| 
								
								Meksikada başlayan donuz qripi (A/H1N1) 
								epidemiyası tez bir zamanda dünyanın başqa 
								ölkələrinə də yayılmaqda davam edir. Rusiya və 
								Türkiyə məktəblərində baş verənlərin analoji 
								olaraq təkrarlanmasının qarşısını almaq üçün 
								ölkəmizdə aidiyyəti orqanlar tərəfindən bununla 
								bağlı müvafiq tədbirlər həyata keçirilməyə 
								başlanılıb. Gigiyena və Epidemiologiya 
								Mərkəzinin məktubu əsasında ötən həftənin şənbə 
								və bazar günlərində A/H1N1 virusunun 
								yayılmasının qarşısını almaq məqsədilə 
								dezinfeksiya işləri aparılıb. Paytaxtın 325 orta 
								ümumtəhsil məktəbində profilaktik tədbirlər 
								həyata keçirilib. Profilaktik tədbirlərin 
								davamlı olaraq respublikanın bölgələrində 
								fəaliyyət göstərən orta ümumtəhsil 
								məktəblərində, həmçinin məktəbəqədər təhsil 
								müəssisələrində aparılması nəzərdə tutulur. 
								Artıq respublikanın bir neçə bölgəsində də   
								ümumtəhsil məktəblərində dezinfeksiya işləri 
								başa çatıb. 
								
								Dezinfeksiya işləri təkcə donuz qripi ilə bağlı 
								deyil, həm də soyuq aylarda qrip və tənəffüs 
								yollarının xəstəliklərinin artma təhlükəsinin 
								qarşısını almaq üçün həyata keçirilir.  
								
								
								A/H1N1 virusunun əlamətləri  
								
								
								Yüksək hərarət, öskürək, boğazda ağrı, zökəm, 
								baş və əzələ ağrıları,  halsızlıq  
								
								
								A/H1N1 virusundan necə qorunmalı?  
								
								
								Yüksək hərarəti, öskürəyi olan şəxslərlə 
								təmasdan çəkinmək, əlləri tez-tez sabunla yumaq, 
								sabun və su olmadıqda  onları spirtli tamponla 
								silmək, asqırdıqda, öskürdükdə ağızı salfet və 
								ya dəsmalla örtmək, gözlərə, buruna, ağıza 
								toxunmamağa çalışmaq, sağlam həyat tərzi 
								keçirmək, o cümlədən normal yuxu rejiminə riayət 
								etmək, vitaminlərlə zəngin qida qəbuluna fikir 
								vermək, fiziki aktivliyi artırmaq, xəstələnərkən 
								evdə qalmaq və həkimə müraciət etmək  
								
								Onu da qeyd edək ki, bu yaxınlarda  Azərbaycana 
								donuz qripinə qarşı vaksinlər gətiriləcək. 
								
								Bəs görəsən uzun müddət dünyanı səksəkədə  
								saxlayan  donuz qripi adı ilə tanınan A/H1N1 
								virusunun əlamətləri nədir? Bu virus özünü hansı 
								formada göstərir? Ondan necə qorunmaq olar? 
								İnsanlar bu təhlükə ilə üzləşməmək üçün nə kimi 
								qaydalara riayət  etməlidirlər? ümumiyyətlə, 
								məktəbəqədər təhsil  və orta ümumtəhsil  
								məktəblərində, ali təhsil ocaqlarında  donuz 
								qripi epidemiyasının yayılmasının qarşısının  
								alınması üçün nələrə diqqət artırılmalı və 
								nəzarət gücləndirilməlidir? 
								
								Bu və ya digər suallara aydınlıq gətirmək üçün 
								Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə 
								Stansiyasının direktor müavini, tibb elmləri 
								namizədi Şair Qurbanova müraciət etdik. 
								
								Şair həkim bildirdi ki, insanların A/H1N1 virusu 
								(donuz qripi) ilə yoluxması adi qriplə eynidir. 
								A/H1N1 tipli qrip yüksək patogenli virus 
								ştamının törətdiyi kəskin infeksion xəstəlikdir. 
								Virus asanlıqla insandan insana hava, damcı, bir 
								də kontakt yolu ilə keçir. Hava, damcı yolu ilə 
								yoluxma insanlar asqırdıqda, öskürdükdə baş 
								verir. Ona görə də belə xəstələrlə ünsiyyət 
								zamanı müəyyən bir məsafə saxlamaq, yaxud da 
								danışdıqda  maska taxmaq lazımdır. Xəstəliyin 
								yoluxma yollarından biri də kontaktdır. Belə ki, 
								xəstə insanlar asqırdıqda və ya öskürdükdə 
								əlləri ilə ağızlarını, burunlarını tuturlar. 
								Həmin vaxt çoxlu sayda viruslar insanın əllərinə 
								düşür. İnsanlar bir-birinə əl verib görüşəndə 
								xəstəlik digərinə keçə bilər. Ona görə də 
								çalışmaq lazımdır ki, xəstələr və eyni zamanda 
								sağlam insanlar tez-tez əllərini sabunla və ya 
								hər hansı dezinfeksiyaedici məhlulla yusunlar. 
								Xəstəliyin ilkin əlamətləri yüksək hərarət, 
								öskürmə, boğazda ağrı, zökəm, baş və əzələ 
								ağrıları, halsızlıqdır. Qeyd olunduğu kimi, bu 
								xəstəlik zamanı insanın hərarəti yüksək - 38 
								dərəcədən və ondan yuxarı  olur. A/ H1 N1 virusu 
								ilə yoluxmuş şəxslər əsasən  xəstəliyin 
								başlandığı ilk 7 gün ərzində potensial 
								yoluxdurucu hesab edilməlidir. ümumiyyətlə, 
								virus orqanizmə düşəndən təxminən 7-8 gündən 
								sonra  həmin  xəstəliyin əlamətləri aşkara 
								çıxır. 
								
