| 
								 
								
								
								(Əvvəli qəzetimizin ötən saylarında)  
								
								
								"Rasionallaşdırma və məktəblərin maddi-texniki 
								bazasının möhkəmləndirilməsi" alt-komponenti 
								çərçivəsində beynəlxalq və milli məsləhətçilər 
								tərəfindən hər bir pilot rayon üzrə məktəb 
								şəbəkələrinin rasionallaşdırılması planları 
								hazırlanıb təsdiq edilmişdir. Qeyd olunan 
								rasionallaşdırma planlarının icrası hazırda da 
								davam etdirilir. Bu planlarda nəzərdə tutulan 
								müvafiq tədbirlərin 2005-ci ilin əvvəlindən 
								başlayaraq ardıcıl həyata keçirilməsinin 
								nəticəsidir ki, rasionallaşdırmanın əsas 
								göstəricilərindən hesab edilən şagird-müəllim 
								nisbəti əvvəlki illərlə müqayisədə xeyli 
								dəyişmiş, İsmayıllı rayonunda 8,5-dən 10-a, Ucar 
								rayonunda 11-dən 11,6-ya, Şirvan şəhərində 
								10,8-dən 12,05-ə çatdırılmışdır.  
								
								
								Bundan əlavə, rasionallaşdırma planlarına əsasən 
								müəyyən olunmuş 41 məktəb, o cümlədən İsmayıllı 
								rayonunda 23, Ucar rayonunda 15 və Şirvan 
								şəhərində 3 məktəb əsaslı təmir edilmişdir. 
								Təmir olunmuş məktəblər, həmçinin məktəb mebeli 
								(müəllim üçün stol, stul, şagird partası və yazı 
								lövhəsi), kompüter və digər müvafiq audiovizual 
								avadanlıqlarla təchiz edilmişdir. Alt-komponent 
								çərçivəsində pilot rayonların təhsil şöbələrinə 
								də  ofis  mebeli  və kompüter  avadanlıqları 
								verilmişdir. 
								
								
								Nəzərdə tutulan əsas tədbirlərdən biri də 
								beynəlxalq və milli məsləhətçilər qrupu 
								tərəfindən "Azərbaycan Respublikasında yeni 
								tipli müasir məktəb binalarının 
								layihələşdirilməsinə dair təlimat"ın 
								hazırlanması olmuşdur. Həmin təlimatda məktəb 
								binalarının layihələndirilməsi prosesində 
								coğrafi şəraitin ciddi şəkildə nəzərə alınması, 
								təhlükəsizlik və yanğından mühafizə qaydalarının 
								gözlənilməsi, müasir inşaat normaları əhatə 
								olunmuşdur.  
								
								
								"Təhsil almaq üçün bərabər hüquq və imkanlar: 
								Məktəb Qrantı Proqramı" komponentinin tətbiqi 
								ilə pilot rayonlarda məktəblərin məhdud 
								ehtiyatlarının artırılmasına, yüksək keyfiyyətli 
								təhsil almaq üçün şəraitin yaradılmasına, əlavə 
								maliyyə vəsaiti əldə etməklə təlim-tərbiyə 
								prosesində innovasiyaların tətbiqinə nail 
								olunmuşdur. 
								
								
								Məktəb Qrantı Proqramı üç mərhələdə həyata 
								keçirilmişdir. Hər bir mərhələnin icrasına Açıq 
								Cəmiyyət İnstitutu-Yardım Fondunun təşkil etdiyi 
								xüsusi treninqlərlə başlanmışdır. I-II 
								mərhələlərdə İsmayıllı rayonu üzrə 82, Ucar 
								rayonu üzrə 44, Şirvan şəhəri üzrə 16 məktəb, 
								beləliklə, 3 pilot rayon üzrə 147 məktəbdən 
								142-si layihə tərtibində iştirak etmişdir. 
								Layihələrin qiymətləndirilməsində debat təhsil 
								və təlim-resurs mərkəzlərinin, ayrı-ayrı fənn 
								kabinetlərinin, kitabxanaların yaradılmasına, 
								fənlərin tədrisində innovasiyaların tətbiqinə 
								üstünlük verilmişdir. 65 məktəbin bir, 36 
								məktəbin iki, 12 məktəbin isə üç layihəsi qalib 
								elan edilmişdir. Məktəb Qrantı Proqramı 
								Respublika Komissiyasının yekun rəyi əsasında 
								İsmayıllı rayonunun 100 (409008 AZN dəyərində), 
								Ucar rayonun 53 (205461 AZN dəyərində), Şirvan 
								şəhərinin 20 (83587 AZN dəyərində) layihəsi 
								Dünya Bankı tərəfindən maliyyələşdirilmişdir. 
								Hər üç rayonun iştirakı ilə 2007-ci ilin mayında 
								I-III mərhələnin nəticəsinə dair geniş sərgi 
								keçirilmişdir. 
								
