| 
								 
								
								Xeyli müddətdir ki, Əlövsət Osmanlı adlı şəxsin 
								"Azadlıq" qəzetinin səhifələrində tanınmış 
								təhsil işçilərinə, ziyalılara ünvanlanmış böhtan 
								və yalan dolu yazılarına münasibət bildirmək 
								istəyirdim. Ancaq hər dəfə qələmi əlimə alanda 
								daşıdığım vəzifənin məsuliyyətini hiss edərək, 
								nə özümü, nə də 75 illik tarixi olan "Azərbaycan 
								müəllimi" qəzetini Əlövsət səviyyəsinə salmayım, 
								deyə, bu fikrimdən daşınırdım. Nəhayət, heç bir 
								sərhəd tanımayan bu şəxsin ildən artıq müddət 
								ərzində  hər gün "Azadlıq" qəzetinin bir 
								səhifəsini təhsillə bağlı uydurma və cəfəng 
								fikirlərlə doldurması məni də həmin böhtanlara 
								tutarlı cavab verməyə sövq etdi.  
								
								
								Riyaziyyatçı olsa da, "Əlifba" və "Həyat 
								bilgisi" dərsliklərinə də həmmüəlliflik etmiş 
								universal "alim" Əlövsət Osmanlını dərslik 
								müəllifliyi həvəsinə düşdüyü ilk vaxtlardan 
								tanıyan bir şəxs kimi onun kimliyinə azacıq da 
								olsa, aydınlıq gətirmək üçün bəzi alim və 
								ziyalıların da yaxşı xatırladıqları bir məqama 
								diqqət çəkmək istəyirəm. Bir neçə il öncə Təhsil 
								Nazirliyində yeni dərsliklərin hazırlanması ilə 
								bağlı müşavirə keçirilirdi. Bu işdə tanınmış 
								alimlər öz sahələri ilə bağlı fikirlərini 
								bildirir, dəyərli təkliflər verirdilər. Tədbirin 
								sonuna yaxın bir nəfər müşavirəyə sədrlik edən 
								nazirdən söz istədi. özünə, fikir və məntiqinə 
								arxayın olmayan adamlar kimi çəkinə-çəkinə sözə 
								başladı. Əlbəttə, bu da təbii idi. Tanınmaq 
								xatirinə çıxış etmək istəyənləri məntiqi və  
								biliyi ilə yerində oturda biləcək təhsil naziri 
								cənab Misir Mərdanovun, uzun illər dərslik 
								müəllifləri olmuş təcrübəli alimlərin qarşısında 
								təklif vermək asan iş deyildi. Həmişə yeni fikir 
								və ideya sahiblərinin sözünü eşitməyə üstünlük 
								verən nazir ənənəsinə sadiq qalaraq, heç kimin 
								tanımadığı, ilk kəlməsindən naşılığı hiss olunan 
								bu şəxsin də sözünü kəsmədi, onu sona qədər 
								dinlədi. Həmin şəxs "Azadlıq" qəzetinin neçə 
								müddətdir ki, elm və təhsil ictimaiyyətinə, xalq 
								dili ilə desək, "alim" kimi sırımaq istədiyi 
								Əlövsət Osmanlı idi. 
								
								
								Əlövsət Osmanlı zalın diqqətini çəkmək üçün 
								əvvəlcə bildirdi ki, Bakı Dövlət Universitetində 
								təhsil alan zaman nazirin tələbəsi olub. Bu 
								təhsil ocağının yüzlərlə tələbəsinin müəllimi 
								olmuş nazir isə onu tanımadığını bildirdi, hətta 
								həmin illərdə yüksək istedadı ilə fərqlənən bir 
								neçə tələbəsinin adını da sadaladı. Təbii ki, 
								onun adı bu tələbələr arasında da yox idi. 
								Nəhayət, nazirin "nə isə, xatırlaya bilmədim", - 
								deməsi Ə.Osmanlının pərt vəziyyətə düşməsinə, 
								iştirakçıların gülüşünə də səbəb oldu. 
								
