| 
								 
								
								
								(Əvvəli qəzetimizin ötən saylarında) 
								
								
								  
								
								
								Hörmətli oxucular, ötən məqalədə ümummilli lider 
								Heydər Əliyevin təşəbbüsü ilə hazırlanmış və 
								1999-cu ildə təsdiq olunmuş təhsil sahəsində 
								İslahat Proqramı ilə əlaqədar bir sıra 
								məlumatlarla sizi tanış etmişdim. Bu məqalədə 
								islahatların əsas istiqamətləri, proqramın 
								birinci və ikinci mərhələlərində həyata 
								keçirilən tədbirləri diqqətə çatdırmaq istərdim.
								  
								
								
								Proqramda islahatların aşağıdakı strateji 
								istiqamətlər üzrə aparılması 
								müəyyənləşdirilmişdi:  
								
								
								- normativ-hüquqi bazanın yaradılması sahəsində;
								 
								
								
								- təhsil sisteminin strukturunda;  
								
								
								- təlim-tərbiyənin məzmununda;  
								
								
								- kadr hazırlığı və təminatında;  
								
								
								- təhsil sisteminin tədris, elmi-metodiki və 
								informasiya təminatında;  
								
								
								- təhsil sisteminin idarəolunmasında; 
								 
								
								
								- təhsil sisteminin maddi-texniki bazasında;
								 
								
								
								- təhsilin iqtisadiyyatında.  
								
								
								Proqram perspektiv inkişafı nəzərdə tutan üç 
								mərhələni əhatə edirdi və uzun müddət üçün 
								nəzərdə tutulmuşdu.  
								
								
								İslahataqədərki dövr təhsil sisteminin vəziyyəti 
								təhlil olunarkən aşağıdakı prinsipial məsələlər 
								müəyyən edilmişdi:  
								
								
								- Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan 
								sonra beynəlxalq təcrübədən bəhrələnən və müasir 
								tələblərə cavab verən, milli və ümumbəşəri 
								dəyərlərə, demokratik prinsiplərə əsaslanan yeni 
								milli təhsil sisteminin yaradılması 
								istiqamətində lazımi səviyyədə işlərin 
								aparılmaması, təhsil sahəsində köklü 
								islahatların aparılması istiqamətində əsaslı 
								addımların atılmaması;  
								
								
								- 1992-ci ildə qəbul edilən "Təhsil Qanunu"nun 
								Azərbaycan təhsilində əsaslı yeniləşmələr 
								aparmaq üçün real zəmin yaratmaması, həmin 
								qanunda ölkənin iqtisadi potensialının nəzərə 
								alınmaması;  
								
								
								- təhsil müəssisələrinin keçmiş sovet dövründəki 
								şəbəkəsinin əsasən eyni ilə saxlanılması və onun 
								təkmilləşdirilməsi istiqamətində lazımi 
								tədbirlərin görülməməsi;  
								
								
								- idarəetmə orqanları arasında əlaqələrin 
								sistemsizliyi və pərakəndə halda olması, 
								idarəetmədə paralel strukturların mövcudluğu, 
								əks-mərkəzləşmə prinsiplərinin tətbiq 
								olunmaması;  
								
								
								- tədris müəssisələrinin, təhsil orqanlarının 
								strukturlarının və funksiyalarının 
								təkmilləşdirilməməsi;  
								
								
								- təhsilin məzmununda müstəqil dövlətçilik və 
								milli ideologiya prinsiplərinin əks olunmaması, 
								milli tərbiyə konsepsiyasının hazırlanmaması;
								 
								
								
								- təhsilin ayrı-ayrı pillələri üzrə dövlət 
								təhsil standartlarının və bazis tədris 
								planlarının hazırlanıb təsdiqlənməməsi; 
								 
								
								
								- milli ənənələrə, ümumbəşəri dəyərlərə, 
								demokratik prinsiplərə əsaslanan, beynəlxalq 
								standartlara uyğun tədris proqramları və 
								dərsliklərin hazırlanmaması, dövlətçilik 
								ideologiyası prinsiplərinə əsaslanan humanitar 
								profilli dərsliklərin yaradılmaması;  
								
								
								- yeni tipli təlim-tərbiyə müəssisələri üçün 
								nümunəvi tədris plan və proqramlarının 
								hazırlanmaması;  
								
								
								- mütəxəssis hazırlığı prosesində bazar 
								iqtisadiyyatının tələblərinə cavab verə bilən 
								yeni tədris plan və proqramlarının hazırlanması 
								işinin zəif təşkili;  
								
								
								- ixtisasartırma və yenidənhazırlanma təhsilində 
								yeni mexanizmlərə keçidin ləngidilməsi; 
								 
								
								
								- müasir tələbatı ödəyən kadr hazırlığı və 
								təminatı üzrə təşkilati mexanizmlərin 
								yaradılmaması;  
								
								
								- "ixtisasartırma-attestasiya-stimul" 
								mexanizminin hazırlanmaması;  
								