								
								Təhsil Sektorunun İnkişafı layihəsində 
								"İdarəetmə, planlaşdırma və monitorinq" əsas 
								komponentlərdən biri kimi diqqət mərkəzində 
								saxlanılmış, "Şagird nailiyyətlərinin 
								qiymətləndirilməsi", "Təhsilin İdarəolunmasının 
								Məlumat Sistemlərinin (TİMS) yaradılması", 
								"İdarəetmə və planlaşdırma imkanları" 
								alt-komponentləri çərçivəsində həyata 
								keçirilmişdir. 
								
								
								Məlum olduğu kimi, müasir dövrdə Azərbaycan 
								təhsilinin inkişafını ardıcıl müşahidə etmək, 
								onu vaxtaşırı dəyərləndirməklə 
								istiqamətləndirmək üçün dünya standartlarına 
								uyğun dinamik bir qiymətləndirmə sisteminin 
								olmasına ehtiyac yaranmışdır. İslahatın bu 
								mərhələsində belə bir layihənin 
								müəyyənləşdirilməsi, qiymətləndirmə sahəsində 
								tədbirlərin hazırlanıb həyata keçirilməsi məhz 
								həmin boşluğu doldurmaq zərurətindən irəli 
								gəlmişdir. Bununla əlaqədar "Şagird 
								nailiyyətlərinin qiymətləndirilməsi" 
								alt-komponenti çərçivəsində, ilk olaraq, 
								təşkilati məsələlərin həllinə diqqət yetirilmiş, 
								qiymtələndirmə sahəsindəki fəaliyyətləri təşkil 
								etmək və istiqamətləndirmək üçün institusional 
								baza formalaşdırılmışdır. 2005-ci ildə 
								qiymətləndirmə sahəsində qabaqcıl təcrübəni 
								öyrənmək məqsədilə Hollandiyaya tədris səfəri 
								təşkil edilmişdir.  
								
								
								Növbəti mərhələdə müstəqil ölkə kimi 
								Azərbaycanın dünya təhsil məkanına 
								inteqrasiyası, şagirdlərin nailiyyətləri ilə 
								Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramına 
								(PİSA) qoşulması istiqamətində də lazımi 
								tədbirlər görülmüşdür. İlkin sazişlər bağlanmış, 
								məlumatlar bazası yaradılmış, ölkə meneceri 
								seçilməklə onun fəaliyyəti təşkil olunmuş, digər 
								hazırlıq işləri aparılmışdır. Nəhayət, 
								Azərbaycan Respublikası Beynəlxalq 
								Qiymətləndirmə Proqramında iştirak etmiş və bu 
								proqram çərçivəsində ümumtəhsil məktəblərinin 15 
								yaşlı şagirdlərinin təlim nailiyyətləri 2006-cı 
								ilin aprel-may aylarında qiymətləndirilmişdir. 
								Beynəlxalq qiymətləndirmə ilə yanaşı, 2006-cı 
								ildə IV-IX siniflərdə ana dili və riyaziyyatdan 
								milli qiymətləndirmə aparılmışdır. 
								
								
								2005-2006-cı dərs ilində ilk dəfə İmişli və 
								Bakının Xətai rayonlarında orta təhsil kursu 
								üzrə mərkəzləşdirilmiş imtahan sistemi tətbiq 
								edilmişdir. 2006-2007-ci dərs ilində isə həmin 
								rayonlarla bərabər, Bakının Səbail rayonu və 
								Sumqayıt şəhərinin ümumtəhsil məktəblərində orta 
								təhsil kursu üzrə buraxılış imtahanları 
								mərkəzləşdirilmiş qaydada aparılmışdır. Növbəti 
								dərs ilində bu şəbəkə bir qədər də 
								genişləndirilmiş və 2008-2009-cu dərs ilində 
								bütün ölkəni əhatə etmişdir. 
								
								
								Layihə çərçivəsində əldə edilmiş nailiyyətlərdən 
								biri də "Azərbaycan Respublikasının ümumtəhsil 
								sistemində qiymətləndirmə Konsepsiyası"nın 
								yaradılması olmuşdur. Bu sənədin hazırlanmasında 
								müəllimlər, metodistlər, təhsil menecerləri 
								maraqlı olan tərəflər kimi iştirak etmişlər. 
								Onun müzakirəsini daha geniş miqyasda təşkil 
								etmək məqsədi ilə layihə variantı çapa 
								hazırlanaraq mətbuatda dərc olunmuşdur. Həmin 
								Konsepsiya Nazirlər Kabinetinin 13 yanvar 
								2009-cu il tarixli  qərarı  ilə  təsdiq  
								edilmişdir. 
								
