| 
								
								Ölkə başçısı cənab İlham Əliyev tərəfindən 
								idmanın bütün sahələrinə, o cümlədən şahmatın 
								inkişafına göstərilən diqqət və qayğı bu 
								intellektual oyunla məşğul olan uşaq, yeniyetmə 
								və gənclərin kifayət qədər uğurlar qazanmasına 
								imkan və şərait yaradır. İdmançılarımızın əldə 
								etdiyi nailiyyətlərdə təbii ki, onların məşğul 
								olduqları idman məktəblərinin rolu danılmazdır. 
								Paytaxtın Səbail rayonunda yerləşən  2 nömrəli 
								Uşaq-Gənclər Şahmat İdman Məktəbi (UGŞİM) də bu 
								gün öz yetirmələrinin qazandığı 
								müvəffəqiyyətləri ilə tanınmış məktəblərdən biri 
								sayılır. 
								
								2006-cı ildən fəaliyyət göstərən bu məktəbdə 
								uşaq, yeniyetmə və gənclərə intellektual oyun 
								hesab edilən şahmatın incəlikləri öyrədilir, 
								onlarda həmin idman növünə marağın artırılması, 
								onun kütləviləşməsi istiqamətində  mühüm işlər 
								həyata keçirilir. Məktəbin direktoru Elvin 
								Hüseynovdan öyrəndik ki, hazırda UGŞİM-də 77 
								qrupda 994 uşaq, yeniyetmə və gənc  şahmat, dama 
								üzrə bölmələrdə məşğul olur. Onlardan 36-sı 
								ibtidai hazırlıq, 41-i isə təlim-məşq 
								qruplarıdır. Məktəbdə uşaq, yeniyetmə və 
								gənclərin şahmat və dama ilə məşğul olmaları 
								üçün hər cür şərait yaradılıb. Burada yüksək 
								dərəcəli idmançıların hazırlanması diqqət 
								mərkəzindədir. Uşaqlarla təlim-məşq prosesini 
								respublikada tanınmış, idman ustalığına namizəd 
								Akif Vəlibəyov, Valeri Susel, Nigar Kazımova, 
								dama üzrə baş müəllim Yalta  Şamaryayeva və 
								digər məşqçi-müəllimlər keçirirlər.   Məktəbdə 
								2008-2009-cu tədris ilində şahmat və dama üzrə 
								280 nəfər müxtəlif dərəcəli idmançı 
								hazırlanmışdır. Onlardan 2-si idman ustalığına 
								namizəd, 14-ü birinci, 412-si isə kütləvi idman 
								dərəcəlidir.
 
								
								ölkə başçısı cənab İlham Əliyevin  5 may 2009-cu 
								il tarixli sərəncamı ilə təsdiq olunan 
								"2009-2014-cü illərdə Azərbaycanda şahmatın 
								inkişaf etdirilməsi Dövlət Proqramı"nın yerinə 
								yetirilməsi istiqamətində məktəbdə geniş 
								tədbirlər planı hazırlanmışdır. 
								
								Şahmatın tədrisini ümumtəhsil məktəblərində 
								geniş təbliğ və təşkil etmək, həmçinin bu oyuna 
								maraq göstərən istedadlı uşaqların üzə 
								çıxarılması məqsədilə UGŞİM-nin 
								məşqçi-müəllimləri Səbail rayonundakı 132 
								nömrəli orta məktəbdə, 160 nömrəli Klassik 
								Gimnaziyada şahmat üzrə məşğələlər keçirirlər. 
								Bundan başqa, məktəbdə həmin payonda yaşayan 
								əhalinin bütün təbəqələrinin şahmatla məşğul 
								olmaları üçün lazımi şərait yaradılıb. Belə ki, 
								həftənin çərşənbə və bazar günlərində "açıq 
								qapı" adı ilə müxtəlif  blis turnirləri, master 
								klas və s. yarışlar keçirilir. Şahmat məktəbində 
								bununla əlaqədar tanınmış və qabaqcıl 
								məşqçi-müəllimlərdən ibarət təşkilat komitəsi 
								yaradılmışdır. Burada tez-tez respublikanın  
								görkəmli şahmat ustaları , qabaqcıl məşqçi və 
								hakimlərlə görüşlər təşkil olunur. UGŞİM-in orta 
								ümumtəhsil məktəbləri ilə sıx əməkdaşlığı 
								nəticəsində şahmatla məşğul olmaq istəyənlərin 
								sayı  gündən-günə artmaqdadır. 
								