								İnsan özünü xəstə hiss edirsə, yəni temperaturu 
								varsa, əgər kollektivdədirsə, birinci növbədə, 
								oradan aralanmalıdır. Həkim söhbət əsnasında onu 
								da əlavə  etdi ki, xəstəliyin ilkin əlamətləri 
								müşahidə edildikdə təcili evə həkim çağırmaq, 
								çoxlu miqdarda maye qəbul etmək, maska taxmaq, 
								əlləri tez-tez sabunla yumaq lazımdır. 
								Profilaktiki tədbirlər kimi kəskin respirator 
								xəstəlikləri (hərarət, öskürək, zökəm) və qripin 
								digər əlamətləri olan şəxslərlə yaxın 
								ünsiyyətdən qorunmaq, əlləri hər zaman təmiz 
								saxlamaq vacibdir. Mütləq evdə qalmaq, işə və ya 
								təhsil müəssisəsinə getməkdən, kütlə ilə 
								təmasdan çəkinmək, insanlarla yaxın ünsiyyətdə 
								olmamaq üçün ailə üzvlərinə və yaxınlara 
								xəstəliklə  bağlı məlumat verilməlidir. 
								
								A/H1N1 virusundan qorunmaq üçün yüksək hərarəti, 
								öskürəyi olan şəxslərlə təmasdan çəkinmək, 
								əlləri tez-tez sabunla yumaq, sabun və su 
								olmadıqda  onları spirtli tamponla silmək , 
								asqırdıqda ,  öskürdükdə ağızı salfet və ya 
								dəsmalla örtmək, gözlərə, buruna, ağıza 
								toxunmamağa çalışmaq, sağlam həyat tərzi 
								keçirmək, o cümlədən normal yuxu rejiminə riayət 
								etmək, vitaminlərlə zəngin qida qəbuluna fikir 
								vermək, fiziki aktivliyi artırmaq, xəstələnərkən 
								evdə qalmaq və həkimə müraciət etmək vacibdir. 
								
								ümumiyyətlə, məktəbyaşlı uşaqlar, yeniyetmə və 
								gənclər arasında bu xəstəlikdən qorunma barədə  
								maarifləndirmə işlərinin aparılmasına ciddi 
								fikir verilməlidir. Valideynlər övladlarına 
								qarşı diqqətli olmalıdırlar. Məktəbəqədər təhsil 
								müəssisələrində, həmçinin orta ümumtəhsil 
								məktəblərində uşaqların daha çox toxunduğu 
								əşyalar, ləvazimatlar, onların məşğul olduqları 
								qrup, məşğələ, sinif otaqları tez-tez 
								dezinfeksiya olunmalıdır. Həmçinin otaqların 
								havası mütəmadi olaraq dəyişdirilməlidir. 
								Məktəbəqədər təhsil müəssisələrində, orta 
								ümumtəhsil məktəblərində tibbi nəzarət 
								gücləndirilməlidir.  Həmin təhsil 
								müəssisələrində çalışan həkimlər işini uşaqların 
								təlim-tərbiyəsi ilə məşğul olan müəllim və 
								tərbiyəçilərlə əlaqəli qurmalıdır. Mütəmadi 
								olaraq uşaq və yeniyetmələrin səhhəti ilə 
								maraqlanmalı, xəstəliyin  ilkin əlaməti müşahidə 
								olunarsa,  təcili olaraq bununla bağlı ciddi 
								tədbirlər həyata keçirməlidirlər. Birinci  
								növbədə, belə xəstə dərhal kollektivdən təcrid 
								olunmalı, evdə isə sağlam insanlardan ayrılaraq 
								ayrıca otaqda yerləşdirilməlidir.  
								
								Bütün bunlara ciddi fikir verməyin vacibliyini 
								diqqətə çatdıran Şair Qurbanov söylədi ki, ilk 
								növbədə, insan özü-özünü qorumalıdır. Həkim 
								ümumiyyətlə, bu xəstəliyin o qədər də insan üçün 
								qorxulu olmadığını, lakin çoxlu sayda insanları 
								eyni zamanda xəstələndirə bildiyini dedi. Onu da 
								xüsusi vurğuladı ki, xəstəlik vaxtında  
								aşkarlanarsa və dərhal həkimə müraciət olunarsa, 
								onun müalicəsi tam sağalma ilə nəticələnə bilər. 
								
								Əgər sağlamlığımızı qorumaq, səhhətimizlə bağlı 
								hər hansı bir təhlükənin yaranmasını 
								istəmiriksə, həkimin dediyi kimi, ilk növbədə, 
								özümüz-özümüzü qorumalıyıq.  
								
								
								Samirə KƏRİMOVA |