| 
								
								
								Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə 
								iştirak etdi  
								
								Noyabrın 2-də Bakı Dövlət Universitetinin (BDU) 
								90 illik yubileyinə həsr olunmuş təntənəli 
								mərasim keçirilmişdir.  
								
								Azərbaycan Prezidenti İlham Əliyev və xanımı 
								Mehriban Əliyeva mərasimdə iştirak etmək üçün 
								universitetə gəldilər. Dövlətimizin başçısını və 
								xanımını binanın önündə BDU-nun rektoru Abel 
								Məhərrəmov qarşıladı. Mehriban xanım Əliyevaya 
								gül dəstəsi təqdim olundu.  
								
								Salona toplaşanlar dövlətimizin başçısını və 
								xanımını hərarətli alqışlarla qarşıladılar.
								 
								
								Əvvəlcə BDU-nun tələbə xorunun ifasında 
								universitetin himni oxundu.  
								
								Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə 
								çıxış etdi.    
								
								
								Prezident İlham Əliyevin çıxışı  
								
								- Hörmətli xanımlar və cənablar!  
								
								Hörmətli qonaqlar!  
								
								Əziz dostlar!  
								
								Mən sizin hamınızı Bakı Dövlət Universitetinin 
								90 illik yubileyi münasibətilə ürəkdən təbrik 
								etmək istəyirəm, universitetin bütün 
								kollektivinə xoşbəxtlik və yeni-yeni uğurlar 
								arzulayıram.  
								
								Bakı Dövlət Universitetinin çox gözəl və böyük 
								tarixi vardır. 1919-cu ildə təsis edilmiş 
								universitet 90 il ərzində Azərbaycanın 
								hərtərəfli inkişafında çox mühüm rol oynamışdır. 
								Bakı Dövlət Universiteti Azərbaycan 
								müstəqilliyini əldə edəndən bir il sonra 
								Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti 
								tərəfindən təsis edilmişdir. Bu çox düşünülmüş 
								və uzaqgörən bir addım idi. O vaxt ölkəmiz çox 
								gənc idi. Buna baxmayaraq, əhalinin 
								maarifləndirilməsi, Azərbaycanda savadsızlığın 
								aradan qaldırılması və intellektual potensialın 
								gücləndirilməsi üçün universitetin yaradılması 
								çox mühüm hadisə olmuşdur. Bildiyiniz kimi, 
								Azərbaycan Xalq Cümhuriyyəti iki il yaşadı, onun 
								ömrü uzun olmadı, iki ildən sonra süqut etdi. 
								Ancaq Bakı Dövlət Universiteti yaşadı. Düzdür, o 
								zamanın müəyyən ideoloji çərçivələri daxilində 
								fəaliyyət göstərmişdir. Ancaq buna baxmayaraq, 
								Bakı Dövlət Universiteti Azərbaycanın inkişafı, 
								Azərbaycanda təhsilin inkişafı, elmi potensialın 
								gücləndirilməsi üçün çox mühüm rol oynamışdır. 
								Bu rol bu gün də davam edir. çox sevindirici 
								haldır ki, Bakı Dövlət Universiteti bütün bu 
								illər ərzində Azərbaycanda təhsil sahəsində öz 
								aparıcı rolunu qoruyub saxlaya bilmişdir və bu 
								gün bu rol daha da güclənir. Bu bir daha onu 
								göstərir ki, universitetin çox zəngin ənənələri, 
								çox böyük potensialı, professor-müəllim 
								heyətinin təcrübəsi, tələbələrin oxuması və 
								təhsilə verdikləri önəm vardır. Xüsusilə indiki 
								şəraitdə hər şey təhsilin səviyyəsi ilə ölçülür. 
								Hər bir insanın gələcəyi, hər bir gəncin taleyi 
								onun biliyindən, təcrübəsindən, savadından 
								asılıdır.  
								
								Biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq və 
								bazar iqtisadiyyatının öz qanunları vardır. Hər 
								bir insan qarşısında eyni imkanlar, bərabər 
								imkanlar yaradılır. O imkanlardan faydalanmaq, 
								xüsusilə Azərbaycanın indiki inkişaf dövrünü 
								yaşadığı bir vaxtda yaradılan bu imkanlardan 
								faydalanmaq üçün, ilk növbədə, gənclər bilikli, 
								savadlı olmalıdırlar.  
								
								Bakı Dövlət Universiteti müxtəlif dövrlərdə 
								Azərbaycanın hərtərəfli inkişafı üçün öz dəyərli 
								töhfəsini vermişdir. Bakı Dövlət Universitetinin 
								məzunları öz fəaliyyəti ilə ölkəmizin 
								çiçəklənməsinə dəyərli töhfələrini vermişlər. 
								Ulu öndər Heydər Əliyev də Bakı Dövlət 
								Universitetinin məzunu idi və bütün dövrlərdə - 
								1970-80-ci illərdə və müstəqil Azərbaycanın 
								Prezidenti kimi Bakı Dövlət Universitetinin 
								inkişafı üçün çox böyük səylər göstərmişdir. 
								Həmişə universitetə çox böyük diqqət 
								göstərmişdir, universitetin tədbirlərində 
								iştirak etmişdir və Bakı Dövlət Universitetinin 
								belə yüksək səviyyəyə qalxması üçün əməli işlər 
								görmüşdür.  
								
								1970-80-ci illərin əvvəllərində və 1990-cı 
								illərdə ulu öndər Heydər Əliyevin fəaliyyəti 
								nəticəsində Azərbaycan çox böyük və uğurlu yol 
								keçmişdir. 1970-ci ildə Azərbaycan müttəfiq 
								respublikalar arasında ən axırıncı yer tuturdu. 
								Ancaq 1982-ci ildə Azərbaycan müttəfiq 
								respublikalar arasında birinci sıralarda idi. O 
								illər ərzində sənaye potensialının, intellektual 
								potensialın inkişaf etdirilməsi, gənc nəslin 
								maarifləndirilməsi və Sovet İttifaqının aparıcı 
								ali məktəblərinə onların imtahansız qəbulu 
								sayəsində Azərbaycanın elmi potensialı böyük 
								dərəcədə gücləndirilmişdir. Azərbaycanın ali 
								məktəblərində aparılan islahatlar və görülən 
								işlər bu gün ölkənin intellektual potensialını 
								müəyyən edir.  
								
								Müstəqilliyin ilk dövründə - 1993-cü ildə 
								Azərbaycanın qarşısında duran çağırışlar, demək 
								olar ki, müstəqilliyimizi sınağa çəkirdi, çox 
								ciddi böhran - həm iqtisadi, həm siyasi böhran 
								yaşanırdı. Buna baxmayaraq, 1993-cü ildən 
								başlayaraq 2003-cü ilə qədər Azərbaycanda 
								təhsilin inkişafı üçün köklü islahatlar 
								aparıldı, lazımi qərarlar verildi. Azərbaycan 
								təhsilinin maddi-texniki bazasının 
								gücləndirilməsi işində çox vacib addımlar 
								atılmışdır. Bu siyasət bu gün davam etdirilir. 
								Bu gün Azərbaycanın, demək olar ki, bütün ali 
								məktəblərinin maddi-texniki bazası ən yüksək 
								standartlara cavab verir. Demək olar ki, bütün 
								dövlət ali məktəblərində əsaslı təmir işləri 
								aparılmışdır. Ali məktəblərin maddi-texniki 
								bazası böyük dərəcədə gücləndirilmişdir. Bu onu 
								göstərir ki, Azərbaycan dövləti həmişə olduğu 
								kimi, təhsilin inkişafına çox böyük əhəmiyyət 
								verir. Bu, həqiqətən də, belədir. Bunu görmək 
								üçün ancaq Azərbaycanın dövlət büdcəsinə baxmaq 
								kifayətdir.  
								