								Buranın yetirmələri istər respublikamızda, 
								istərsə də bir sıra  xarici ölklərdə keçirilən 
								şahmat yarışlarında müvəffəqiyyətlər qazanaraq 
								kubok və medallara layiq görülürlər. Məktəbdə 
								məşqçi-müəllimlər tərəfindən gələcəyinə böyük 
								ümidlər bəslənilən istedadlı şahmatçılar kifayət 
								qədərdir. Belə şahmatçılardan biri- Abdulla 
								Qədimbəyli  ilk uğurlarını lap kiçik yaşlarında 
								qazanıb. 4 yaşından şahmata olan həvəsini görən 
								atası onu 2 nömrəli uşaq-gənclər şahmat idman 
								məktəbinə qoyub. 2007-ci ilin dekabrında, 
								2008-ci ilin yanvarında  8 yaşadək oğlanlar 
								arasında keçirilən şahmat üzrə Bakı şəhər 
								birinciliyində II yeri, 2008-ci ilin martında  
								keçirilən Azərbaycan birinciliyində III yeri, 
								2009-cu ilin aprelində isə Azərbaycan 
								çempionatında I yeri tutmuşdur. 
								
								O, daha sonralar respublikamızda keçirilən digər 
								müxtəlif yarış və turnirlərdə gözəl oyun nümayiş 
								etdirərək yüksək yerlərə layiq görülüb. 2009-cu 
								ilin mayında idmanda qazandığı və 2008-ci ilin 
								nailiyyətlərini nəzərə alaraq balaca şahmatçının 
								birbaşa Azərbaycan çempionatında iştirakına 
								vəsiqə verildi. 
								
								Bu yarışda öz rəqiblərinə qalib gələrək I yeri 
								tutan Abdulla sonra Makkabi  beynəlxalq şahmat 
								turnirində yüksək nəticə göstərərək Makkabinin 
								Avropa çempionatına vəsiqə qazanır. Ən böyük 
								qələbəsini isə 2009-cu il iyunun 4-15 
								tarixlərində Gürcüstanın  Batumi şəhərində 8 
								yaşadək oğlanlar arasında keçirilən Avropa 
								çempionatında əldə edib. Belə ki, bu mötəbər 
								yarışda o, I yerə layiq görülərək Avropa 
								çempionu kimi Vətənə qızıl medalla qayıdıb. 
								
								Məktəbin digər yetirməsi Zaur Abbasov da öz 
								uğurlu nəticələri ilə burada  çalışan 
								məşqçi-müəllimlərinin ona olan etimadını 
								doğruldub. 2006-cı ildən 2 nömrəli UGŞİM-də 
								şahmatla məşğul olan Zaur 2007, 2008-ci illərdə 
								2 dəfə məktəblilərin spartakiadası çərçivəsində 
								şahmat yarışlarında I yerə layiq görülüb. 
								2007-ci ildən I dərəcəli şahmatçıdır. 2009-cu 
								ilin aprelində şahmat üzrə Azərbaycan 
								çempionatında 10 yaşa qədər  oğlanlar arasında 
								II yerə sahib çıxıb. O, 2009-cu ilin aprelində 
								Bakıda keçirilən Makkabi beynəlxalq şahmat  
								turnirində III yeri tutaraq "Makkabi" 
								komandasının tərkibində Almaniyanın Saarbrüken 
								şəhərində keçirilən beynəlxalq turnirdə oynamaq 
								hüququ qazandı. Həmin yarışdan bu günlərdə 
								uğurla vətənə dönən Zaur Abbasov komanda 
								tərkibində I yeri tutmaqla yanaşı, oynadığı 2-ci 
								masada ən yüksək nəticəni əldə edərək birinci 
								oldu. 
								
								 Sevindirici haldır ki, məktəbdə belə istedadlı 
								uşaq və yeniyetmələrin sayı onlarcadır və bu, 
								getdikcə çoxalmaqdadır. 
								
								ölkəmizin şahmat ənənələrini layiqincə davam 
								etdirən 2 nömrəli uşaq-gənclər şahmat idman 
								məktəbinə üz tutub gələnlərin də elə məhz bir 
								istəyi var: burada çalışan təcrübəli 
								məşqçilərdən şahmatın incəliklərini öyrənmək və 
								doğma Vətənimizi dünya və Avropa 
								çempionatlarında yüksək səviyyədə təmsil etmək. 
								
								  
								
								
								Samirə KƏRİMOVA |