| 
								
								Oktyabrın 22-də Bakıda, "Gülüstan" sarayında 
								Azərbaycanda "Uşaq ili"nə və BMT-nin Uşaq 
								Hüquqları haqqında Konvensiyasının 20 illiyinə 
								həsr olunmuş Azərbaycanda uşaqların müdafiəsi 
								islahatı üzrə milli konfrans işə başlamışdır. 
								Azərbaycan hökuməti, Heydər Əliyev Fondu və 
								BMT-nin Uşaq Fondunun (YUNİSEF) və "Azercell" 
								şirkətinin təşkilatçılığı ilə keçirilən 
								konfransda Azərbaycanın birinci xanımı Mehriban 
								Əliyeva iştirak etmişdir.
								 
								
								Dövlət qurumlarının, beynəlxalq təşkilatların, 
								Milli Məclisin deputatlarının qatıldığı 
								konfransı Baş nazirin müavini Elçin ƏFƏNDİYEV 
								açaraq bildirmişdir ki, son illər ərzində 
								ölkənin iqtisadi-sosial vəziyyətində böyük və 
								əsaslı dəyişikliklər baş vermişdir. Azərbaycan 
								dayanıqlı iqtisadi inkişafa qədəm qoymuş və 
								bununla da insanların layiqli həyatı üçün münbit 
								zəmin yaradılmışdır. Bütün bunlar, ilk növbədə, 
								ölkədə uşaq hüquqlarının həyata keçirilməsi, 
								xüsusən də uşaqların müdafiəsi sahəsində konkret 
								addımların və ümumilikdə uşaqların vəziyyətinin 
								yaxşılaşdırılmasına zəmin yaratmışdır. 
								 
								
								ötən dövrdə uşaqların müdafiəsi mexanizminin 
								müəyyən edilməsi və yeni alternativ qayğı 
								formalarının yaradılması sahəsində yaxşı 
								irəliləyişlər əldə edilmişdir. Bu baxımdan 
								Azərbaycan Prezidentinin 2006-cı il 29 mart 
								tarixli Sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan 
								Respublikasında dövlət uşaq müəssisələrindən 
								uşaqların ailələrə verilməsi 
								(de-institusionalizasiya) və alternativ qayğı 
								Dövlət Proqramının (2006-2015-ci illər)" qəbul 
								edilməsi böyük əhəmiyyətə malikdir. Bu 
								proqramdan irəli gələn vəzifələrin icrası 
								istiqamətində atılan mühüm addımlar xüsusi yer 
								tutur. Prosesin uğurla həyata keçirilməsinə 
								Azərbaycanın birinci xanımı, Heydər Əliyev 
								Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun 
								xoşməramlı səfiri, Milli Məclisin deputatı 
								Mehriban Əliyeva hərtərəfli dəstək verir. 
								 
								
								Elçin Əfəndiyev diqqətə çatdırmışdır ki, 
								ikigünlük milli konfrans zamanı Azərbaycanda 
								uşaqların müdafiəsi sistemində islahatlara 
								cavabdeh olan əsas dövlət qurumlarının - Təhsil 
								Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi 
								Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri 
								üzrə Dövlət Komitəsinin, digər qurumların, o 
								cümlədən İnsan Hüquqları üzrə Müvəkkilin, 
								YUNİSEF-in regional ofisinin, beynəlxalq və 
								yerli qeyri-hökumət təşkilatlarının, 
								ekspertlərin məruzələri dinləniləcəkdir. Bundan 
								başqa, uşaqların müdafiəsi sistemi sahəsində 
								mühüm mövzuların işçi qruplarda müzakirə 
								olunması və konfrans bəyannaməsinin qəbul 
								edilməsi nəzərdə tutulmuşdur.  
								
								Baş nazirin müavini bildirmişdir ki, Azərbaycan 
								hökuməti uşaqların müdafiəsində ölkəmizin 
								beynəlxalq qurumlar, ən vacibi isə uşaqlarımız 
								qarşısında götürdüyü öhdəliklərin bundan sonra 
								da həyata keçirilməsinə hazırdır və bu işdə 
								Heydər Əliyev Fondunun dəstəyinə ümid edirik.
								 
								
								*** 
								
								Azərbaycanın birinci xanımı, Heydər Əliyev 
								Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun 
								xoşməramlı səfiri, Milli Məclisin deputatı 
								Mehriban xanım ƏLİYEVA konfransda çıxış edərək 
								dedi:  
								
								- Hörmətli xanımlar və cənablar!  
								