								
								Layihədə nəzərdə tutulan "Təhsilin 
								İdarəolunmasının Məlumat Sistemlərinin (TİMS) 
								yaradılması" alt-komponentinin icra olunması 
								üçün ümumi təhsil sistemini əhatə edən məlumat 
								bazası (məktəblərin xəritələşməsi, şagird və 
								pedaqoji kadr kontingenti, rəhbər işçilər) 
								yaradılmış, həmin məlumatlar nazirliyin İnternet 
								səhifəsində yerləşdirilmişdir.  
								
								
								"İdarəetmə və planlaşdırma imkanları" 
								alt-komponenti üzrə həyata keçirilən tədbirlər 
								də ölkə miqyasında aparılan islahatların ümumi 
								məntiqinə uyğun qurulmuşdur. Burada da ilk 
								olaraq institusional baza möhkəmləndirilmiş, 
								zəruri normativ-hüquqi baza formalaşdırılmışdır. 
								Təhsilin idarəolunmasında strateji təhlillərin 
								diaqnostik xarakter daşımasının zəruriliyi 
								nəzərə alınmış, Təhsil Nazirliyində strateji 
								planlaşdırma və müasir hesabatvermə mexanizmi 
								tətbiq edilmişdir. Bundan əlavə, Təhsil 
								Problemləri İnstitutunda Təhsildə Tətbiqi 
								Tədqiqatlar Mərkəzi yaradılmış, onun 
								fəaliyyətini düzgün istiqamətə yönəltmək və 
								tənzimləmək üçün tədbirlər həyata keçirilmişdir. 
								
								
								Təhsil Sektorunun İnkişafı Layihəsi başa çatmaq 
								ərəfəsində onun müddətinin uzadılması barədə 
								Dünya Bankı ilə Azərbaycan hökuməti arasında 
								razılıq əldə edilmişdir. Buna səbəb fənn 
								kurikulumlarının tətbiqinin 2007-2008-ci dərs 
								ilindən 2008-2009-cu dərs ilinə keçirilməsi ilə 
								əlaqədar müəllimlərin ixtisasartırması və 
								ictimaiyyətin maarifləndirilməsi tədbirlərinin 
								həyata keçirilməsi zərurəti olmuşdur. ölkənin 
								beynəlxalq şagird nailiyyətlərinin 
								qiymətləndirilməsi proqramlarında iştirakı və 
								buraxılış imtahanlarının mərkəzləşmiş qaydada 
								aparılmasına edilən dəstək də (təmir, optik və 
								çap avadanlıqlarının alınması, tədris səfərinin 
								və texniki xidmətin təşkili və s.) müddətin 
								uzadılması səbəblərindən biridir.  
								
								
								Təhsil Sektorunun İnkişafı Layihəsinə ayrılmış 
								vəsaitlərin (Dünya Bankının kredit vəsaitləri 
								19,94 milyon ABŞ dolları, Azərbaycan hökumətinin 
								layihədəki iştirak payı 2,95 milyon ABŞ dolları) 
								xərclənməsi vəziyyəti layihənin sonuna aşağıdakı 
								kimi olmuşdur.  
								
								
								Təhsil Sektorunun İnkişafı Layihəsi çərçivəsində 
								həyata keçirilən islahatyönümlü tədbirlər 
								zamanına görə xüsusi aktuallıq kəsb edirdi və 
								keçid dövrü üçün çox vacib idi. Etiraf etmək 
								lazımdır ki, həmin tədbirlərin icrası prosesində 
								pedaqoji ictimaiyyətdə, bütövlükdə, Azərbaycan 
								cəmiyyətində təhsilin məqsəd və vəzifələrinə 
								yeni yanaşma formalaşmağa başladı, ümumi təhsil 
								sisteminin mütərəqqi dünya təcrübəsi əsasında 
								yenidən qurulmasına hərtərəfli imkanlar yarandı, 
								eyni zamanda ölkəmizdə müasir təfəkkürə malik 
								pedaqoji potensialın üzə çıxarılmasında 
								əhəmiyyətli rol oynadı. 
								
								
								Qeyd edim ki, bu yazıda Təhsil Sektorunun 
								İnkişafı Layihəsi (TSİL) üzrə müəyyən olunmuş 
								komponentləri əhatə edən alt-komponentlər barədə 
								ətraflı açıqlama verilməsi qarşıya məqsəd 
								qoyulmamışdı. Lakin hesab edirəm ki, növbəti 
								məqalələrdə bu gün Azərbaycan cəmiyyətini daha 
								çox maraqlandıran və aktual hesab olunan 
								təhsilin məzmunu, şagird nailiyyətlərinin 
								qiymətləndirilməsi və dərslik yaradıcılığı 
								sahəsində həyata keçirilən islahatyönümlü 
								tədbirlər haqqında geniş məlumatların diqqətə 
								çatdırılması ictimaiyyətin maarifləndirilməsi 
								baxımından mühüm əhəmiyyətə malikdir. 
								
