| 
								 
								
								Fevralın 3-də Bakıdakı 1 nömrəli orta məktəbdə  
								Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 
								2009-2010-cu tədris ili üçün ali məktəblərə 
								qəbul imtahanlarının elmi-statistik təhlilinə 
								həsr olunmuş müşavirə keçirdi. Müşavirədə 
								TQDK-nın, Təhsil Nazirliyinin nümayəndələri, 
								məktəb direktorları və KİV əməkdaşları iştirak 
								edirdilər.  
								
								
								Təhsil naziri  Misir Mərdanov tədbiri giriş sözü 
								ilə açaraq bildirdi ki, bu gün  buraya TQDK və 
								Təhsil Nazirliyi ekspertləri və məktəb 
								direktorlarının birgə iştirakı ilə ənənəvi bir 
								müşavirəyə toplaşmışıq. Deməliyik ki, Tələbə 
								Qəbulu üzrə Dövlət Komissiyası ali və orta 
								ixtisas  məktəblərinə  sənəd verən 
								abituriyentlərin ali və orta ixtisas 
								məktəblərinə  qəbulu ilə əlaqədar respublikanın 
								bütün bölgələrində belə bir müşavirə keçirib.  
								Burada sizi maraqlandıran nə varsa, suallarla 
								müraciət edə bilərsiniz, - deyən təhsil naziri  
								Misir Mərdanov qeyd etdi ki, ümumi məqsədimiz 
								Azərbaycanda təhsilin səviyyəsini inkişaf 
								etdirməkdir. 
								
								
								Sonra söz TQDK-nın sədri Məleykə Abbaszadəyə 
								verildi. M.Abbaszadə "Azərbaycan Respublikasının 
								ali və orta ixtisas məktəblərinə tələbə qəbulu: 
								nəticələr, nailiyyətlər, vəzifələr" mövzusunda 
								təqdimat etdi.  Ali və orta  ixtisas 
								məktəblərinə  qəbulun nəticələri haqqında 
								danışan TQDK-nın sədri   bildirdi ki, TQDK ölkə 
								ictimaiyyətinə  hər il ali və orta ixtisas  
								məktəblərinə ərizə  verən abituriyentlər  və 
								onların qəbulu barəsində məlumatlar verir. Keçən 
								il ilk dəfə respublikanın bütün bölgələrində XI 
								siniflər üzrə buraxılış imtahanları mərkəzləşmiş 
								qaydada   keçirildi. Bakı şəhərinin orta  
								ümumtəhsil məktəblərini 2009-cu ildə 25 min 244 
								məzun bitirdi. Şəhər məktəblərinin məzunlarının 
								1727 nəfəri 500-dən , o cümlədən 404 nəfəri 
								600-dən yuxarı bal topladı.Nəticədə respublika 
								üzrə  qabaqcıl məktəblərin sırasına bu il 
								şəhərin 72 nömrəli məktəb- liseyi, 287 nömrəli 
								"Zəkalar" liseyi, 160 nömrəli klassik gimnaziya, 
								texniki-humanitar lisey, 261 nömrəli 
								məktəb-lisey, 1, 23, 48, 54, 82, 145, 210 və 220 
								nömrəli orta məktəblər  daxil oldu. 
								
								
								Sonra qabiliyyət imtahanları tələb olunan 
								ixtisaslar haqqında danışan M.Abbaszadə  2009 
								-cu il məzunlarının paylanma  diaqramı barədə 
								məlumatı müşavirə iştirakçılarının nəzərinə 
								çatdırdı. O, ali və orta ixtisas məktəblərinə 
								qəbul üzrə Bakı şəhəri məktəblərinin  yaxşı, 
								respublika üzrə Xaçmaz rayon məktəbləri 
								məzunlarının isə aşağı nəticə göstərdiklərini 
								vurğuladı.  
								
								
								Müşavirədə ali məktəblərin reytinq 
								göstəricilərindən söz açan M.Abbaszadə  qəbul 
								zamanı imtahan fənləri  üzrə  yüksək nəticə  
								göstərən təhsil müəssisələrinin adlarını çəkdi 
								və  abituriyentlərin topladıqları ballara görə  
								Bakı məktəblərinin  yaxşı nəticə qazandığını 
								dedi. 
								
								
								Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 
								müdir müavini Məhəmməd Bayramov da çıxış 
								etdi.Bildirdi ki, 2008-2009-cu tədris ilində ali 
								və orta ixtisas   məktəblərinə qəbul olanların 
								45%-i Bakı şəhər məktəblərinin payına düşür. 
								Təsadüfi deyildir ki, Bakı şəhər məktəblərinin 
								məzunlarının  ali məktəblərə qəbul zamanı 
								topladıqları orta bal 400-dən yuxarı olmuşdur. 
								İndi  respublikanın ən sanballı  ali təhsil 
								müəssisələrindən olan BDU-da, Azərbaycan Dövlət 
								İqtisad Universitetində, Azərbaycan Dövlət Neft 
								Akademiyasında və xaricdə oxuyan tələbələrimizin 
								sayı əvvəlki illərlə müqayisədə xeyli artmışdır. 
								
								
								Daha sonra M.Bayramov ali və orta ixtisas 
								məktəblərinə qəbul zamanı Sumqayıt məktəblərinin 
								məzunlarının da  yüksək nəticələr göstərdiyini  
								vurğuladı.O, eyni zamanda qəbul imtahanlarında 
								bəzi variantlarda  verilmiş  test suallarının 
								çətin olduğunu da tədbir iştirakçılarının 
								nəzərinə çatdırdı.    
								
								
								Sonda TQDK ilə Təhsil Nazirliyinin səmərəli 
								əməkdaşlığını xüsusi qeyd edən təhsil naziri 
								Misir Mərdanov bundan sonra da belə tədbirlərin  
								keçirilməsinin  vacibliyini  söyləməklə, cari 
								tədris ilində təhsil işçilərinin qarşısında 
								duran vəzifələrdən danışdı.     
								
								
								
								Şakir CƏFƏROV  |