								
								Sonra özünü çox abırlı və həyalı şəxs kimi 
								təqdim etməyə çalışan Əlövsət Osmanlı şou əhlinə 
								məxsus tərzdə əzilib-büzülməklə bir sıra cəfəng 
								"təkliflərini" də verdi. Tanınmış alim və 
								dərslik müəlliflərinin onun sərsəm fikirlərini 
								olduqca qeyri-ciddi qarşıladıqları aydın hiss 
								olunsa da, hamı etika xatirinə susaraq, diqqəti 
								digər məsələlərin müzakirəsinə yönəltdi... 
								(Bütün bunlar Təhsil Nazirliyinin videoarxivində 
								olan kadrlardan da aydın görünür.) 
								
								
								Cənab Osmanlı! Bu faktı yada salmaqda məqsədim 
								sənə yaxın keçmişini xatırlatmaqdır. Görünür, 
								dəyişən illər sənin əsl simanı, hansı mənəviyyat 
								sahibi olduğunu, kimliyini  üzə çıxardı. 
								Yırtılmış maskalarından göründü ki, məqamında 
								fağır və rəzil görünməyi ustalıqla bacarır, 
								məddahlıqlarını səmimi münasibət kimi büruzə 
								verə bilirsən.  
								
								
								İctimai Televiziyanın efirindən səsləndirdiyim 
								"Elm aləmi Əlövsət Osmanlı adlı şəxsi tanımır", 
								fikrimi qəbul etmədin. Televiziyadakı 3-4 
								dəqiqəlik çıxışıma az qala hər yazında öz 
								qərəzli münasibətini bildirdin. Ancaq unutma ki, 
								bu ölkədə "Azadlıq" adlı qəzetdən başqa heç kim 
								səni alim kimi qəbul etmir və etməyəcək. Kitab 
								rəfinin qarşısında çəkilmiş şəklini qəzet 
								səhifələrinə verməklə, heç vaxt ziyalı, alim 
								imici qazana bilməyəcəksən.  
								
								
								Dünyada elə bir alim, dərslik müəllifi göstər 
								ki, riyaziyyatçı ola-ola həm "Əlifba", həm də 
								"Həyat bilgisi" dərsliklərinə də müəlliflik 
								etsin. Yoxsa bununla özün üçün "universal alim" 
								imici yaratmaq istəyirsən? Əlbəttə, 10-15 il 
								öncə dərslik sahəsində bəzi boşluqlar var idi. 
								Yenicə müstəqillik əldə etmiş ölkəmizdə milli 
								dərsliklərin hazırlanması üçün nəşriyyatlar da 
								hələ formalaşmamışdı. Siz də bu boşluqlardan 
								məharətlə istifadə edib sıralara qoşuldunuz, 
								necə deyərlər, başınızı başlara qoşdunuz. İndi 
								isə ölkəmizdə mükəmməl dərslik siyasəti həyata 
								keçirilir. Professional nəşriyyatlar, təcrübəli 
								alim və müəllimlərdən ibarət müəlliflər kifayət 
								qədərdir. Artıq bu sırada sənə yer yoxdur, cənab 
								Osmanlı! 
								
								
								Mənasını anlamadığın, bilənlərdən öyrənmək belə 
								istəmədiyin  kurikulum sözündən çox danışırsan. 
								Ancaq unudursan ki, dünyanın bütün inkişaf etmiş 
								və etmək istəyən ölkələrində tətbiq olunmuş bu 
								yeniliklərin ölkəmizə gətirilməsi zəruridir. Biz 
								təhsilimizin səviyyəsini yüksəltməkdə olduğumuz 
								bir vaxtda onu Əlövsət səviyyəsinə endirə 
								bilmərik. Bu gün dövlətimizin siyasəti budur ki, 
								tətbiq etdiyimiz yenilikləri, sənin tək 
								anlamayan 5-10 nəfər olsa belə, geriyə 
								dönməməliyik.  
								
								
								Yazdıqlarının cəfəngiyat olduğunu özün də 
								bilirsən. Əgər dediklərində kiçicik bir həqiqət 
								olsaydı, səni ismi kimsəyə bəlli olmayan "təhsil 
								ekspertləri", "Azadlıq" qəzetinin elm və 
								təhsildən xəbərsiz yazarları deyil, tanınmış bir 
								alim, ziyalı müdafiə edərdi.  
								