								
								Məlum olduğu kimi, Təhsil Sektorunun İnkişafı 
								Layihəsini əhatə edən bütün komponent və 
								alt-komponentlər çərçivəsində yerinə yetirilən 
								tədbirlər birmənalı şəkildə ümumi təhsilin 
								keyfiyyətinin yüksəldilməsinə xidmət edir. 
								Sağlam məntiqə görə ümumi təhsilin keyfiyyəti 
								mövcud tələbata uyğun optimal müəyyən olunmuş 
								məzmundan və onun reallaşdırılmasını təmin edən 
								dərslik və dərs vəsaitlərindən, şagird 
								nailiyyətlərinin çevik və səmərəli 
								qiymətləndirilməsi sisteminin yaradılmasından, 
								yüksək peşəkarlıq səviyyəsinə malik 
								müəllimlərdən, məktəblərdə hərtərəfli təhsil 
								infrastrukturunun və maliyyə müstəqilliyi 
								şəraitinin təmin olunmasından birbaşa asılıdır. 
								Göründüyü kimi, bu, bir-biri ilə qarşılıqlı 
								əlaqədə olan, biri digərini tamamlayan 
								düşünülmüş bütöv bir işlək mexanizm təsiri 
								bağışlayır və həmin sistemi əhatə edən 
								parametrlərdən hər hansı birində baş verən 
								gerilik keyfiyyətə mənfi təsir edir, inkişafı 
								ləngidən amilə çevrilir. Təhsil Sektorunun 
								İnkişafı Layihəsinin əsasını da məhz bu 
								məsələlərin həyata keçirilməsi sahəsində əməli 
								fəaliyyətə başlanması, ictimaiyyətin və müvafiq 
								səlahiyyətli icra orqanlarının diqqətinin həmin 
								problemlərin həllinə yönəldilməsi və ilkin 
								mərhələdə əldə olunan nəticələr əsasında 
								perspektiv istiqamətlərin müəyyənləşdirilməsi 
								təşkil etmişdir. 
								
								
								Bu məqalədə Təhsil Sektorunun İnkişafı 
								Layihəsinin "ümumi təhsilin keyfiyyəti və onun 
								real tələbatlara uyğunluğu" komponentinin 
								"Kurikulum islahatı" alt-komponentinə aid 
								mahiyyətcə vacib məqamları bir qədər ətraflı 
								diqqətə çatdırmaq istərdim. Heç şübhəsiz, 
								layihənin başlanması ərəfəsində, layihə həyata 
								keçirilən müddətdə və daha sonralar bu haqda çox 
								yazılıb danışılsa da, fikrimcə, izah və 
								açıqlamalara hələ çox ehtiyac vardır. çünki hər 
								hansı bir sahədə, o cümlədən də təhsil sahəsində 
								köklü mahiyyət dəyişiklikləri ilə müşayiət 
								olunan islahatların məqsəd və vəzifələrinə 
								münasibətdə fikir ayrılıqlarını birdən-birə 
								aradan qaldırmaq, hamını eyni məxrəcə gətirmək 
								qeyri-mümkündür. İslahatların zəruriliyi barədə 
								nəinki ictimaiyyətin ayrı-ayrı təbəqələri, hətta 
								uzunillik təcrübəyə malik təhsil mütəxəssisləri 
								arasında da ziddiyyətli fikirlər bu gün də 
								mövcuddur. Bu mənada islahatlar çox ağır və 
								gərgin zəhmət tələb edən bir prosesdir. 
								
								
								Nəzərdə tutulan islahatların dövrün, zamanın 
								tələbindən və bu tələblərə görə cəmiyyətdə 
								yenilikçilik meyillərinin güclənməsindən irəli 
								gəldiyi hamıya məlumdur. Başqa sözlə, hər hansı 
								bir ölkədə tarixi şəraitə uyğun olaraq siyasi, 
								iqtisadi və sosial-mədəni durumun səviyyəsi, bir 
								növ, indikator rolunu oynayaraq bu və ya digər 
								sahədə, həmçinin də təhsil sahəsində 
								islahatların vacibliyini şərtləndirir. ölkədə 
								siyasi sabitlik, iqtisadi inkişaf, elmi 
								potensial yoxdursa, islahatların aparılmasından 
								danışmağa belə dəyməz. Lakin islahatlar nə qədər 
								mütərəqqi xarakterli olsa da, özü ilə diqqətli 
								yanaşma tələb edən problemlər də gətirir. Bu 
								mənada Azərbaycanın ümumi təhsil sahəsində 
								əsasən 2003-2007-ci illərdə həyata keçirilmiş və 
								obyektiv səbəblərdən icra müddəti 2009-cu ilədək 
								uzadılmış Təhsil Sektorunun İnkişafı Layihəsi 
								çərçivəsində əhatə olunmuş məsələlər, eləcə də 
								ümumi təhsilin məzmun istiqamətlərinin fərdin, 
								cəmiyyətin, dövlətin ehtiyac və tələbatına görə 
								müəyyənləşdirilməsi indiki vaxtda ən ciddi 
								problemlərdən hesab olunur. 
								