								Əziz dostlar!  
								
								İlk növbədə, konfransın iştirakçılarını 
								səmimi-qəlbdən salamlayır, ölkəmizə gələn bütün 
								qonaqlara "Azərbaycana xoş gəlmişsiniz" deyirəm.
								 
								
								çox sevindirici haldır ki, son zamanlar 
								paytaxtımız bir sıra beynəlxalq konfranslara, 
								sammitlərə, görüşlərə ev sahibliyi edir. Belə 
								görüşlərdə siyasi və ictimai xadimlər, alimlər, 
								dövlət məmurları, qeyri-hökumət qurumlarının 
								nümayəndələri bir araya gələrək, həm konkret 
								problemlərin həllinə öz töhfəsini verir, həm də 
								insanların bir-birini daha yaxından tanımasına, 
								dialoq qurmasına güclü təkan verirlər. 
								 
								
								Sirr deyil ki, müasir dünya bir sıra qlobal 
								problemlərlə üzləşib, bir çox ciddi suallar bu 
								gün öz cavabını axtarır. Sivilizasiyalar və 
								mədəniyyətlərin qarşıdurması, dünyanın müxtəlif 
								hissələrində davam edən hərbi toqquşmalar və 
								münaqişələr, texnogen faciələr, qlobal iqlim 
								dəyişməsi, epidemiyalar və pandemiyalar - hamısı 
								XXI əsrin reallıqlarıdır və dünya ictimaiyyətini 
								narahat edən çağırışlardır. Bu problemlər 
								sırasında uşaq taleyinə aid olan məsələlər 
								aktuallığını itirmir, demək olar ki, öz 
								vacibliyini saxlayır.  
								
								Fikrimcə, uşaqlıq dövrü insan həyatının ən 
								rəngarəng, ən yaddaqalan və ən xoşbəxt dövrüdür. 
								Məhz bu illərdə, bu dövrdə insanın gələcək 
								taleyinin, onun fiziki və mənəvi sağlamlığının, 
								vətəndaş mövqeyinin, insani cəhətlərinin əsası 
								qoyulur. Əlbəttə, hər şəxsin formalaşmasında 
								ailənin, ailə mühitinin, ailə tərbiyəsinin rolu 
								əvəzsizdir. Ailəyə bağlılıq, ailə dəyərləri, 
								uşaqlara qayğı, böyüklərə hörmət Azərbaycan 
								xalqına məxsus olan ən gözəl xüsusiyyətlərdən 
								biridir. Əsrlər boyu bu xüsusiyyət formalaşıb və 
								bu gün də ənənəvi olaraq davam edir.  
								
								Bu gün Azərbaycan qadını, demək olar ki, 
								ölkəmizin həyatının bütün sahələrində çox 
								fəaldır və həm dövlət qurumlarında, həm özəl 
								sektorda bir sıra nailiyyətlər əldə edibdir. Bu 
								gün Azərbaycan qadını öz sözünü deyir və öz 
								mövqeyini nümayiş etdirir. Bununla yanaşı, mən 
								əminəm ki, hər bir qadın üçün onun ailəsi, onun 
								uşaqları həyatının ən vacib, ən mühüm 
								hissəsidir. Mən özüm üç uşaq anası olaraq analıq 
								missiyasını həyatımın ən vacib missiyası kimi 
								dəyərləndirirəm. Əlbəttə, hər bir valideyn 
								arzulayır ki, onun uşağı sağlam, bilikli, 
								savadlı, xoşbəxt böyüsün və bunun üçün əlindən 
								gələni edir.  
								
								Amma əfsuslar olsun, elə uşaqlar vardır ki, 
								onlar valideyn himayəsindən məhrumdurlar, 
								kimsəsizdirlər və dövlət müəssisələrində tərbiyə 
								olunurlar. Bu uşaqların bir qismi həyatının ilk 
								günündən, digərləri çox az yaşından arxasız, ana 
								və ata məhəbbətindən məhrum böyüyür.  
								
								Taleyin belə ağır olmağında bu uşaqların heç bir 
								günahı yoxdur və belə ağır taleyi dəyişdirməyə 
								də heç bir imkanı yoxdur. Ona görə, məncə, bu 
								uşaqların həyatı və gələcəyi bizim hamımızı 
								narahat etməli, hamımızı düşündürməlidir. 
								 