								
								çox məntiqsiz bir yanaşmanla təhsil nazirini 
								dərslik müəllifi olmaqda, yazı yazmaqda 
								günahlandırırsan. Məgər bütün həyatı təhsillə 
								bağlı olan, müəllimlikdən nazir vəzifəsinə qədər 
								böyük yol keçmiş bir alimin, tanınmış elm 
								adamının da dərsliyə həmmüəllif olması, öz bilik 
								və təcrübəsini digər müəlliflərlə bölüşməsi 
								təhsilimizin xeyrinə deyilmi? Təhsil nazirinin 
								yazı yazması, kitabla məşğul olması nə vaxtdan 
								yasaq olub?  
								
								
								Cəfəng yazılarında sənə nə üçün cavab 
								verilmədiyini bildirirsən. Fikrini əsaslandırmaq 
								üçün hətta Türkiyədə rəhbər işçilərin belə 
								hallara dərhal münasibət bildirdiyini qeyd 
								edirsən. Ancaq unutma ki, dünyanın heç bir 
								ölkəsində dövlət rəsmiləri sənin tək "alim"lərə 
								cavab vermək üçün dəyərli vaxtlarını sərf 
								etmirlər.  
								
								
								ölkənin tanınmış alim və mütəxəssislərinin 
								iştirakıyla Təhsil Problemləri İnstitutunda 
								dərsliklərlə bağlı keçirilən müzakirələrə dəvət 
								olunsan da, yenə meydanda görünmədin. Bəs elə 
								isə məqamında gizlənən, mütəxəssislər yanında 
								danışmağa cürət etməyən, elmi mübahisələri 
								alimlər arasında deyil, qəzet səhifələrində 
								aparan bir şəxsə alim demək olarmı? 
								
								
								Unutma ki, hər gün "Əlövsət dastanı"na 
								səhifə-səhifə yer ayıran, qeybət xarakterli 
								materiallarla səhifələrini dolduran bu üzdəniraq 
								qəzetlər ölkəmizin inkişafından qıcıqlanan, 
								Azərbaycan iqtidarına qarşı çıxan sənin kimi 
								"qəhrəmanlar"a hər zaman qucaq açır, sizdən 
								müvəqqəti də olsa, öz məqsədləri üçün istifadə 
								edirlər.  
								
								
								Uzun müddətdir ki, təhsil və mətbuat sahələrində 
								çalışıram. Səndən fərqli olaraq, heç vaxt öz 
								işim, nailiyyətlərim haqqında danışmamışam. 
								Ancaq mənə ünvanladığın "elmdən və təhsildən 
								xəbərsiz" ifadələrinə cavab olaraq bildirirəm 
								ki, elmi nəticələri təsdiq edən qurum mənə də 
								son  dövrün jurnalistikası ilə bağlı tədqiq 
								etdiyim elmi işə görə, köhnə qaydada desək, 
								siyasi elmlər namizədi adı verib. Təhsilimlə 
								bağlı məsələyə  gəldikdə isə bildirirəm ki, 
								ölkənin iki ən böyük ali məktəbində təhsil 
								almışam, vəzifəm isə ictimaiyyəti və sənin tək 
								təhsildən bixəbər insanları məlumatlandırmaqdır. 
								
								
								Yazılarında tanınmış alimlərə, ziyalılara, 
								dövlət və hökumət adamlarına qarşı elmi adına, 
								yaşına yaraşmayan sözlər, nalayiq ifadə və 
								söyüşlər işlədirsən. Yaxşı bilirsən ki, hər kəs 
								istəsə, səndən daha sərt uydurma, böhtan və 
								təhqirlər yaza bilər. Ancaq bugünkü mövqeyimi 
								nəzərə alıb sənə özün tərzdə cavab verməyi özümə 
								layiq bilmirəm.  
								
								
								Bu sözləri nifrət dolu bir qələmlə yazdığımı 
								özüm də hiss edirəm. Ancaq bu fikirlərin sahibi 
								təkcə mən yox, həm də hər gün rastlaşdığım, 
								telefonla fikirlərini dinlədiyim yüzlərlə 
								müəllim və ziyalıdır. 
								
								
								Müdriklərimiz deyirlər ki, ən nadan insanlar 
								belə, adətən, ömürlərinin ikinci yarısında 
								ədalətli olmağa,  böyük və ağıllı adamlardan 
								öyrənməyə, hörmət qazanmağa çalışırlar. Səninsə 
								qazancın ancaq səni tanıyanların nifrəti oldu. 
								Barı bundan sonra çalış ki,  sənı tanıyanlar az 
								olsun.  
								
								
								Bayram HÜSEYNZADƏ  |