								
								XXI əsrin birinci onilliyinin artıq başa çatdığı 
								bir vaxtda təhsilin məzmun istiqamətlərinin 
								müəyyən olunması ilə bağlı problemlərdən 
								danışmaq bəlkə də kimlərəsə təəccüblü görünə 
								bilər. Yəni düşünərlər ki, dünyada ən həssas 
								optik cihazların kəşf olunduğu, insanlarda 
								vahimə oyadan dəhşətli xəstəliklərin 
								müalicəsinin tapıldığı, yer üzündəki həyata 
								birbaşa müdaxilə etmək gücünə malik kosmik 
								sistemlərin yaradıldığı indiki vaxtda hər hansı 
								bir təhsil pilləsi üçün təlim-tərbiyənin 
								məzmununun hazırlanması nə çətin işdir. 
								
								
								Bu məqamda maraqlı bir hadisəni xatırlatmaq 
								yerinə düşərdi. Məşhur Kuba şahmatçısı 
								X.Kapablanka dünya çempionu adını qazandıqdan 
								sonra mərasimlərin birində ona sual verirlər ki, 
								yəni şahmat oyunu bu qədər mürəkkəbdir?! Cavab 
								belə səslənir: Burada mürəkkəb heç nə yoxdur. 
								Sadəcə, götürdüyün fiquru lazım olan xanaya 
								qoymaq lazımdır. 
								
								
								Həqiqətən, çox ibrətamiz bir əhvalatdır. 
								Əslində, həyatda ən mürəkkəb məsələlər zahirən 
								sadə görünənlərdir. Necə ki, uşaqlar üçün yazmaq 
								böyüklər üçün yazmaqdan qat-qat çətindir. Yeri 
								gəlmişkən, son 60-70 il ərzində uşaqlar üçün 
								yazılan hansı bir əsəri göstərmək mümkündür ki, 
								o, M.Ə.Sabirin "Gəl-gəl, a yaz günləri", "Uşaq 
								və buz", "Cütçü", A.Səhhətin "Vətən", "Yay 
								səhəri", A.Şaiqin "Keçi", "Xoruz" şeirləri qədər 
								sevilən və dillər əzbəri olsun. 
								
								
								Bu mənada təhsilin məzmununun müəyyən edilməsi 
								prosesi də istisna deyildir. Həmin problem bütün 
								dövrlərdə aktual sayılmış, mütəxəssisləri daim 
								düşündürmüşdür. Hazırda dünyada elə bir ölkə, 
								hətta ən inkişaf etmiş ölkə belə göstərmək olmaz 
								ki, burada təhsilin məzmunu ilə bağlı mövcud 
								vəziyyət tam qənaətbəxş, bu sahədə görülən işlər 
								isə bitmiş hesab edilsin. çünki cəmiyyət daim 
								inkişafdadır və bu inkişafın sürəti təhsilin 
								məzmununun daim yeniləşdirilməsi və 
								təkmilləşdirilməsini tələb edir. Təhsilin əsas 
								vəzifəsi son nəticədə ölkə üçün faydalı insanlar 
								yetişdirməkdir. Onun fəlsəfi mahiyyəti də məhz 
								bundan ibarətdir. Əgər hər hansı bir dövrdə 
								zamanın inkişaf tempinə qismən uyğunlaşan ölkədə 
								təhsilin səviyyəsi mövcud tələbatı ödəmirsə, o 
								ölkənin 10-20 il sonra inkişafdan geri qalacağı 
								obyektiv reallıqdır. Ona görə ki, həmin vaxta 
								qədər inkişafa təkan verəcək insanlar formalaşa 
								bilməyəcəkdir. Həmişə deyirlər ki, müəyyən bir 
								ölkənin 25-30 il sonrakı tərəqqisini təsəvvür 
								etmək üçün onun təhsilinin bugünkü səviyyəsini 
								qiymətləndirmək lazımdır. Bu məlum həqiqətə onu 
								da əlavə etmək olar ki, hər hansı bir ölkənin 
								inkişafyönümlü müasir təhsil tendensiyalarını 
								dəstəkləməsinə, mütərəqqi beynəlxalq təhsil 
								məkanına inteqrasiya olunmaq meyillərinə əminlik 
								yaranması üçün həmin ölkədə təhsilin hazırda 
								müəyyən edilmiş məzmununa diqqət yetirmək 
								kifayət edər. Beləliklə, məzmun, obrazlı desək, 
								təhsilin güzgüsüdür, onun əyarını üzə çıxaran 
								məhək daşıdır. 
								