								Təhsil xərcləri ordu xərclərindən sonra dövlət 
								xərclərimizdə ikinci yerdədir. Bu da təbiidir. 
								çünki biz müharibə şəraitində yaşayırıq. 
								Müharibə hələ bitməyib və biz hər an hazır 
								olmalıyıq ki, öz doğma torpaqlarımızı 
								işğalçılardan hərbi yolla azad edək.  
								
								Ancaq hərbi xərclərdən sonra ikinci yerdə 
								təhsilə ayrılan xərclərdir. Bu, Azərbaycan 
								dövlətinin prioritetlərini göstərir və bizim 
								siyasətimizin ən bariz nümunəsidir. çünki hər 
								bir ölkənin inkişafı üçün ən başlıca şərt o 
								ölkənin təhsilinin səviyyəsidir. Əgər inkişaf 
								etmiş ölkələrin təcrübəsinə baxsaq görərik ki, 
								İkinci Dünya müharibəsindən sonra və bəzi 
								ölkələrdə ondan əvvəl, elmi-texniki tərəqqi olan 
								yerlərdə ölkələr inkişaf edib və bu gün dünyanın 
								inkişaf etmiş ölkələri kimi tanınır. Nə təbii 
								resurslar, nə coğrafi vəziyyət, - halbuki bu 
								amillər də çox önəmlidir, - bu şərti təmin 
								etmir. Ancaq təhsilin səviyyəsi, elmi-texniki 
								tərəqqi, təhsilə verilən önəm və təhsil 
								sahəsində aparılan islahatlar əsas şərtlərdir. 
								Biz də bu yolu seçmişik. Biz də təhsildə 
								islahatlaın aparılması ilə bərabər, bizim üçün 
								ənənəvi olan təhsil formalarını saxlayırıq, öz 
								ənənələrimizi qoruyuruq, bütün mütərəqqi 
								təcrübələrə qoşuluruq və ali məktəblərimiz 
								beynəlxalq müstəvidə çox fəal iştirak edirlər.
								 
								
								Bir sözlə, təhsil sisteminin təkmilləşdirilməsi, 
								təhsilin səviyyəsinin qaldırılması üçün bundan 
								sonra da lazımi tədbirlər görüləcəkdir. Son altı 
								il ərzində Azərbaycanda 1800 yeni məktəb 
								tikilibdir. Yüzlərlə məktəbdə yeni korpuslar 
								tikilib, təmir aparılıbdır. Bu nəyi göstərir? Bu 
								onu göstərir ki, bu sahə prioritet sahədir. 
								Bütün orta məktəblərdə kompüter sinifləri 
								yaradılır, informasiya-kommunikasiya 
								texnologiyaları tətbiq edilir. Bütün məktəblərin 
								İnternetə qoşulması prosesi uğurla davam edir. 
								Belə olan halda gənclərimiz, uşaqlarımız, 
								yeniyetmələrimiz bilikli və savadlı olacaqlar, 
								həyatda özlərinə layiq yeri tutacaq, eyni 
								zamanda gələcəkdə - 10 ildən, 20 ildən, 50 ildən 
								sonra Azərbaycanın uğurlu inkişafını təmin 
								edəcəklər. çünki bir daha demək istəyirəm ki, 
								təbii sərvətlər tükənən dəyərdir, ancaq təhsil, 
								bilik, elm əbədi, hər bir ölkənin 
								gücləndirilməsinə töhfə verən amillərdir. 
								 
								
								Son illər ərzində təhsilin səviyyəsinin 
								qaldırılması işində vacib addımlar atılır, 
								"Təhsil haqqında" qanun uzun müzakirələrdən 
								sonra qəbul edilibdir. Ancaq bu sahədə inkişaf 
								üçün hələ çox iş görülməlidir. Bir daha demək 
								istəyirəm ki, dünyanın ən mütərəqqi təcrübəsi 
								öyrənilməlidir, eyni zamanda Azərbaycan gəncləri 
								milli ruhda tərbiyə olunmalıdır. Biz əsrlər boyu 
								başqa ölkələrin, imperiyaların tərkibində 
								yaşamışıq. Ancaq öz milli dəyərlərimizi, 
								ənənələrimizi qoruya bilmişik, saxlaya bilmişik. 
								öz ana dilimizi saxlaya bilmişik. Nəyin 
								hesabına? Ona görə ki, Azərbaycan xalqında milli 
								ruh həmişə çox yüksək səviyyədə olmuşdur. 
								 
								
								Bu gün qloballaşan dünyada, bəlkə də buna daha 
								da çox diqqət verilməlidir. Qloballaşma təbii 
								prosesdir və yəqin ki, bu proses müəyyən 
								düzəlişlərlə davam edəcəkdir. Xüsusilə belə olan 
								halda milli dəyərlərə önəm vermək, gənc nəsli 
								milli dəyərlər əsasında tərbiyə etmək xüsusi 
								əhəmiyyət daşıyır. Mən çox şadam ki, 
								Azərbaycanda milli ənənələr güclənir, 
								möhkəmlənir və bu prosesləri daha da 
								sürətləndirmək üçün kompleks tədbirlər 
								görülməlidir. Əlbəttə, təhsil bu işlərdə ən 
								prioritet məsələdir. Eyni zamanda bizim mədəni 
								irsimizin öyrənilməsi, ədəbiyyatımızın təbliği, 
								xalq musiqimizin təbliği və öyrənilməsi böyük 
								əhəmiyyət daşıyan məsələlərdir. Azərbaycanda 
								bütün bu sahələrə çox böyük əhəmiyyət verilir.
								 
								
								Biz öz iqtisadiyyatımızı inkişaf etdiririk. 
								Azərbaycan iqtisadi cəhətdən artıq oturuşmuş 
								dövlət kimi tanınır. Mən hesab edirəm ki, biz 
								artıq iqtisadi sahədə keçid dövrünü başa 
								vurmuşuq. Nəzərə alsaq ki, dünyanın aparıcı 
								maliyyə qurumları Azərbaycanda aparılan 
								islahatları çox yüksək qiymətləndirir. Müxtəlif 
								hesablamalara görə, Azərbaycan postsovet 
								məkanında iqtisadi islahatlar və iqtisadi 
								inkişaf baxımından birinci yerdədir. Mən hesab 
								edirəm ki, artıq bu sahədə keçid dövrü başa 
								çatıbdır. Dünya İqtisadi Forumu - dünyanın ən 
								mötəbər qurumlarından biri olan bu təşkilat 
								rəqabət qabiliyyətliliyinə görə Azərbaycanı 
								dünya miqyasında 51-ci yerdə görür və bütün MDB 
								məkanında biz bu sahədə birinci yerdəyik. Dünya 
								Bankı 2008-ci ilin hesablamalarına görə 
								Azərbaycanı bir nömrəli islahatçı ölkə kimi 
								tanıdı. Bu bir daha onu göstərir ki, bizim 
								uğurlarımızın əsas səbəbi ölkədə aparılan siyasi 
								və iqtisadi islahatlardır. Hasilat sənayesi 
								sahələrində şəffaflığın təmin edilməsi ilə 
								əlaqədar Azərbaycan təcrübəsi dünya miqyasında 
								öyrənilir. Birləşmiş Millətlər Təşkilatı 
								Azərbaycanı bu sahə üzrə mükafatlandırıbdır.
								 
								
								Ona görə biz gələcəyə bu prizmadan yanaşmalıyıq. 
								Azərbaycan üçün ən ağır, ən çətin dövr artıq 
								arxada qaldı. Sabitlik dövrü tam bərqərar olundu 
								və biz irəliyə baxmalıyıq. Azərbaycan 20 ildən, 
								50 ildən sonra necə inkişaf edəcək, hansı 
								resurslar bunu təmin edəcək? Əlbəttə ki, təbii 
								resurslarımızın mövcudluğu bizə əlavə güc verir. 
								Xüsusilə müstəqilliyimizin ilk illərində və bu 
								gün müstəqil siyasət aparmaq üçün, öz 
								taleyimizin özümüz tərəfindən həll edilməsi üçün 
								çox mühüm rol oynayır. Əlbəttə ki, uzun illər 
								bundan sonra bu amillər nəinki ölkəmizin 
								inkişafına, eyni zamanda regional vəziyyətə 
								mühüm təsirini göstərəcəkdir.  
								
