| 
								 
								
								Bişkek şəhərində fəaliyyət göstərən SEBAT Təhsil 
								Mərkəzinə daxil olan Beynəlxalq Atatürk-Alatoo 
								Universitetində 2010-cu ilin əvvəlində ilk dəfə 
								olaraq Azərbaycan ədəbiyyatı fakültəsi 
								açılmışdır.  
								
								
								Bu barədə məlumat verən fakültənin müəllimi, 
								filologiya elmləri namizədi Ramiz Məşədihəsənli 
								bildirmişdir ki, burada çağdaş Azərbaycan 
								ədəbiyyatı tədris ediləcəkdir. çünki bundan 
								əvvəl universitetdə türkmən, özbək, qazax 
								ədəbiyyatına aid bölmələr fəaliyyətə 
								başlamışdır.  
								
								
								Natiq bildirmişdir ki, çağdaş ədəbiyyatın tədris 
								edilməsinə qərar verilərkən universitetdə 
								keçilən türk ədəbiyyatının içərisində klassik 
								Azərbaycan ədəbiyyatının yaradıcıları və onların 
								ölməz əsərləri haqqında da məlumatların 
								verilməsi nəzərə alınmışdır. Lakin çağdaş 
								Azərbaycan ədəbi nümunələri və onların 
								müəllifləri haqqında məlumatlar geniş 
								yayılmamışdır.  
								
								
								Bundan sonra yeni yaradılmış fakültənin səyi ilə 
								müasir Azərbaycan yazıçı və şairləri daha geniş 
								şəkildə tanınacaq və onların ədəbi nümunələri 
								sevilə-sevilə oxunacaqdır. 
								
								
								R.Məşədihəsənli vurğulamışdır ki, bu işdə ona 
								jurnalist-filoloq Hökümə Xəlilova kömək 
								edəcəkdir.  
								
								
								Növbəti illərdə Azərbaycan ədəbiyyatı ilə bağlı 
								tədris saatının daha da artırılacağını 
								vurğulayan natiq demişdir ki, artıq fakültənin 
								proqramı da təsdiq edilmişdir. Proqrama uyğun 
								olaraq Azərbaycan ədəbiyyatının baniləri ilə 
								yanaşı, İran Azərbaycanından olan ədiblərimiz də 
								tədris olunacaqdır. Xüsusilə tədris saatlarında 
								böyük şairimiz Məmmədhüseyn Şəhriyarın da ədəbi 
								nümunələrinə geniş yer ayrılacaqdır. 
								
								
								Bildirilmişdir ki, Beynəlxalq Atatürk-Alatoo 
								Universitetində dünyanın hər yerindən gəlmiş 
								tələbələr təhsil alırlar. Maraqlı cəhətdir ki, 
								burada mozambikli bir qaradərili müəllim də 
								fəaliyyət göstərir. Universitetdə dərslər türk, 
								ingilis, rus və qırğız dillərində keçilir. 
								
								
								 AzərTAc  |