| 
								 
								
								Ölkənin təhsil işçiləri tədris prosesində şagird 
								və tələbələrin elmi dünyagörüşünün 
								genişləndirilməsinin, bəşəriyyətin qazandığı 
								biliklərin və milli-dünyəvi mənəvi dəyərlərin 
								gənclərə mənimsədilməsinin səmərəli yollarını 
								axtarıb tapır və optimal metodlarla əsl insan 
								hazırlamağa çalışırlar.   
								
								
								Təbii ki, bu prosesdə Azərbaycan xalqının dünya 
								elminə verdiyi töhfələr, ayrı-ayrı 
								soydaşlarımızın elmi-nəzəri fikirləri barədə də 
								yetişməkdə olan nəsillərə məlumat verilir, dünya 
								şöhrətli alimlərimizin nümunəsində gəncliyin 
								vətənpərvərlik, milli qürur hissi 
								dərinləşdirilir, elmi axtarışlara meyil 
								artırılır.  
								
								
								Azərbaycan xalqının dünya ədəbiyyatı və 
								mədəniyyətinə bəxş etdiyi sənət korifeyləri 
								bəllidir. Azərbaycan elminin dünya elmi 
								sahələrini zənginləşdirən uğurları da çoxdur. 
								Bir tarixi şəxsiyyət - Əbülüla Gəncəvi deyib: 
								Elmin vətəni yoxdur, amma alimin vətəni 
								olmalıdır. 
								
								
								ölkəmizdən uzaqlarda yaşayan, lakin azərbaycanlı 
								alim olması ilə, Azərbaycan elminin dünya 
								miqyaslı elmi məclislərdə təmsil və təbliğ 
								olunması sahəsində köməyi ilə xalqımıza xidmət 
								edən soydaşlarımızdan biri Lütfi Zadədir 
								(L.Ələsgərzadə). 
								
								
								L.Zadə Bakıda dünyaya göz açmış (4.02.1921), 
								burada üç il oxuduqdan sonra ailəsi ilə birlikdə 
								İrana köçmüşdür. Tehran Universitetini elektrik 
								mühəndisliyi ixtisası üzrə bitirmiş L.Zadə 
								1944-cü ildə ABŞ-a getmiş, Massaçusets 
								Texnologiya İnstitutunda magistr, Kolumbiya 
								Universitetində doktorluq elmi dərəcələrini 
								almışdır. 1959-cu ildə Kaliforniya ştatının 
								Berkli şəhərindəki universitetdə professor kimi 
								işə başlamış alim sonralar elektrik mühəndisliyi 
								və kompüter elmləri kafedrasına müdir 
								seçilmişdir. Berkli Universitetində Soft 
								Computinq İnstitutunun direktoru kimi geniş elmi 
								fəaliyyət göstərən L.Zadə dünyada təbiət və 
								sosial elmlərə böyük təması ilə seçilən, 
								inqilabi dəyişikliklər etməsi ilə səciyyələnən 
								nəzəriyyələr müəllifi kimi tanınmaqdadır. Onun 
								nəzəriyyələrindən biri statistik 
								qeyri-müəyyənlik şəraitində işləyən idarəetmə 
								sistemlərində optimal süzgəcləmə məsələsinin 
								həlli ilə bağlı Zadə-Rəqqasi tənliyidir. 
								Mürəkkəb proqnozlaşdırma sistemlərinin 
								qurulmasında bu elmi təklif əsas götürülür. 
								
								
								L.Zadənin dünya idarəetmə elminə verdiyi ən 
								böyük nailiyyətlərdən biri diskret və rəqəmli 
								idarəetmə, informasiya və kommunikasiya 
								sistemlərinin yaradılmasının əsasını qoyan 
								nəzəriyyəsidir. 
								
								
								L.Zadənin elmi xidmətləri çoxdur. Heç də 
								təsadüfi deyil ki, ABŞ-ın Milli Kosmik 
								Tədqiqatlar Mərkəzi (NASA) onun nəzəriyyələri 
								əsasında idarəetmə sistemlərini tədqiq edib 
								layihələndirir və tətbiqi istiqamətlərində iş 
								aparır. 
								