								Ancaq biz elə etməliyik ki, Azərbaycan uzun 
								illər, onilliklər bundan sonra, əsrlər boyu 
								müstəqil ölkə kimi yaşasın və nəinki yaşasın, 
								yaxşı yaşasın.  
								
								Dünyada müstəqil sayılan ölkələr çoxdur. Ancaq 
								əgər biz bir az dərinə baxsaq görərik ki, 
								onların heç də hər biri müstəqil siyasət aparmaq 
								iqtidarında deyildir. Bunun müxtəlif səbəbləri 
								vardır və bu, təkcə bugünkü siyasi mənzərə 
								deyil, bu, əsrlər boyu belə olubdur. O ölkələr 
								dünyada özünə layiq yeri tutar ki, o ölkələr öz 
								hesabına yaşaya bilsinlər, başqa ölkələrin 
								yardımına onların ehtiyacı olmasın - nə siyasi, 
								nə iqtisadi cəhətdən, nə də ölkələrin 
								ehtiyaclarının ödənilməsi baxımından. Azərbaycan 
								bu ölkələrdəndir. Baxmayaraq ki, biz 
								müstəqilliyi əldə edəndə, bəlkə də Azərbaycan ən 
								ağır vəziyyətdə idi. çünki ölkə iqtisadiyyatı 
								dağılmışdı, ölkədə siyasi proseslər, faktik 
								olaraq ölkəni uçurum kənarına qoymuşdu. 1990-cı 
								illərin əvvəllərində yaşanan siyasi, iqtisadi, 
								hərbi böhran faktik olaraq müstəqilliyimizi 
								təhlükə altına qoymuşdu. Ancaq buna baxmayaraq, 
								Azərbaycan o dövrdən, xüsusilə ulu öndər Heydər 
								Əliyevin hakimiyyətə gəlişindən sonra uğurla 
								çıxa bilmişdir və bu gün uğurla inkişaf edir. 
								Yəni bu tarix hamımızın yadındadır və biz elə 
								etməliyik ki, uzun illər bundan sonra da 
								Azərbaycan öz müstəqil siyasətini apara bilsin. 
								Bunu etmək üçün müxtəlif amillər lazımdır. İlk 
								növbədə, siyasi iradə lazımdır. Digər tərəfdən 
								xalqla iqtidar arasında birlik, sabitlik, 
								əmin-amanlıq, inkişaf, iqtisadi canlanma, siyasi 
								islahatların, demokratiya proseslərinin 
								sürətləndirilməsi lazımdır. Bütün bu amillər 
								Azərbaycanda vardır.  
								
								Bu il bütün dünya böhran içindədir və biz 
								dünyada gedən proseslərə bələdik. Azərbaycan 
								iqtisadiyyatı doqquz ayda 6,1 faiz artıbdır. 
								Bütün bu nəticələr onu göstərir ki, biz, sözün 
								əsl mənasında, müstəqil dövlətik, 
								müstəqilliyimizi hər şeydən uca tuturuq, 
								müstəqilliyimizin möhkəmləndirilməsi üçün 
								əlimizdən gələni edirik. Bu müstəqilliyi əbədi, 
								dönməz etmək üçün mən bir daha vurğulamaq 
								istəyirəm, hesab edirəm ki, təhsilin səviyyəsi 
								ən vacib rollardan birini oynayır. Azərbaycanda 
								bu istiqamətdə çox vacib işlər görülüb. 
								Bütövlükdə təhsil sahəsində görülən işlər müsbət 
								qiymətləndirilə bilər. çatışmayan cəhətlər 
								vardır. Biz də onları bilirik. Onları aradan 
								qaldırmaq üçün biz daha da fəal işləməliyik.
								 
								
								Azərbaycanı irəliyə aparan çox gözəl və milli 
								ruhda böyüyən gənc nəsil yetişir. Müəllimlərin 
								əlbəttə ki, bu işdə rolu, bəlkə də ən önəmli 
								roldur. çünki müəllimlər həm tələbələrə öz 
								biliyini çatdırırlar. Eyni zamanda gənc nəslin 
								hansı formada böyüməsinə də müəllimlərin böyük 
								təsiri vardır. Mən bu fürsətdən istifadə edərək 
								Bakı Dövlət Universitetinin bütün 
								professor-müəllim heyətinə uzun illər çox vacib 
								funksiya daşıdıqlarına görə öz minnətdarlığımı 
								bildirmək istəyirəm. Onlara gələcəkdə yeni 
								uğurlar arzulamaq istəyirəm. Tələbələrə isə 
								yaxşı oxumağı, yaxşı biliyə malik olmağı və 
								gələcəkdə Azərbaycanın dövlət müstəqilliyinə öz 
								töhfəsini verməyi arzulayıram. Əziz dostlar, bu 
								gözəl yubiley münasibətilə sizi bir daha ürəkdən 
								təbrik edirəm, sizə cansağlığı və yeni-yeni 
								uğurlar arzulayıram. Sağ olun.   
								
								
								Bakı Dövlət Universitetinin rektoru, akademik 
								Abel Məhərrəmovun çıxışı  
								
								- Azərbaycan Respublikasının Prezidenti, 
								zati-aliləri cənab İlham Əliyev!  
								
								Hörmətli qonaqlar!  
								
								Əziz müəllimlər və tələbələr!  
								
								Xanımlar və cənablar!  
								
								İcazə verin, ilk növbədə, sizin hamınızı 
								Azərbaycanın ilk ali təhsil ocağı olan Bakı 
								Dövlət Universitetində salamlayım və 
								qonaqlarımıza bu qocaman elm və təhsil məbədinə 
								"Xoş gəlmişsiniz!" deyim.  
								
								Möhtərəm cənab Prezident, artıq biz Sizin 
								nitqinizi dinlədik. Bu proqram xarakterli tarixi 
								bir çıxış idi. Buna görə universitetimizin 
								kollektivi adından Sizə öz minnətdarlığımızı 
								bildiririk. Siz çıxışınızda universitetin 
								kollektivinin ünvanına çox xoş sözlər dediniz. 
								Biz bunu məmnuniyyətlə qəbul edirik və öz əməli 
								fəaliyyətimizdə həmişə rəhbər tutacağıq. 
								 
								
								Hörmətli tədbir iştirakçıları, iki gün bundan 
								öncə möhtərəm Prezidentimiz cənab İlham Əliyev 
								tərəfindən Bakı Dövlət Universitetinin bir qrup 
								aliminə - 107 nəfərə Azərbaycanın ən böyük 
								mükafatları, fəxri adları verilmişdir. Bu, 
								universitetə olan böyük diqqətdir, böyük 
								qayğıdır. Nəinki universitetə, mən hesab edirəm 
								ki, Azərbaycan elminə, Azərbaycan təhsilinə 
								böyük diqqət və qayğıdır. Ona görə cənab 
								Prezident, icazə verin, bütün təhsil işçiləri 
								adından, o cümlədən Bakı Dövlət Universitetinin 
								kollektivi adından Sizə dərin minnətdarlığımızı 
								bildirək.  
								
								Bu gün biz çox şadıq ki, möhtərəm Prezidentimiz 
								cənab İlham Əliyev ilə birlikdə Heydər Əliyev 
								Fondunun Prezidenti, Milli Məclisin deputatı 
								Mehriban xanım Əliyeva da burada iştirak edir. 
								Onun bütün fəaliyyəti həmişə bizi 
								şərəfləndiribdir. O, bizim qürur yerimiz 
								olubdur. Bütün sahələrə kömək və dəstək 
								veribdir. İcazə verin, bu tarixi fəaliyyətinə 
								görə hörmətli Mehriban xanıma da öz 
								təşəkkürümüzü bildirək.  
								