								
								- kadrların attestasiyasının yeni qaydalarının 
								müəyyənləşdirilməməsi;  
								
								
								- pedaqoji profilli ali və orta ixtisas 
								məktəblərində müəllim hazırlığı prosesinin 
								təkmilləşdirilməməsi;  
								
								
								- mütəxəssis hazırlayan peşə-ixtisas təhsili 
								müəssisələrində marketinq strukturlarının 
								yaradılmaması, bu işin elmi əsaslarının 
								öyrənilməməsi;  
								
								
								- təhsil sisteminin tədris, elmi-metodiki və 
								informasiya təminatının qeyri-qənaətbəxş olması;
								 
								
								
								- yeni təhsil texnologiyalarının tətbiqini təmin 
								edə biləcək strukturların yaradılmaması; 
								 
								
								
								- təhsil sisteminin maddi-texniki, tədris 
								bazasının zəif olması, müasir iqtisadi idarəetmə 
								modelinin yaradılmaması, bazar iqtisadiyyatı 
								prinsipləri baxımından ümumtəhsil məktəblərinin 
								büdcədənkənar vəsaitlərini əldə etmək 
								imkanlarının olmaması;  
								
								
								- təhsilə investisiya qoyuluşu istiqamətində 
								məqsədyönlü işlərin aparılmaması, qrant və 
								kreditlərin əldə olunması üçün kifayət qədər 
								birgə layihə və proqramların hazırlanmaması;
								 
								
								
								- adambaşına  maliyyələşmə  mexanizminə  keçid  
								üçün konkret   addımların   atılmaması; 
								 
								
								
								- təhsil sisteminin maliyyələşdirilməsi üzrə 
								normativlərin bazar iqtisadiyyatı şəraitinə 
								uyğunlaşdırılmaması;  
								
								
								- beynəlxalq təhsil sisteminə inteqrasiyanın 
								zəifliyi və sair.  
								
								
								Qeyd olunan problemlərin həlli üçün İslahat 
								Proqramında aşağıdakı tədbirlər 
								müəyyənləşdirilmişdi:  
								
								
								- məktəbəqədər təhsil müəssisələrinin mövcud 
								şəbəkəsinin təkmilləşdirilməsi, uşaqların erkən 
								yaşdan inkişafını təmin edən yeni tipli 
								müəssisələrin təşkil edilməsi;  
								
								
								- məktəbəqədər təhsil müəssisələri üçün milli 
								tərbiyə proqramlarının hazırlanması;  
								
								
								- əqli və ya fiziki cəhətdən qüsurlu uşaqlar 
								üçün xüsusi müəssisələrin, psixi gərginliyə 
								məruz qalmış qaçqın və məcburi köçkün uşaqlar 
								üçün reabilitasiya mərkəzlərinin, xüsusi istedad 
								və qabiliyyəti ilə fərqlənən uşaqlar üçün yeni 
								tipli təhsil müəssisələrinin, o cümlədən təhsil 
								sahələri üzrə fənn məktəblərinin, yeni profilə 
								istiqamətləndirmə və qruplaşdırmaqla 
								peşə-ixtisas təhsili müəssisələrinin bazasında 
								yeni tipli elm-təhsil və elm-istehsalat 
								komplekslərinin, müasir idarəetmə prinsiplərinin 
								və funksiyalarının tətbiqi məqsədilə təhsil 
								menecerlərinin hazırlanması mərkəzinin, əmək 
								bazarının tələbatına uyğun olaraq orta ixtisaslı 
								fəhlə və kiçik mütəxəssis kadrların 
								səmərəliliyini təmin edə biələck yeni tipli 
								təhsil müəssisələri komplekslərinin yaradılması;
								 
								
								
								- məsafədən (distant) təhsil texnologiyaları da 
								daxil olmaqla ixtisasartırma və 
								yenidənhazırlanma təhsilinin yeni sisteminin 
								qurulması;  
								
								
								- təhsilin bütün pilllələri üzrə dövlət təhsil 
								standartlarının, bunlara uyğun tədris planları 
								və proqramları, dərslik və dərs vəsaitlərinin 
								hazırlanması üçün təşkilati tədbirlərin 
								görülməsi, dərsliklərin hazırlanması, nəşri və 
								təhsil müəssisələrinin onlarla təminatı 
								proqramının hazırlanması;  
								
								
								- təhsilin bütün pillələri, xüsusən ümumtəhsil 
								məktəbləri üçün Azərbaycanın milli 
								ideologiyasını özündə əks etdirən humanitar 
								profilli dərsliklərin, xüsusən "Azərbaycan 
								tarixi", "Azərbaycan ədəbiyyatı", "Azərbaycan 
								dili", "Azərbaycan coğrafiyası" dərsliklərinin 
								hazırlanması;  
								
								
								- təlim-tərbiyə prosesinin təhsilalanın meyil, 
								maraq, istedad və qabiliyyəti əsasında 
								quruluması, bu məqsədlə çoxvariantlı tədris plan 
								və proqramlarının hazırlanması, tədricən 
								inteqrativ təlimə keçid üçün real zəminin 
								yaradılması;  
								