								
								Bütün fəaliyyət sahələrində, eləcə də təhsil 
								sahəsində həyata keçirilən tədbirlərin konkret 
								nəticələr əldə olunmasına yönəldilməsi 
								inkaredilməz faktdır. Nəticələrin optimal və 
								düzgün müəyyən olunması isə məqsəd və 
								vəzifələrin aydın təsəvvür edilməsində başlıca 
								şərtdir. Məqsəd və vəzifələr işlənib 
								hazırlanarkən, hesab edirəm, "şagirdlərə ümumi 
								təhsil verməklə nəyə nail oluruq", "ümumi təhsil 
								məktəblərində hansı göstəricilərə və 
								keyfiyyətlərə malik şəxsləri formalaşdırırıq" 
								sualları diqqət mərkəzində durmalıdır. 
								
								
								Müstəqillik illərində ümumi təhsil sahəsində 
								islahatların zəruriliyi əsaslandırılarkən bu 
								suallara dönə-dönə müraciət olunmuşdur. İnkişaf 
								etmiş bir sıra ölkələrin təcrübəsi öyrənildikdən 
								sonra nəticələr sovetlər dönəmindəki vəziyyətlə 
								müqayisə edilmiş və xarici mütəxəssislərin 
								tədqiqatları da nəzərə alınmaqla aşağıdakı 
								məzmunda rəy formalaşdırılmışdır: 
								
								
								- Azərbaycanda olan cari kurikulum modeli, 
								əsasən, fənlər üzərində qurulmuşdur, 
								təklifyönümlüdür. Şagirdlərin dərs yükü çox 
								ağırdır, bu isə onların informasiya ilə xeyli 
								yüklənməsinə və nəticədə təlimlə bağlı 
								problemlərin yaranmasına səbəb olur. Cari sistem 
								şagirdlərin müstəqil tədqiqat aparması, 
								düşünməsi, kitabxana və digər vasitələrdən 
								istifadə etməsi üçün zəmin yaratmır. Səhv olaraq 
								hesab edilir ki, əgər şagirdlərə müəyyən fənnin 
								məzmunu öyrədilirsə, onlarda məhsuldarlıq və 
								məsuliyyət kimi keyfiyyətlər formalaşır; 
								
								
								- Fənlər vasitəsilə bilik və bacarıqların 
								verilməsi zamanı daha çox faktlardan istifadə 
								olunur, məlumatların yadda saxlanmasına üstünlük 
								verilir. Fənlərin əksəriyyətində uşaqların 
								təfəkkür və düşüncə tərzini, qabiliyyətini 
								inkişaf etdirən məzmun yoxdur; 
								
								
								- Müxtəlif siniflər üzrə eyni fənlərin 
								məzmununda lazımsız təkrarlamalar mövcuddur ki, 
								bunlar da təlim nəticələrinin keyfiyyətinə 
								lazımi diqqət yetirməyə maneçilik törədir; 
								
								
								- Orta məktəb məzunlarının real həyata 
								hazırlanmasının vacibliyi kifayət qədər nəzərə 
								alınmır. Tədris proqramlarında həddən artıq elə 
								məlumatlar mövcuddur ki, şagirdlər onları 
								əzbərləmək yolu ilə öyrənmək məcburiyyətində 
								qalırlar. Bazar cəmiyyəti üçün lazım olan bilik 
								və bacarıqların öyrənilməsinə az əhəmiyyət 
								verilir. Məsələn, problem həlli, tənqidi 
								düşünmə, fikir yürütmə, alternativ izahatların 
								axtarılması və digər bu kimi məsələlər tədris 
								proqramlarında əsas hədəf kimi qarşıya qoyulmur 
								və s. 
								
								
								Həqiqətən də əgər ümumi təhsili orta məktəblərdə 
								oxuyan şagirdlər üçün müstəqil həyata hazırlıq 
								dövrü adlandırırıqsa, o zaman həmin 
								müəssisələrin məzunlarının tədris edilən fənlər 
								üzrə zəruri biliklərə yiyələnməsi ilə yanaşı, 
								cəmiyyətin faydalı üzvü olmaq, həyatda müstəqil 
								yaşamaq üçün onlara problemli vəziyyətlərdən 
								çıxa bilmək, rəqabətdən çəkinməmək, müstəqil 
								qərarlar qəbul etmək, birgəfəaliyyət, 
								əməkdaşlıq, qeyri-standart düşünmək, ünsiyyət 
								mədəniyyəti, tolerantlıq və dözümlülük, 
								təşkilatçılıq və sair vacib həyati bacarıqlar 
								aşılanmalıdır.  
								