								
								Mütəxəssislərin qeyd etdikləri kimi, professor 
								L.Zadəni hələ sağlığında dahilik zirvəsinə 
								qaldıran onun qeyri-səlis məntiq nəzəriyyəsidir. 
								Təbiət və cəmiyyətdə baş verən mürəkkəb 
								proseslərin, xüsusən müasir kataklizmlərin 
								öyrənilməsinin klassik riyaziyyatın əsasında 
								dayanan Aristotel məntiqinin ikili dar 
								çərçivəsinə sığışmadığını elmi şəkildə 
								əsaslandırmaq L.Zadəyə qismət olmuşdur. 
								Müddəaların həqiqilik qiyməti ya 1 (doğru), ya 0 
								(yalan) deyil, 1 ilə 0 arasında sonsuz qiymət 
								ala bilər, - fikrini əsaslandıran Zadə çoxluğu - 
								qeyri-səlis çoxluq riyaziyyatın ikiləşməsi ilə 
								nəticələndi: klassik riyaziyyat, qeyri-səlis 
								riyaziyyat. 
								
								
								Elm, texnika və incəsənətdə inqilabi 
								dəyişikliklər edən bu nəzəriyyə qeyri-səlis 
								idarəetmə, qeyri-səlis kimya, qeyri-səlis 
								iqtisadiyyat... kimi elm sahələrinin meydana 
								çıxmasına səbəb olmuşdur. 
								
								
								L.Zadənin elmi fikir və nəzəriyyələri sırasında 
								Soft Computinq və sözlə işləyən kompüterlər 
								nəzəriyyələri xüsusi yer tutur. Hər iki 
								nəzəriyyə həyatda - dünya banklarında, iqtisadi 
								və texniki sistemlərdə, incəsənət sahələrində 
								geniş miqyasda tətbiq edilməkdədir. 
								
								
								Professor Lütfi Zadə dünya elminin Aristotel, 
								Nyuton, Eynşteyn, Viner və d. nəhəngləri ilə, 
								haqlı olaraq, bir sırada dayanan, dünya elminin 
								ən böyük korifeylərindən biri olan alim kimi 
								şöhrət tapmışdır. Hələ sağlığında ikən 
								nəzəriyyələrinə əsaslanan, onun adını daşıyan 
								elm ocağı yaradılması xoşbəxtliyi L.Zadəyə nəsib 
								olmuşdur. Belə ki, ABŞ-ın Kaliforniya ştatının 
								Berkli şəhərində İnformasiya Texnologiyası üzrə 
								Zadə İnstitutu yaradılmışdır. Dünyanın müxtəlif 
								ölkələrində Zadənin qeyri-səlis məntiqinə aid 
								40-dan çox elmi jurnal  nəşr edilir. Hər il 
								dünyada bu elmi nəzəriyyələrlə bağlı onlarca 
								elmi konfrans keçirilir. 
								
								
								L.Zadənin dünyaya göz açdığı, ilk təhsil aldığı 
								vətəni Azərbaycanla əlaqəsi sıxdır. ümumdünya 
								konfranslarında Azərbaycandan olan 
								nümayəndələrlə onun görüşləri böyük əhəmiyyət 
								kəsb edir. Dahi alim soydaşlarımıza elmi 
								məsləhətlər verir, kömək edir. O, 1965-ci ildə 
								Bakıda olmuşdu. Böyük alim 2008-ci ilin 
								noyabrında ikinci dəfə doğulduğu şəhərə gəldi. 
								
								
								Azərbaycanda ölkənin görkəmli alimlərini əhatə 
								edən "Zadə irsi və süni intellekt" 
								Assosiasiyası, L.Zadə adına Beynəlxalq Müasir 
								Elmlər Akademiyası təsis olunmuşdur. Hər iki 
								qurumun xəttilə elmi seminarlar keçirilir. Artıq 
								ali məktəblərimizin tədris planında L.Zadə 
								nəzəriyyəsinin öyrədilməsi ilə bağlı kurslar 
								vardır. Orta məktəblərdə L.Zadə ilə bağlı 
								kabinet və guşələr yaradılır. Böyük alimlə bağlı 
								sənədli film çəkilib, elmi-kütləvi əsərlər çap 
								olunub (F.Tağıyev, Ş.Məmmədov. "Müasir elmin 
								korifeyi". M.Səməd. "Dünya dahilərsiz yaşaya 
								bilmir"). 
								
								
								2001-ci ilin 4 fevralında dünya şöhrətli alim 
								Bakı Dövlət Universitetinin fəxri doktoru 
								seçilmişdir.   
								
								
								
								Ş.HƏTƏMOĞLU  |