								
								- istedadlı uşaq, şagird və tələbələrin aşkara 
								çıxarılması üçün xüsusi mexanizmin işlənməsi, 
								onların təhsil aldığı müəssisələrdə fərdi tədris 
								planları və proqramlarının tətbiqinə keçilməsi;
								 
								
								
								- milli tərbiyə proqramının hazırlanması və 
								mərhələlər üzrə həyata keçirilməsi, milli 
								ideologiya komponentlərinin, xüsusən dövlətçilik 
								atributlarının təlim-tərbiyə müəssisələrində 
								təbliği və tədrisi işinin gücləndirilməsi;
								 
								
								
								- əmək bazarının dəyişən şəraitinə uyğunlaşmağa 
								imkan verən, genişprofilli mütəxəssis 
								hazırlığını təmin edən baza təhsil proqramları, 
								eləcə də yeni ixtisas və ixtisaslaşma 
								klassifikatorunun hazırlanması;  
								
								
								- təhsil müəssisələrinin kompüterləşdirilməsi və 
								mərkəzləşdirilmiş informasiya sistemləri 
								proqramının işlənməsi, tətbiq olunması; 
								 
								
								
								- monitorinq, yeni qiymətləndirmə modellərinə 
								keçid, təhsilalanların biliklərinin 
								qiymətləndirilməsi üçün yeni attestasiya 
								sisteminin yaradılması;  
								
								
								- təhsil sisteminin pedaqoji kadrlara olan real 
								tələbatının proqnozlaşdırılması;  
								
								
								- əmək bazarının tələbatı nəzərə alınmaqla 
								mütəxəssis hazırlığının cari və perspektiv 
								strukturunun və həcminin müəyyənləşdirilməsi;
								 
								
								
								- "Təhsilin təşkili və idarəolunması" ixtisası 
								üzrə mütəxəssis-təhsil menecerlərinin 
								hazırlığına başlanılması və bu istiqamətdə kadr 
								hazırlığının ardıcıl inkişaf etdirilməsi; 
								 
								
								
								- pedaoji ali və orta ixtisas məktəblərində 
								müəllim hazırlığının yeni modelinə keçilməsi;
								 
								
								
								- kadrların ixtisasının artırılması və 
								yenidənhazırlanması təhsilində müqavilə 
								mexanizmlərinin tətbiqi, "öyrədənlərin 
								öyrədilməsi" proqramlarına üstünlük verilməsi;
								 
								
								
								- əlavə pedaqoji təhsil sisteminin yeni 
								modelinin qurulması, diplomdansonrakı təhsil 
								konsepsiyası, distant təhsil konsepsiyası, 
								ixtisasartırma və yenidənhazırlanma təhsilinin 
								təşkili modellərinin hazırlanması, təsdiqi və 
								prosesə tətbiq edilməsi;  
								
								
								- pedaqoji kadrların attestasiyasının yeni - 
								müasir mexanizminin hazırlanması, təsdiqi, 
								prosesə tətbiqi;  
								
								
								- təhsil sistemində beynəlxalq informasiya 
								mübadiləsi mexanizminin tətbiqi, elmi-kütləvi 
								kitabxanaların beynəlxalq informasiya 
								kanallarına qoşulması üçün informasiya bazasının 
								yaradılması, yeni standartların və islahatların 
								həyata keçirilməsinə nəzarət etmək və 
								qiymətləndirmək məqsədilə dövlət monitorinq 
								sisteminin qurulması;  
								
								
								- yeni informasiya texnologiyalarının tətbiqi və 
								istifadəsi, xüsusilə elmi və metodiki işlərin 
								səmərəliliyinin artırılması, təhsil 
								müəssisələrini bütövlükdə əhatə edən kompüter 
								şəbəkəsinin yaradılması, onun İnternetə 
								çıxışının təmin edilməsi, vahid informasiya 
								sisteminin təşkili, informasiya bankının 
								yaradılması;  
								
								
								- təhsili idarəetmə orqanlarında informasiya 
								mərkəzlərinin yaradılması;  
								
								
								- təhsil sisteminin informasiyalaşdırılması və 
								kompüterləşdirmə proqramının hazırlanması;
								 
								
								
								- dərsliklərin müsabiqə əsasında hazırlanmasının 
								təmin edilməsi, alternativ dərsliklərin 
								yaradılmasını təmin edən mexanizmlərin tətbiqinə 
								keçid;  
								
								
								- milli xüsusiyyətlər nəzərə alınmaqla 
								pedaqogika və psixologiyanın, xüsusilə milli 
								tərbiyənin aktual problemləri üzrə elmi-tədqiqat 
								işlərinin istiqamətlərinin müəyyənləşdirilməsi, 
								bu sahədə elmi araşdırmaların intensiv şəkildə 
								aparılması;  
								
