkbərova, 
								Allahverdi Məmmədov çıxışlarında erməni 
								daşnaklarının Azərbaycan xalqının başına 
								gətirdikləri müsibətlərdən ürəkağrısı ilə 
								danışdılar.  
								
								
								Sonra şagirdlər Nəsibə Tağıyeva, İlyas Dəmirov, 
								Zinyət Əhmədova, Gülcənnət Hüseynli  "Layla, 
								Xocalım layla", "Xocalının Milli Qəhrəmanları", 
								"Azərbaycan"  kompozisiyalarını nümayiş 
								etdirdilər. Naibə Müzəffərova, Türkan Məmmədli  
								"Şəhid qardaşım",  "Qəhrəman  Çingiz", "Dəfn 
								edin məni, "Xocalı faciəsi", "Bir gəlin qaçırdı, 
								dağlara  sarı", "Azərbaycan", "Xocalı faciəsi" 
								və s. şeirlər,  bayatılar söylədilər. 
								 
								
								
								Sonda Milli Qəhrəman  Çingiz Mustafayevin lentə 
								aldığı Xocalı soyqırımının dəhşətli 
								məqamlarından görüntülər göstərildi.  
								 
								
								
								Bakıdakı 124 nömrəli orta məktəbin tarix 
								müəllimi Zülfiyyə Niftəliyeva VIII "A" sinfinin 
								şagirdləriylə diskussiya təşkil etdi. İlk 
								növbədə, Xocalı soyqırımı haqqında məlumat 
								verərək, tədbirin sonrakı gedişatını daha çox 
								şagirdlərin ixtiyarına buraxdı. Onlar öz 
								fikirlərini sərbəst söyləyərək öyrəndikləri 
								faktlarla onları izah etdilər. Sinif nümayəndəsi 
								Emin İbrahimov xalqımızın indiyədək üzləşdiyi 
								soyqırımı və faciələrin qısa xülasəsini şərh 
								edərək Xocalı soyqırımının nəinki Azərbaycanda, 
								bütün dünyada törədilən digər faciələrdən daha 
								dəhşətli olduğunu vurğuladı və səbəbini 
								uşaqların müzakirəsinə buraxdı. Murad Qubadzadə 
								bildirdi ki, bu soyqırımı dinc əhaliyə divan 
								tutulması olduğundan daha amansız sayılmalıdır.
								 
								
								
								Ümumiyyətlə, erməni vəhşiliyi tarix boyu sübut 
								edib ki, normal müharibə aparmaq cəsarəti 
								onlarda yoxdur. Namərdcəsinə, gözlənilmədən, heç 
								nədən xəbərsiz insanları gülləbaran etmək, 
								silahsız insanları öldürmək, onlara qalib gəlmək 
								ermənilərin döyüş taktikasıdır. 
								
								
								İnarə Mahmudova, Aynur Kazımova, Ehtiram Əlizadə 
								ermənilərin Xocalı soyqırımı zamanı törətdikləri 
								tükürpədici vəhşilikləri elə nəql etdilər ki, 
								sanki həmin anları öz gözlərilə görmüşdülər. 
								Sonra şəhidliyin ən ali, ən müqəddəs ad olması 
								haqqında fikirlər söylənildi.  
								
								
								Tədbirdə faciə ilə bağlı ən vacib amillər 
								müzakirə edilib aydınlaşdırıldı və bütün 
								fikirlər ümumiləşdirildi. Bütün bu kədərli 
								məqamlar şagirdlərin gözlərində düşmənə amansız 
								nifrət, günahsız soydaşlarının ruhuna dərin 
								hörmət görüntülərilə sezilirdi. Onlar sadəcə, 
								olanları düzgün təhlil edib, düzgün nəticə 
								sıxarmağa çalışdılar. Öz tarixlərini daha 
								dərindən öyrənməyə cəhd etdilər və vətənin 
								gələcəyinin məhz onlardan asılı olması 
								məsuliyyətini dərk etməyə nail oldular. 
								
								
								Diskussiya boyu öz dəyərli məsləhətlərilə 
								şagirdlərə dəstək olan məktəbin dərs hissə 
								müdiri Arizə Mahmudova belə maarifləndirici 
								tədbirlərin keçirilməsinin şagirdlərdə milli 
								ləyaqət, vətənpərvərlik hisslərinin 
								formalaşmasında olduqca vacib rolu olduğunu 
								vurğuladı. 
								 
								
								
								Bakının 87 nömrəli məktəbində şagirdlərin fəal 
								iştirakı ilə keçirilən anım mərasimində qeyd 
								olundu ki, düz 18 ildir Xocalısız yaşayırıq. Bu 
								illərin ağrı-acısını, dəhşətini indi də 
								yaşayırmış kimi hər il onun məhv olduğu günü yad 
								edirik. Yad edirik ki,  Xocalı deyilən bir 
								şəhəri, onun amansızlıqla məhv edilmiş 
								sakinlərini, həmin o dəhşətli 1992-ci il 
								fevralın 25-dən 26-na keçən gecəni unutmayaq, 
								yadlaşmayaq. Həmin günü unutmaq, hafizələrdən 
								silmək də mümkün deyil. Çünki həmin gecə tarixdə 
								görünməmiş Xocalı faciəsi, Xocalı qırğını 
								törədilmişdi. Bu faciə tarixin yaddaşına qanlı 
								hərflərlə yazılmışdır. 
								
								
								Şagirdlər hazırladıqları və təqdim etdikləri 
								ədəbi-bədii kompozisiya ilə sanki Xocalının 18 
								il bundan əvvəlki harayına səs verirdilər, onu 
								unutmadıqlarını, faciə qurbanlarına dərin 
								ehtiramla, bu qanlı olayı törətmiş ermənilərə 
								nifrət hissi ilə həmişə xatırlayacaqlarını 
								bildirirdilər.  
								
								
								Mərasimin sonunda çıxış edən məktəbin direktoru 
								Elmira Ələkbərova tarixdə misli görünməmiş bu 
								faciəyə ilk dəfə məhz ulu öndərimiz Heydər 
								Əliyev tərəfindən 1997-ci ildə siyasi qiymət 
								verildiyini, faciənin dünyaya çatdırılmasında 
								Heydər Əliyev Fondunun böyük xidmətləri olduğunu 
								söylədi.   
								
								
								
								"Azərbaycan müəllimi"  |