								
								Təhsil tarixinə diqqət yetirsək, hələ ta qədim 
								zamanlardan eramızdan əvvəlki dövrlərdə də 
								təhsilə cəlb olunmuş uşaq və gənclərə zamanın 
								tələbinə görə, ilk növbədə, həyati bacarıqlar 
								verilirdi. Natiqlik məharəti, aydın və səlis 
								danışıq, ox atmaq, qılınc oynatmaq, üzgüçülük, 
								gimnastika o vaxtlar məktəb təliminin əsas 
								elementlərindən sayılırdı. Təbii ki, zaman 
								ötdükcə bu dəyərlər də dövrün ehtiyaclarına görə 
								dəyişmiş, daha müasir hədəfləri əks etdirmişdir. 
								
								
								Sovetlər dönəmində həyata keçirilən ümumi 
								təhsilin vəziyyəti ilə bağlı aparılan təhlil və 
								tədqiqatların yuxarıda qeyd edilən 
								nəticələrindən isə məlum olur ki, 80 ilə yaxın 
								bir müddətdə məktəblərimizdə daha çox tədris 
								olunan fənlər üzrə nəzəri materialların 
								mənimsədilməsi, bir qayda olaraq, əsas məqsəd 
								hesab edilmiş, bu fənlərin təcrübi əhəmiyyətinə 
								lazımi diqqət yetirilməmişdir. Əslində, ümumi 
								təhsilin bütövlükdə məzmunu yox, ayrı-ayrı 
								fənlərin məzmunu işlənib hazırlanmışdır. 
								Fənlərin məzmunu isə müvafiq dövlət standartları 
								olmadığından yalnız fəsil, bəhs və mövzuları  
								əhatə etmiş, bunlar da müəyyənləşdirilərkən bir 
								sıra hallarda onların şagirdlər üçün nə dərəcədə 
								vacib olub-olmaması nəzərə alınmamışdır. 
								Nəticədə nələr baş vermişdir: 
								
								
								- tədris proqramları və dərsliklər məzmun 
								etibarı ilə ağırlaşdırılmış, bir çox hallarda 
								ikinci dərəcəli materiallarla yüklənmişdir; 
								
								
								- tədris proqramları hazırlanarkən şagirdlərin 
								maraq dairəsi, potensial imkanları kifayət qədər 
								nəzərə alınmamış, onların bir çoxu, xüsusilə, 
								riyaziyyat və təbiət fənləri üzrə hətta minumum 
								səviyyədə bilik və bacarıqlar qazanmadan formal 
								olaraq sinifdən-sinfə keçirilib təhsil sənədi 
								almış, beləliklə də məktəbin və müəllimin 
								nüfuzuna ciddi ziyan vurulmuşdur; 
								
								
								- orta məktəbi bitirən məzunların bir qisminə 
								formal surətdə verilən təhsil sənədi müstəqil 
								həyatda onlar üçün əhəmiyyət kəsb etməmişdir; 
								
								
								- müəyyən qrup şagirdlərin bu və ya digər 
								fənləri mənimsəyə bilməməsi səbəbləri 
								araşdırılmadan onlara məktəbdə mənfi münasibət 
								bəslənilmiş, belə hallar həmin şagirdlərin 
								təhsildən yayınmasına, "çətin uşaqlar" 
								siyahısına düşməsinə gətirib çıxarmışdır və s. 
								
								
								Bütün bunları bir daha diqqətə çatdırmağımız, 
								əlbəttə, ictimaiyyətdə ümumi təhsil sahəsində 
								islahatların zəruriliyinə qəti əminlik yaratmaq, 
								eyni zamanda vətəndaşlarımızın islahatyönümlü 
								tədbirlərə həssas münasibət göstərməsi, onların 
								bu prosesdə fəal iştirak etmələri ilə bağlı 
								istəyimizdən irəli gəlir. 
								