								Bakı Dövlət Universitetinin şanlı yubileyində 
								Avropadan, Asiyadan, ümumiyyətlə, dünyanın ən 
								aparıcı universitetlərinin rektorları, nümayəndə 
								heyətləri iştirak edirlər. İcazə verin, bütün 
								kollektiv adından, bütün tədbir iştirakçıları 
								adından qonaqlarımızı bu qocaman elm və təhsil 
								məbədində bir daha salamlayaq.  
								
								Mən çıxışımı ümummilli liderimiz Heydər Əliyevin 
								tarixi sözləri ilə başlamaq istəyirəm: "Bakı 
								Dövlət Universiteti Azərbaycan xalqının milli 
								sərvətidir". Universitetimiz bu milli sərvət 
								adını qazanmaq yolunda hansı acılı-ağrılı 
								günlərdən keçib, hansı nailiyyətlər əldə edib və 
								bu gün gələcək haqqında nə düşünür - bu 
								istiqamətdə qısa çıxışımı sizin nəzərinizə 
								çatdırmaq istəyirəm.  
								
								Bakı Dövlət Universiteti hər zaman xalqın milli 
								şüurunun, milli özünüdərkinin yetkinləşməsi, 
								maarifçilik ideologiyasının bərqərar olması, elm 
								və təhsilin inkişafı, Azərbaycan dili və 
								tarixinin sistemli şəkildə tədqiqi və 
								Azərbaycançılıq ideologiyasının formalaşmasında 
								əvəzsiz rol oynamışdır. Hələ 90 il bundan əvvəl 
								universitetin ilk rektoru Vasili İvanoviç 
								Razumovski demişdir: "Azərbaycan öz maarif 
								ocağını yaratdı. Türk xalqının tarixinə yeni bir 
								parlaq səhifə yazıldı. Avropa və Asiyanın 
								qovuşuğunda yeni məşəl yandı. Mən Bakı Dövlət 
								Universitetinin parlaq gələcəyinə inanıram".
								 
								
								Yarandığı gündən indiyə qədərki bütün fəaliyyəti 
								ilə Bakı Dövlət Universiteti həmin sözləri 
								həqiqətə çevirmişdir. XX əsrin əvvəllərində 
								Azərbaycan demokratik respublika qurmaqla 
								xalqımız Şərq dünyasına respublika məfkurəsini 
								və demokratik idarə üsulunu gətirdi. Mövcud 
								olduğu qısa müddət ərzində Azərbaycan Xalq 
								Cümhuriyyətinin həyata keçirdiyi ən mühüm 
								tədbirlərdən biri də müsəlman Şərqində ilk 
								Avropa tipli ali məktəbin - Bakı Dövlət 
								Universitetinin yaranması oldu. Xalqın 
								maariflənməsini və təhsilin inkişafını düşünən 
								Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin - 
								Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, 
								Nəsib bəy Yusifbəyli, Məmməd Əmin Rəsulzadə, 
								Əhməd bəy Ağayev, Behbud xan Cavanşir və 
								başqalarının başlıca arzularından biri 
								universitet açmaq idi. Qeyd etmək istəyirəm ki, 
								Bakı Dövlət Universitetinin yaradılmasında 
								tarixi xidmətlər göstərmiş bu vətənpərvər 
								ziyalıların əksəriyyəti Avropanın qabaqcıl 
								universitetlərində təhsil almışdılar. 
								Parlamentdə 10 ay sürən gərgin mübahisə və 
								müzakirələrdən sonra onlar həyatlarının bəlkə də 
								ən böyük arzusuna qovuşdular. Müstəqil dövlətin 
								müstəqil ali təhsil ocağını - Bakı Dövlət 
								Universitetini yarada bildilər.  
								
								Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan 
								Xalq Cümhuriyyətinin yaratdığı bir çox 
								təsisatlar, dövlət rəmzləri ləğv edilmiş, ilk 
								müstəqil dövlətimizin özü kimi onlar da yalnız 
								arxiv sənədlərində qalmış, vətənpərvər 
								insanların xatirələrində yaşamışdır.  
								
								Xalq Cümhuriyyətinin yaratdığı möhtəşəm elm 
								abidəsi - Bakı Dövlət Universiteti isə 
								təzyiqlərə davam gətirmiş, uzun illər sınaqdan 
								alnıaçıq, şərəflə çıxmış, vətən övladlarına ziya 
								vermək amalını qoruyub saxlamışdır. Azərbaycan 
								mədəniyyəti, elmi, ziyalılığı tarixinə qanlı 
								hərflərlə yazılan 1937-ci il özündə milli 
								təəssübkeşliyi təcəssüm etdirən Bakı Dövlət 
								Universitetinə ağır zərbələr vurdu. 90 illik 
								yubiley ərəfəsində arxiv materiallarını 
								araşdırarkən belə bir acınacaqlı fakt da 
								aşkarlandı ki, təkcə 1937-ci ildə 2 dekan, 2 
								dekan müavini, 4 kafedra müdiri, kitabxananın 
								direktoru, elmi katib, xüsusi hissənin müdiri, 
								partiya və komsomol təşkilatlarının rəhbərləri, 
								8 professor, həmçinin universitetin rektoru 
								olmuş dörd görkəmli ziyalı - Tağı Şahbazi, 
								Maqsud Məmmədov, Məmmədkərim Ələkbərli, Balabəy 
								Həsənbəyov ən ağır cəzaya - güllələnməyə məhkum 
								edilmişlər. Bu insanların hər birinin Azərbaycan 
								ziyalılığının formalaşmasında və təşəkkülündə 
								müstəsna xidmətləri olmuşdur.  
								
								1930-cu illərin repressiyalarına, İkinci Dünya 
								müharibəsi illərindəki itkilərə baxmayaraq, 
								artıq 1945-1950-ci illərdə Bakı Dövlət 
								Universiteti Azərbaycanda elmi məktəblərin 
								formalaşmasında, fundamental elm sahələrinin 
								əsaslı inkişafında əvəzsiz rolu olan yüzlərlə 
								dəyərli alim yetişdirə bilmişdir. Böyük şərəf 
								hissi duyuruq ki, elmin yüksək zirvələrini fəth 
								etmiş dünya şöhrətli alimlər - Yusif 
								Məmmədəliyev, Abdulla Qarayev, Cəfər Xəndan 
								Hacıyev, Şəfayət Mehdiyev, Zahid Xəlilov, Həsən 
								Əliyev, Murtuza Nağıyev, Mir Cəlal Paşayev, Musa 
								Əliyev, Həmid Araslı, Bəkir çobanzadə, Nəsir 
								İmanquliyev, Feyzulla Qasımzadə, Heydər 
								Hüseynov, Bəxtiyar Vahabzadə, Mirəli Qaşqay və 
								bir çox başqaları Bakı Dövlət Universitetində 
								çalışmışlar.  
								
								Universitet bugünkü fəaliyyətinə görə məhz 
								yuxarıda adlarını çəkdiyim, həmçinin burada vaxt 
								məhdudiyyəti üzündən adlarını çəkə bilmədiyim 
								yüzlərlə elm və təhsil fədaisinin həyatlarının 
								ən mənalı hissəsini bu möhtəşəm elm və təhsil 
								ocağına həsr edən təkrarsız insanlara borcludur.
								 
								
								Universitetin inkişafında yeni keyfiyyət 
								mərhələsi Azərbaycan xalqının ümummilli lideri 
								Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. 
								Xalqımızın böyük oğlu, ulu öndər Heydər Əliyev 
								məzunu olduğu elm, təhsil və mədəniyyətimizin 
								möhtəşəm məbədinə - Bakı Dövlət Universitetinə 
								xüsusi həssaslıqla yanaşır, ona hər cür qayğı 
								göstərirdi. Heydər Əliyev cəmiyyətin tərəqqisi, 
								elm, mədəniyyət və mənəviyyatın inkişafında 
								təhsilin qüdrətli vasitə olduğunu bilirdi, ona 
								diqqət və qayğını dövlət səviyyəsində prioritet 
								prinsip kimi ön plana çəkirdi. Bu amil 
								Azərbaycanda 1970-ci illərdən başlayaraq Heydər 
								Əliyev epoxasının ölkəmizin mənəvi yüksəliş 
								tarixinin inkaredilməz reallığıdır.  
								