								
								- təhsil sisteminin idarəolunması sahəsində 
								tədricən əks-mərkəzləşmə mexnizmlərinə keçid, 
								planlaşdırma, təşkiletmə, rəhbərlik, nəzarət, 
								informasiya təminatı və sair kimi funksiyaları 
								özündə əks etdirən müasir idarəetmə modellərinin 
								tətbiqinə keçid;  
								
								
								- dövlət lisenziyalaşdırma, attestasiya və 
								akkreditasiya sisteminin yaradılması və prosesə 
								tətbiq olunması;  
								
								
								- təhsilin keyfiyyətinə dövlət nəzarətinin, 
								eləcə də müasir qiymətləndirmə sisteminin 
								yaradılması, monitorinq və qiymətləndirmə 
								mexanizmlərinin tətbiqi;  
								
								
								- təhsil müəssisələrinə mərhələlərlə muxtariyyət 
								statusunun verilməsi;  
								
								
								- təhsil sisteminin bütün pillələrdən olan 
								təlim-tərbiyə müəssisələri və ona xidmət 
								sahələri üçün zəruri avadanlıq, əyani tədris 
								vəsaitlərinin, təlimin texniki vasitələrinin 
								nümunəvi siyahısının, uşaq, şagird və 
								tələbələrin sağlamlığının qorunması, 
								təlim-tərbiyə üçün təhlükəsiz şəraitin 
								yaradılması, eləcə də sanitar-gigiyenaya dair 
								müvafiq normativlərin hazırlanması;  
								
								
								- təhsilalanların sayına görə büdcədən 
								maliyyələşmənin optimal həcminin 
								müəyyənləşdirilməsi məqsədilə adambaşına 
								maliyyələşmə normativlərinin müəyyən edilməsi və 
								prosesə tətbiqi;  
								
								
								- ümumtəhsil məktəblərinin maliyyə ehtiyatlarını 
								artırmasını, təşəbbüskarlığının 
								stimullaşdırılmasını təmin edən yeni maliyyə 
								mexanizminin yaradılması;  
								
								
								- təhsil müəssisələrində əməkhaqqı fondunun 
								dövlət büdcəsindən, qeyri-büdcə sferasında olan 
								mənbələr və eləcə də mütəxəssis hazırlığı, 
								tədris-metodiki, elmi-texniki məhsul və digər 
								xidmətlərin reallaşdırılmasından əldə olnan 
								vəsaitlər hesabına formalaşması və xərclənməsi 
								mexanizminin yaradılması;  
								
								
								- təhsil sisteminin inkişafı məqsədilə 
								investisiyanın cəlb olunması və investisiya 
								fondunun təşkili proqramının hazırlanması;
								 
								
								
								- təhsil sisteminin iştirakçılarının sosial 
								müdafiəsi proqramının hazırlanması;  
								
								
								- təhsilin İnkişaf Fondunun fəaliyyətinin 
								gücləndirilməsi və genişləndirilməsi 
								tədbirlərinin həyata keçirilməsi və sair. 
								 
								
								
								Bütün bu islahatyönümlü tədbirlərin yerinə 
								yetirilməsinə ulu öndərin "Azərbaycan 
								Respublikasında islahatlar üzrə Dövlət 
								Komissiyası haqqında" 30 mart 1998-ci il tarixli 
								sərəncamında qeyd edildiyi kimi, Dünya Bankının 
								vəsaiti cəlb olunmaqla başlandı. Belə ki, 
								1999-cu il iyunun 29-da Azərbaycan hökuməti və 
								Beynəlxalq İnkişaf Assosiasiyası arasında 
								3220-AZ nömrəli "İnkişaf üçün kredit haqqında 
								Saziş" imzalandı və Azərbaycan Respublikası 
								Prezidentinin müvafiq sərəncamı ilə təsdiq 
								edidi.  
								
								
								Dünya Bankının təsnifatına əsasən, kredit 
								mahiyyətcə öyrədici və innovasiya xarakteri 
								daşıyırdı. Yəni bu kiçikhəcmli kreditin 
								məqsədlərindən biri də Azərbaycanın təhsil 
								sistemində Dünya Bankının qaydaları, 
								prosedurları, təlimatları üzrə zəruri bilik və 
								bacarıqlar formalaşdırmaq, müvafiq kadr 
								hazırlığını təmin etmək, təhsil innovasiyalarını 
								dəstəkləməkdən ibarət idi. Layihənin dəyəri 5,5 
								milyon ABŞ dolları təşkil etmişdi ki, bu 
								məbləğin də 500 min dolları Azərbaycan 
								hökumətinin payına düşürdü.  
								
