| 
								 
								
								Fevralın 1-də Azərbaycan Respublikası Təhsil 
								Nazirliyi Təhsil Problemləri İnstitutunun akt 
								zalında "Peşə təhsili və təlimi sahəsində 
								islahatlar strategiyası və Azərbaycanın seçilmiş 
								rayonlarında pilot icrası" layihəsi ilə bağlı 
								seminar keçirib. Seminarda Təhsil Nazirliyinin 
								Texniki peşə təhsili şöbəsinin müdiri Namiq 
								Məmmədov, institutun rəhbərliyi, beynəlxalq 
								ekspertlər, rayon icra hakimiyyətlərinin 
								nümayəndələri və pilot texniki peşə 
								məktəblərinin direktorları iştirak ediblər. 
								
								
								Yığıncağı giriş sözü ilə açan Təhsil Problemləri 
								İnstitutunun direktoru Abdulla Mehrabov 
								rəhbərlik etdiyi elm ocağının fəaliyyətindən, 
								respublikada təhsilin inkişafına göstərdiyi 
								xidmətlərdən və texniki peşə təhsilinin günün 
								tələbləri səviyyəsində qurulması istiqamətində 
								həyata keçirilən təxirəsalınmaz tədbirlərdən söz 
								açıb. Bildirib ki, bundan sonra peşə ixtisas 
								təhsilinin 3 mərhələdə - ilkin peşə təhsili, 
								orta peşə təhsili və ali peşə təhsili 
								mərhələlərində aparılacağı nəzərdə tutulub. 
								
								
								Seminarda çıxış edən Təhsil Nazirliyinin Texniki 
								peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov 
								ümummilli lider Heydər Əliyevin layiqli 
								davamçısı Prezident İlham Əliyevin təhsilə 
								qayğısından, 3 iyul 2007-ci il tarixli sərəncamı 
								ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 
								texniki peşə təhsilinin inkişafı üzrə Dövlət 
								Proqramı (2007-2012-ci illər)"nın ardıcıl 
								şəkildə həyata keçirilməsindən danışıb. Bu 
								iclasda Avropa İttifaqı ilə birgə həyata 
								keçirilən layihə çərçivəsində növbəti addımların 
								müzakirə olunacağını və ümumi bir məxrəcə 
								gəlməyin vacibliyini diqqətə çatdırıb. Natiq 
								həmçinin regionların tələbatına uyğun yeni peşə 
								məktəblərinin yaradılacağını, ümumiyyətlə peşə 
								təhsilinin bazar iqtisadiyyatına xidmət 
								edəcəyini vurğulayıb. 
								
								
								Təhsil Sisteminin İnformasiyalaşdırılması 
								İdarəsinin Elektron və veb məzmununun inkişafı 
								şöbəsinin müdiri Ayaz Abışov bu qurumun 
								fəaliyyəti haqqında məlumat verib. O, 2008-ci 
								ilin 10 iyununda Azərbaycan Respublikası 
								Prezidentinin "Təhsil Sisteminin 
								İnformasiyalaşdırılması üzrə Dövlət Proqramı 
								(2008-1012-ci illər)"nın təsdiq edilməsinə dair 
								sərəncam imzaladığını və Dövlət Proqramını 
								həyata keçirmək üçün həmin ildə Təhsil 
								Nazirliyinin nəzdində Təhsil Sisteminin 
								İnformasiyalaşdırılması İdarəsinin yaradıldığını 
								qeyd edib. İdarənin Rabitə və İnformasiya 
								Texnologiyaları Nazirliyi ilə əməkdaşlıq 
								etdiyini, müvafiq Dövlət Proqramının icrası 
								nəticəsində orta məktəblərin kompüterlə təmin 
								edildiyini, 20 pilot orta məktəbin fibrooptik 
								xəttə qoşulduğunu, pilot məktəblərdə İP 
								telefonun quraşdırıldığını, onun vasitəsilə 
								müəllimlərin məktəblər arasında videozənglər 
								etdiklərini seminar iştirakçılarının nəzərinə 
								çatdırıb. 3 texniki peşə məktəbinin - Bakıdakı 7 
								və 13 nömrəli peşə liseylərinin, Sumqayıtdakı 3 
								nömrəli peşə liseyinin idarə tərəfindən kompüter 
								və İnternetə çıxışla təmin edildiyini bildirib. 
								
								
								Təhsil siyasəti üzrə beynəlxalq ekspert Devid 
								Hardi və Təhsil Problemləri İnstitutunun 
								direktor müavini, təhsil siyasəti üzrə yerli 
								ekspert Rəsul Əsgərov "Texniki peşə təhsili 
								sistemində təlim-tədris prosesində informasiya 
								və kommunikasiya texnologiyalarının seçilməsi və 
								istifadəsi", "Texniki peşə təhsili sahəsinə cəlb 
								edilmiş bütün tərəfləri lazımi dəstəklə təmin 
								etmək üçün Bilik bazasının yaradılması" üzrə 
								konseptual sənədləri seminarın müzakirəsinə 
								təqdim ediblər. 
								
								
								Müzakirələrə təqdim edilən konseptual sənədlər 
								seminar iştirakçılarının yaxından iştirakı ilə 
								redaktə olunub qəbul edilməsi qərara alınıb.
								
								
								  
								
								
								Nizami MİRZƏ  |