								Əlamətdar haldır ki, düz 40 il bundan əvvəl - 
								1969-cu il noyabr ayının 1-də Heydər Əliyev məhz 
								Bakı Dövlət Universitetinin 50 illik yubileyində 
								yubiley komissiyasının sədri kimi Azərbaycan 
								elminin və təhsilinin inkişaf strategiyasını 
								müəyyənləşdirən möhtəşəm bir nitq söyləmişdir. 
								Onu da xüsusi vurğulamaq istərdim ki, sovet 
								rejiminin bütün qadağalarına baxmayaraq, ulu 
								öndər o dövr üçün inqilaba bərabər bir addım 
								atmış - ana dilində nitq söyləmiş və bu, bütün 
								Azərbaycan cəmiyyəti üçün milli ruha və 
								özünüdərkə qayıdış anı olmuşdur.
								 
								
								Heydər Əliyevin Azərbaycanın gələcəyini 
								düşünərək uzaqgörənliklə atdığı addımlardan biri 
								də gənclərimizi keçmiş Sovetlər İttifaqının 
								nüfuzlu ali məktəblərinə təhsil almağa 
								göndərməsi idi. Bu yolla həm Azərbaycanın elmi 
								və kadr potensialı yüksəlir, həm də xalqımızın 
								milli mənəvi, əxlaqi dəyərlərinin təbliği həyata 
								keçirilirdi. 1969-1982-ci illərdə 15 minə yaxın 
								istedadlı gənc Moskva, Leninqrad, Kiyev, keçmiş 
								Sovetlər Birliyinin başqa böyük şəhərlərinin 
								aparıcı universitetlərinə oxumağa 
								göndərilmişdir. İndi həmin gənclər 
								respublikamızda ziyalı təbəqəsinin, elmin, 
								təhsilin və ictimai həyatın digər sahələrinin 
								aparıcı şəxsləri, dövlət idarəçiliyində ali 
								struktur rəhbərləridirlər. Müxtəlif 
								universitetləri bitirdiklərinə baxmayaraq, mən 
								onları Heydər Əliyev universitetinin 
								yetişdirmələri adlandırıram.  
								
								Yeri gəlmişkən deyim ki, bu gün həmin siyasəti 
								Prezidentimiz İlham Əliyev qlobal cəmiyyət 
								müstəvisində uğurla davam etdirir. Prezidentin 5 
								min nəfər istedadlı gəncin dövlət vəsaiti 
								hesabına Avropa və Asiyanın aparıcı ali 
								məktəblərinə təhsil almağa göndərilməsi barədə 
								qəbul etdiyi qərar və bununla bağlı imzaladığı 
								sərəncamlar Azərbaycanın qlobal cəmiyyət 
								məkanına inteqrasiyası prosesində çox uğurlu 
								addımdır.  
								
								1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə 
								qayıdan Heydər Əliyev Bakı Dövlət Universitetini 
								yaddan çıxarmadı, dövlətin yaradılıb 
								möhkəmlənməsində onun rolunu çox yüksək 
								qiymətləndirdi. Həmin dövrdə Bakı Dövlət 
								Universiteti çox acınacaqlı durumda idi. 
								Tədrisin səviyyəsi aşağı düşmüş, kollektivdə 
								gələcəyə inam hissi qalmamışdı. Təkcə bizim 
								universitet deyil, respublikanın digər təhsil 
								müəssisələri, Milli Elmlər Akademiyası da 
								dağılmaq təhlükəsi ilə üzləşmişdi.  
								
								Bir məsələ xüsusi vurğulanmalıdır ki, həmin 
								dövrdə respublikanın üzdə olan bir çox alimləri 
								xarici ölkələrdə çalışmaq məcburiyyətində 
								qalmışdılar. Məhz Heydər Əliyevin qayıdışı və 
								"Təhsil xalqın gələcəyidir" tarixi çağırışı 
								bütün elmi və pedaqoji ictimaiyyətdə, o cümlədən 
								Bakı Dövlət Univesitetinin kollektivində 
								gələcəyə inam hissi oyatdı və bundan sonra 
								alimlərimizin də Vətənə qayıdışı prosesi 
								başlandı.  
								
								Bu gün də biz həmin siyasətin davamının 
								şahidiyik. Cəmiyyətin inkişaf konsepsiyasını 
								dəqiq müəyyənləşdirən Prezidentimiz İlham Əliyev 
								bu gün həmin çağırışı qlobal müstəviyə 
								keçirərək, ölkənin iqtisadi potensialını 
								intellekt kapitalına çevirmək istiqamətində 
								Azərbaycan üçün taleyüklü addım atır. çünki 
								müasir dünyada dövlətlərin mövqeyini əhalisinin 
								sayı, ərazisi, hərbi qüdrəti yox, yalnız 
								intellektual inkişafı, yəni elm və təhsilin 
								səviyyəsi müəyyənləşdirir. Biz ziyalılar hesab 
								edirik ki, çox da uzaq olmayan gələcəkdə 
								əsgərlərin süngülərini qələm əvəz edəcək və 
								qələmdən məharətlə istifadə edən insanlar 
								ölkənin, cəmiyyətin inkişafında daha da 
								həlledici rol oynayacaqlar.  
								
								Bu istiqamətdə inkişafa böyük diqqət və qayğı 
								göstərən möhtərəm Prezidentimizin apardığı 
								məqsədyönlü və ardıcıl siyasət elm və təhsil 
								sahəsində 26 dövlət proqramının qəbulu, nou-hau 
								tipli innovasiya texnologiyalarının respublikaya 
								transferi və başqa taleyüklü qərarlarla 
								səciyyələnir. Bu siyasətin ən bariz 
								nümunələrindən birini Bakı Dövlət 
								Universitetinin timsalında əyani şəkildə görmək 
								olar. İnkişafının yeni mərhələsini yaşayan 
								universitetimizdə məhz Prezidentin qayğısı və 
								birbaşa dəstəyi ilə yalnız son bir ildə 4 min 
								tələbənin təhsil aldığı ən müasir texniki 
								avadanlıq və ləvazimatla təchiz edilmiş yeni 
								tədris binası, yeni idman kompleksi, 500 əməkdaş 
								üçün 2 müasir yaşayış kompleksi tikilib 
								istifadəyə verilmişdir.  
								
								Hörmətli yubiley iştirakçıları, möhtərəm 
								Prezidentimiz İlham Əliyevin tarixi xidmətlərini 
								yalnız universitetlə məhdudlaşdırmaq olmaz. Onun 
								ümumilikdə Azərbaycan elmi və təhsili qarşısında 
								müstəsna xidmətləri vardır. Azərbaycan 
								dövlətçiliyinin daha da möhkəmləndirilməsində, 
								beynəlxalq nüfuzunun yüksəldilməsində, ölkə 
								iqtisadiyyatının sürətli inkişafında, siyasi 
								sabitliyin qorunub saxlanmasındakı misilsiz 
								xidmətlərini nəzərə alan universitetin Elmi 
								Şurası son iclasında Prezident İlham Əliyevə 
								Bakı Dövlət Universitetinin fəxri doktoru adı 
								verilməsi barədə qərar qəbul etmişdir. 
								 
								
								Hörmətli toplantı iştirakçıları, icazə verin, 
								sonda bu şanlı yubiley münasibətilə bir daha hər 
								birinizi təbrik edim və dediyim tarixi missiyanı 
								həyata keçirmək üçün möhtərəm Prezidentimizi 
								səhnəyə dəvət edim.  
								