								
								Layihəni həyata keçirmək üçün 27 pilot 
								müəssisəsi müəyyən edilmişdi. Buraya Naxçıvan 
								Muxtar Respublikasında 4, Bakı şəhərində 8, 
								Gəncə şəhərində 3, Sumqayıt şəhərində 1, 
								Lənkəran rayonunda 4 məktəb olmaqla ümumilikdə 
								20 pilot məktəbi, keçmiş Azərbaycan Pedaqoji 
								Kadrların İxtisasının Artırılması və 
								Yenidənhazırlanması Baş İnstitutu və onun 
								Lənkəran filialı, Naxçıvanda və Gəncədə yerləşən 
								Müəllimlərin İxtisasartırma institutları, Bakı 
								Şəhər PKİAYH İnstitutu, keçmiş Təhsil 
								Problemləri üzrə Elmi-Metodik Mərkəz və 
								Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutu daxil 
								edilmişdi.  
								
								
								Layihə iki istiqamətdə islahatların aparılması 
								üzrə xüsusi yanaşmaları özündə əks etdirirdi:
								 
								
								
								- tədris plan və proqramları, tədris-metodiki 
								təminat sahəsində islahatlar;  
								
								
								- müəllimlərin ixtisasartırması üzrə islahatlar.
								 
								
								
								İslahat sahəsində Təhsil Nazirliyinin uğurlu 
								işlərindən biri ümumi orta təhsilin dövlət 
								standartları və bazis tədris planı əsasında 
								pilot məktəblərinin I-II və V-VI sinifləri üçün 
								müasir tələblər səviyyəsində 9 adda yeni nəsil 
								tədris proqramlarının hazırlanması və nəşr 
								edilməsi oldu. Bu işə respublikanın tanınmış 
								alim-pedaqoqları və metodistləri, qabaqcıl 
								müəllimləri cəlb olunmuşdu. 2001-2002-ci dərs 
								ilindən başlayaraq pilot məktəblərində 
								Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və 
								informatika, tarix, ingilis dili (V və VI 
								siniflər), musiqi, təsviri incəsənət (I-II, V-VI 
								siniflər), Azərbaycan dili (təlim rus dilində 
								olan məktəblərin I-II, V-VI sinifləri), rus dili 
								və ədəbiyyatı (təlim rus dilində olan 
								məktəblərin V-VI sinifləri) fənləri yeni 
								proqramlar əsasında tədris olunmağa başlandı. Bu 
								tədris proqramlarının tətbiqi ilə əlaqədar 
								olaraq 252 müəllim və metodist "öyrədənlərin 
								öyrədəni" sistemi əsasında xüsusi təlim 
								kurslarından keçirildi.  
								
								
								2001-ci ildən başlayaraq pilot məktəblərində 
								təlim şəraitinin əsaslı şəkildə dəyişilməsinə, 
								fəal və interaktiv təlim metodlarının dərs 
								prosesinə tətbiqinə böyük diqqət verilirdi. Bu 
								istiqamətdə 2000-ci ildə pilot məktəblərinin 204 
								ibtidai sinif müəllimi, 2001-ci ildə 527 nəfər 
								V-VI siniflərdə dərs deyən fənn müəllimi və 110 
								nəfər pilot ixtisasartırma institutlarının 
								metodistləri müasir təlim metodları üzrə xüsusi 
								kursların müdavimləri olmuşdular. 2003-cü ilin 
								may-avqust aylarında isə pilot məktəblərinin 66 
								nəfər müəllimi və müvafiq RTŞ metodistləri, 
								habelə 62 nəfər ixtisasartırma institutlarının 
								metodistləri "öyrədənlərin öyrədəni" modeli 
								əsasında 3 mərhələdə 104 saatlıq təlim kursu 
								keçmiş və sertifikat almışdır. Həmin müəllim və 
								metodistlər isə öz həmkarlarına fəal və 
								interaktiv təlim metodlarını öyrətmişlər. Hər 
								bir pilot məktəbində müasir təlim metodlarının 
								tətbiqi məsələlərinə həsr olunmuş xüsusi 
								seminarlar təşkil olunurdu. Pilot 
								müəssisələrinin müəllim və metodistlərinin, 
								tanınmış alim-pedaqoqların iştirakı ilə belə 
								seminarlar Bakı şəhərindəki 7, 18, 70, 82, 181, 
								275, 287 nömrəli, Sumqayıt şəhərindəki 25 
								nömrəli, Naxçıvan şəhərindəki 11 nömrəli orta 
								məktəblərdə və Şərur rayonundakı Aralıq kənd 
								məktəbində keçirilmişdi.  
								
								
								İslahatların aparılması prosesində təhsil 
								sahəsində beynəlxalq təcrübənin öyrənilməsi 
								Təhsil Nazirliyinin daim diqqət mərkəzində idi. 
								Hələ təhsil islahatının başlanğıc mərhələsində 
								beynəlxalq və milli məsləhətçilərin köməyi ilə 
								40-a yaxın xarici ölkənin təhsil sistemləri, 
								orada tətbiq olunan təlim və tərbiyə metodları, 
								ayrı-ayrı mexanizmlər, idarəetmə modelləri 
								öyrənilmişdi.  
								