								
								Aparılan təhlil və tədqiqatların obyektiv 
								mövqedən formalaşdırılmış nəticələrinə əsasən 
								artıq Azərbaycan cəmiyyətində ümumi təhsilin 
								məqsəd və vəzifələrinə, məzmun istiqamətlərinə 
								yeni baxış və yanaşma tərzi yaranmışdır. Müasir 
								dünya təcrübəsini əks etdirən həmin baxış və 
								yanaşmalar 2006-cı ilin 30 oktyabrında 
								Azərbaycan hökuməti tərəfindən təsdiq olunmuş 
								"Azərbaycan Respublikasında ümumi təhsilin 
								Konsepsiyası (Milli Kurikulumu)" sənədinin 
								əsasını təşkil etmişdir. ölkəmizin təhsil 
								tarixində forma, məzmun və mahiyyətcə tamamilə 
								yeni bir hadisə olan bu sənəd konseptual 
								xarakter daşımaqla İslahat Proqramında irəli 
								sürülən mühüm bir müddəanın -"təhsilalanın 
								şəxsiyyət kimi formalaşdırılmasını, onun 
								təlim-tərbiyə prosesinin əsas subyektinə 
								çevrilməsini başlıca vəzifə hesab edən, milli 
								zəminə, bəşəri dəyərlərə əsaslanan, bütün 
								qurumların fəaliyyətini təhsilalanın mənafeyinə 
								xidmət etmək məqsədi ətrafında birləşdirən yeni 
								təhsil sisteminin yaradılması" ideyasının 
								reallaşdırılması istiqamətində atılan ciddi 
								addımlardan biri kimi qiymətləndirilməlidir. 
								Təsadüfi deyil ki, ümumi təhsilin Konsepsiyası 
								(Milli Kurikulumu) sənədi həmin müddəada ifadə 
								olunmuş fikirlər nəzərə alınmaqla 
								tələbyönümlülük, nəticəyönümlülük, inteqrativlik 
								prinsipləri əsasında hazırlanmış, şagirdlərin 
								təhsil səviyyələri üzrə ardıcıl inkişafı diqqət 
								mərkəzində saxlanılmışdır. 
								
								
								Bu məqamda qeyd edilən prinsiplərin mahiyyətinin 
								qısa açıqlanması, fikrimcə, oxucular üçün 
								maraqlı olardı: 
								
								
								
								Tələbyönümlülük 
								- təhsilin məzmununun fərdin, dövlətin, 
								cəmiyyətin ehtiyac və tələbatları, yaxın gələcək 
								üçün inkişaf perspektivləri nəzərə alınmaqla 
								müəyyənləşdirilməsi. 
								
								
								
								Nəticəyönümlülük 
								- təhsil prosesinin hər hansı bir mərhələsində 
								əldə olunması nəzərdə tutulan nəticələrin 
								əvvəlcədən müəyyən edilməsi. 
								
								
								
								Şəxsiyyətyönümlülük 
								
								- təhsilalana gələcək müstəqil həyat 
								fəaliyyətini qurmaq üçün zəruri bacarıq və 
								vərdişlərin aşılanması, onların milli mənəvi və 
								bəşəri dəyərlər zəminində formalaşmasının 
								prioritet kimi qəbul olunması. 
								
								
								
								Şagirdyönümlülük 
								- təlim-tərbiyə prosesinin şagirdlərin meyil və 
								marağı, potensial imkanları, ardıcıl inkişafı, 
								sağlamlığının mühafizəsi və təhlükəsizliyi 
								nəzərə alınmaqla təşkili, hamı üçün bərabər 
								təhsil şəraitinin təmin olunması, istedadı ilə 
								fərqlənənlərin vaxtında aşkara çıxarılması və 
								onların inkişafının diqqət mərkəzində 
								saxlanması. 
								
								
								
								İnteqrativlik 
								- təlim nəticələrinin biri digərini tamamlaması, 
								inkişaf etdirilməsi, fəndaxili və fənlərarası 
								əlaqələrin təmin olunması. 
								
								
								Nə üçün Milli Kurikulum konseptual sənəd 
								adlanır? Ona görə ki, burada təsbit olunmuş 
								müddəalar sonrakı mərhələdə fənn 
								kurikulumlarının, müvafiq təlim 
								strategiyalarının hazırlanması üzrə baza hesab 
								edilir. Hökumət səviyyəsində təsdiq olunmuş bu 
								sənəd özündə ümumi təhsilin hər bir səviyyəsi 
								üzrə məqsədləri, təlim nəticələrini, məzmun 
								standartlarını, tədris olunan fənləri və fənlər 
								üzrə təlim nəticələrini, həftəlik dərs və 
								dərsdənkənar məşğələ saatlarının miqdarını, 
								pedaqoji prosesin təşkili, təlim 
								nailiyyətlərinin qiymətləndirilməsi və 
								monitorinqi üzrə əsas prinsipləri, ümumi təhsilə 
								və ümumi təhsilli şəxsə verilən tələbləri ehtiva 
								edir.  
								
								
								
								(Ardı var)   
								
								
								
								Misir MƏRDANOV,  
								Azərbaycan Respublikasının  
								təhsil naziri, fizika-riyaziyyat  
								elmləri doktoru, professor   |