								
								*** 
								
								BDU-nun rektoru Abel Məhərrəmov dövlətimizin 
								başçısına fəxri doktorluq mantiyasını və 
								diplomunu təqdim etdi.  
								
								Prezident İlham ƏLİYEV təşəkkür edərək dedi: - 
								Sağ olun. Bakı Dövlət Universitetinin Fəxri 
								doktoru adının verilməsi mənim üçün böyük 
								şərəfdir. Mən müxtəlif universitetlərin fəxri 
								doktoruyam. Ancaq, əlbəttə ki, mənim üçün ən 
								doğma olan Bakı Dövlət Universitetinin fəxri 
								doktoru adını almaq xüsusi məmnunluq hissləri 
								oyadır. Mənim fəaliyyətimə verilən bu yüksək 
								qiymətə görə sizə bir daha öz dərin 
								minnətdarlığımı bildirmək istəyirəm. Sizi əmin 
								etmək istəyirəm ki, Bakı Dövlət Universitetinin 
								hərtərəfli inkişafı üçün bundan sonra da əlimdən 
								gələni əsirgəməyəcəyəm.  
								
								
								*** 
								
								M.V.Lomonosov adına Moskva Dövlət 
								Universitetinin rektoru, akademik Viktor 
								SADOVNİçİ çıxış edərək dedi:  
								
								- Möhtərəm İlham Heydər oğlu, icazə verin, bütün 
								nümayəndə heyətləri adından, Moskva Dövlət 
								Universiteti adından Bakı Dövlət Universitetinin 
								Fəxri doktoru kimi çox yüksək ada layiq 
								görülməyiniz münasibətilə Sizi təbrik edim.
								 
								
								Hörmətli Prezident!  
								
								Hörmətli həmkarlar!  
								
								Əziz rektor!  
								
								Bu gün biz, həqiqətən, çox əlamətdar bir 
								tədbirdə - universitetin yubileyində iştirak 
								edirik. Universitetin yubileyi hər bir ölkə üçün 
								əlamətdar hadisədir. çünki məhz universitetlər 
								ölkənin gələcəyinin cəmləşdiyi məkandır. ölkənin 
								gələcəyinin necə olacağı məhz universitetlərdən 
								asılıdır. Biz hamımız böhran adlandırılan 
								dəhşətli dövrü yaşadıq. Lakin həm böhran, həm də 
								cəmiyyətdəki digər təzahürlər, adətən, texnoloji 
								sistemlərin dəyişməsi ilə əlaqədardır. 
								Texnologiyalar dəyişir, - bəşəriyyətin bütün 
								tarixi boyu çox texnologiyalar dəyişmişdir, - 
								insanlar stress keçirir, bu və ya digər 
								sarsıntılara məruz qalırlar. Yalnız güclü elmə 
								malik olan və təhsili dəstəkləyən ölkə bu 
								sarsıntılardan tez və itkisiz çıxa bilər. İndi 
								demək olar ki, bütün alimlər belə bir suala 
								cavab axtarırlar: "Yeni texnoloji sistem necə 
								olacaq, bəşəriyyəti nə gözləyir?". Mənasız sual 
								deyil, çünki bu, faktdır ki, bizi əhatə edən 
								materiyanın yalnız 5 faizini anlayırıq, 95 
								faizinin isə mənşəyindən xəbərsizik. Hər şey 
								hələ irəlidədir. Alimlərin əksəriyyətinin 
								fikrincə, yeni texnoloji sistem 
								nanotexnologiyalar, biotexnologiyalar, koqnitiv 
								adlanan elmlərin, insan haqqında, beyin 
								haqqında, psixologiya haqqında elmlərin məcmusu 
								olacaqdır. Təbii ki, buna görə də ölkələrimiz 
								yeni texnoloji sistemi qəbul etməyə hazır 
								olmalıdırlar. Mən çox şadam ki, Azərbaycan 
								universitetinin ölkə üçün belə mütəxəssislər 
								hazırlamaqdan ötrü yetərincə bazisi və imkanları 
								vardır. çünki universitet şərəfli tarixə 
								malikdir. Bütün 90 il ərzində universitet digər 
								universitetlərin ən yaxşı nümunələrini əxz 
								etmişdir. İndi bu mərasimdə iştirak edən 
								rektorların əksəriyyəti deyə bilərlər ki, biz də 
								universitetlə əməkdaşlıq etmişik. Moskva 
								Universitetinin rektoru kimi, mən də deyə 
								bilərəm ki, biz də Bakı Dövlət Universiteti ilə 
								əməkdaşlıq etmişik.  
								
								Dəfələrlə Bakıya müxtəlif konfranslarda, 
								dissertasiyalara opponentlik etmək üçün gəldiyim 
								illəri xatırlayıram. Bəlkə də 10-dan çox 
								dissertasiyaya opponentlik etmişəm, rəy 
								yazmışam. Mən Azərbaycan xalqının ölkədə elmin 
								inkişafı üçün çox işlər görmüş görkəmli 
								nümayəndələrini, ilk növbədə, mənə daha yaxın 
								olan riyaziyyatçıları xatırlayıram. Bu, Elmlər 
								Akademiyasının prezidenti Xəlilov, Elmlər 
								Akademiyasının prezidenti Maqsudov, gözəl 
								alimlər Rəsulov, Allahverdiyev, - bəlkə də o, 
								indi buradadır, - və onlarla başqalarıdır. 
								Salona daxil olmazdan əvvəl dəhlizdə çox 
								insanlarla söhbət etdim. Onlar bu və ya digər 
								kafedra, bu və ya digər professor barədə 
								soruşur, harada müdafiə etdiklərindən danışır, 
								qonaq gələcəklərini deyirdilər. Hörmətli 
								dostlar, Bakı Universitetinin professorları, bu, 
								o deməkdir ki, tariximizin və ənənələrimizin 
								ümumi cəhətləri çoxdur.  
								
								Mən tariximizin Heydər Əlirza oğlu Əliyev ilə 
								bağlı səhifələrini xüsusilə xatırlamaq istərdim. 
								İş elə gətirmişdir ki, Heydər Əlirza oğlu SSRİ 
								Nazirlər Sovetində işləyərkən Moskva 
								Universitetinə kuratorluq edirdi. O zaman Moskva 
								Universiteti çətin vəziyyətə düşmüşdü. O vaxtkı 
								nazir, - bu, həmişə belə olur, bütün ölkələrdə 
								olduğu kimi, nazirlər aparıcı universitetlərə 
								bir qədər ehtiyatla yanaşırlar, - Moskva 
								Universitetinə təzyiq göstərməyə başlamışdı. Elə 
								onda Heydər Əlirza oğlu Moskva Universitetinin 
								inkişaf proqramını yaratdı. Gənc ictimai xadim 
								kimi mənə bu proqramın həyata keçirilməsinə 
								kuratorluq etmək tapşırılmışdı. Sonralar Heydər 
								Əlirza oğlu ilə dəfələrlə görüşərək ona 
								universitetdəki vəziyyət barədə məlumat 
								verirdim, o isə bütün soyadları xatırlayırdı və 
								məndən kimin nə ilə məşğul olduğunu, Moskva 
								Universitetində görüşdüyü bütün professorları 
								soruşurdu. Mən Azərbaycan xalqının görkəmli 
								oğlunun Moskva Universitetinin inkişafına 
								töhfələrindən danışdım. ölkə üçün görülən 
								işlərdən burada danışılmışdır və hələ çox 
								danışılacaq, çünki Heydər Əlirza oğlu Azərbaycan 
								xalqının tarixində, həqiqətən, dönüş 
								mərhələlərinin əsasını qoymuşdur.  
								