								
								Müasir pedaqoji tendensiyalara uyğun olaraq, 
								Azərbaycanın təhsil sisteminə yeni təcrübələrin 
								tətbiqi məqsədilə müsabiqə yolu ilə seçilmiş üç 
								nəfər təhsil mütəxəssisi Təhsil Nazirliyinin 
								xüsusi təqaüdü ilə İngiltərənin Lids 
								Universitetində və Kinqs Kollecində inteqrativ 
								fənlər, riyaziyyat və təbiətşünaslıq, təhsildə 
								qiymətləndirmə sahələrində magistr dərəcəsi üzrə 
								təhsil almışdılar.  
								
								
								Bunlarla yanaşı, 2000-ci ilin mayında Təhsil 
								Nazirliyinin 17 nəfər əməkdaşı Türkiyə 
								Respublikasına ezam olunmuş, nazirliyi və pilot 
								müəssisələrini təmsil edən 10 nəfərdən ibarət 
								nümayəndə heyəti 2001-ci ilin aprelində ABŞ-ın 
								təhsil sistemi ilə yaxından tanış olmuş, ABŞ-ın 
								5 iri şəhərində 18 rəsmi görüş keçirmiş, 15 
								seminarda iştirak etmişdi, 12 ümumtəhsil məktəbi 
								və digər təhsil müəssisələrinin iş təcrübəsi ilə 
								tanış olmuşdu. Həmin ilin iyulunda nazirliyin və 
								pilot müəssisələrinin 28 nəfər rəhbər işçisi 
								"Cəmiyyətin demokratikləşdirilməsi şəraitində 
								ümumtəhsil məktəbinin idarəolunmasının müasir 
								metodları" mövzusunda İsraildə təşkil olunmuş 
								təlim kursunun iştirakçısı olmuşdu.  
								
								
								2001-ci ilin iyununda ABŞ-ın Kolorado 
								Universitetindən dəvət olunmuş mütəxəssislər 
								"Sinif şəraitində uşağın inkişafı" və "Ucuz 
								materiallardan istifadə etməklə təbiətşünaslıq 
								fənninin əyani surətdə tədrisi" mövzusunda pilot 
								məktəblərinin və ixtisasartırma institutlarının 
								100 nəfər müəllim və metodisti üçün xüsusi 
								seminar keçirmişdi.  
								
								
								2002-ci ilin mayında Təhsil Nazirliyinin 8 
								nəfərdən ibarət nümayəndə heyəti Hollandiya və 
								İngiltərənin təhsil sistemləri ilə yaxından 
								tanış olmuş, hər iki ölkənin tədris 
								proqramlarının, dərsliklərin və digər tədris 
								materiallarının hazırlanması, təhsil 
								müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi 
								ilə məşğul olan 10 qurumun fəaliyyətini 
								öyrənmiş, 2 universitet və 2 ümumtəhsil 
								məktəbində olmuş, 21 seminarda iştirak etmişdi.
								 
								
								
								2002-ci ilin oktyabrında Almaniyadan olan təhsil 
								mütəxəssisləri tərəfindən 80 nəfər rəhbər təhsil 
								işçisi üçün "Təhsilin keyfiyyətinə müasir 
								baxışlar", "Təhsil sisteminin monitorinqi və 
								qiymətləndirilməsi", həmin ilin dekabrında isə 
								Böyük Britaniya və ABŞ mütəxəssisləri Təhsil 
								Nazirliyinin, ixtisasartırma institutlarının və 
								pilot məktəblərinin rəhbərliyi və əməkdaşları 
								üçün "Müəllim fəaliyyətinin qiymətləndirilməsi 
								və peşəkarlıq səviyyəsinin inkişafı" mövzularına 
								həsr olunmuş seminarlar keçirilmişdi. 
								 
								
								
								2003-cü ilin iyulunda təhsil nazirinin 
								müavinləri, nazirliyin struktur bölmələrinin 
								rəhbərləri daxil olmaqla 20 nəfərlik nümayəndə 
								heyəti Beynəlxalq Əmək Təşkilatının İtaliyada 
								yerləşən Treninq Mərkəzində "Təhsil islahatı 
								layihəsinin idarəolunması" mövzusunda 2 həftəlik 
								təlim kursundan keçmişdi. Həmin il sentyabrın 
								1-dən 14-dək 9 nəfər təhsil işçisi ümumi təhsil 
								sistemində yeni kurikulumun hazırlanması 
								məsələləri ilə əlaqədar Finlandiyada və İsveçdə 
								tədris səfərlərində olmuşdu.  
								
								
								2000-2002-ci illər ərzində beynəlxalq 
								məsləhətçilər tərəfindən Azərbaycanda dərsliklə 
								təminat, təhsil xərcləri və maliyyələşdirmə, 
								valideynlərin və ictimaiyyətin məktəb həyatına 
								cəlb olunması, müəllimlərin peşəkarlıq 
								səviyyəsinin inkişafı, təhsil islahatı 
								layihəsinin monitorinqi və qiymətləndirilməsi 
								mövzuları üzrə xüsusi tədqiqatlar aparılmış, 
								nəticədə müvafiq tövsiyələr hazırlanmışdır.
								 