								
								Heydər Əliyev Fondu yarandığı ilk gündən 
								valideyn himayəsindən məhrum olmuş, dövlət 
								müəssisələrində tərbiyə olunan uşaqların 
								taleyini diqqət mərkəzində saxlayır. "Uşaq 
								evləri və internat məktəblərinin inkişafı 
								proqramı" çərçivəsində Fond tərəfindən 31 dövlət 
								müəssisəsi əsaslı təmir edilib, bütün lazımi 
								avadanlıqla təmin olunubdur. Biz çalışırıq ki, 
								bu uşaqlarla daim ünsiyyət quraq, onların 
								problemləri ilə maraqlanaq, onların asudə 
								vaxtını səmərəli quraq, onlara diqqət və 
								məhəbbət göstərək.  
								
								Mən çox şadam ki, Fondun bu təşəbbüsü bu gün həm 
								təşkilatlar tərəfindən, həm də ayrı-ayrı 
								insanlar tərəfindən çox geniş şəkildə 
								dəstəklənir. Bu gün Azərbaycanda ən yüksək 
								standartlara cavab verən uşaq evləri və internat 
								məktəbləri fəaliyyət göstərir. Burada yüksək 
								peşəkarlığa malik olan insanlar çalışırlar. Amma 
								həqiqət ondan ibarətdir ki, ən yaxşı uşaq evi, 
								ən müasir internat məktəbi ailə mühitini, ailə 
								tərbiyəsini, valideyn məhəbbətini əvəz edə 
								bilməz.  
								
								Son illər belə müəssisələrdə uşaqların artması 
								bizi çox narahat edir. Heydər Əliyev Fondu bu 
								sahədə beynəlxalq təşkilatlarla, ilk növbədə, 
								BMT-nin Uşaq Fondu ilə çox uğurlu əməkdaşlıq 
								qurub və bir sıra proqramlar həyata keçirir. 
								Dövlət tərəfindən bu sahədə çox vacib addımlar 
								həyata keçirilir və gələcəkdə görülən işlər 
								planlaşdırılıb. 2006-2015-ci illəri əhatə edən 
								Azərbaycanda dövlət uşaq müəssisələrindən 
								uşaqların ailələrə verilməsi və alternativ qayğı 
								Dövlət Proqramı təsdiq edilmişdir. Bu il təsdiq 
								olunmuş baş plana əsasən bir il ərzində 11 
								dövlət uşaq müəssisəsinin, 3-5 il ərzində isə 44 
								müəssisənin transformasiyası nəzərdə tutulur.
								 
								
								Amma mən bir də qeyd etmək istəyirəm ki, 
								valideyn himayəsindən məhrum olmuş uşaqların 
								taleyi, gələcəyi dövlət orqanlarının fəaliyyəti 
								ilə yanaşı, beynəlxalq qurumların, qeyri-hökumət 
								təşkilatlarının, vətəndaş cəmiyyəti 
								təşkilatlarının, bizim hər birimizin 
								fəallığından asılıdır.  
								
								Uşaqlar bizim gələcəyimizdir, uşaqlar 
								Azərbaycanın sabahıdır. Gəlin onların 
								problemlərinə biganə qalmayaq. Gəlin unutmayaq 
								ki, məhz bu anda bizim qayğı və məhəbbətimizə 
								ehtiyacı olan minlərlə kimsəsiz uşaqlar vardır.
								 
								
								Mən ümidvaram ki, bu sahədə olan məsələlərin 
								müzakirəsi üçün, təcrübə və ideyaların 
								paylaşılması və problemlərin həlli yollarının 
								axtarılması üçün bugünkü konfrans çox yaxşı 
								fürsətdir. Bir daha konfransın bütün 
								iştirakçılarına və təşkilatçılarına öz dərin 
								minnətdarlığımı bildirirəm, konfransın işinə 
								uğurlar, hər birinizə cansağlığı arzulayıram. 
								çox sağ olun.  
								