								Nəhayət, bugünkü gün. Bilirsiniz, mən çox şadam. 
								Düşünürəm ki, biz hamımız taleyə, tarixə 
								minnətdar olmalıyıq ki, indi dövləti layiqli 
								Prezident İlham Heydər oğlu Əliyev idarə edir. 
								Bunu ona görə deyirəm ki, Prezidentin təhsilin - 
								həm ali, həm də orta təhsilin dəstəklənməsinə 
								dair göstərişinə əsasən görülən böyük işlərdən 
								və onların nəticələrindən xəbərim vardır. 
								Düşünürəm ki, heç bir ölkə Azərbaycanda olduğu 
								kimi, məktəblərə dəstək üzrə belə göstəricilər 
								ortaya qoya bilməz. Praktiki olaraq bütün 
								məktəblər təmir edilmişdir, avadanlıqla təchiz 
								olunur və ən başlıcası məktəb proqramı daim 
								Prezidentin və onun hörmətli həyat yoldaşının, 
								ölkənin birinci xanımının diqqət mərkəzindədir. 
								Buna görə təkcə azərbaycanlılar deyil, biz 
								hamımız minnətdar olmalıyıq. çünki 
								universitetlərin, məktəblərin himayə olunması 
								beynəlmiləl məsələdir, bəşəriyyətin ümumi 
								inkişafıdır. Əgər bir ölkədə universitetlərə və 
								məktəblərə kömək göstərilirsə, bu, bütün dünyaya 
								xidmət deməkdir. Buna görə, İlham Heydər oğlu, 
								Sizə həqiqətən, çox-çox minnətdarıq.  
								
								Tarixin daha bir səhifəsi barədə danışmaq 
								istəyirəm. İki il bundan əvvəl Prezident 
								tərəfindən qəbul edilmək şərəfinə nail oldum və 
								həmin görüşdə Moskva Universitetinin Bakıda 
								filialının yaradılması ideyası meydana gəldi. 
								Bilirsiniz, bu ideya Prezident tərəfindən 
								dəstəkləndi və görünməyən sürət və keyfiyyətlə 
								həyata keçirildi. İndi Bakıda Moskva 
								Universitetinin filialı fəaliyyət göstərir. 
								Orada 200-ə yaxın tələbə təhsil alır. Həmin 
								filialda dörd fakültə - riyaziyyat, kimya, 
								filologiya, psixologiya fakültələri 
								yaradılmışdır. Bu filialın gözəl perspektivləri 
								vardır. Filialın möhtəşəm kampusunun tikintisi 
								nəzərdə tutulur. Hesab edirəm ki, Moskva 
								Universiteti Bakıda belə elmi bazanın 
								yaradılması üçün hər şeyi edəcəkdir. Biz 
								çalışacağıq ki, gənclər müxtəlif 
								universitetlərdə təhsil alsınlar, mobil 
								imkanları olsun. Bizim filial isə onların kosmik 
								ənginliklərə uçuşları üçün start meydançası, bir 
								növ Baykonur olacaqdır. Filiala kömək 
								göstərdiyinizə görə Sizə "Sağ olun" deyirəm.
								 
								
								Nəhayət, sonda demək istəyirəm ki, Bakı 
								Universiteti mənim üçün əzizdir. Universitet 
								həyatımla bağlı müxtəlif səbəblərə - burada çox 
								olmağıma, opponentlik etdiyimə, çoxlarını 
								tanıdığıma görə mənə əzizdir. Doktorluq 
								dissertasiyamı müdafiə etdiyim gün, bu çoxdan 
								olmuşdur, mən Bakıya gəldim. Biz burada, dənizin 
								sahilində, Zuğulbada yaşayırdıq. Bu hadisə ilə 
								əlaqədar orada kiçik konfrans keçirildi. Bu, 
								həyatımın ən parlaq səhifələrindən biridir. 
								Təsəvvür edirsiniz, insan 30 yaşında doktorluq 
								dissertasiyasını müdafiə edib, dostlarının 
								yanına gəlib, konfrans keçirilir. Bu, qəlbimə 
								həkk olunub. Buna görə də mən Bakı 
								Universitetini, onun rektorunu, yeri gəlmişkən, 
								Moskva Universitetinin məzununu səmimi-qəlbdən 
								təbrik edirəm. Zalda rektor Abel Məmməd oğlu 
								Məhərrəmovun müəllimi, dünyanın görkəmli 
								kimyaçısı, akademik Nikolay Serafimoviç Zefirov, 
								habelə kimya fakültəsinin dekanı, görkəmli 
								kimyaçı, akademik Lunin əyləşmişlər. Biz 
								gəlmişik ki, - burada Moskva Universitetindən 40 
								nəfər - filialda dərs deyənlər və qonaqlar 
								vardır, - Abel Məmməd oğlu, sizi gözəl 
								yubileyiniz münasibətilə təbrik edək. Xahiş 
								edirik, bizim kiçik hədiyyələrimizi qəbul 
								edəsiniz. Gətirdiyimiz kitabların bir hissəsini 
								sizə təqdim etmək istəyirik. Bu, nadir 
								nəşrlərdir - klassik universitet dərslikləridir. 
								Bu, klassik universitet fənlərinin 
								dərslikləridir. Bütün 250 dərslik Bakı 
								Universitetinə hədiyyə ediləcəkdir.  
								
								İlham Heydər oğlu, Siz Moskva Universitetinin 
								fəxri professorusunuz, bir neçə il bundan əvvəl 
								bu yüksək ada layiq görülmüşsünüz. Sizə nadir 
								hədiyyə təqdim etməyi məndən xahiş etmişlər. Bu, 
								Moskva Universitetinin minadan hazırlanmış 
								rəmzidir və ən başlıcası yeganə nüsxədə 
								hazırlanmışdır. İcazə verin onu Sizə təqdim 
								edim.  
								
								
								*** 
								
								Akademik Viktor Sadovniçi hədiyyəni Prezident 
								İlham Əliyevə təqdim etdi.  
								
								
								*** 
								
								Türkiyənin Atatürk Universitetinin rektoru 
								Hikmət KOçAK ulu öndər Heydər Əliyevin və 
								Atatürkün Azərbaycan-Türkiyə münasibətlərinə 
								verdiyi mühüm töhfələri xatırladaraq dedi: - 
								Mərhum Prezident Heydər Əliyevin "Bir millət, 
								iki dövlət" və Türkiyə Respublikasının qurucusu 
								Mustafa Kamal Atatürkün "Sizin kədəriniz bizim 
								kədərimiz, sizin sevinciniz bizim sevincimiz" 
								ifadələrinin təcəssüm tapdığı yerlərdən biri də 
								Ərzurumdur. Biz Türkiyəni və Azərbaycanı belə 
								görürük. Bu duyğular içərisində olan Atatürk 
								Universiteti də daha əvvəl qəbul etdiyi qərarı, 
								hörmətli Prezident İlham Əliyevə Atatürk 
								Universitetinin Fəxri doktoru adını təqdim etmək 
								istədiyimizi və qəbul edərsə bizi 
								sevindirəcəyini bildirmişdik. Bu gün fəxri 
								doktor adını Bakı Dövlət Universitetindən 
								aldınız. İnşallah, biz fəxri doktor adını 
								Zati-alilərinə özünün münasib bildiyi bir vaxtda 
								təqdim etmək istəyirik. çünki mərhum Prezident 
								Heydər Əliyev də bizim universitetin fəxri 
								doktoru adını almış böyüklərimizdən biri idi.
								 
								
								Atatürk Universiteti olaraq və Türkiyədən gələn 
								dostlarım adından neçə belə müvəffəqiyyətli 90 
								illər keçirməyiniz diləyi ilə öz adımdan və 
								dostlarım adından hamınızı hörmətlə 
								salamlayıram.  
								
								
								*** 
								
								Tbilisi Dövlət Universitetinin rektoru, 
								professor Giorgi XUBUA da mərasim 
								iştirakçılarına təbriklərini çatdıraraq 
								bildirdi: - Cənab İlham Əliyevə Tbilisi Dövlət 
								Universitetinin fəxri doktoru adının verilməsi 
								haqqında qərar qəbul edilmişdir. Cənab 
								Prezident, ümidvarıq ki, tezliklə Sizi Tbilisi 
								Dövlət Universitetinin qonağı kimi salamlamaq və 
								fəxri doktor adı almağınız barədə diplomu Sizə 
								təqdim etmək imkanımız olacaqdır.  
								