								
								
								İslahatlar çərçivəsində pilot müəssisələrinin 
								maddi-texniki bazasının möhkəmləndirilməsi də 
								nəzərdə tutulmuşdu. 2000-ci ildə bütün pilot 
								müəssisələrində, Təhsil Problemləri İnstitutunun 
								binasında əsaslı təmir işləri aparılmış və bu 
								məqsədlərə 1,23 milyon ABŞ dolları sərf olunmuş, 
								Təhsil Nazirliyi və pilot müəssisələri üçün 982 
								min ABŞ dolları məbləğində kompüter, 
								surətçıxaran maşınlar və digər avadanlıq, habelə 
								ofis mebeli alınmışdı.  
								
								
								2000-2003-cü illərdə bütün pilot məktəbləri və 
								institutları üçün 512 dəst kompüter, 77 printer, 
								34 surətçıxaran maşın, 100 televizor, 216 
								stereomaqnitofon, 92 videomaqnitofon, 189 
								müxtəlif proyektor, o cümlədən multimedia 
								proyektorları, 29 videokamera və digər 
								audio-vizual avadanlıqlar alınmışdı. Bundan 
								başqa pilot müəssisələri 5950 dəst şagird 
								masası, 470 ədəd yazı lövhəsi, akt zalı üçün 
								1897 kreslo və digər mebel avadanlığı ilə təchiz 
								olunmuşdu.  
								
								
								Azərbaycanda ilk dəfə olaraq 2003-cü il 
								sentyabrın 1-dən pilot məktəblərinin V və VI 
								sinif şagirdləri ədəbiyyat, təlim rus dilində 
								olan məktəblər rus dili, ədəbiyyat fənləri üzrə 
								dərslik komplektləri, iş dəftərləri və 
								müəllimlər isə metodik vəsaitlərlə təmin olundu.
								 
								
								
								Tədris proqramlarının hazırlanması, şagird 
								nailiyyətlərinin qiymətləndirilməsi və 
								müəllimlərin ixtisasartırması üzrə 2003-cü ilin 
								yanvar-fevralında CİTO Qroup (Hollandiya) və EDC 
								(ABŞ) şirkətləri məsləhətçi xidmətlərinə 
								başladı. CİTO Qroup şirkəti Təhsil Problemləri 
								İnstitutunun, ixtisasartırma institutlarının 
								mütəxəssisləri və bir qrup qabaqcıl müəllim üçün 
								(cəmi 62 nəfər) "Kurikulumun hazırlanması", 
								"Şagird nailiyyətlərinin qiymətləndirilməsi və 
								milli qiymətləndirmə" mövzularında 2003-cü ilin 
								fevral-iyun aylarında seminarlar keçirdi. Həmin 
								şirkətin köməyilə Bakı, Gəncə, Sumqayıt 
								şəhərlərində və Lənkəran rayonunda yerləşən 8 
								pilot və 12 qeyri-pilot məktəblərində ilk dəfə 
								olaraq 1600 nəfər V sinif şagirdi əhatə 
								olunmaqla ana dili və riyaziyyat fənləri üzrə 
								beynəlxalq standartlara cavab verən milli 
								qiymətləndirmə aparıldı.  
								
								
								Məsləhətçi xidmətləri göstərən digər təşkilat - 
								ABŞ-ın EDC şirkəti "İxtisasartırma institutları 
								üçün kurikulumun hazırlanması", "Fəal və 
								interaktiv tədirs-təlim metodları" mövzularında 
								ixtisasartırma institutlarının 155 nəfər 
								metodisti, TPİ-nin əməkdaşları və pilot 
								məktəblərinin müəllimləri üçün məqsədli 
								seminarlar keçirdi. Bu şirkətin köməyilə ilk 
								dəfə olaraq 5 fənn əsasında ixtisasartırma 
								institutları üçün 20 təlim kursunun kurikulumu 
								hazırlanmışdı.  
								
								
								Beynəlxalq ekspertlərin apardığı monitorinq və 
								qiymətləndirmələrin nəticəsinə əsasən 
								hazırlanmış hesabatlarda ölkəmizdə təhsil 
								islahatlarının həyata keçirilməsində əhəmiyyətli 
								irəliləyişlərin oldugu qeyd edilmişdi. Bu müsbət 
								nəticələri, xüsusilə də Azərbaycan rəhbərliyinin 
								təhsil sahəsində islahatları dəstəklədiyini, 
								islahatları həyata keçirəcək kadr potensialının 
								formalaşdığını nəzərə alaraq, Dünya Bankı yeni 
								islahat layihəsinin hazırlanması üçün 2001-ci 
								ildə Azərbaycan hökuməti ilə danışıqlar aparmağa 
								başlamışdı. Bununla əlaqədar seçilmiş beynəlxalq 
								və milli məsləhətçilər aşağıdakı mövzular üzrə 
								tədqiqatlar apardılar:  
								
								
								- ümumi təhsilin dövlət standartları və 
								kurikulum islahatı;  
								