								*** 
								
								YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin 
								rəhbəri Mark HEREVARD uşaq problemlərinin həlli 
								üçün ölkədə fəaliyyət göstərən bütün əlaqədar 
								qurumların səylərinin birləşdirilməsinin 
								vacibliyini vurğulamışdır. O, Azərbaycanda uşaq 
								məsələləri ilə bağlı inkişafın müşahidə 
								olunduğunu, bunun qanunvericilikdə əksini 
								tapdığını qeyd etmişdir. Bildirmişdir ki, bir 
								sıra vətəndaş cəmiyyəti təşkilatları və 
								beynəlxalq təşkilatlar aztəminatlı qruplardan 
								olan uşaqları yeni alternativ qayğı xidmətləri 
								ilə təmin edir. Bu xidmətlər Azərbaycanın 
								müxtəlif yerlərində ehtiyac içərisində yaşayan 
								uşaqları həyati əhəmiyyət kəsb edən yardım ilə 
								təmin etməklə yanaşı, ölkədə alternativ qayğı 
								sistemlərinin daha geniş miqyasda inkişaf 
								etdirilməsinə töhfələr verir.  
								
								YUNİSEF-in Heydər Əliyev Fondu və Azərbaycan 
								hökuməti ilə sıx fəaliyyət göstərdiyini söyləyən 
								BMT-nin Uşaq Fondunun Azərbaycandakı nümayəndəsi 
								alternativ qayğı sistemləri barədə ətraflı 
								məlumat vermişdir.  
								
								Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq 
								olunmuş "Azərbaycan Respublikasında dövlət uşaq 
								müəssisələrindən uşaqların ailələrə verilməsi 
								(de-institusionalizasiya) və alternativ qayğı 
								Dövlət Proqramının (2006-2015-ci illər)" 
								əhəmiyyətini xüsusi vurğulayan YUNİSEF-in 
								nümayəndəsi bildirmişdir ki, problemin həlli 
								istiqamətində dövlət, qeyri-hökumət və vətəndaş 
								cəmiyyəti qurumlarının birgə fəaliyyəti təmin 
								olunmalıdır. Burada dövlətin əsas funksiyası 
								hazırlanacaq layihələrə dəstəyin təmin 
								edilməsindən ibarətdir.  
								
								Konfransın qarşısında duran vəzifələrə toxunan 
								Mark Herevard müzakirələr nəticəsində uşaqların 
								hüquqlarının müdafiəsinin təşkili ilə bağlı 
								strategiyanın müəyyən olunmasının vacibliyini 
								qeyd etmişdir.  
								
								Layihəyə dəstək verməkdən məmnun olduqlarını 
								deyən "Azercell Telekom" birgə müəssisəsinin 
								prezidenti Ali AĞAN bildirmişdir ki, 2009-cu il 
								Azərbaycanda "Uşaq ili" olduğu üçün bu 
								konfransın əhəmiyyəti daha böyükdür.  
								
								Ali Ağan Heydər Əliyev Fondunun prezidenti 
								Mehriban xanım Əliyevanın uşaqların hüquqlarının 
								qorunması sahəsindəki fəaliyyətinin, valideyn 
								himayəsindən məhrum olmuş uşaqlara göstərdiyi 
								diqqət və qayğının cəmiyyətdə yüksək 
								qiymətləndirildiyini vurğulamışdır. Bildirmişdir 
								ki, Fondun uşaqlarla bağlı həyata keçirdiyi 
								layihələr Azərbaycanın gələcəyinə 
								hesablanmışdır.  
								
								Azərbaycan hökuməti, Heydər Əliyev Fondu, 
								YUNİSEF, "Azercell Telekom" MMC və vətəndaş 
								cəmiyyətinin nümayəndələri arasında uşaq 
								hüquqlarının müdafiəsi sahəsində islahatların 
								həyata keçirilməsinin gücləndirilməsi üçün 
								tərəfdaşlığın qurulduğunu qeyd edən Ali Ağan 
								bunun nəticəsində bir sıra layihələrin 
								reallaşdırıldığını diqqətə çatdırmışdır. 2008-ci 
								ilin payız mövsümündə uşaqların ailə mühitində 
								böyümək hüququnun təbliğ edilməsinə hədəflənmiş 
								"Hər bir uşağın ailəyə ehtiyacı var" adlı milli 
								ictimai məlumatlandırma kampaniyasının 
								əhəmiyyəti yüksək qiymətləndirilmişdir. 
								 
								
								Sonra konfransda mövzu ilə bağlı məruzələr 
								dinlənilmişdir.  
								
								AzərTAc |