								Azərbaycan və Gürcüstan təkcə qonşu deyildir. 
								Biz çox böyük dostlar, strateji tərəfdaşlarıq. 
								Qonşuluq bir-birimiz haqqında çoxlu biliklərə 
								malik olmağımızı tələb edir və bu baxımdan, 
								universitetlərimizin xüsusi missiyaları vardır. 
								Biz istəyirik ki, Gürcüstanda Azərbaycan 
								haqqında, Azərbaycan mədəniyyəti, Azərbaycan 
								tarixi haqqında bilsinlər. Bu baxımdan, 
								universitetimiz, həqiqətən, fəxr edə bilər. İki 
								il əvvəl biz Azərbaycanşünaslıq üzrə yeni 
								akademik kurs yaratmışıq və tələbələrimiz bu 
								kursa böyük maraq göstərirlər. Universitetimizdə 
								Azərbaycan auditoriyası da uğurla fəaliyyət 
								göstərir. Yeri gəlmişkən, bu auditoriya 
								Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi 
								ilə açılmışdır. Azərbaycan auditoriyasının 
								ideyası və fəlsəfəsi bundan ibarətdir ki, 
								auditoriyaya daxil olan hər bir tələbə 
								Azərbaycanın ruhunu hiss etsin. Mən çox şadam 
								ki, tələbələrimiz arasında belə bir deyim 
								yaranmışdır - onlar Azərbaycan ədəbiyyatına dair 
								mühazirələri dinləməyə gedəndə söyləyirlər: 
								"Gəl, azərbaycanlıların yanına gedək". Bunu 
								eşitmək çox xoşdur. Düşünürəm ki, 
								universitetlərimiz regional inteqrasiya 
								baxımından çox işlər görməlidir.  
								
								Azərbaycan-Gürcüstan dostluğunun bundan sonra da 
								möhkəmlənəcəyinə əminliyini  vurğulayan qonaq 
								təbriklərini  çatdıraraq  bildirmişdir: - Bir 
								daha Bakı Dövlət Universitetini şanlı yubiley 
								münasibətilə təbrik edirəm. Bakı Dövlət 
								Universitetinin bütün professorlarını, bütün 
								tələbələrini, bütün nəsillərdən olan məzunlarını 
								yubiley münasibətilə təbrik edirəm. Bir daha 
								sizə böyük uğurlar arzulayıram.  
								
								
								*** 
								
								Tehran Universitetinin rektoru, professor 
								Nəsrətollah ZANQHAM da BDU-nun yubileyi 
								münasibətilə təbriklərini çatdıraraq söylədi: - 
								Bakı Dövlət Universitetinin 90 illik yubileyi 
								münasibətilə sizi səmimi-qəlbdən təbrik edirəm.
								 
								
								Azərbaycan və İran universitetləri arasında həm 
								mədəni, həm də digər göstəricilər baxımından iki 
								əsas oxşarlıq vardır. İranın Kiş beynəlxalq 
								kampusu ilə Bakı Dövlət Universitetinin çox uzun 
								təhsil və tələbə mübadiləsi əlaqələri vardır. 
								Biz belə düşünürük ki, bir çox sahələr üzrə 
								faydalı əməkdaşlıq edə bilərik. İki qonşu dövlət 
								arasında bu sahədə görüləcək işlər vardır. Biz 
								böyük həvəs hissi ilə universitetlərimiz 
								arasında əməkdaşlığın daha da 
								genişləndirilməsini istəyirik və bunun 
								əzmindəyik.  
								
								Fürsətdən istifadə edərək, mən hamınıza uğurlar 
								arzu etmək istəyirəm. Təşəkkür edirəm. 
								 
								
								
								*** 
								
								ölkəsi ilə Azərbaycan arasında münasibətlərin 
								yüksək səviyyədə olduğunu qeyd edən Lev Qumilyov 
								adına Qazaxıstan Avrasiya Milli Universitetinin 
								rektoru Baxitjan ABDRAİMOV Bakı Dövlət 
								Universitetinin mənəvi dəyərlərin təbliğindəki 
								rolunu vurğulayaraq bildirdi: - Həm 
								universitetlərimiz, həm də xalqlarımız arasında 
								hazırkı münasibət çox yüksək səviyyədədir. 
								Qazaxıstanda, Almatıda və digər şəhərlərimizdə 
								sülh şəraitində yaşayan 100 mindən çox 
								azərbaycanlının öz ana dillində təhsil almaq 
								imkanları vardır. Azərbaycan ilə Qazaxıstanın 
								qardaşlıq münasibətləri çox böyük tarixi köklərə 
								malikdir. Tarix boyunca bu qardaşlıq 
								münasibətinə ləkə gətirən, kölgə salan elə bir 
								hadisə olmamışdır. Bu gün də münasibətlərimiz 
								prezidentlər səviyyəsində təşəkkül tapır. 
								Prezident İlham Əliyev bu münasibətlərin 
								inkişafına çox böyük töhfə vermişdir. 
								Müstəqillik dövründə dövlətlərimiz arasında 65 
								rəsmi sənəd imzalanmışdır. Onlardan biri bu 
								yaxınlarda imzalanmış Naxçıvan Bəyannaməsidir. 
								Həmin bəyannamə türkdilli dövlətlər üçün çox 
								vacibdir. Burada aydın bildirilmişdir ki, bu 
								münasibətlər nə qədər vacibdir.  
								
								Avrasiya Milli Universiteti haqqında danışarkən 
								demək istərdim ki, universitetimizdə Heydər 
								Əliyev guşəsi vardır. Məncə, bu da xalqlarımız 
								arasındakı sıx əlaqənin bir nümunəsidir. Guşədə 
								tələbələr Azərbaycanın ümummilli liderinin 
								həyatı və fəaliyyəti, həmçinin qardaş Azərbaycan 
								xalqının milli adət-ənənələri haqqında zəngin 
								məlumat əldə edə bilərlər.  
								
								Avrasiya Universitetləri Assosiasiyasının XI 
								konqresində Bakı Dövlət Universiteti və Avrasiya 
								Milli Universiteti qarşılıqlı anlaşma və 
								əməkdaşlıq haqqında Memorandum imzalamışlar. 
								Avrasiya məkanında əməkdaşlıq çox vacib və 
								labüddür. Bir halda ki, xalqlarımız ümumi tarixə 
								malikdirlər, qardaşlıq münasibətləri vardır və 
								biz xalqlarımıza bu varis ənənələri inkişaf 
								etdirmək fürsəti və imkanları yaratmalıyıq.
								 
								
								Qonaq iki ölkə arasında dostluq münasibətlərinin 
								bundan sonra daha da inkişaf etdiriləcəyinə 
								əminliyini bildirərək dedi: - Arzu edirik ki, 
								xalqlarımız arasında dostluq və qardaşlıq 
								əlaqələri daha da möhkəmlənsin və ölkələrimiz 
								daha da inkişaf etsin.  
								
								
								*** 
								
								Bakı Dövlət Universitetinin 90 illik yubileyinə 
								həsr olunan mərasimdə iştirak edən Prezident 
								İlham Əliyev və xanımı Mehriban Əliyeva bu 
								təhsil ocağındakı Heydər Əliyev Muzeyinə 
								baxdılar. 1996-cı ildə yaradılmış muzeydə 
								universitetin dünya şöhrətli məzunu, xalqımızın 
								ümummilli lideri, bu ali təhsil ocağının fəxri 
								doktoru və qayğıkeşi olan dahi şəxsiyyət barədə 
								tarixi sənədlər və materiallar toplanmışdır. 
								Həmin materiallar universitetdə təhsil alan hər 
								bir tələbə üçün örnəkdir.  
								
								Sonda xatirə şəkli çəkdirildi.  
								
								
								AzərTAc |