								
								- müəllim hazırlığı (pedaqoji təhsil, 
								ixtisasartırma və yenidənhazırlanma); 
								 
								
								
								- təhsil sistemində monitorinq və 
								qiymətləndirmə;  
								
								
								- təhsil sisteminin idarəolunması;  
								
								
								- təhsil sahəsində tətbiqi tədqiqatlar, strateji 
								təhlil və planlaşdırma;  
								
								
								- təhsilin idarəedilməsinin məlumat sistemləri 
								(TİMS) və məktəblərin xəritələşdirilməsi; 
								 
								
								
								- dərsliklərin hazırlanması;  
								
								
								- təlim texnologiyalarının inkişafı;  
								
								
								- informasiya və kommunikasiya texnologiyaları;
								 
								
								
								- təhsilin maliyyələşdirilməsi və iqtisadiyyatı.
								 
								
								
								Tədqiqatların nəticələrinə və 10 illik 
								strategiyaya uyğun olaraq 2003-2007-ci illəri 
								əhatə edən Təhsil Sektorunun İnkişafı Layihəsinə 
								dair zəruri sənədlər hazırlandı. Proqram və onun 
								birinci mərhələsi üzrə 2003-cü ilin aprelində 
								ABŞ-da Vaşinqton şəhərində Dünya Bankı və 
								Azərbaycan hökumətinin nümayəndə heyəti arasında 
								yekun danışıqlar aparıldı və Razılaşma Protokolu 
								imzalandı.  
								
								
								Onillik strategiyanın əsas məqsədi ümumi 
								təhsilin keyfiyyətinin yüksəldilməsini təmin 
								etməkdən ibarət idi və onun üç mərhələdə həyata 
								keçirilməsi nəzərdə tutulmuşdu:  
								
								
								Birinci mərhələ - 2003-2007-ci illər; 
								 
								
								
								İkinci mərhələ - 2007-2010-cu illər;  
								
								
								üçüncü mərhələ - 2010-2013- cü illər. 
								 
								
								
								Birinci mərhələnin, yəni 2003-2007-ci illəri 
								əhatə edən Təhsil Sektorunun İnkişafı 
								Layihəsinin həyata keçirilməsi üçün Beynəlxalq 
								İnkişaf Assosiasiyası tərəfindən 18 milyon ABŞ 
								dolları məbləğində güzəştli kredit ayrıldı. 
								Azərbaycan hökumətinin layihədəki iştirak payı 
								2,8 milyon ABŞ dolları təşkil edirdi. Donor 
								təşkilat kimi Açıq Cəmiyyət İnstitutunun 
								(Azərbaycan) layihəyə texniki yardım göstərmək 
								məqsədilə təxminən 200 min ABŞ dolları 
								məbləğində vəsait qoyuluşu da nəzərdə 
								tutulmuşdu.  
								
								
								Layihənin aşağıdakı istiqamətlərdə həyata 
								keçirilməsi nəzərdə tutulmuşdu:  
								
								
								I Komponent: ümumi təhsilin keyfiyyəti və real 
								tələbatlara uyğunluğu.  
								
								
								1-ci alt-komponent: Kurikulum islahatı (1,28 
								milyon ABŞ dolları);  
								
								
								2-ci alt-komponent: Müəllim hazırlığı (2,57 
								milyon ABŞ dolları);  
								
								
								3-cü alt-komponent: Dərsliklər və oxu 
								materialları (3,27 milyon ABŞ dolları); 
								 
								
								
								II Komponent: Səmərəlilik və maliyyə islahatları.
								 
								
								
								1-ci alt-komponent: Maliyyələşdirmə və büdcə 
								islahatları (0,45 milyon ABŞ dolları); 
								 
								
								
								2-ci alt-komponent Rasionallaşdırma və 
								məktəblərin maddi-texniki bazasının 
								möhkəmləndirilməsi (8,42 milyon ABŞ dolları).
								 
								
								
								III Komponent: Məktəb Qrantı Proqramı (0,87 
								milyon ABŞ dolları).  
								
								
								IV Komponent: İdarəetmə, planlaşdırma və 
								monitorinq.  
								
								
								1-ci alt-komponent: Şagird nailiyyətlərinin 
								qiymətləndirilməsi sistemi (1,12 milyon ABŞ 
								dolları);  
								
								
								2-ci alt-komponent: Təhsilin İdarəolunması üzrə 
								Məlumat Sistemi (TİMS) (0,70 milyon ABŞ dolları);
								 
								
								
								3-cü alt-komponent: İdarəetmə və planlaşdırma 
								imkanları (0,51 milyon ABŞ dolları).  
								
								
								V Komponent: Layihənin Əlaqəl 
								
								
								əndirilməsi və Monitorinqi (1,87 milyon ABŞ 
								dolları).  
								
								
								
								(Ardı var)   
								
								
								
								Misir MƏRDANOV,  
								Azərbaycan Respublikasının 
								
								 
								təhsil naziri, fizika-riyaziyyat  
								elmləri doktoru, professor  |